Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2294/2024 18.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 2(044)-1958/2012 nömrəli mülki iş üzrə qəbul etdiyi 27 sentyabr 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 03 mart 2009-cu il tarixli, 054A saylı kredit müqaviləsi üzrə yaranmış 6116,90 manat məbləğində əsas borc, 4672,58 manat məbləğində faiz borcu, cəmi 10.789,48 manat borcun və 20 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın Cavabdeh1 məxsus olan “Opel Frontera” markalı, **-CG-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması yolu ilə əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2012-ci il tarixli, 2(044)- 1958/2012 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 03 mart 2009-cu il tarixli, 054A saylı kredit müqaviləsi üzrə Cavabdeh1 6116,90 manat əsas kredit borcu, 4672,58 manat faiz borcu, cəmi 10.789,48 manat borcun alınaraq İddiaçı ASC-yə verilməsi, tutmanın Cavabdeh1 məxsus olan, 11.650 manat dəyərində qiymətləndirilmiş “Opel Frontera” markalı, **-CG-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması yolu ilə əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunana vəsaitin qalan hissəsinin girov qoyan- Cavabdeh1 qaytarılması, ipoteka predmetinin satışından əldə olunmuş vəsait borcun ödənilməsinə yeterli olmadığı halda qalan məbləğin Cavabdeh1 alınması qət edilmişdir. Cavabdeh1(bundan sonra- cavabdeh) 02 sentyabr 2024-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2012-ci il tarixli, 2(044)-1958/2012 nömrəli qətnaməsi cavabdehə 04 iyun 2024-cü il tarixdə təqdim edilmişdir. Buna görə də müddət üzrlü səbəbdən ötürülmüşdür. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Gəncə Şəhər Məhkəməsi(bundan sonra- Şəhər Məhkəməsi) iş üzrə qəbul etdiyi xx.xx.2024-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şəhər Məhkəməsi “buraxılmış prosessual müddətin bərpasından imtina” barədə mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən işə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılmış və 12 ildən artıqdır ki, məhkəmə qətnaməsi icra mərhələsində olmaqla tərəflərin qeyd olunan məhkəmə aktından məlumatlı olmaması mümkün deyildir. Cavabdeh qətnamədən məlumatlı olmuş, ancaq həmin qətnamədən məlumatlı olduğu halda şikayət verməmişdir. Təxminən 12 il müddət keçdikdən sonra cavabdehin apellyasiya şikayəti verməsi, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasına maneə yaratmaq niyyətində olması kimi qiymətləndirilir. Şəhər Məhkəməsinin mövqeyi ilə razılaşmayan cavabdeh isə qərardaddan verdiyi şikayətdə bildirir ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1958/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi qəbul olunarkən onun məlumatı olmamışdır. Qəbul olunmuş qətnamə ona şəxsən və poçt vasitəsi ilə çatdırılmamışdır. Həmin qətnamə cavabdehə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Ona görə də qətnamədən apellyasiya şikayətinin verilmə müddəti cavabdeh tərəfindən ötürülməmişdir. Qətnamədən apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Hakim qərarında qeyd etmişdir ki, “qeyd olunan iş 2 dəfə apellyasiya və 1 dəfə kassasiya baxışında olmuş, həmin məhkəmə baxışlarının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə yanaşı Cavabdeh1 da məlumat verilmiş, lakin o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir”. Cavabdehə qeyd olunan məhkəmə prosesləri və qəbul olunmuş qətnamələrlə bağlı heç bir məlumat verilməmişdir. Bununla bağlı qeyd olunan işdə hər hansı bir rəsmi sənəd yoxdur. Bu da onu göstərir ki, cavabdeh qeyd olunan qətnaməni rəsmi qaydada aldığı gündən etibarən 30 iş günü müddətinə apellyasiya şikayəti verə bilər. İş materiallarından müəyyən edilir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2012-ci il tarixli qətnaməsinin surəti Cavabdeh1 qeydiyyatda olduğu ünvan 1 ünvanına məktubla göndərilmiş və poçt zərfi “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Həmin qətnamədən iddiaçı Bankın apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsi 28 iyun 2013-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2012-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Sözügedən qətnamə Cavabdeh1 qeydiyyatda olduğu ünvana göndərilmiş və 20 iyul 2013-cü il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilmişdir( İ cild iş vər.157). Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, iddiaçı Bank hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl(iddia ərizəsi məhkəməyə 16 oktyabr 2012-ci il tarixdə daxil olmuşdur) 28 iyun 2012-ci il, 05 iyul 2012-ci il, 28 avqust 2012-ci il tarixlərində pretenziya(xəbərdarlıq) məktubunu Cavabdeh1 qeydiyyatda olduğu ünvana göndərmiş və qeyd olunan məktublar rəsmi qaydada cavabdehə çatdırılmışdır( İ cild iş vər.18, 20, 30). Göstərilənlərə əsasən, Məhkəmə Cavabdeh1 12 dekabr 2012-ci il tаrixli qətnaməsindən məlumatsız olmasını inandırıcı və ağlabatan hesab etmir. Cavabdeh mübahisədən, məhkəmə icraatında işin olmasından artıq məlumatlı olmuşdur. Belə olan halda barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasında maraqlı olan tərəf qətnamənin surətini əldə etmədiyi halda, vaxtında müraciət edərək qətnamənin surətini əldə edə bilərdi. Cavabdeh1 isə məlumatlı olduğu halda hərəkətsizlik göstərmiş, qətnamənin qəbulundan 11 ildən artıq müddət keçdikdən sonra 04 iyun 2024cü il tarixdə qətnamənin surətini almış və 02 sentyabr 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, Cavabdeh1 hərəkətləri prosessual hüquqlardan sui-istifadəyə yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin Məhkəmə hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə olan halda hesab edilməlidir ki, Şəhər Məhkəməsi “buraxılmış prosessual müddətin bərpasından imtina” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan cavabdehin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 27 sentyabr 2024cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2294/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2294/2024
18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver