Məhkəmə qərarları › İş №2(104)-2295/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2295/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2295/2023 23.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi , İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4256/2023 saylı mülki iş üzrə 19 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 23 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan 04 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsində hazırki işdə cavabdeh olan Cavabdeh2 öz ifadəsində İddiaçı 1500 manat məbləğində pul almasını və həmin pulun faizini hissə-hissə qaytardığını bildirmişdir.

2. İşdə olan 04 avqust 2022-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh2 İddiaçı 3500 manat məbləğində pul götürdüyünü, həmin pulu 4 aya qaytaracağı barədə qəbzə imza etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3500 manat borcun və ödənilmiş 55 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ana-qız olmaqla əvvəllər onunla qonşuluqda yaşamışlar, hər iki cavabdehlə normal münasibətdə olmuşdur, 2022-ci ilin aprel ayının ilk günlərində cavabdehlər onun yaşadığı evə gələrək, onu özlərinə yaxın bildiklərindən ondan problemlərinin həllinə köməklik üçün 3500 manat borc istəmişlər, iddiaçı isə həmin miqdarda pulun onda olmadığını və bir tanışından bir neçə aylıq götürüb verə biləcəyini demişdir. Sonra cavabdehlər 2022-ci ilin aprel ayının 8-də onun yaşadığı ünvana gəlmişlər, iddiaçı tanışından borca götürdüyü 3500 manat məbləğində pulu Cavabdeh1 təqdim etmişdir, digər Cavabdeh2 isə pulu 4 ay müddətində qaytaracaqları barədə söz verərək kağıza qol çəkməklə imzaladığı kağızı ona təqdim etmişdir. Lakin 4 ay keçdikdən sonra cavabdehlər ondan aldıqları 3500 manat pulu qaytarmamışlar. O isə 3500 manat pulu borc aldığı şəxsə qaytarmalı olduğu üçün 1500 manat hissəsini “Unibank”dan və 2000 manat hissəsini isə bir şəxsdən faizə götürüb sahibinə qaytarmalı olmuşdur. Hazırda isə həmin borcun faizini ödəyir. Dəfələrlə cavabdehlərdən onlara verdiyi 3500 manat pulun ona qaytarılmasını tələb etsə də, onlar müxtəlif bəhanələr edərək ödəməkdən yayınır. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ona olan borcunu qaytarmaq üçün iddiaçını yaşadığı evə çağırmışdır. O isə pulu götürmək üçün həmin evə getmişdir. Evin qapısını döyəndə cavabdehlərdən Cavabdeh1 qapını açaraq onu evə dəvət etmişdir. O evə girən kimi sonradan adı ona məlum olan Rəşad adlı bir şəxs İlahimənin yoldaşı olduğunu bildirmiş, daha sonra mətbəxdən bıçağı götürərək onun üzərinə hücum çəkərək həmin ünvana gəlməyinə etirazını bildirmişdir. Bu zaman İlahimə onun əlindən bıçağı almışdır, lakin Rəşad adlı şəxs onun saçından tutaraq əli ilə ona müxtəlif xəsarətlər yetirmişdir. Bundan sonra iddiaçı evdən pulu almadan çıxaraq “102” xidmətinə məlumat verib, Gəncə şəhəri 2-ci Polis Şöbəsinə gedib olanlarla bağlı rəsmi şikayətini etmişdir. Gəncə şəhər 2-ci Polis Şöbəsi tərəfindən hadisə ilə bağlı düzgün araşdırma aparılmamış, cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərar qəbul edilmişdir. Sonda, yenə də cavabdehlər tərəfindən ona olan 3500 manat məbləğində borc qaytarılmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4256/2023 saylı mülki iş üzrə 19 iyul 2023cü il tarixli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 1500 (bir min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə, o cümlədən Cavabdeh1 qarşı hissədə təmin edilməməsi qət olunmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan qəbzin əsli cavabdehin qeyri-rəsmi yaşadığı Rəşad adlı şəxsdən şikayət edərkən, polisə təqdim edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar qəbul edilsə də, ona həmin qəbzin əsli qaytarılmamışdır. Qəbzin saxta olub-olmaması ilə bağlı məhkəmə ekspertiza təyin etməmiş, işi düzgün araşdırmamışdır.

8. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4256/2023 saylı mülki iş üzrə 19 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıdan 1500 manat borc pul almış, borcunu qaytarmaq üçün əmək haqqı kartını iddiaçıya vermişdir. İddiaçı onun əmək haqqı kartından ümumilikdə 1000 manat məbləğində pul çəkmişdir. Daha sonra o, iddiaçıya 500 manat məbləğində pul qaytarmışdır. Hazırda onun iddiaçıya heç bir borcu qalmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil verdikləri apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını, qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 özünün verdiyi apelllyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş şikayətin rədd olunması, qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əliyeva X1 Elza Rafiq qızı tərəfindən verilmiş şikayətin rədd olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

16. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

18. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

20. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 25 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir.

32. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir.

34. Belə ki, iddiaçı öz apellyasiya şikayətində cavabdehə 1500 deyil, 3500 manat məbləğində borc verdiyini, cavabdeh isə öz şikayətində iddiaçıdan 1500 manat məbləğində sələmə pul aldığını, həmin pulu hissə-hissə qaytardığını iddia etmişlər.

35. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, İddiaçı işdə olan qəbzin əslini məhkəməyə təqdim edə bilmədiyindən həmin qəbzin surəti işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilə bilməz.

36. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.

37. Məhkəmə kollegiyası həmçinin, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini də əsassız hesab edir.

38. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Cavabdeh iddiaçıdan 1500 manat məbləğində pul aldığını, həmin pulu qaytadığını iddia etsə də, bununla bağlı kollegiyaya heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətlərində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

40. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət omaqla, iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. İşdən görünür ki, iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə əsasən bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4256/2023 saylı mülki iş üzrə 19 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayət verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar