Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2302/2023 20.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(013)-344/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və X4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 8263.91 manat əsas və 4606.54 manat faiz məbləği olmaqla, cəmi 12870.45 manat borcun və iş üzrə ödənilmiş 129.01 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 900804-755325/1 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 23.5% dərəcəsi ilə 14000.00 manat kredit verilmişdir. Eyni zamanda bank və digər cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 900804-755325/1 nömrəli zaminlik müqavilələrinə əsasən zamin X5 kreditor İddiaçıASC qarşısında borclu Cavabdeh xx.xx.2019-cu il tarixli 900804-755325/1 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyətli tam olaraq üzərinə götürmüş, lakin kredit müqaviləsinin şərtlərinə cavabdehlər tərəfindən əməl edilməmişdir. Borclulara kreditin qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmıyaraq kreditin və kredit fazilərinin qaytarılmasına dair bu günə kimi borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixinə cavabdehlərin xx.xx.2019-cu il tarixli 900804-755325/1 nömrəli kredit müqaviləsi üzrə 8263.91 manat əsas və 4606.54 manat faiz olmaqla, cəmi 12870.45 manat borcu yaranmışdır. Gəncə Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(013)-344/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh və X2 müştərək qaydada xx.xx.2019-cu il tarixli 900804-755325/1 nömrəli kredit müqaviləsi üzrə 7742.00 manat əsas və 889.47 manat faiz, cəmi 8631.47 (səkkiz min altı yüz otuz bir manat qırx yeddi qəpik) manat borcu və ödənilmış 106.31 (bir yüz altı manat otuz bir qəpik) manat dövlət rüsumunun tutularaq, İddiaçıASC-nin xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 129.01 manat dövlət rüsumunun qalan 22.70 (iyirmi iki manat yetmiş qəpik) manat hissəsinin İddiaçıASC-yə aid edilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatının 100 (bir yüz) manat xərcinin cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2019-cu il tarixli 900804-755325/1 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçıASCCavabdeh 36 ay müddətinə qaytarılmaq şərti ilə illik 23.5 faiz dərəcəsi ilə 14000.00 (on dörd min) məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli 900804-755325/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin X5 kreditor İddiaçı ASC qarşısında, Cavabdeh xx.xx.2019-cu il tarixli 900804- 755325/1 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsulliyətli tam olaraq üzərinə götürmüşdür. İddiaçıASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə, kredit müqaviləsi üzrə 8263.91 manat əsas kredit borcu, 4606.54 manat faiz borcu, cəmi 12870.45 (on iki min səkkiz yüz yetmiş manat qırx beş qəpik) manat borcu mövcuddur. Məhkəmə Ekspertiza Mərkəzinin, 31 mart 2023-cü il tarixli 9/1202 nömrəli rəyindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 900804-755325/1 nömrəli kredit müqaviləsi üzrə, xx.xx.2022-ci il tarixinə olan borcu 7742.00 manat əsas və 889.47 manat faiz olmaqla, cəmi 8631.47 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Ağdam Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(013)-344/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(013)-344/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspert tərəfindən borcun məbləği düzgün hesablanmamış, cavabdeh tərəfindən ödənilmiş məbləğlərin silinməsi və gecikdirilmə günlərinə hesablanmış faizlər nəzərə alınmamışdır. Bu səbəbdən də ekspert rəyində faiz borcu ilə bərabər əsas borcdan da yanlış hesablama nəticəsində azalmalar olmuşdur. Belə ki, ekspert rəyində hesablama aparılmış cədvəldən də görünür ki, cavabdeh 2020-ci ilin may, iyun, noyabr, dekabr, 2021-ci ilin yanvar ayında həmçinin 2022ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, noyabr və dekabr aylarda kredit ödənişlərini gecikdirmiş və son aylarda heç bir ödəniş etməmişdir. Ekspert borcu hesablayarkən kredit müqaviləsinin 8.3-cü bəncinin tələbini nəzərə almayaraq, faiz borcunun kecikdirilmiş borc üzrə faizlərin hesablanmasına uyğun aparmamışdır. Bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 8263.91 manat müəyyən olunmuşdur. Keçirilmiş ekspertiza rəyi ilə həmin borc 7742.00 manat məbləğində müəyyən edilmişdir. Eyni qaydada faiz borcu da maliyyə arayışında 4606.54 manat hesablandığı halda ekspert rəyi ilə bu məbləğ də azaldılaraq, 889.47 manat müəyyən edilmişdir. Göründüyü kimi ekspert rəyində bankın tələb etdiyi faiz borcu da aşağı hesablanmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə həm əsas borc, həm faiz borcu müvafiq proqram təminatları vasitəsi ilə hesablanır. Həmin proqramlar Mərkəzi Bank tərəfindən təsdiq edilmiş normativlərə və qaydalara cavab verir. Yəni, borcun hesablanması müvafiq proqram və sistem vasitəsi ilə həyata keçirildiyi üçün müəyyən olunmuş borc məbləğləri dəqiqdir. Ekspert rəyində qeyd olunan uyğunsuzluqlar onu göstərir ki, ekspert əsas və faiz borcunu hesablayarkən hər hansı proqram təminatından istifadə etməmişdir və bu səbəbdən onun hesablanmasında nöqsanlar yolveriləndir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ekspert rəyinin mötəbər olduğunu, ekspertin rəyi ilə hesablanmış borc məbləği ilə razı olduğunu, şikayətin isə əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 29 avqust 2019-cu il tarixli kredit müqaviləsinin 8.3-cü bəndinin şərtində qeyd olunmuşdur ki, müqavilə və müqavilənin əlavəsi olan ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0,5 faizi həcmində faiz hesablanır və tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 24 fevral 2023-cü il tarixli, 822- VİQD nömrəli qanunu ilə Mülki Məcəllənin 37-ci fəsilinin yeni redaksiyası qəbul olunmuşdur ki, həmin fəsildə borc müqaviləsi, o cümlədən kredit müqavilələri üzrə yeni normalar təsbit olunmuşdur. Həmin qanunun 2-ci maddəsinə əsasən Qanun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minmişdir. Mülki Məcəllənin yeni redaksiyasında olan 740.4-cü maddəsində faizlər və o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər anlayışı verilməklə, 745.5-ci maddədə isə müqavilə üzrə həmin maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməməsi ilə bağlı qayda müəyyən edilmişdir ki, həmin normalar tərəflər arasında müqavilə bağlanarkən və tərəflər arasında mübahisə yarandığı zaman qüvvədə olmamışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbinə əsasən isə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, tərəflər arasında bağaanmış 29 avqust 2019-cu il tarixli kredit müqaviləsinin 8.3-cü bəndindəki gecikdirilmiş hər gün üçün hesablanan faizlər əslində Mülki Məcəllənin 460.1 və 462.1-ci maddəsində nəzərdə tutulan öhdəliyin icrasının təmin edilməsi üsulu qismində dəbbə (cərimə) pulu məbləği olmuşdur. Lakin, iddiaçı bank kredit müqaviləsinin 8.3-cü bəndində göstərilən faiz məbləğini müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan kreditdən istifadəyə görə müəyyən edilmiş əsas 23,5 faiz məbləğinə əlavə etməklə ümumi faiz məbləği qismində hesablamışdır. İş materiallarına əlavə edilmiş ödənişlərə dair hesabat cədvəlindən isə görünür ki, cavabdeh tərəfindən edilmiş ödənişlər ümumi hesablanmış faiz məbləğindən silinməklə, kredit müqaviləsinin 8.3-cü bəndinə əsasən hesablanmış faizlərə görə ayrıca qaydada silinmə aparılmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən isə yalnız müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan kreditdən istifadəyə görə müəyyən edilmiş 23,5 faiz məbləğinə münasibətdə faizlər hesablanmışdır. İddiaçının kredit müqaviləsinin 8.3-cü bəndinə uyğun olaraq hesablanmalı olan cərimə məbləğini cərimə qismində ayrıca deyil, hesablanmış faiz qismində tələb etməsi isə Mülki Məcəllənin 467-ci maddəsinin tətbiqini istisna etmişdir. İddiaçı tərəfindən tələb olunan cəmi 12870,45 manat pul məbləği Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə müəyyən edilmiş cəmi 8631.47 manat borc məbləğindən (12870,45-8631,47=4238,98) 4238,98 manat çox olmuşdur ki, həmin məbləğ kredit müqaviləsinin 8.3-cü bəndinə əsasən hesablanmış cərimə məbləği olmuşdur. İddiaçı isə cavabdehdən cərimə məbləği tələb etmədiyindən həmin məbləğin hesablanmış faiz qismində tələb edilməsinin rədd edilməsi əsaslı olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(013)-344/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətin təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 4238,98 manat cərimə məbləğini ayırca iddia qaydasında iddiaçıdan tələb etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Ağdam Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(013)-344/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(013)-344/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.