Məhkəmə qərarları › İş №2(104)-2302/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2302/2024

05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2302/2024 05.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(076)-2663/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 sentyabr 2017-ci il təvəllüdlü X6 və 20 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün tutulan alimentin miqdarının artırılaraq, hər ay hər uşağa görə 235 manat məbləğində alimentin və ödədiyi 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(076)-2663/2024 saylı qətnaməsi ilə (sədrlik edən H.Məhəmmədi) iddia qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-147/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən ondan İddiaçı xeyirinə hər ay 190 manat aliment tutulması hissəsində dəyişdirib, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 155 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, hazırda işsizdir, heç bir yerdə işləmir. Gündəlik fərdi işlərlə məşğul olub qazancını təmin edir. Məhkəmənin hər ay bir uşaq üçün 190 manat alimentin müəyyən edilməsini ədalətli hesab etmir. Həmçinin Ailə qanunverciliyinə əsasən uşağa baxmaq və böyütmək hər iki valideyinin vəzifəsi və borcudur. Məhkəmə qərarı ilə 2021-ci ildə müəyyən edilmiş hər ay bir uşaq üçün 140 manat – cəmi 280 manat alimenti çətinliklə ödəyir. Bundan başqa, 2024-cü ildə bir uşağın yaşayış minumum 235 manat müəyyən edilmişdir. Lakin həmin məbləğin tək atadan alınması heç bir qanunda göstərilməmişdir. Hazırda ay ərzində 380 manat məbləğində gəlir əldə etməyi mümkün deyildir. Bundan başqa, valideynləri onunla birlikdə yaşayırlar, anası İ qrup əlildir və onlara da maddi dəstək olur. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdehlə 06 aprel 2016-cı ildə nikahlarını rəsmiləşdirməklə evlənmiş, birgə nikahlarında 12 sentyabr 2017-ci il təvəllüdlü Arif və 20 oktyabr 2020-ci il təvəllüdlü Sevil adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılığa görə ayrılmışlar. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azyaşlı uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. O, heç bir yerdə işləmir, cavabdeh isə fərdi əməklə məşğuldur və aylıq yüksək qazanca malikdir. Belə ki, cavabdehin gündəlik qazancı 50-60 manat civarındadır. Azyaşlı uşaqları böyüdükcə gündən-günə xərcləri olduqca çoxalmışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(076)-2663/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(076)-2663/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apellyasiya şikayətində Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(076)-2663/2024 saylı qətnaməsinin xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissələri mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə edilmiş: AZ İİ seriyalı 107997 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh X5 ilə nikah bağlamışlar. Bu baradə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixində № 807 ilə qeyd edilmişdir. AZ-İV seriyalı 012123 nömrəli və AZ-İV seriyalı 504418 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı iki uşaqları doğulmuşdur. Şəhadətnamədə ata qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-147/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına catanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağ üçün 140 manat sabit pul məbləğində aliment tutulub uşağın anası Cavabdeh qızına verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli, MŞG/1MT007/2024-01115 ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və Cavabdeh qızı xx.xx.2024-cü il tarixə saat 11:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etmişdirlər. Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 16xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-147/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, 25 noyabr 2020-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşaqların əvvəlki təminat səviyyəsini, onun hüquq və mənafelərini nəzərə alaraq, hesab etmişdir ki, qətnamə qüvvəyə mindiyi gündən xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, azyaşlı uşaqların xüsusi geyim, qida və tibbi xərcləri ilə bağlı gündəlik tələbatlarının çox olmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Cavabdehin maddi imkanının zəif olması, valideynləri ilə birlikdə yaşaması, anasının İ qrup əlil olması və onlara da maddi dəstək olmasına dair apellyasiya dəlilləri alimentin müəyyən edilmiş məbləğinin aşağı salınmasına hüquqi əsas vermir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı olan məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, həmin hissədə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(076)-2663/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(076)-2663/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar