Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2303/2025 26.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh və nümayəndəsi (vəkili) X4 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçı(lar)) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-141/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. Bərdə RPŞ-nin 01 fevral 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarına əsasən, təhqiqatçının icraatında olan Bərdə rayonu, Nifçi kəndində yaşayan İddiaçı1 xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək Gülanə, Ədalət və Afət adlı şəxslərin onun evinə gələrək ev əşyalarını sındırması barədə verdiyi məlumat üzrə qərarın təsviri hissələrində göstərilənlərə əsasən toplanmış HK- 1/5057 və 5058 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh əməlində İXM-in 157-ci və 232-1-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xətalar haqqında iş üzrə icraatın başlanması üçün qərarın surətinin şöbənin İTB-nə göndərilməsi, habelə X1 əməlində İXM-in 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün qərarın surətinin şöbənin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarda Cavabdeh polisə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o, əmisi Ədalət Sadıqov, bibisi Afət Məmmədova ilə birlikdə Bəhruzun Bərdə rayonu, Nifçi kəndində yerləşən evinə gəlmiş, evdə Bəhruz, anası Kəmalə və atası Əmiraslan olmuşdur. O övladlarını Bəhruzdan tələb etmiş, Bəhruz övladlarını ona gətirməmiş, o övladlarını evdə axtarmış, övladları Ləman və Leyla evdə olmamış, həmin vaxt qaynatası Əmiraslan əlləri ilə onun boğazından tutaraq boğmağa başlamış, boğulduğunu görən bibisi Afət onu Əmiraslanın əlindən almış, o ani olaraq əsəbiləşmiş, evin içərisində olan əşyaları, evin 4 pəncərəsini qəndqabını götürərək şüşələri sındırmışdır. O oradan çıxaraq qaynı Elşənin evinə getmiş, bu zaman darvaza bağlı olmuş, Elşənin avtomobili küçədə dayanmış, o da daşı götürərək “VAZ 21074” markalı avtomobilin şüşələrini sındırmışdır. Cavabdeh izahatında əlavə olaraq bildirmişdir ki, o, evdə olan əşyalarla evin pəncərələrini sındırmış, lakin o, əlində bıçaqla mətbəx mebelinə ziyan vurmamış, Bəhruz onu yerə yıxaraq boğmuş, bu zaman Afət Bəhruzu aralamış, evin həyətyanı sahəsində o dalaşmamış, o çölə çıxıb evi tərk edəndə evin həyətyanı sahəsində olan qovşağa daxil olaraq orada güzgünü sındırmış, hamamda isə paltaryuyan maşına təpiklə zərbələr vurmuşdur.
2. Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(021)-125/2024 saylı qərarına əsasən, Bərdə RPŞ tərəfindən Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun İXM-in 232-1-ci maddəsi ilə olan hissəsində onu tərtib etmiş orqana geri qaytarılması, Cavabdeh İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır.
3. "xxxx" MMC tərəfindən verilmiş 2023-cü il tarixli fərdi yaşayış evinə və avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, X2 məxsus Bərdə rayonu, Nifçi kəndində yerləşən fərdi yaşayış evinə, ev əşyalarına və İddiaçı2 məxsus VAZ 21074 markalı, ** MH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə xx.xx.2023-cü ildə baxış keçirilməklə dəymiş zərərin miqdarı 1642 manat təşkil edir və zərər vurulmuş hissələrin ayrılıqda adları və qiymətləri rəydəki cədvəldə göstərilmişdir.
4. İş üzrə fotoşəkillərdən avtomaşının ön şüşəsinin və 1 ədəd yan güzgüsünün, sağ qapının 2 şüşəsinin, 4 ədəd pəncərə şüşəsinin, bəzi qabqacaqların və xrustal bakal dəstinin qırıldığı, paltaryuyanın qapısının sınıq olması və mətbəxin poluna ziyan dəymədiyi, həmçinin güzgünün qırılması ilə bağlı hər hansı fotoşəkil olmadığı müəyyən olunur.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qəsdən onların fərdi yaşayış evinə görə vurduğu 1190 (bir min yüz doxsan) manat, VAZ 21074 markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə görə vurduğu 452 (dörd yüz əlli iki) manat olmaqla, cəmi 1642 (bir min altı yüz qırx iki) manat maddi ziyanın, ödənilmiş 37 manat dövlət rüsumunun tutulub onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2014-cü il tarixdə evlənmişlər və birgə nikahlarından 2015-ci il təvəllüdlü Leyla və 2016-cı il təvəllüdlü Ləman adlı qızları anadan olmuşdur. Lakin, ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və cavabdeh 2022-ci ilin oktyabr ayından evi tərk edib valideynlərinin yaşadığı Bərdə rayonu, Qaradırnaq kəndinə gedərək orada yaşayır. Cavabdeh evi tərk edəndən sonra qızları onun yanında qalmışlar. Hazırda nikahın pozulması üçün Bərdə rayon Məhkəməsində iddia qaldırmış və iş məhkəmə baxışındadır. 10 dekabr 2023-cü il tarixdə saat 19 radələrində valideynləri Kəmalə İsgəndərova və Əmiraslan İsgəndərovla birlikdə evə olan vaxt Cavabdeh əmisi Ədalət və bibisi Afətlə qəflətən evə daxil oldular və cavabdeh onlara zor tətbiq edərək evin içərisində olan əşyaları evin pəncərəsinə ataraq pəncərənin şüşələrini sındırmış, mətbəxdə bıçaqla mətbəx mebelinə zərər vurmuş, sonra həyətyanı sahədə sanitar qovşağa girib orada olan paltaryuyan maşını və güzgünü sındırmışdır. Cavabdeh qardaşı İddiaçı2 həyətinə gedib, onun həyətində ona məxsus olan VAZ 21074 markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön şüşəsini, qabaq yan şüşəsini, yan güzgüləri qırmış, daşla vurub avtomobildə batıqlar, cızıqlar yaratmış, arxa şüşəsində çatlar yaratmışdır. Beləliklə, cavabdeh evin 5 ədəd plastik pəncərə şüşəsini, 1 ədəd hamam güzgüsünü, qab-qacaqları (boşqab, stəkan, nəlbəki), 1 ədəd xrustal bakal dəstini, 1 ədəd “Hoffman” markalı paltaryuyan maşını, həmçinin VAZ 21074 markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilin 1 ədəd qabaq alın şüşəsini, 2 ədəd yan güzgü, 2 ədəd sağ qapının hər iki yan şüşəsini və digər hissələrini sındırıb ziyan vurmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən avtomobilə 452 manat və evə dəyən ziyan 1190 manat, cəmi 1642 manat olmuşdur. Cavabdehdən dəymiş ziyanı tələb etsə də cavabdeh ziyanı ödəməkdən imtina etmişdir.
7. İddiaçılar iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.
8. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsə də cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddianı qismən qəbul etdiyini, mübahisəli evin 4 pəncərəsinin şüşəsini sındırdığını, paltaryuyan maşına təpiklə vurduğunu, avtomaşının yan şüşəsini sındırdığını qeyd etmiş, sındırdığı qab-qacaqların özünə aid olduğunu, hamamda olan güzgünün isə köhnə və sınıq olmasını, iddia ərizəsində isə həmin əşyaların qiymətinin düzgün göstərilmədiyini qeyd etmişdir.
10. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(021)-141/2025 nömrəli qətnaməsi (hakim Fuad Babaşov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 1 ədəd avtomaşının ön şüşəsinin dəyəri olan 48 manat, 1 ədəd yan güzgünün dəyəri olan 7 manat, avtomaşının 2 ədəd sağ qapının şüşəsinin dəyəri olan 40 manat, usta işi olan 250 manat, 4 ədəd plastik pəncərə şüşəsinin dəyəri olan 180 manat, qab-qacağın dəyəri olan 60 manat və xrustal bakal dəstinin dəyəri olan 85 manat, “Hoffmann” markalı paltaryuyan maşının dəyəri olan 480 manat, cəmi 1150 (bir min bir yüz əlli) manat və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi iddiaçılara aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işdə ziyan dəymiş ev əşyaları və avtomobilin iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olması sübut olunur. İş materiallarındakı sübutlardakı qiymətləndirmə üzrə mütəxəssis rəyində ziyan dəymiş fərdi yaşayış evinin sahibi kimi X3 göstərilsə də fərdi yaşayış evinin onun mülkiyyətində olması ilə bağlı heç bir digər mötəbər sübutlar (çıxarış, qeydiyyat vəsiqəsi, şəhadətnamə və s.) iş materiallarına əlavə edilməmişdir. Lakin, tərəflərin həm polisə, həm də məhkəməyə verdikləri izahatlarından, habelə iş materiallarında olan yaşayış yerindən arayışdan fərdi yaşayış evinin İddiaçı1 məxsus olması və Cavabdeh 10 dekabr 2023-cü ildə iddiaçıların yaşadığı evə daxil olaraq bəzi ev və məişət əşyalarına, habelə avtomobilə ziyan vurması iş materialları ilə sübut olunur. Lakin, bu əşyalar iddia ərizəsində göstərilən bütün əşya və əmlaklar deyil, onun bəziləridir. Belə ki, Cavabdeh polisə verdiyi izahatında evin içərisində olan əşyaları, qəndqabını götürərək evin pəncərəsinin 4 ədəd şüşələrini sındırdığını, daş götürərək İddiaçı2 məxsus “VAZ 21074 minik” markalı avtomaşının şüşələrini sındırdığını, sanitar qovşaqda olan paltaryuyana təpiklə zərbələr vurduğunu, lakin mətbəx mebelinə ziyan vurmadığını bildirmişdir. Həmçinin cavabdeh məhkəmə iclasında da eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, hamamda olan güzgü köhnə və sınıq idi, sındırdığı məişət əşyaları yəni qab-qacaqlar özünə məxsusdur. Lakin, cavabdeh iş materiallarına sındırdığı məişət əşyalarının yəni qab-qacaqların özünə məxsus olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə məhkəmə sınmış qab-qacaqların da iddiaçıya məxsus olması qənaətinə gəlir.
12. İş üzrə fotoşəkillərdən avtomaşının ön şüşəsinin və 1 ədəd yan güzgüsünün, sağ qapının 2 şüşəsinin, 4 ədəd pəncərə şüşəsinin, bəzi qabqacaqların və xrustal bakal dəstinin qırıldığı, paltaryuyanın qapısının sınıq olması və mətbəxin poluna ziyan dəymədiyi, həmçinin güzgünün qırılması ilə bağlı hər hansı fotoşəkil olmadığı görünür.
13. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçılara məxsus əşyalara (əmlaka) ziyan vurması və ziyan vurmada təqsiri iş materialları ilə sübuta yetdiyindən iddia tələbi cavabdehin etiraf etdiyi hissələr üzrə qismən təmin edilərək işdə olan qiymətləndirmə barədə mütəxəssis rəyində göstərilmiş əşyaların qiyməti üzrə Cavabdeh 1 ədəd avtomaşının ön şüşəsinin dəyəri olan 48 manat, 1 ədəd yan güzgünün dəyəri olan 7 manat, avtomaşının 2 ədəd sağ qapının şüşəsinin dəyəri olan 40 manat, usta işi olan 250 manat, 4 ədəd plastik pəncərə şüşəsinin dəyəri olan 180 manat, qabqacağın dəyəri olan 60 manat və xrustal bakal dəstinin dəyəri olan 85 manat, “Hoffmann” markalı paltaryuyan maşının dəyəri olan 480 manat, cəmi 1150 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır.
14. Məhkəmənin iddia tələbi üzrə mütəxəssis rəyində göstərilmiş usta haqqı olan 350 manatı 250 manat etməsinin səbəbi həm mütəxəssis rəyindəki qiymət cədvəlində usta işlərin ayrı-ayrılıqda qiymətlərinin göstərilməməsi, həm də iddianın qismən təmin edilməsi səbəbindən az miqdarda əşyaların təmir edilməli olması ilə əlaqələndirmişdir.
15. Məhkəmənin iş üzrə iddianı qismən təmin etməsinin səbəbi həm də odur ki, cavabdeh polis şöbəsinin təhqiqatçısının qəbul etdiyi 01 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da şikayət verməmişdir, belə olan halda məhkəmə hesab edir ki, cavabdeh həmin qərarla razılaşmış və qərar ləğv edilmədiyindən və hazırda qüvvədə olduğundan preyudisial əhəmiyyət kəsb edir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 77.3, 78.2, 107, 119.1, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.
17. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə mütəxəssis ekspert rəyi alındıqdan sonra yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
18. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onun tərəfindən 4 ədəd plastik pəncərənin şüşələrinin qırmış, stolun üstündə öz bakalları vardır, paltaryuyan maşına əsəbi halda bir təpik vurmuş, “VAZ-2107” markalı nəqliyyat vasitəsinin yan pəncərələrini qabaq tərəfdən sındırmışdır. Onun vurduğu ümumi zərbə ondan tələb edilən və məhkəmənin qismən olsa da təmin etdiyi 1150 məbləğində deyildir. Bu tamamıilə şişirtmə rəqəmdir. Onun hətta polisdə verdiyi izahatını da qətnaməsinə salmış olan məhkəmə həmin izahatında da qeyd etdiyi faktları rədd edəcək heç bir tutarlı sübut ağalaban izahat verməyibdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 2023-cü il tarixli fərdiyaşayış evinə və avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, X2 məxsus Bərdə rayonu, Nifçikəndində yerləşən fərdiyaşayış evinə, ev əşyalarına və İddiaçı2 məxsus VAZ 21074 markalı, ** MH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə xx.xx.2023-cü ildə baxış keçirilməklə dəymiş zərərin miqdarı 1642 manat təşkil edir və zərər vurulmuş hissələrin ayrılıqda adları və qiymətləri rəydəki cədvəldə göstərilmişdir. Qeyd edir ki, birinci instasniya məhkəməsi öz qətnaməsinsdə qeyd edir ki, işdə olan ƏN MEM-in 16 dekabr 2024-cü il tarixli məlumatından görünür ki, zəruri məlumatlar olmadığından iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilərək iş materialları icrasız məhkəməyə geri qaytarılmışdır. "xxxx" MMC-nin rəyi əsas almaqla, iddiaçının iddia ərizəsində qoyulmuş əşyaların qiymətlərini olduğu kimi həqiqət hesab etməsi, işin faktiki halların a dair məhkəmənin gəldiyi yanlış nəticədir. Birinci instansiya Məhkəməsi "xxxx" MMC-nin bu kimi mübahisələr üzrə qiymətləndirmə mütəxəssisliyinin dərəcəsini, peşəkarlığını nə ilə müəyyən etmişdir ki, həmin rəydəki şişirdilmiş və saxta qiymətləri qətnaməsinin əsas istinad sənədi olaraq təsbitetmişdir? Adı çəkilən mmc avtoservisdir, məişət avadanlıqalrı ustaları olan cihazqayıram zavodudur yoxsa formal olaraq pul qazanmaq niyyəti ilə yaradılmış növbəti legal soyğunçuluq bürosudur? Bundan başqa, maşın və ya paltar yuyan maşın üzərində hansı təmir-tikintiişlərinin iddiaçılar görüldüyün təmir işlərin həcminin və keyfiyyətinin, bu işlərə sərf edilən əməyin və xərcin müəyyən edilməsi mümkün "xxxx" MMC-nin rəyindən deyil. Bu halları sübutetmə yükü iddiaçının üzərinə düşür. Birinci instansiya Məhkəməsi hazırda mübahisləndirilən qətnaməsində qeyd edir ki, Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsə də cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. O rəsmi şəkildə heç birüsulla və metodla məhkəmə iclası və yeri barədə xəbərdar edilməmiş.əm. hətta qətnamə belə ona rəsmi təqdim edilməmişdir. İddiaçıların ona deməsindən sonra o 22 may 2025-ci il tarixdə məhkəmədən gedib qətnaməni götürmüşdür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərdi ki, onun yanında qalan qızını cavabdeh aparmış və geri qaytarmamışdır. Bu səbəbdən də keçmiş ərinin yaşadığı ünvana getmiş və müəyyən etmişdirdi ki, uşaqları qaynı tərəfindən gizlədilir. Ona görə mübahisə düşmüş və o, mübahisəli evin dörd pəncərəsinin şüşəsini sındırmış, paltaryuyan maşına təpiklə vurmuş, avtomaşının yan şüşəsini sındırmışdır. Sındırdığı qab-qacaqlar isə özünə aid olan cehiz əşyası olmuşdur. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
21. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərdi ki, cavabdeh 4 ədəd plastik pəncərənin şüşələrini qırmış, stolun üstündə öz bakalların sındırmış, paltaryuyan maşına əsəbi halda bir təpik vurmuş, “VAZ-2107” markalı nəqliyyat vasitəsinin yan pəncərələrini qabaq tərəfdən sındırmışdır. Onun vurduğu ümumi zərbə ondan tələb edilən və məhkəmənin qismən olsa da təmin etdiyi 1150 məbləğində deyildir. Bu tamamıilə şişirtmə rəqəmdir. Belə ki, 4 ədəd şüşənin və paltaryuyan maşının dəyəri o qədər olmamışdır. Buna görə də məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi əsassızdır və həmin şirkətin rəy vermək səlahiyyəti yoxdur. Eyni zamanda, həmin əmlakların əksəriyyəti cavabdehə məxsus olmuşdur və birgə nikah dövründə əldə edilmişdir. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
22. İddiaçı1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərdi ki, cavabdeh ilə 2014-cü il tarixdə evlənmişlər. Onun cehiz əşyası olmamışdır. Cavabdeh evin içərisində olan əşyaları evin pəncərəsinə ataraq pəncərənin şüşələrini sındırmış, paltaryuyan maşını təpiklə sındırmış və digər əşyalara ziyan vurmuşdur. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
23. İddiaçı2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
26. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
27. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
33. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
47. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
49. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-141/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı1 cavabdeh ilə 2014-cü il tarixdə ailə qurmuş və birgə nikahlarından iki uşaqları doğulmuşdur. Lakin, ailə münasibətləri pozulduğu üçün faktiki olaraq ayrılmışlar və cavabdeh evi tərk edib köçmüşdür. Bundan sonra ailə münaqaişəsi zəminində cavabdeh İddiaçı1 evinə gələrək əmlakına zərər vurmuş, eyni zamanda onun qardaşı İddiaçı2 mülkiyyətində olan “VAZ 21074” markalı, **- MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur.
52. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
54. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
55. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
56. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Verilmiş iddia tələbi üzrə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
57. İş üzrə toplanmış sübutlar – tərəflərin izahatları, polis orqanının materialları, yaşayış yerindən arayış, fotoşəkillər və qiymətləndirmə barədə mütəxəssis rəyi – cavabdehin iddiaçılara məxsus əmlaka ziyan vurduğunu və bu ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyini təsdiq edir. Cavabdeh tərəfindən sındırıldığı etiraf edilən əşyalarla bağlı mülkiyyət hüququnun iddiaçılara məxsus olması məhkəmə tərəfindən əsaslı şəkildə qəbul edilmişdir.
58. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçılara maddi zərərin dəyməsinin məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir.
59. Birinci instansiya məhkəməsində təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş 2023-cü il tarixli fərdi yaşayış evinə və avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, X2 məxsus Bərdə rayonu, Nifçi kəndində yerləşən fərdi yaşayış evinə, ev əşyalarına və İddiaçı2 məxsus VAZ 21074 markalı, ** MH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə xx.xx.2023-cü ildə baxış keçirilməklə dəymiş zərərin miqdarı 1642 manat təşkil edir və zərər vurulmuş hissələrin ayrılıqda adları və qiymətləri rəydəki cədvəldə göstərilmişdir.
60. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
61. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
62. Məhkəmə rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, müətəxəssis rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda mübahisəli əmlaklara əyani olaraq baxış keçirilmişdir.
63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin fərdi yaşayış evinin mülkiyyətinə dair gəldiyi nəticəni də düzgün hesab edir. Belə ki, qiymətləndirmə barədə mütəxəssis rəyində fərdi yaşayış evinin X2 məxsus olması göstərilsə də, iş materiallarında həmin şəxsin mülkiyyət hüququnu təsdiq edən çıxarış, qeydiyyat vəsiqəsi və ya digər mötəbər sübutlar mövcud olmamışdır. Əksinə, tərəflərin izahatları və yaşayış yerindən arayış evin faktiki olaraq İddiaçı1 məxsus olmasını təsdiq etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin sübutları qiymətləndirməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğundur.
64. Fotoşəkillərlə təsdiq olunan ziyan həcmi – avtomobilin ön şüşəsinin, yan güzgüsünün, sağ qapı şüşələrinin, pəncərə şüşələrinin, qab-qacaqların, xrustal bakal dəstinin və paltaryuyan maşının sıradan çıxması – nəzərə alınmaqla, məhkəmənin iddia tələbinin yalnız sübuta yetirilmiş hissə üzrə təmin edilməsi barədə gəldiyi nəticə də qanunauyğundur. Cavabdeh tərəfindən mətbəx mebelinə və güzgüyə ziyan vurulması ilə bağlı sübutların olmaması bu tələblərin rədd edilməsi üçün əsas olmuşdur ki, bu da sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi prinsiplərinə uyğundur.
65. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, cavabdeh tərəfindən polis orqanının 01 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət verilməməsi həmin qərarın qüvvədə qalmasına və iş üzrə preyudisial əhəmiyyət kəsb etməsinə səbəb olmuşdur.
66. Həmçinin, usta haqqının məbləğinin mütəxəssis rəyində göstərilən 350 manatdan 250 manata endirilməsi də əsaslandırılmışdır. Belə ki, rəyin özündə usta işlərinin ayrı-ayrılıqda qiymətləri göstərilməmiş, eyni zamanda iddianın yalnız qismən təmin edilməsi nəticəsində təmir edilməli olan əşyaların həcmi azalmışdır. Bu isə məhkəməyə təmir xərclərini proporsional şəkildə müəyyən etmək imkanı vermişdir.
67. Lakin, cavabdeh israrla iddiaçların əmlakına göstərilən məbləğdə maddi zərərin dəymədiyini və mütəxəssis rəyinin əsassız olduğunu bildirir. Bu halda isə sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
69. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
70. Sadalanan xüsusatlara görə məhkəmə iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın qismən təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.
71. Cavabdeh apellyasiya şikayətində çəkişmə prinsipinin pozulmasını göstərsə də, məhkəmə bu dəlili əsassız sayır. Çünki, iş materiallarından olan “SMS” xəbərdarlıq barədə bildirişdən görünür ki, cavabdehin adına qeydiyyata alınmış telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə SMS xəbədarlıq göndərilmişdir (mülki iş materialları səh - 35).
72. Eyni zamanda cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş və iddia tələbini qismən qəbul etdiyi bildirmişdir.
73. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
74. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçılar dəymiş zərəri onların xeyrinə tutulmasını xahiş etmiş, tutulmalı olan məbləğin hər birinə düşən hissəsini ayırmamış və birinci instansiyası məhkəməsi onların tələblərinə uyğun qətnamə qəbul etmişdir ki, hazırda həmin hal mübahisə predmeti olmadığından hazırki məhkəmə bu əsasla qəbul edilmiş məhkəmə aktını dəyişdirməyi zəruri hesab etmir.
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
76. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
77. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
78. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddianın qiyməti mübahisələndirilən hissədə 5000 (beş min) manatdan az (1150 manat) olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382, 384.0.1, 385.2, 392, 393 və, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-141/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.