Məhkəmə qərarları › İş №2(104)-231/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-231/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-231/2023 18.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh, X10, X2, X15 və X16 qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Cavabdehlər X7, onun və digər cavabdehlər- Abbasova (Qurbanzadə) Jalə Adil qızı və X1 vəkili X3 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-40/2022 saylı mülki iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh Abbasova (Qurbanzadə) Jalə Adil qızı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan "xxxx" X21 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 15 yanvar 2016-cı il tarixdə bağlanmış 05/06 saylı kredit müqaviləsinə əsasən, Cavabdehnа "xxxx" KB АSC tərəfindən illik 28 faizlə 24 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir.

2. İş materiallarında olan 15 yanvar 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X10 tam mülkiyyət hüququ üzrə 132.4 kv.m, 2 otaq və paylı mülkiyyət üzrə 0.0735 ha torpaq sahəsinin 1/4 hissəsi, X2 paylı mülkiyyət hüququ üzrə 0.0735 ha torpaq sahəsinin ¼ hissəsi, X15 paylı mülkiyyət hüququ üzrə 0.0735 ha torpaq sahəsinin ¼ hissəsi, X11 paylı mülkiyyət hüququ üzrə 0.0735 ha torpaq sahəsinin ¼ hissəsi ipoteka müqaviləsi ilə yüklü edilmişdir.

3. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 15 yanvar 2016-cı il tarixli, 05/06 nömrəli kredit müqaviləsi üzrə banka 19.135,68 manat əsas borc, 10.272,63 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 6.813,85 manat cərimə borcu, 1.488,93 manat isə kredit üzrə müddət bitdiktdən sonra Konstitusiya Məhkəməsinin Plenimunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 37.711,09 manat məbləğində borcu yaranmışdır.

4. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən müəyyən olunur Cavabdeh banka olan bütün borcunu gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu məbləği, hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

5. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 yanvar 2021-ci il tarixli, 9/4299 nömrəli ekspert rəyi ilə Cavabdeh 15 yanvar 2016-cı il tarixli, 05/06 saylı kredit müqaviləsinə əsasən 25 iyul 2019-cu il tarixə əsas borcu 19.335,56 manat, faiz borcu 10.538,73 manat təşkil edir.

6. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli, 9/7916 nömrəli ekspert rəyi ilə Cavabdeh 15 yanvar 2016-cı il tarixli, 05/06 saylı kredit müqaviləsinə əsasən 25 iyul 2019-cu il tarixə əsas borcu 19.335,56 manat, faiz borcu 10.538,73 manat təşkil edir.

7. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli 9/8731 saylı rəyinə əsasən Cavabdeh xx.xx.2016-cı il tarixli 05/06 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas boru 19335.56 manat, faiz borcu 9461.71 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli 05/06 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən sonra 900 manat məbləğində ödəniş edilmişdir. Hazırki hesablama xx.xx.2019-cu il tarixədək aparıldığından xx.xx.2019-cu il tarixdən sonra ödənilən 900 manat məbləğində kredit ödənişi nəzərə alınmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı ləğv prosesində olan "xxxx" X21 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" X21 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 15 yanvar 2016-cı il tarixdə bağlanmış 05/06 saylı kredit müqaviləsi üzrə 19.135,68 manat əsas borc, 10.272,63 manat müqavilə müddəti üzrə hesablanmış faiz borcu, 6.813,85 manat cərimə borcu, 1.488,93 manat isə kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenimunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 37.711,09 manat borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydiyyata alınması üçün ödənilmiş 20 manat məbləğində xidmət haqqının və 10 manat məbləğində rüsumun cavabdehlərdən tutularaq ləğv prosesində olan "xxxx" X21 Səhmdar Cəmiyyətinə ödənilməsi, borcun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X12 tam mülkiyyət hüququ üzrə 132.4 kv.m, 2 otaq və paylı mülkiyyət üzrə 0.0735 ha torpaq sahəsinin1/4 hissəsi, X2 paylı mülkiyyət hüququ üzrə 0.0735 ha torpaq sahəsinin ¼ hissəsi, X15 paylı mülkiyyət hüququ üzrə 0.0735 ha torpaq sahəsinin ¼ hissəsi, X11 paylı mülkiyyət hüququ üzrə 0.0735 ha torpaq sahəsinin ¼ hissəsinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin Cavabdeh ləğv prosesində olan "xxxx" X21 Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlak hərracdan satıldıqdan sonra ən gec 1 ay ərzində həmin əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

9. Bərdə Rayon Məhkəməsinin 2(021)-40/2022 saylı iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim: Elsun Əhmədov) iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5, X10, X2, X15, X13 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X4 ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15 yanvar 2016-cı il tarixli, 05/06 nömrəli kredit müqaviləsi üzrə 19.135,68 manat əsas, 10.272,63 manat faiz borcu, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenimunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 1.488,93 manat faiz borcu, 213,85 manat cərimə borcu olmaqla, cəmi 31.111,09 (otuz bir min yüz on bir manat doqquz qəpik) manat borc, 30 manat dövlət rüsumu, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X12 tam mülkiyyət hüququ üzrə 132.4 kv.m, 2 otaq və paylı mülkiyyət üzrə 0.0735 ha torpaq sahəsinin1/4 hissəsi, X2 paylı mülkiyyət hüququ üzrə 0.0735 ha torpaq sahəsinin ¼ hissəsi, X15 paylı mülkiyyət hüququ üzrə 0.0735 ha torpaq sahəsinin ¼ hissəsi, X11 paylı mülkiyyət hüququ üzrə 0.0735 ha torpaq sahəsinin ¼ hissəsinə yönəldilməsi, mənzil və torpaq sahəsinin açıq hərracdan satılması, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X12 tam mülkiyyət hüququ üzrə 132.4 kv.m, 2 otaq və 0.0735 ha torpaq sahəsinin ilkin satış qiymətinin (likvid qiymət) 75.000 manat müəyyən edilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına ümumi borcun məbləğinin ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan X10, X2, X15 və X11 qaytarılması, qeyd olunan əmlak satıldıqdan sonra 1 (bir) ay müddətində X17, X6, X19 və X8 ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən X10 tam mülkiyyət hüququ üzrə məxsus olan 132.4 kv.m, 2 otaqdan ibarət fərdi yaşayış evini və paylı mülkiyyət üzrə 0.0735 ha torpaq sahəsinin1/4 hissəsi, X2 paylı mülkiyyət hüququ üzrə 0.0735 ha torpaq sahəsinin ¼ hissəsini, X15 paylı mülkiyyət hüququ üzrə 0.0735 ha torpaq sahəsinin ¼ hissəsini, X11 paylı mülkiyyət hüququ üzrə 0.0735 ha torpaq sahəsinin ¼ hissəsini boşaltmaları, aparılmış ekspertiza tədqiqatlarının 550 (beş yüz əlli manat) manat dəyərində cavabdeh X5 aid edilməsi və 350 (üç yüz əlli) manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin, 250 (iki yüz) manat ekspertiza xərcinin tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 442, 445.1, 445.2.1, 449, 470.1, 472.1 və 472.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Abbasova (Qurbanazadə) Jalə Adil qızı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-40/2022 saylı iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə razılaşmaq qeyri-mümkündür. Belə ki, iş üzrə qəbul edilmiş qətnamədə ödənilmiş məbləğlər nəzərə alınmamış və yüksək həddə şişirdilmiş faiz və cərimə məbləği hesablanmışdır. Diqqət yetirdikdə müqavilələr üzrə əsas borc məbləğinin demək olar ki, yarısı miqdarında faiz hesablanmışdır. Hesab edir ki, tənasübsüz surətdə artıq hesablanmış faiz məbləği silinməlidir. Belə ki, onun tərəfindən xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat LPO "xxxx" KB ASC-nin hesabına ödənilmişdir. Bundan başqa ödənişlərin digərlərinin qəbzləri əlində olmadığından qeyd edə bilməmişdir. Məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilsə də, həmin ekspertiza düzgün rəy verməmişdir. Bu səbəbdən hesab edir ki, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və cərimə məbləği tənasübsüz şəkildə şişirdildiyindən azaldılmalıdır. Ümumiyyətlə birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmədə iştirak edən cavabdeh X17 apellyasiya şikayətinin əsaslı olduğunu bildirib, şikayətin təmin edilməsini xahiş etdi.

15. Məhkəmədə cavabdehlər X17, Abbasova (Qurbanzadə) Jalə Adil qızı və X1 vəkili X9 iştirak etdi və apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Vəkil əlavə olaraq bildirdi ki, ekspert rəyində göstərilənlərlə razı deyildir. Belə ki, cavabdehin faiz borcu yenə də düzgün müəyyən edilməmişdir.Ona görə də iş üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş edərək, sonda apellyasiya şikayətinin.təmin olunmasını xahiş etdi.

16. İş üzrə iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

20. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

21. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

İpoteka Haqqında Azərbaycan Respuiblikasının Qanunu

22. Maddə 39. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.

23. Maddə 39.3.2 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasıəsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsnin iş üzrə gəldiyi nəticə qismən əsaslıdır.

33. Belə ki, cavabdeh Abbasova (Qurbanzadə) Jalə Adil qızının apellyasiya şikayətinin dəlillərəri bank tərəfindən göstərilən borcun düzgün hesablanmamasındandır.

34. Şikayətin bu dəlilinə hüquqi qiymət verilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən iş üzrə 15 noyabr 2022-ci il tarixli qərardadla təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanı aparan ekspert qarşısında "xxxx" X21 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 15 yanvar 2016-cı il tarixdə bağlanmış 05/06 saylı kredit müqaviləsinin bitdiyi 15 yanvar 2018-ci il tarixə Cavabdeh faiz borcunun cərimə hesablanmadan nə qədər olması barədə sual qoyulmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli 9/8731 saylı rəyinə əsasən Cavabdeh xx.xx.2016-cı il tarixli 05/06 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas boru 19335.56 manat, faiz borcu 9461.71 manat müəyyən edilmişdir. Həmin ekspert rəyində qeyd edilmişdir ki, borcalan ödəniş qrafikinə uyğun olaraq ödənişləri vaxtlı vaxtında həyata keçirdiyi halda ödənilməli olan faizin həcmi 6346,48 manat təşkil edərdi. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli 05/06 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən sonra 900 manat məbləğində ödəniş edilmişdir. Hazırki hesablama xx.xx.2019-cu il tarixədək aparıldığından xx.xx.2019-cu il tarixdən sonra ödənilən 900 manat məbləğində kredit ödənişi nəzərə alınmamışdır.

35. Məhkəmə kollegiyası göstərilən ekspert rəyinə istinad edərək, hesab edir ki, apellyatorun şikayətinin bu dəlili qismən əsaslıdır və buna görə də cavabdeh Abbasova (Qurbanzadə) Jalə Adil qızından ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15 yanvar 2016-cı il tarixli, 05/06 nömrəli kredit müqaviləsi üzrə 10.272,63 manat məbləğində faiz borcunun tutulması hissəsində və müvafiq olaraq cəmi borcun məbləğinin 31111,09 manat məbləğində müəyyən edilməsi hissələrində qətnamə dəyişdirilməli, cavabdehdən ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan faiz borcu 9461.71 manat məbləğində cəmi borcun məbləği isə 19.135,68 manat əsas borc, 9461.71 manat faiz borcu, kredit üzrə müddət bitdikdən sonrakı müddət üçün hesablanan 1.488,93 manat faiz borcu və 213,85 manat cərimə borcu olmaqla, 30300,17 manat məbləğində müəyyən edilməlidir.

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan 26 dekabr 2022-ci il tarixli 9/8731 nömrəli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 250 manat məbləğini təşkil edir.

37. İrəli sürülən iddia tələb edilən borcun 88 faiz hissəsində əsaslı olduğundan və apellyasiya şikayəti qismən təmin edildiyindən Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq taraflərə aid edilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat məbləğinin 220 manat hissəsi cavabdeh Abbasova (Qurbanazadə) Jalə Adil qızından, qalan 30 manat hissəsi isə ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabından tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.3, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-40/2022 saylı mülki iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş, cavabdeh X4 ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15 yanvar 2016-cı il tarixli, 05/06 nömrəli kredit müqaviləsi üzrə 10.272,63 manat faiz borcu və cəmi 31.111,09 (otuz bir min yüz on bir manat doqquz qəpik) manat borcun tutulması hissəsində dəyişdirilsin, cavabdeh Abbasova (Qurbanazadə) Jalə Adil qızının iddiaçı LPO "xxxx" ASC-yə olan faiz borcu 9461.71 manat məbləğində müəyyən edilsin. X14 ilə ləğv prosesində olan "xxxx" X21 Səhmdar Cəmiyyəti arasında bağlanmış 15 yanvar 2016-cı il tarixli, 05/06 nömrəli kredit müqaviləsi üzrə 19135,68 manat məbləğində əsas borc, 9461.71 manat məbləğində faiz borcu, kredit üzrə müddət bitdikdən sonrakı müddət üçün hesablanan 1.488,93 manat məbləğində faiz borcu və 213,85 manat məbləğində cərimə borcu olmaqla, cəmi 30300,17(otuz min üç yüz) manat 17 qəpik məbləğində pul X4 tutularaq, ləğv prosesində olan "xxxx" X21 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat məbləğində məhkəmə xərclərinin 220 (iki yüz iyirmi) manat hissəsi cavabdeh Abbasova (Qurbanazadə) Jalə Adil qızından, qalan 30 (otuz) manat hissəsi isə ləğv prosesində olan "xxxx" X21 Səhmdar Cəmiyyətinin hesabından tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar