Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2317/2025 28.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(076)-276/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(076)-276/2025 nömrəli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddianın təmin edilməsi, Cavabdeh vurulmuş ziyana görə 9820.00 manat (doqquz min səkkiz yüz iyirimi) manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 118 (bir yüz on səkkiz) manat pul, vəkil xidmət haqqının əvəzi kimi 500 (beş yüz) manat pul və ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-276/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18850 (on səkkiz min səkkiz yüz əlli) manat pulun, ödənilmiş 146 (bir yüz qırx altı yeddi) manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat pulun alınıb mənə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, 23 sentyabr 2024-cü il tarixdə saat 19:00 radələrində Şəmkir-Kür qəsəbə yolunda sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 2106” markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq ona məxsus LAND ROVER markalı, ** DC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş nəticədə onun avtomobilinə 23850 manat məbləğində maddi zərər dəymişdir. Bundan sonra Cavabdeh törətdiyi əmələ görə Şəmkir DYPB-də araşdırılma aparılmış və cavabdehin barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə protokol tərtib edilmiş və baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(076)1107/2024 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən hadisə nəticəsində onun avtomobilinə dəymiş zərər hadisəyə səbəb olan cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, hadisə nəticəsində ona məxsus LAND ROVER markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə 23850 (iyimi üç min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Cavabdeh avtomobilin sığortaçısı tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada 5000 (beş min) manat məbləğində ödəniş edilmişdir. Lakin onun avtomobilinə ziyan aktında göründüyü kimi 23850 (iyimi üç min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. 23850 manat ziyandan 5000 manat sığorta ödənişi ödənildikdən sonra 18850 manat ziyan önənilməmiş qalmaqdadır. Cavabdeh hal-hazırda yuxarda qeyd olunan ünvanda yaşayır. Ondan ona məxsus LAND ROVER markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 18850 manat (5000 manat sığorta ödənişindən sonra) ziyanı könüllü ödəməsini tələb etsə də, o pulu könüllü ödəməkdən boyun qaçırır. Ona görə də o məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 9820 (doqquz min səkkiz yüz iyirmi) manat pulun, ödənilmiş 118 (bir yüz on səkkiz) manat dövlət rüsumunun, ekspertiza keçirilməsi üçün ödənilmiş 400 (dörd yüz) manat pulun və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat pulun Cavabdeh alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi hüquq normalarına istinad etməsinə baxmayaraq işin faktiki halalarına əsasən o, tərəflərin münasibətlərinə nisbətdə çıxarılmış qətnaməni tam əsassız hesab edir. Belə ki, məhkəmənin istinad etdiyi maddi hüquq normaları olan Azərbaycan Respublikası Mülki Məcəlləsiinin 21.1 və 21.2-ci maddələrinin mənasına görə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin normalarda, qanunda və müqavilədə, vururlmuş maddi zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmamış olması dedikdə hazırkı mülki iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 14.032025-ci il tarixli 9/1428 saylı rəyə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş xx.xx.2024-cü il tarixli “Şəmkir Avtoserviz” ATSC tərəfindən tərtib edilmiş qüsur aktında göstərilən, 2017-ci il buraxılışlı “X1” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin 02 adda ehtiyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablamaya görə təxminən 1497,00(bir min dörd yüz doxsan yeddi) manat olması, qüsur aktında qeyd edilən digər ehtiyat hissələrimim satışına və qiymətinə dair məlumatın əldə edilməsinin mümkün olmaması, avtoehtiyat hissələrinin təmir bərpa xərclərinin dəyərinin avtoservislərin səviyyəsindən və s. amillərdən asılı olaraq müxtəlif qiymətlərdə olması, avtoehtiyat hissələrinin təmir bərpa xərclərinin məbləğinin sifarişi yerinə yetirən tərəflər arasındakı qarşılıqlı razılaşma əsasında müəyyən edilməsi qeyd edilmişdir. Ancaq, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 9/1428 saylı rəylə razılaşmayan iddiaçı tərəf özünün maddi imkanının yüksək olmasına görə özəl tipli şirkətə ekspertiza təyin etdirərək ekspertə ödədiyi 400 manat pulun müqabilində “Meyar Ekspertiza MMC”-yə xx.xx.2025-ci il tarixli rəy tərtib etdirmişdir ki, həmin rəydə “Land Rover” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərcin (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) yuvarlaq hesabla 14820(on dörd min səkkiz yüz iyirmi) manat olması müəyyən edilmişdir. Onun avtomaşınının Sığortaçısı tərəfindən də iddiaçıya ödənilmiş 5000(beş min) manat pul həmin rəydə göstərilən məbləğin üzərindən çıxılmaqla qalan 9820 (doqquz min səkkiz yüz iyirmi) manat pulu iddiaçı məndən tələb etməkdədir. Hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/1428 saylı rəylə müəyyən edilmiş 1497,00(bir min dörd yüz doxsan yeddi) manat iddiaçının avtomobilinə vurulmuş maddi ziyanın real dəyərini əks etdirir. Həmin rəy üzrə maddi ziyan vurulmuş avtomobilin qiymətləndirilməyən ehtiyat hissələrinin cəmi dəyərini müəyyən etmək üçün hesab edir ki, əlavə ekspertiza təyin etməklə əldə etmək olardı. Buna görə məhkəmə kollegiyasından apellyasiya şikayətinin obyektiv araşlırılması üçün əlavə məhkəmə əmtəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının vəsatəti təmin edilməklə “Meyar Ekspertiza MMC” tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş rəydə avtoqəza nəticəsində “Land Rover” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın məbləği reallıqdan hədsiz dərəcədə artıq olan miqdarda müəyyən edilmişdir ki, bu da tam ədalətsizlikdir. Ona görə də iddiaçının iddasını tam təmin edən həmin qatnaməni, birtərəfli araşdırmanın nəticəsində çıxarılmış, əsassız, qanunsuz və ədalətsiz qətnamə kimi qiymətdirilməklə ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da, özü məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin edilməməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsi barədə cavabdehin, həmin şikayətin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya araşdırmasının həddi ilə bağlı kollegiya qeyd edir ki, apellyasiya şikayəti ilə həmin qətnamə yalnız vurulmuş ziyanın məbləği hissəsində mübahisələndirildiyindən həmin qətnamənin əsaslılığı şikayətin dəlilləri həddində yoxlanılır. İddia ərizəsindən göründüyü kimi, tərəflər arasındakı mübahisənin maddi hüquqi əsası şəxsin əmlakına vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli AP ******* nömrəli “inzibati xəta haqqında” protokolun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəmkir-Kür qəsəbəsi yolunda avtomobilini idarə edərkən manevr etmək qaydasını pozaraq hərəkətdə olan “Land R” **-DD-*** nömrəli avtomaşınla toqquşub və hadisə yerindən yayılıb, sürücülük hüququ yoxdur, avtomaşına maddi ziyan dəymişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli ziyan aktından görünür ki, “Land Rover” markalı, **-DC-*** dövlət nişanlı avtomaşının təmiri qiyməti 23850 manat muyən edilmişdir. İş materialında olan Şəmkir Rayon Məhkəməsinin 3(076)-1107/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, inzibati xəta haqqında protokola görə Cavabdeh, 23 sentyabr 2024-cü il tarixdə saat 19:00 radələrində Şəmkir-Kür qəsəbə yolunda sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 2106” markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq “LAND ROVER” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncu avtomobilin sahibi İddiaçı maddi zərər dəymişdir. Şəmkir Rayon Məhkəməsinin 3(076)-1107/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. BB 612352 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2017-cı il istehsal olmuş 99DC999 qeydiyyat nişanlı “LAND ROVER” minik nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarında olan 9/1428 nömrəli, xx.xx.2025-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatında təqdim edilmiş xx.xx.2024-cü il tarixli “Şəmkir-Avtoservis” ATSC tərəfindən tərtib edilmiş qüsur aktında göstərilən 2017-ci il buraxılışlı “X2” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin 02 adda ehtiyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablamaya görə təxminən 1497,00 manat müəyyən edilir. Qüsur aktlarında qeyd edilən digər ehtiyat hissələrinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmamışdır. Avtoehiyat hissələrinin təmir-bərpa xərclərinin dəyəri avtoservislərin səviyyəsindən və s. amillərdən asılı olaraq müxtəlif qiymətlərdə olur. Belə ki, avtoehiyat hissələrinin təmir-bərpa xərclərinin məbləği sifarişi yerinə yetirən tərəflər arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. İş materiallarında olan 0201 nömrəli, xx.xx.2025-ci il tarixli Meyar Ekspertiza MMC tərəfindən verilmiş ekspert rəyindən görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “Land Rover” minik markalı **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) yuvarlaq hesabla 14820.00 (on dörd min səkkiz yüz iyirmi) manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzədən görünür ki, İddiaçı "xxxx" MMC-yə 400 manat pul ödəmişdir. İşdə olan “Hüquqi yardımın göstərilməsi haqqında” olan 611 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İşdə olan ödəmə qəbzindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 500 manat pul ödəmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Cavabdeh, 23 sentyabr 2024cü il tarixdə saat 19:00 radələrində Şəmkir-Kür qəsəbə yolunda sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 2106” markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq ona məxsus “LAND ROVER” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş nəticədə onun avtomobilinə 14820.00 (on dörd min səkkiz yüz iyirmi) manat məbləğində maddi zərər dəymiş, Cavabdeh avtomobilin sığortaçısı tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada 5000 (beş min) manat məbləğində ödəniş edilmişdir. Lakin onun avtomobilinə dəymiş 9820 (doqquz min səkkiz yüz iyirmi) manat (5000 manat sığorta ödənişindən sonra) ziyanı könüllü ödəməsini tələb etsə də, o pulu könüllü ödəməkdən boyun qaçırır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mülki iş üzrə Cavabdeh ona məxsus avtomobilli idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi qaydalarını pozaraq avtoqəza törətməsi, avto qəza nəticəsində cavabdehə İddiaçı mülkiyyətində olan avtomobilə maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Bununla da iddiaçı avtomobilə dəymiş ziyanın əvəzinin-9820 manat pulun cavabdehdən tutularaq ona verilməsini tələb etmişdir. İş materiallarına əlavə edilmiş 0201 nömrəli, xx.xx.2025-ci il tarixli ekspertiza rəyində isə iddiaçıya dəymiş maddi zərərin məbləği 14820 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ekspertiza rəyində iddiaçının avtomobilinə dəymiş maddi ziyan 14820 manat müəyyən edilmiş olsa da, iddiaçı Sığorta Şirkəti tərəfindən ona dəymiş ziyanın 5000 (beş min) manat hissəsinin ödənildiyini göstərmiş və cavabdehdən 9820.00 manat məbləğində ona dəymiş maddi ziyanı tələb etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmadan, avtomobilə dəymiş ziyana münasibətdə iddia tələbində göstərilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə vurulmuş ziyana görə 9820.00 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməli, iddiaçı tərəfindən ödənilmiş 118 manat dövlət rüsumunun və 400 manat məbləğində ekspertiza xərcinin, həmçinin iddiaçı tərəfindən ödənilmiş 500 manat vəkil xidmət haqqının əvəzi Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən......) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. İşin hallarından göründüyü kimi 23 sentyabr 2024-cü il tarixdə saat 19:00 radələrində Şəmkir-Kür qəsəbə yolunda yol nəqliyyat hadisəsi baş vermiş, iddiaçının idarə etdiyi avtomobil ilə cavabdehin idarə etdiyi avtomobil toqquşmuş, yol-nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobilə, o cümlədən iddiaçıya məxsus “LAND ROVER” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə də ziyan dəymiş, hadisənin baş verməsində cavabdeh təqsirli bilinmişdir və qeyd olunanlar işin mübahisəsiz hallarıdır. Mübahisə iddiaçının avtomobilinə dəymiş ziyanın məbləği ilə bağlıdır. İş materiallarından həm də görünür ki, iddiaçı işdəki qüsur aktına istinad edərək avtomobilinə 23850 manat məbləğində maddi zərərin vurulduğunu, həmin məbləğdən cavabdehin sığortaçısı tərəfindən 5000 manat ödənildiyini, ona görə də cavabdehdən 18850 manat məbləğində pulun xeyrinə tutulmasını xahiş etmiş, lakin işə birinci instansiya məhkəməsində baxılanda dəymiş zərərin məbləği mübahisələndirildiyinə görə məhkəmə tərəfindən zərərin məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, dəymiş zərər 14820.00 manat müəyyən edildikdən sonra iddiaçı iddia tələbinin həcmini azaldaraq cavabdehin sığortaçısı tərəfindən edilmiş 5000 manat ödəniş nəzərə alınmaqla cavabdehdən 9820.00 manat məbləğində pulun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçıya məxsus avtonəqliyyat vasitəsinin zədələnmiş detalları məlum olsa da və cavabdeh zərərin məbləği ilə razılaşmasa da, o, məhkəməyə zərərin daha az məbləğdə təşkil etdiyini təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi ilə cavabdeh tərəfindən iddiaçıya 14820 manat maddi ziyan vurulduğu müəyyən edilmişdir. Həmin zərərin 5000 manatı avtomobilin sığortaçısı tərəfindən iddiaçıya ödənildiyindən qalan 9820 manat zərər isə cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin maddi ziyanın məbləğinin düzgün hesablanmaması, iş üzrə yenidən ekspertizanın təyin edilməli olmasına dair dəlili də razılaşmır. Kollegiya həmçinin qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən iddiaçıya məxsus avtomobilin zədələnmiş yalnız iki detalına münasibətdə rəy vermiş, digər detallara (ehtiyat hissələrə) münasibətdə isə həmin ehtiyat hissələrinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığını qeyd edərək rəy verməmişdir. Cavabdeh isə maddi ziyanın məbləğinin daha az olmasına dəlalət edən hər hansı sübut təqdim etmədiyinə görə kollegiya onun şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində də təsbit olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsin əəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli e-2(076)-276/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyasışərh olunanları və Azərbaycan Respublikasının MPMin 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli e-2(076)-276/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2317/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2317/2025
28.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver