Məhkəmə qərarları › İş №2(104)-2318/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2318/2024

10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2318/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı mülki iş üzrə Açar sözlər: alimentin artırılması; uşaqların müalicəsi üçün əlavə xərc tutulması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı alimentin artırılması və əlavə xərc tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(013)-881/2024 nömrəli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1213/2023 saylı qətnaməsinin surətindən görünür ki, E.Nümayəndələ İddiaçı arasında xx.xx.2018-ci ildə Bərdə regional “Asan-Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 1140 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2019-cu ildə anadan olmuş Asif və xx.xx.2020-ci ildə anadan olmuş Amin adlı uşaqların yetkinlik yaşına çatana qədər anası İddiaçı himayəsində saxlanılması və xx.xx.2023-cü ildən başlayaraq E.Nümayəndə xx.xx.2019-cu ildə anadan olmuş Asif və xx.xx.2020-ci ildə anadan olmuş Amin adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir;

2. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh X3 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehdən xx.xx.2019-cu ildə anadan olmuş X7 və xx.xx.2020-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat alimentin və xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X4 müalicəsinə görə hər ay 300 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1213/2023 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş Asif və Amin adlı uşaqlar onun himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Göstərilən məbləğ uşaqların təlabatını ödəmir, Asif adlı uşaq nevroz xəstəliyindən əziyyət çəkir və çəpgözlüyünə görə mütəmadi müalicə olunur, Amin adlı uşağın isə baş-beyin əmgəh hissəsi bərkimə xəstəliyindən əziyyət çəkir və anadangəlmə nitq qüsurundan mütəmadi müalicə alır. Cavabdeh alimentdən başqa uşaqların saxlanılmasına və müalicə xərclərinə heç bir köməklik etmir.

5. Ağdam Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(013)-881/2024 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia qismən təmin edilərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1213/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq X1 xx.xx.2019-cu ildə anadan olmuş Asif və xx.xx.2020-ci ildə anadan olmuş Amin adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 180 manat olmaqla - cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi; X1 uşaqları Asif və Aminin müalicəsi üçün hər ay cəmi 60 (altmış) manat tutulub İddiaçı verilməsi; Dəyişdirilmiş alimentin və əlavə xərcin tutulmasının Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 08 may 2024-cü il tarixli 2(013)-881/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması; E.Nümayəndə 32 manat dövlət rüsumu tutulması; İddiaçı iddiasının qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4, 76.1.2, 78.1, 81.1, 81.2, 81.3 və 112.1-ci maddələrinə, habelə “Azərbaycan Respublikasına 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh X6 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh X6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki ilk dəfə təyin edilmiş alimenti valideyninin köməkliyi ilə ödəyir. Aradan 8-9 ay keçməmiş iddiaçı yenidən alimentin miqdarınını artırılması, həmçinin əlavə xərc tələbinə dair iddia irəli sürmüşdür. Müvəqqəti olaraq Rusiya Federasiyasının Penza şəhərində yaşayır. Əvvəl işsiz olsa da, xx.xx.2023cü il tarixdən dən orada fərdi sahibkar olan X5 yanında fəhlə işləyir və ayda 10000 rus rublu (200 manat) əmək haqqı alır. Başqa heç bir gəliri yoxdur. Aldığı əmək haqqının milli valyuta ilə 150 manatını atasına göndərir, atası həmin pulun üzərinə 170 manat əlavə edərək aliment kimi iddiaçıya ödəyir. Bundan əlavə, iddiaçı uşaqların xəstə olması barədə uydurma iddia vermiş və birinci instansiya məhkəməsi də iddiaçının göstərdiklərini təsdiq etmişdir. Ancaq, nə iddia ərizəsində, nə də ki, məhkəmə qətnaməsində uşaqların hər hansı xəstəlikləri olması barədə rəsmi sübuta istinad edilməmişdir. Uşaqlarda heç bir xəstəlik yoxdur, iddiaçı aliment məbləğinin artırılması üçün məhkəməyə əsassız iddia vermişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, oğlu Elçin Rusiyada işləyir, ayda 400 manat əmək haqqı alır və başqa gəliri yoxdur. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, oğlu yenidən ailə qurmayıb. Oğlu Rusiyada fəhlə işləyir. Uşaqlar xəstə olsalar da, sonradan müalicə olunublar. Aliment tutulmasına etirazı yoxdur, lakin qətnamənin müalicə xərci hissədə ləğv edilməsini xahiş edir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, uşaqların hər ikisi xəstədir, müalicəyə ehtiyacları vardır. Cavabdehin isə işi yaxşıdır, kifayət qədər gəliri vardır. Çünki, burada müəllim işləyərək 1000 manat əməkhaqqı almışdır. Ona görə də cavabdehin 400 manat əmək haqqı üçün Rusiyaya getməsi məntiqli deyil. Bütün qohumlarını cavabdeh dolandırır. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, uşaqların hər ikisi xəstədir. Nevroloji xəstədir, gözü çəpləşir. Həm göz həkiminə, həm də nevroloq müalicə etməlidir. Uşaqları sığorta ilə müalicə etdirmir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

12. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

13. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

14. Maddə 81. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

15. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

16. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

23. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

28. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «X1 uşaqları Asif və Aminin müalicəsi üçün hər ay cəmi 60 (altmış) manat tutulub İddiaçı verilməsi; Əlavə xərcin tutulmasının Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 08 may 2024-cü il tarixli 2(013)- 881/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması» hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissələrdə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə ailə münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü Asif və xx.xx.2020-ci il təvəllüdlü Amin adlı uşaqları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və məhkəmə qətnaməsinə əsasən onların uşaqlarının saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 160 manat sabit məbləğdə aliment tutulmuşdur. İddiaçı müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılması üçün kifayət etmədiyini və uşaqların müalicəsi üçün əlavə xərc tutulmalı olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin edərək, aliment məbləğini hər ay hər uşaq üçün 160 manat müəyyən etmiş, habelə uşaqların müalicəsinə görə cavabdehdən iddiaçının xeyrinə 60 manat əlavə vəsait tutmuşdur.

31. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

32. Ailə qanunvericiliyinin müvafiq hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2024-cü il üçün 235 manat müəyyən edilmişdir. Hazırda cavabdehdən tutulan 160 manat sabit pul məbləğində alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər.

33. Məhkəmə kollegiyası tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər uşaq üçün 180 manat məbləğdə müəyyən edilməsini uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir.

34. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.

35. Digər tərəfdən alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir.

36. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır.

37. Apellyatorun maddi vəziyyətinin aşağı olması barədə dəlilini kollegiya əsassız sayır. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

38. İddia tələbinin cavabdehdən uşaqların müalicəsinə görə hər ay cəmi 60 manat kəsilməsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qanuni və əsaslı deyildir.

39. Məhkəmə kollegiyası Ailə Məcəlləsinin 81.1-ci maddəsində göstərilən əlavə xərclərə cəlb olunmasına əsas verən «başqa hallar»ın da olub-olmamasını araşdırmamışdır. Məhkəmə kollegiyası ilk növbədə bu normada göstərilən «digər hallar» ifadəsi altında qanunvericinin nəyi nəzərdə tutduğunu təhlil edərək o nəticəyə gəlmişdir ki, bu ifadə uşaq üçün birbaşa göstərilən tibbi xidmətlə bağlı xərcləri nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 27 yanvar 2015-ci il tarixli qərarından da bu nəticəyə gəlmək olar.

40. Sözügedən «digər hallar»ın əhatə etdiyi etdiyi əsaslardan biri uşağın müntəzəm olaraq müayəinə və müalicəyə ehtiyacın olduğunu təsdiq edən həkim rəyi, uşağın xəstəliyinin xaricdə yerləşən ixtisaslaşmış tibb müəssisələrində həyata kesirilməsi zəruriliyi və s. müstəsna hallar ola bilər. Lakin baxılan işdə bu cür əsasların olması sübut olunmur. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əlavə xərclərə görə cavabdehin əlavə xərclərin ödənilməsinə cəlb olunmaqla yuxarıda adları qeyd olunan uşaqlar üçün 60 manat əlavə xərcin tutulması barədə gəldiyi nəticə ilə razılaşmır.

41. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Birinci instansiya məhkəməsi isə tərəflərin birgə nikahından anadan olmuş uşaqların müalicəsinə görə əlavə xərc tutulması hissədə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən həmin hissədə iddia tələbini təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi «X1 uşaqları Asif və Aminin müalicəsi üçün hər ay cəmi 60 (altmış) manat tutulub İddiaçı verilməsi; Əlavə xərcin tutulmasının Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 08 may 2024-cü il tarixli 2(013)-881/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması» hissələrdə ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir.

43. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 480 (40 manat *12 ay) manat təşkil edir. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(013)-881/2024 nömrəli qətnaməsi «X1 uşaqları Asif və Aminin müalicəsi üçün hər ay cəmi 60 (altmış) manat tutulub İddiaçı verilməsi; Əlavə xərcin tutulmasının Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 08 may 2024-cü il tarixli 2(013)-881/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması» hissələrdə ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissələrdə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar