Məhkəmə qərarları › İş №2(104)-2320/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2320/2024

16.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2320/2024 16.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi və mənəvi ziyan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 2(013)-1591/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı Azər Əmiraslanovun qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, 02 oktyabr 2021-ci ildə saat 16:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 116-cı km-də Cavabdeh idarə etdiyi “Mercedes Benz 0303 avtobus” markalı ** BT *** dövlət qeydiyat nişanlı avtomobili Qazax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan asfalt döşəyən texnika və Rüstəmov Ömər Dünyamin oğlunun idarə etdiyi “Kamaz 55111” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə Hüseynova Hökümə Mahmud qızı, Mehdiyev Hamlet Elmir oğlu dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, İddiaçı, Nəcəfova Zülfiyyə Mədət qızı, Niyazova Məhəbbət Niyazi qızı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət almışlar. Həmin iş üzrə keçirilmiş məhkəmə-avtotexniki ekspertizasının 25 oktyabr 2021-ci il tarixli 8/2503 nömrəli rəyində göstərilmişdir ki, Mercedes Benz 0303 markalı ** BT *** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Digər sürücülərin hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. İddiaçı, Hüseynova Hökümə Mahmud qızı, Nəcəfova Zülfiyyə Mədət qızı, Niyazova Məhəbbət Niyazi qızı və Məhdiyev Hamlet Elmir oğlu ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinə müraciət edərək Cavabdeh ilə barışdıqlarını qeyd etməklə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdiklərindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsi və Cinayət Prosessual Məcəlləsinin 39-40-cı maddələrinə əsasən material üzrə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir.

2. 1729/22 nömrəli epikrizin surətindən görünür ki, İddiaçı sağ baldır sümüklərinin orta 1/3-nin qeyri düzgün metal fiktasorla bitişməkdə olan sınığı, diz oynağının xaçvari və yan bağlarının zədələnməsi, sağ incik sümüyünün iflici, düşük ayaq, sağ baldırın işemiyası diaqnozu qoyulmuşdur.

3. Ortoped həkim Aslan Məmmədov tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ümumi vəziyyəti stabildi, kliniki və instromental müayinələr aparılmış, xəstəyə aşağıdakı əməliyyat planlaşdırılır: sağ diz oynağının total endoprotezləşdirilməsi. Əməliyyat üçün 9000 manat vəsait tələb olunur.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi ziyana görə 5000 manat, mənəvi zərərə görə 3000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh 02 oktyabr 2021-ci il tarixdə “Mercedes Benz 0303” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Qazax yolunda “Kamaz 55111” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə nəticəsində ona ciddi xəsarət dəymişdir. Belə ki, sağ əyağı ambulator olaraq dizdən aşağı kəsilmiş, sol ayağı qırılmış və sınmışdır. Ona görədə xəstəxanada müalicə alır, həmçinin bir necə dəfə əməliyyat olması zəruridir. Müalicə və əməliyyat üçün kifayət qədər maddi imkanı yoxdur. Cavabdeh isə əvvəllər ona maddi köməklik göstəesədə, lakin hazırda ona heç bir maddi köməklik göstərmir. Cavabdehin hərəkətləri nəticəsində ona ümumilikdə 8000 manat maddi və mənəvi ziyan dəymişdir.

6. Ağdam Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 2(013)-1591/2024 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia qismən təmin edilərək, Cavabdeh maddi ziyana görə 5000 manat, mənəvi zərərə görə 1000 manat, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 80 manat – cəmi 6080 (altı min səksən) manat alınaraq İddiaçı verilməsi; İddiaçı Cavabdeh qarşı olan mənəvi zərərə görə iddiasının qalan 2000 (iki min) manat tələbinə dair hissəsi rədd edilməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1108.1 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 124, 216-220, 227, 233, 357 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, yol-nəqliyyat hadsəsi 02 oktyabr 2021-ci il tarixdə baş vermiş və həmin vaxtdan 3 il müddət keçmişdir. Birinci instansiya məhkəməsi sübut kimi ortoped həkim AslanMəmmədov tərəfindən verilmiş arayışı nəzərə alsada, lakin sonuncu nə ekspert, nədə mütəxəssisdir. Həmçinin əməliyyat üçün 9000 manat vəsait tələb olub-olmaması, maddi ziyan vurulub vurulmaması, həmin zərərin ödənilib-ödənilməsi, xəstləlik 02 oktyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin nəticəsində yaranıb-yaranması və ya iddiaçının özünün səhlənkarlığı səbəbindən olması araşdırılmamışdır. Halbu ki, İcbari Tibbi Sığorta üzrə Dövət Agentliyi sığorta paketində olan əməliyyata, müalicəyə və müayinələrə pulsuz xidmət təşkil etmişdir. Həmçinin Azərbaycan Respublikasının Xəstəxanalarında sığorta paketində mövcud olan, ancaq dövlət xəstəxanalarında mümkün olmayan xəstəliklərin müalicəsi İcbari Tibbi Sığorta üzrə Dövət Agentili tərəfindən özəl xəstəxanalarda sığorta xətti ilə pulsuz müalicə olunurlar. Eləcədə hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin tələb olunması əsassızıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, hadisədən sonra cavabdeh ona maddi köməklik etmişdir. Aldığı xəsarət nəticəsində sağ ayağı amputasiya olunmuşdur. Əvvəlki protezləşmə dövlət hesabına aparılmışdır. Müalicə düzgün aparılmadığından yenidən amputasiyaya olunmalıdır. Hazırda sağ diz oynağının total endoprotezləşdirilməsi zərurəti yaranmışdır və bunun üçün cavabdeh ona maddi köməklik göstərməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

25. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

26. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Cavabdeh 02 oktyabr 2021-ci il tarixdə saat 16:20 radələrində idarə etdiyi “Mercedes Benz 0303” markalı ** BT *** dövlət qeydiyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 116-cı km-də Qazax rayonu istiqamətində hərəkətdə olarkən, qarşıda eyni istiqamətdə hərəkətdə olan asfalt döşəyən texnika və Rüstəmov Ömər Dünyamin oğlunun idarə etdiyi “Kamaz 55111” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində digər şəxslərlə yanaşı İddiaçı da xəsarət almışdır. Aldığı xəsarət nəticəsində iddiaçının sağ ayağı disdən aşağı amputasiya olunmuşdur. Müalicənin düzgün aparılmamasını və bunun nəticəsi olaraq yenidən sağ diz oynağının total endoprotezləşdirilməsinə zərurət yarandığını, cavabdehin isə bu əməliyyata görə ona maddi köməklik göstərməməsini əsas gətirərək iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.

32. Kollegiya mənəvi zərərə görə iddia tələbinin qismən, yəni 1000 manat təmin olunması hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyi, «İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya»-nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olunması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətinin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və s. maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

34. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərəin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

35. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı mənəvi zərərə görə cavabdehdən 3000 manat tələb etsədə, birinci instansiya məhkəməsi iddianı həmin hissədə 1000 manat təmin etmiş və iddianın təmin olunmaması hissədə iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayəti cavabdeh tərəfindən verilmiş və həmin hissədə şikayət onunla əsaslandırılmışdır ki, “hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin tələb olunması əsassızıdır”. Kollegiya şikayətin bu dəlilini əsassiz sayır və gəldiyi nəticəni onunla əsaslandırır ki, şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və iztirab keçirməsini müəyyən zaman kəsiyi ilə əlaqələndirilməsi yolverilməzdir. Mülki Məcəllənin 384.0.1. maddəsində də şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddətinin tətbiqi özlüyündə istisana kimi göstərilmişdir.

36. Maddi zərərə görə, yəni “sağ diz oynağının total endoprotezləşdirilməsi” üçün cavabdehdən 5000 manat alınıb iddiaçıya verilməsi hissədə iddianın təmin olunması hissədə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

37. Belə ki, “Tibbi sğorta haqqında” Azərbaycan Respublikası Qanunda icbari tibbi sığortanın əsas prinsipləri öz əksini tapır. Qeyd olunan Qanun 15-1.1.1. maddəsində əhalinin tibbi xidmət almaq hüququna, habelə tibbi xidmətlərin, dərman və tibb vasitələrinin əlçatanlığına və tibbi xidmətlərin keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilməsi, 15-1.1.3. maddəsində sığorta hadisəsi baş verdikdə, sığortaolunana xidmətlər zərfi çərçivəsində icbari tibbi sığortanın maliyyə mənbələri hesabına tibbi xidmətlərin göstərilməsi, habelə onun dərman və tibb vasitələri ilə təmin edilməsi qeyd olunmuşdur.

38. Qanunun 15-2.1. maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

39. Qanunun 15-4.1. maddəsində icbari tibbi sığorta üzrə sığortaolunanların hüquqları göstərilmişdir. 15-4.1.2.maddəsində qeyd olunur ki, bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək, həmçinin bu Qanunun 15-3.4-cü və 15-23- 1.1-ci maddələri nəzərə alınmaqla, aptek təşkilatını seçmək və pozitiv siyahıya daxil olan dərman vasitələri ilə təmin olunmalarını tələb etmək.

40. Qanunun 15-5.2. maddəsinə görə, icbari tibbi sığorta üzrə sığortalıların vəzifələrindən biri sığorta haqlarını vaxtında və tam həcmdə ödəməkdir.

41. Tibb müəssisəsinin hüquqları Qanunun 15-7.1. maddəsində göstərilmişdir. Qanunun 15-7.1.2.maddəsində qeyd olunur ki, bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verdikdə, icbari tibbi sığortanın həyata keçirilməsində iştirak etmək; 15-7.1.3. maddəsində isə bu Qanunun 15-19-cu maddəsinə uyğun olaraq bağlanmış müqavilə əsasında göstərilmiş tibbi xidmətə görə sığorta ödənişini sığortaçıdan tələb etmək.

42. Tibb müəssisəsinin vəzifələri isə Qanunun 15-7.2.maddəsində öz əksini tapır. Həmin vəzifələrdən biri bu Qanunun və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərməkdən, eləcədə icbari tibbi sığorta çərçivəsində və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə təminat verməkdir.

43. “Tibbi sğorta haqqında” Azərbaycan Respublikası Qanun mənasına görə, icbari tibbi sğorta əhalinin sosial müdafiəsi forması olaraq, sğorta hadisəsi zamanı icbari tibbi sğortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sğorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqdisadi və təşkilati tədbirləri məcmusudur. İcbari tibbi sğorta sisteminin məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.

44. Ölkə üzrə icbari tibbi sığortanın mərhələli tətbiqinə 01 yanvar 2020-ci ildən başlanılsada, 01 aprel 2021-ci ildən isə icbari tibbi sğorta sistemi bütün ölkə ərazisini əhatə etmişdir.

45. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Apellyasiya icraatı zamanı “Ağdam rayon Mərkəzi Xəstəxənası” Publik Hüquqi Şəxsdən alınmış sorğuya cavabdan müəyyən olunmuşdur ki, İddiaçı “sağ diz oynağının total endoprotezləşdirilməsi” əməliyyatı icbari tibbi sığortanın xidməti zərflər paketində mövcuddur. Göründüyü kimi iddiaçı həmin əməliyyatı icbari tibbi sğorta qaydasında həyata keçirə bilərdi və bunun üçündə sonuncuya “Ağdam rayon Mərkəzi Xəstəxənası” Publik Hüquqi Şəxs tərəfindən 27 fevral 2024-cü il tarixdə Akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına tibbi göndəriş verilmişdir. Buna baxmayaraq İddiaçı yuxarıda qeyd olunan tibb müəssəsinə müraciət etməmişdir. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, qətnamə maddi ziyanın təmin edilməsi hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir.

47. Maddi ziyanın təmin edilməməsi hissədə bu qətnamədən İddiaçı kassasiya şikayəti verə bilər. Mənəvi ziyanın təmin edilməsi hissədə iddianın qiyməti 5000 manatdan az olduğu üçün bu qətnamədən Cavabdeh kassasiya şikayəti verə bilməz.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 385, 392-393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 2(013)-1591/2024 nömrəli qətnaməsi “Cavabdeh maddi ziyana görə 5000 manat alınaraq İddiaçı verilməsi” hissədə ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə “mənəvi zərərə görə Cavabdeh 1000 manat alınıb İddiaçı verilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Maddi ziyana təmin edilməməsi hissədə bu qətnamədən İddiaçı rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Cavabdeh bu qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar