Məhkəmə qərarları › İş №2(104)-2321/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2321/2023

11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2321/2023 11.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-680/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şahvəlilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 260 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Şahvəlilər kəndində yaşayır.

2. Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə RPŞnin X7 rayon TTYS-nin həkimi Bəylərov tərəfindən Bərdə rayon Şahvəllər kənd sakini X6 yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə məlumat verilmiş, həmin məlumat əsasında araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh, 15 avqust 2022-ci il tarixdə saat 15 radələrində atasına məxsus olan Mercedes Benz E240 markalı, 90-TD 261 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən yaşayış binasının arasından H.Əliyev prospekti ilə Sənayə küçəsinin kəsişməsində olan yol ayrıcına çıxaraq H.Əliyev prospekti ilə Ağdam rayonu istiqamətində hərəkətdə olan X3 idarə etdiyi "VAZ 21099" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə "VAZ 21099" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almış, "VAZ 21099" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X2 zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarət almışdır. Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, ancaq onun əməlində Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Bərdə RPŞ-nin DYPB-nə göndərilmişdir.

3. xx.xx.2022-ci il tarixli X4 görünür ki, İddiaçı mülkiyyətində olan “VAZ 21099” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər cəmi 2791 manat dəyərində qiymətləndirilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9\432 saylı xx.xx.2023-cü il tarixli Ekspert Rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-ci il buraxılışlı “VAZ 21099” markalı, **- ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2641.0 manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qəza nəticəsində avtomobilə dəymiş olan ziyanın dəyəri olan 2841 manat və dövlət rüsumu olaraq ödənilmiş 39 manat alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci ildə saat 14:30 radələrində etibarnamə ilə idarə etdiyi **-TD-*** dövlət qeydiyyat nişanlı Mersedes E240 markalı avtomobillə Ağdam rayon istiqamətində hərəkətdə olarkən üfiqi nişanlanma xəttinin tələbini pozaraq hərəkətdə olan onun idarə etdiyi "Vaz 21099" markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toquşmuşdur. Nəticədə avtomaşına maddi zərər dəymişdir. Cavabdehin törətdiyi yol qəzası nəticəsində onun avtomobilinə maddi ziyan dəymiş, 22 avqust 2022-ci il tarixdə avtomobilinə X8 Nasazlıq və Baxışının mütəxəssisləri tərəfindən texniki baxış keçirilmiş və bu bardǝ ilkin qiymətləndirmə akt tərtib edilmişdir. Avtomobilinə aşağıda göstərdiyi kimi ziyan dəymişdir: kapot qabaq 1x 240-240 manat, ekran dəst 1x 110=110 manat, bamper qabaq 1 x 60-60 manat, radiator barmaqliği 1 x 19- 38 manat, bokavina sol 1 x 250-250 manat, qanad sol qabaq 1 x 80=80 manat, radiator 1 x 90=90 manat, fara sol 1 x 50= 50 manat, dönmə işiği 1 x 10 = 10 manat, su çəni 1 x 8= 8 manat, akkumlyator 1 x 100= 100 manat, alin şüşəsi 1 x 60 =60 manat, yan güzgü 1 x 25 =25 manat, qoruyucu bloku 1 x 85= 85 manat, diks tǝkǝr sol qabaq 1 x 118 = 118 manat, tyaqa sol 1 x 12 = 12 manat, qol sol 1 x 25 = 25 manat, amortizator sol qabaq 1 x 55 = 55 manat, qranat sol dəst 1 x 130 =130 manat, sürətlər qutusunun qolu 1 x 25 = 25 manat, sürətlər qutusunun korpusu 1 x 120= 120 manat, şarnir sol 1 x 15=15 manat, yay sol qabaq 1 x 28 =28 manat, opara sol 1 x 25= 25 manat, şüşə silən qol 1 x 5 = 5 manat, siqnal 1 x 10 = 10 manat, sürətlər qutusunun yastığı 1 x 18 = 18 manat, mühərrik yastığı-1 x 25 =25 manat. Cəmi 1791 (min dörd yüz otuz bir) manat. Həmçinin avtomobilin işi üçün dəmirçiyə 500 (beş yüz ) manat, rənglənməsi 300 (üç yüz) manat, elektrik və çilingər işləri 200 (iki yüz) manat, cəmi 1000 manat dəyərində müəyyən edilmişdir. Qiymətləndirilmə üçün isə 50 manat ödəniş etmişdir. Avtomobilə qəza zamanı dəymiş ziyan cəmi 2841 (iki min səkkiz yüz qırx bir) manat dəyərində müəyyən edilmişdir. Dəymiş ziyanının ödənilməsini tələb etməyinə baxmayaraq cavabdeh ödəməkdən imtina edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-680/2023 nömrəli qətnaməsi (hakim Qamət Əbilov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh oğundan avtomobilə dəymiş ziyana görə 2641,00 manat, ilkin texniki baxış zamanı ödənilmiş 50 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, ekspertiz tədqiqatının dəyəri 50,00 manat Cavabdeh oğundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iş üzrə ödənilmiş 39,00 manat dövlət rüsumu Cavabdeh oğundan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 386.1, 1096.1, 1097.1 və 1108.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 106, 119.1, 216-220, 227, 233, 357 və 360cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(021)-680/2023 nömrəli qətnaməsinin dəyişdirilməsini və maddi ziyanın 600 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı avtomobilinə dəymiş ziyan qiymətləndirmə aktında şişirdilmiş şəkildə hesablanmışdır. Həmin avtomobilin qabaq sol kreli, kapotu, sol təkəri, ön şüşəsi və sol qranatı yararsız vəziyyətə düşmüşdür. Lakin, iddia ərizəsində həmin avtomobilin ehtiyyat hissələrinin yararsız vəziyyətə düşməsi həqiqəti əks etdirmir. Bunadan əlavə qeyd edir ki, İddiaçı məxsus 1996-cı il buraxılışlı “VAZ 21099” markalı, **- ZO-*** dövlət qeydiyyat nişanlı avtomoblin bazar qiyməti 1000-1200 manat civarında olduğu halda, həmin avtomobilə dəymiş ziyanın məbləği 2641 manat məbləğində müəyyən edilmişdir. Hadisədən sonra avtomobilin təmiri üçün İddiaçıla birlikdə avtomobil ustasına müraciət etmişlər, həmin vaxt usta tərəfindən onlara bildirilmişdir ki, avtomobilin təmir-bərpası üçün cəmi 500-600 manat məbləğində xərc tələb olunur. Lakin, İddiaçı həmin məbləğlə razılaşmamışdır. Ümumiyyətlə iş materiallarında həmin avtomobilin əzilməsini əks etdirən fotoşəkillər və ya hər hansı video çəkiliş mövcud olmamışdır. Lakin, buna baxmayaraq birinci instansiya məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək yanlış nəticəyə gəlməklə qətnamə qəbul etmişdir. Əlavə olaraq bildirir ki, məhkəmə iclasları onun iştirakı olmadan keçirilmişdir. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və maddi ziyanın 600 manat müəyyən edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

13. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 402.2 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

34. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin yalnız maddi ziyanın məbləği hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-680/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh, 15 avqust 2022-ci il tarixdə saat 15 radələrində atasına məxsus olan Mercedes Benz E240 markalı, 90-TD 261 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən yaşayış binasının arasından H.Əliyev prospekti ilə Sənayə küçəsinin kəsişməsində olan yol ayrıcına çıxaraq H.Əliyev prospekti ilə Ağdam rayonu istiqamətində hərəkətdə olan X3 idarə etdiyi “VAZ 21099” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə “VAZ 21099” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almış, “VAZ 21099” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X2 zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarət almışdır. Cavabdehin əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, ancaq onun əməlində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Bərdə RPŞ-nin DYPB-nə göndərilmişdir.

39. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

41. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

42. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

43. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.

44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur.

45. Kollegiya sadalanan hüquq normalarının tələblərini işin faktik halları baxımından qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi ziyanın 2.641 manat həddində müəyyən edilməsi əsaslı olmuşdur. Belə ki, iş materialları ilə Cavabdeh ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətməsi tam sübuta yetirilmişdir. Həmçinin, onun təqsirli hərəkəti ucbatından iddiaçıya məxsus avtomobilə dəymiş ziyan ekspert rəyi ilə təmir-bərpa xərci hadisə baş verən günə təxminən 2.641 manat müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən, həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

47. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

48. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Kollegiya ekspert rəyini sübut kimi qəbul edir və digər avtomobilə dəymiş ziyanla bağlı tərtib edilmiş aktlardan daha mötəbər və qanuni sayır. Çünki, malın (işin, xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdər. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir.

49. Göründüyü kimi, ekspert gəldiyi nəticəni kifayət qədər əsaslandırmış və rəyi müfəssəl tərtib etmişdir.

50. Apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı kollegiya qeyd edir ki, bu dəlillər əsasszdır. Belə ki, cavabdeh iddiaçının avtomobilinə dəymiş maddi zərərin cəmi 600 manat məbləğdə olmasıını qeyd etsə də, bununla bağlı hər-hansı mötəbər sübutunu kollegiyaya təqdim etməmişdir.

51. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

53. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

54. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

55. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

56. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

57. Apellyasiya şikayətində cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması dəlili ilə bağlı kollegiya qeyd edir ki, bu dəlil də əsassızdır.

58. Çünki, iş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana məhkəmə bildirişi göndərilmişdir. Həmçinin, cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası barədə məlumatı olmuş və bu barədə məhkəmə bildirişinin kötüyünü imza etməklə qəbul etmişdir.

59. Azərbaycan Respublikasının MPM-in 185-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

60. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

63. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

65. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-680/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar