Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2321/2024 04.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kreditin borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmə əmrnin çıxarılması barədə ərizəsinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1128/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2017-ci il tarixli № 29-MK/4648 saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 8 faizlə 6336 ABŞ dolları kredit verilmişdir.
2. xx.xx.2017-ci il tarixli 29-MK/4648 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 öhdəliklərini icra etməyəcəyi təqdirdə sonuncunun bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsini öz üzərinə götürmüşdür.
3. İddiaçı tərəfin Cavabdeh1 ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir.
4. İddiaçı ASC-nin təqdim etdiyi xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borcu 5640 ABŞ dolları, faiz borcu 1009 ABŞ dolları, cərimə borcu isə 20 ABŞ dolları təşkil edir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məkhəmə Ekspertiza Mərkəzinin 04 iyul 2024-cü il tarixli 3-16-16/2-4/915 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(013)-1128/2024 saylı mülki işin 6-cı vərəqində xx.xx.2017- ci il tarixli, 29- MK/4648 saylı Zaminllik müqaviləsində olan “6. Müqavilənin qüvvədə olduğu müddət” bölməsində Zamin qrafasındakı imza və həmin müqavilənin arxa tərəfində “7.Tərəflərin rekvizitləri və imzaları” bölməsində “Zamin” qrafasındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında 30 may 2017-ci il tarixli, №29-MK/4648 saylı kredit müqaviləsinə Cavabdeh2 arasında 30 may 2017-ci il tarixli № 29-MK/4648 saylı Zaminlik müqavilələrinə əsasən borclular Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 5640 (beş min altı yüz qırx) ABŞ dolları əsas borcu, 1009 (bir min doqquz) ABŞ dolları faiz borcu, 20 (iyirmi) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6669 (altı min altı yüz altmış doqquz) ABŞ dolları pul vəsaitinin və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Qara Qarayev” filialı ilə Cavabdeh1 arasında 30 may 2017-ci il tarixli № 29-MK/4648 saylı kredit müqaviləsi bağlanaraq borcalana 36 (otuz altı) ay müddətinə, illik 8 (səkkiz) faiz ödəmək şərti ilə, 6336 (altı min üç yüz otuz altı) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, borcluə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Hazırda borclunun banka 5640 (beş min altı yüz qırx) ABŞ dolları əsas borcu, 1009 (bir min doqquz) ABŞ dolları faiz borcu, 20 (iyirmi) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6669 (altı min altı yüz altmış doqquz) ABŞ dolları borcu vardır. Götürülmüş kredit üzrə "xxxx" ASC ilə Cavabdeh2 arasında 30 may 2017-ci il tarixli № 29-MK/4648 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zamin Kreditor qarşısında Borclunun arasında 30 may 2017-ci il tarixli № 29-MK/4648 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 5.1ci maddəsinə əsasən borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir.
8. Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(013)-1910/2018 nömrəli məhkəmə əmri ilə, xx.xx.1964-cü ildə Ağdam rayonunun Əlimərdanlı kəndində anadan olmuş, Ağdam şəhəri, Əlimərdanlı sahəsində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Yusifzadə küçəsi 39, mənzil 58-də yaşayan Cavabdeh1 və xx.xx.1989-cu ildə Ağdam şəhərində anadan olmuş, Ağdam şəhəri, R.Gözəlov küçəsi, ev 48-də qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Yusifzadə küçəsi 39, mənzil 58-də yaşayan Cavabdeh2 müştərək qaydada məhkəmə əmri icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 5640 ABŞ dolları əsas, 1009 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə - cəmi 6669 ABŞ dolları və ödənilmiş dövlət rüsumu əvəzində 20 manat tutularaq kreditor İddiaçı ASC-nin hesabına köçürülməsi əmr edilmişdir.
9. Bundan sonra borclu Cavabdeh2 məhkəmə əmrinə etiraz edərək, əmrin ləğv edilməsini və mülki işin iddia icraatın keçirilməsini xahiş etmişdir.
10. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1910/2018 nömrəli qərardadı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(013)- 1910/2018 nömrəli məhkəmə əmri ləğv edilmiş və materialları iddia icraatına keçirilməsi qərara alınmışdır.
11. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1128/2024 nömrəli qətnaməsi (hakim Mahir Niftəliyev) ilə, iddianın təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 5640 ABŞ dolları əsas, 1009 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə - cəmi 6669 (altı min altı yüz altmış doqquz) ABŞ dolları və ödənilmiş dövlət rüsumu əvəzində 20 manat İddiaçı ASC-nin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 462.1, 462.3, 439.1, 439.2, 470.1, 472.1, 472.2, 472.3, 739.1 və 739.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216- 220, 227, 233 və 357-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh2 apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1128/2024 nömrəli qətnaməsinin ona aid hissədə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli29-MK/4648 saylı kredit müqaviləsi üzrə o bank qarşısında zamin durmamış, eyni tarixli zaminlik müqaviləsini imzalamamışdır. Zaminlik müqaviləsində imza qrafasında olan imza onun tərəfindən icra edilməmişdir. Ümumiyyətlə həmin günü o bankda olmamış, müqavilədəki imza onun işdə olan digər Cavabdeh1 bank qarşısında olan başqa kredit müqaviləsinə zamin durduğu müqavilədəki imzasına oxşadaraq başqa şəxs tərəfindən icra edilərək saxtalaşdırılmışdır. Birinci instansiya Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyul 2024-cü il tarixli 3-16-16/2-4/915 nömrəli ekspert rəyi verilmişdir. Hesab edirik ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz, çünki ekspertiza tədqiqatı zamanı kredit müqaviləsinin əsli bankdan vəsatət verilib istənilməmişdir. Həmçinin xx.xx.2017-ci il tarixli, 29-MK/4648 saylı zaminlik müqaviləsində olan zamin qrafalarındakı imzaları o icra etməmiş, ümumiyyətlə o belə bir müqavilənin bağlanmasından məlumatsız olmuşdur. Hesab edir ki, iş üzrə həqiqəti müəyyən etmək üçün təkrar xətşanaslıq ekspertizası təyin edilməli, kredit müqaviləsinin əsli ekspertə təqdim edilməli və yenidən rəy alınmalıdır. Birinci instansiya məhkəməsində bununla bağlı verilmiş vəsatət məhkəmə tərəfindən ayrıca qərardadla təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsada bu hal ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.
22. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
27. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
30. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
31. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
32. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
33. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
34. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
35. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
41. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
47. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
50. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, Cavabdeh2 qətnamənin ləğvini xahiş etsə də, qətnamənin yalnız ona aid olan hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız Cavabdeh2 münasibətdə həmin hissə üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
52. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)- 1128/2024 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
54. Beləliklə, işin halları ondan ibarətdir ki, kreditor İddiaçı ASC ilə borcalan X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli № 29-MK/4648 saylı kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 18 ay müddətinə illik faiz dərəcəsi 8 % olmaqla, 6336 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini kimi kreditor ilə digər Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə üzrə zamin borcalan ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Lakin, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq öhdəliklərini icra etməmiş və nəticədə onun banka 5640 (beş min altı yüz qırx) ABŞ dolları əsas borcu, 1009 (bir min doqquz) ABŞ dolları faiz borcu, 20 (iyirmi) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6669 (altı min altı yüz altmış doqquz) ABŞ dolları məbləğində borcu yaranmışdır.
55. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.
56. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
57. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
58. Azərbaycan Respublikasının MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
59. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.
60. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
61. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
62. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir.
63. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Eyni zamanda, borcalanın öhdəliyinin təminatı olaraq digər borcalan ilə zaminlik müqaviləsi bağlanmışdır.
64. Zaminə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.
65. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Azərbaycan Respublikasının MM-in 470-477-ci maddələri ilə tənzimlənir. Azərbaycan Respublikasının MM-in 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
66. Azərbaycan Respublikasının MM-in 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyır.
67. Azərbaycan Respublikasının MM-in 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
68. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, borcun zamin olan Cavabdeh2 tutulması da əsaslıdır.
69. Cərimə məbləğinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikasının MM-in 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
70. Azərbaycan Respublikasının MM-in 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
71. Azərbaycan Respublikasının MM-in 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
72. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı işıqlandırmaq üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Müqavilə üzrə borcalanın əsas vəzifəsi ödənişləri vaxtında etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə, borclu tərəfindən öhdəliyin pozulması zamanı qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu cür tənbeh tətbiq etmənin məqsədi, maddi sanksiyanı tətbiq etməklə tərəfi öhdəliyini icra etməyə məcbur etməkdir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
73. Bu baxımdan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmişdir.
74. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.
75. Apellyatorun mülki iş üzrə yenidən məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı kollegiya qeyd edir ki, göstərilən dəlill əsassızdır. Çünki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş, apellyatorun imza və sərbəst xətt nümunələri götürülmüşdür.
76. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məkhəmə Ekspertiza Mərkəzinin 04 iyul 2024-cü il tarixli 3-16-16/2-4/915 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(013)-1128/2024 saylı mülki işin 6-cı vərəqində xx.xx.2017ci il tarixli, 29-MK/4648 saylı Zaminllik müqaviləsində olan “6. Müqavilənin qüvvədə olduğu müddət” bölməsində Zamin qrafasındakı imza və həmin müqavilənin arxa tərəfində “7.Tərəflərin rekvizitləri və imzaları” bölməsində “Zamin” qrafasındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur.
77. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert tədqiqat apararkən təqdim olunmuş apellyatorun imza və sərbəst xətt nümunələrini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.
78. Apellyator apellyasiya şikayətində iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə razı olmadığını bildirmiş və təkrar ekspertiza keçirilməsini xahiş etmişdir.
79. Belə ki, Azərbaycan Respublikasının MPM-in 102-ci maddəsində əlavə və ya təkrar ekspertiza keçirilməsinin əsasları müəyyən olunmuşdur. Orada deyilir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər (MPM-nin 102.1-ci maddəsi). Məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi).
80. Baxılan işdə ekspertin rəyi kifayət qədər aydın və tamdır. Rəyin əsassız olması barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Cavabdeh tərəf rəyin başqa əsaslarla düzgün olmaması nəticəsinə gəlməyə əsas verən heç bir sübut təqdim etməmişdir. Təkrar ekspertiza keçirilməsi barədə tələbi formal və əsassızdır.
81. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
84. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
85. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
86. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1128/2024 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.