Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2325/2023 28.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-yə qarşı mülki iş üzrə Açar sözlər: vurulmuş maddi ziyanın ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-yə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-568/2023 saylı mülki iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Tərtər RQİİnin Bərdə rayonu üzrə QDX-nın mühəndisi Rafil Cəbrayılov, QDX-nın ustası Hacı Əlizadə, TQ və SX-nın nəzarətçi çilingəri Bəxtiyar Hünbətzadə aktı tərtib etmişlər ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə Bərdə rayonu, Lənbəran kəndi ərazisində PE-160 mm-lik qaz xətti Cavabdeh məxsus **-BA-*** dövlət nömrə nişanlı, traktor markalı yerqazan nəqliyyat vasitəsilə zədələyərək qırmışdır, nəticədə təbbi qaz xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix saat 10: 00 dək 48 saat havaya axmışdır.
2. Mülki işə əlаvə edilmiş Tərtər RQİİ-nin X4 rayon Polis şöbəsinin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi yerqazan traktorla Bərdə rayonu, Lənbəran kəndi ərazisində PE-160 mm-lik qaz xəttini qırmışdır. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsi, toplanmış materialların təqdim olunması və dəymiş ziyanın ödənilməsi istiqamətində köməklik göstərilməsi xahiş olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiаçı İddiaçı İB məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh maddi ziyana görə 1618,79 manat və 36,40 manat dövlət rüsumunun alınıb İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə Bərdə rayonu, Lənbəran kəndi ərazisində idarə etdiyi **-BA-*** dövlət nömrə nişanlı, traktor markalı yerqazan nəqliyyat vasitəsilə qazıntı işləri aparan zaman idarənin balansında olan PE-160 mm-lik qaz kəmərini zədələyərək yararsız hala salmışdır. Qeyd olunan faktla bağlı idarə tərəfindən Bərdə rayon Polis şöbəsinə müraciət olunmuş, şəxs barəsində polis şöbəsində məlumat idarəyə daxil olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Məhkəmə iclasında iştirak edən iddiаçı İddiaçı İB-nin nümayəndəsi X2 iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbinə eiraz edərək bildirmişdir ki, 2022-ci ilin avqust ayının əvvəlində işıq idarəsinin əməkdaşı onu çağırıb Lənbəran kəndində işıq dirəyi üçün yer qazmağını bildirmiş, onların tapşırığına əsasən həmin yerdə qazıntı işlərini aparmışdır. Həmin gündən bir gün sonra İddiaçıın əməkdaşı onu çağırıb qazıntı işi aparan zaman qaz borusunu zədələdiyini bildirmişdirlər. Həmin vaxt onlara işıq dirəyi üçün qazıntı apardığını, sözügedən qaz borusunu zədələməyinin mümkün olmadığını bildirdirmişdir. Təxminən işıq dirəyi üçün qazdığı əraziylə qaz borusunun məsafəsi 3-4 metr olardı. Ona görə də, onun qaz borsunu zədələməyi mümkün deyil. Əgər Azərişığın əməkdaşları gəlib desələr ki, o qaz borusunu zədələmişdir onda məsuliyyəti üzərimə götürər. İddia tələbinin rədd olunmasını xahiş etmişdir.
7. Üçüncü şəxs "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat veriləsə də nümayəndəsi məhkəmə iclas zalına gəlməmiş, məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
8. Bərdə Rayon Məhkəməsinin 2(021)-568/2023 saylı mülki iş üzrə 27 aprel 2023cü il tarixli qətnaməsi ilə (hakim: Q.Əbilov) iddiаçı İddiaçı İB-nin Cavabdeh və üçüncü şəxs "xxxx" ASC-yə qаrşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dаir iddiası təmin olunmamış, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı nümayəndəsi apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-568/2023 saylı mülki iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, İddiaçı xeyrinə borcun və dövlət rüsumun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş materiallardan göründüyü kimi cavabdehlər gördükləri iş nəticəsində iddiaçıya zərər vurmuşlar. Bərdə rayonu, Lənbəran kəndində xx.xx.2022-ci il tarixdə Cavabdeh "xxxx" ASC-nin nümayəndələrinin göstərişi ilə hansısa səbəbdən qırılmış işıq dirəyinin yerinin qazılması üçün qazıntı işləri aparmış və qazıntı zamanı həmin yerdən keçən PE-160 mm-lik yeraltı qaz kəmərini zədələmişdir. Qaz İdarəsinə heç bir məlumat vermədən qaz kəmərinin üzərini torpaqlayaraq qaz kəmərini basdırmışlar. Bərdə xidmət sahəsinin işçiləri bir neçə gündən sonra həmin yerdə qaz iyinin olması barədə məlumat almışlar, qəza xidmətinin işçiləri əraziyə baxış keçirib qəzanı aradan qaldırmışlar. Hadisə nəticəsində İddiaçı İB-nə 1618.79 manat məbləğində ziyan dəymişdir. Dəymiş zərərin hansı cavabdehin tərəfindən ödənilməsi müəyyən olunmadan iddianın təmin olunmaması barədə qətnamə çıxarmışdır. Məhkəmə Kollegiyasının diqqətinə İddiaçı İB tərəfindən təqdim edilmiş subutlara əsaslanmadan Cavabdeh mülahizələrinə söykənərək qaz kəməri qazıntı işlərinin aparıldığı yerdən 4 metr kənarda olduğu qeyd etmişdir, halbuki qaz kəməri qazıntı aparılan yerdə olmuşdur, bununla bağlı həmin yerdə video çəklişləri aparılmışdır. Üçüncü şəxs kimi "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsinə dair qərardad çıxarılmışdır. Lakin "xxxx" ASC tərəfindən təmin olunmamışdır, məhkəmə tərəfindən bununla bağlı heç bir prosessual hərəkətlər həyata keçirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləvğ edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, işıq idarəsinin əməkdaşı onu çağırıb Lənbəran kəndində işıq dirəyi üçün yer qazmağını bildirmiş, onların tapşırığına əsasən həmin yerdə qazıntı işlərini aparmışdır. Daha sonra İddiaçıın əməkdaşı onu çağırıb qaz borusunun zədələdiyini, onu təmir etmək üçün həmin yeri qazmağını tapşırmışlar. Həmin vaxt onun traktorunun şəklini çəkmişlər, onlardan səbəbini soruşduqda isə şəkillərin idarəyə göndəriləcəyini bildirmişdirlər. Həmçinin qeyd etmişdir ki, işıq dirəyi üçün qazdığı əraziylə qaz borusunun məsafəsi 3-4 metr olardı. Ona görə də, onun qaz borsunu zədələməyi mümkün deyil. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə üçüncü şəxs "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 21.1 - zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2 - Zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 1096.1 - mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Maddə 1096.2 - delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Maddə 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.
Tətbiq edilməli olan prosessual hüquq normaları
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;
20. Maddə 77.1 – hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 78.1 - sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
22. Maddə 88 - məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarina müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.2 - qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Apellyasiya baxışının hədləri
24. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. Maddə 372.2 - yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
26. Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Maddə 402.1 - mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmədə iştirak edən iddiaçını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, iddiaçının iddia tələbinin mahiyyəti ibarətdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə işıq idarəsinin əməkdaşlarının tapşırığı əsasında idarə etdiyi **-BA-*** dövlət nömrə nişanlı, traktor markalı yerqazan nəqliyyat vasitəsilə Bərdə rayonu, Lənbəran kəndi ərazisində işıq dirəyinin basdırılması üçün qazıntı işləri aparmışdır. İddiaçı İB-nin X3 İdarəsinin balansında olan PE-160 mm-lik qaz kəmərini zədələnəyək yararsız hala salmışdır. İddiаçı hazırda “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul etmişdir.
32. Kollegiya hesab edir ki, məhkəmə irəli sürülən iddianı təmin etməməklə, iş üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla, əsaslandırılmamışdır.
33. Belə ki, cavabdeh izahatında özünə məxsus yerqazan nəqliyyat vasitəsilə işıq dirəyinin basdırılması üçün işıq idarəsinin əməkdaşlarının tapşırığı əsasında qazıntı işləri apardığını bildirir, lakin o, dirək yerini qazdığını, hər hansı bir sızmanın olmadığını, əgər olsaydı ondan başqa orada "xxxx" ASC-nin əməkdaşlarının da olduğunu, onların həmin hadisəyə reaksiya verə biləcəklərini qeyd etmişdir. 34.Apellyatorun əsas dəlili qaz xəttinə cavabdeh tərəfindən zərər yetirildiyindən ibarətdir.
35. Məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 36.Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 37.Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin (nümayəndənin) izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
38. Kollegiya qeyd edir ki, əvvəla cavabdehin özünə məxsus yerqazan nəqliyyat vasitəsilə işıq dirəyinin basdırılması üçün qazıntı işləri apararkən qaz xəttini zədələməsi barədə iş materiallarında mötəbər sübutlar (məsələn, qazıntı işlərinin aparıldığı ərazinin və məhz həmin ərazidə olan, zədələnmiş qaz xəttinin videogörüntüləri və.s) yoxdur. Bundan başqa, əgər qaz xətti zədələnmişdirsə də, bunun cavabdehin təqsiri nəticəsində baş verməsi barədə iş materiallarında mötəbər sübutlar yoxdur.
39. İddiaçı İB-nin məhkəməyə təqdim etdiyi sübutlar arasında da ziddiyyət vardır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Tərtər RQİİnin Bərdə rayonu üzrə QDX-nın mühəndisi Rafil Cəbrayılov, QDX-nın ustası Hacı Əlizadə, TQ və SX-nın nəzarətçi çilingəri Bəxtiyar Hünbətzadə aktı tərtib etmişlər ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə Bərdə rayonu, Lənbəran kəndi ərazisində PE-160 mm-lik qaz xətti Cavabdeh məxsus **-BA-*** dövlət nömrə nişanlı, traktor markalı yerqazan nəqliyyat vasitəsilə zədələyərək qırmışdır. İ iş materiallarında olan Tərtər RQİİ-nin X4 rayon Polis şöbəsinin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda isə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi yerqazan traktorla Bərdə rayonu, Lənbəran kəndi ərazisində PE-160 mm-lik qaz xəttini qırmışdır. Yəni, bir sənəddə hadisənin xx.xx.2022-ci il tarixdə baş verdiyi göstərilsə də, digər sənəddə hadisənin xx.xx.2022-ci il tarixdə baş verdiyi göstərilir. 40.Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanmaqla hesab edir ki, iddiaçının iddia tələbi sübuta yetirilməyən tələbdir. 41.Azərbaycan Respublikasının MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Ona görə də məhkəmə kollegiyası belə qənətə gəlir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. Məhkəmə işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-568/2023 saylı mülki iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 43.Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 384.0.1 və 402-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-568/2023 saylı mülki iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.