Məhkəmə qərarları › İş №2(104)-2325/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2325/2024

20.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2325/2024 20.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(061)-1334/2024 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olaraq idarə etdiyi ** HR *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı minik avtomobilinə dəymiş zərərin əvəzi olaraq 2493 (iki min dörd yüz doxsan üç) manat və dövlət rüsumu olaraq ödədiyi 45 (qırx beş) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(061)-1334/2024 nömrəli qərardadı (hakim Kamil Rzayev) ilə, 2(061)-1334/2024 saylı mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməsi və ekspert rəyi verilərkən aşağıdakı məsələlərə aydınlıq gətirilməsi: 1. “Mitsubishi Pajero” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan hansı məbləğ təşkil edir? Ekspertiza zamanı meydana çıxa biləcək və həll edilməsi zəruri olan, lakin baxılan işlə birbaşa əlaqəsi olmayan əlavə suallara öz təşəbbüsü ilə cavab vermək səlahiyyəti ekspertin sərəncamına buraxılması, ekspertizanın aparılması və iş daxil olduğu vaxtdan bir ay müddətində müvafiq rəy verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Cavabdeh2 şikayət verərək, qərardadın ləğv olunması və işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, həqiqətən 18 iyul 2024-cü il tarixdə səhər saatlarında etibarnamə ilə idarə etdiyi ** BR *** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı minik avtomobili ilə hərəkətdə olarkən İddiaçı idarə etdiyi ** HR *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı minik avtomobili vurmuşdur. Nəticədə hər iki avtomobilə ziyan dəymişdir. O, ** HR *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı minik avtomobilin təmirinə 2050 manat xərc çəkmiş, avtomobil normal hala gətirilmişdir. Özünün idarə etdiyi avtomobili isə təmir etdirə bilməmişdir. Həmin avtomobili xərc çəkib əvvəlki hala salmasına baxmayaraq, bu hal araşdırılmamış, məhkəmə qərarı ilə ekspertiza təyin edilmişdir. Məhkəmənin xx.xx.2024cü il tarixli 2(061)-1334/2024 saylı qərardadının əsassız olduğunu və ləğv edilməli olduğunu bildirmişdir. Göstərdiklərinə əsasən Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-1334/2024 saylı qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini, əks təqdirdə işi baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(061)-1334/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli və Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(061)-1334/2024 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, e-2(061)-1334/2024 nömrəli qərardadı isə qismən ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Mülki mühakimə icraatında iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər. (Azərbaycan Respublikasının MPM-in 263.1-263.4-cü maddələri). Azərbaycan Respublikasının MPM-in 267.1-ci maddəsində deyilir ki, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Belə ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraatın dayandırılmasına əsas məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi olmuşdur. Eskpertizanın təyin edilməsində başlıca məqsəd isə işin obyektiv həllinə və həqiqətin aşkar edilməsinə nail olmaqdır. Məhkəmənin bu prosessual aktının hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının MPM-in 170.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia tələbində mübahisələndirilən məsələlər avtomobilə dəymiş ziyan ilə bağlı olduğundan müvafiq ekspert rəyi alınması zərurəti yaranmış, qərardadın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinə həvalə edilmiş, rəy alınanadək isə iş üzrə icraat dayandırılmışdır. Məhkəmə hesab edir ki, şikayət ərizəsində göstərilən hallar əsassız olmaqla, şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən həmin əsassız mülahizələrə görə qanunun tələblərinə uyğun qəbul edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-1334/2024 saylı qərardadının ləğv edilməsinə lüzum qalmır. Lakin, göstərilənləri nəzərə alan kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmir. İşin faktiki hallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad üzrə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilmiş və ekspertin qarşısında “ “Mitsubishi Pajero” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan hansı məbləğ təşkil edir?” sualı qoyulmuşdur. Həmin zaman iş üzrə tərəflər məhkəmə iclasında iştirak etmişlər. Qeyd olunan qərardaddan isə müəyyən olunur ki, yalnız qərardadın “dayandırmaya aid hissəsindən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər” qeyd edilmişdir. Lakin, Cavabdeh2 tərəfindən verilmiş şikayətin dəliləri ilə müəyyən olunur ki, qərardadın dayandırılması hissəsindən deyil, mübahisə predmeti olan “**-HR-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı minik avtomobilin təmirinə 2050 manat xərcin çəkilməsi və avtomobili normal hala gətirilməsi” hissəsində mübahisələndirmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 254-cü maddəsində məhkəmə icraatının məcburi dayandırılmalı olduğu əsaslar, MPM-nin 255-ci maddəsində isə icraatın dayandırılması mümkün olan hallar müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 255.0.5-ci maddəsinə görə, iş üzrə ekspertiza təyin olunduqda məhkəmə iş üzrə icraatı dayandıra bilər. Nəzərə alınmalıdır ki, tələbin düzgün həlli, işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə işin prosessual tənzimlənməsində məhkəmənin səlahiyyətləri məhdudlaşdırılmamalıdır. Hazırki işdə də ekspertiza təyin olunduğuna və ekspert rəyinin alınması üçün işə baxılması üçün müəyyən olunan prosessual müddətlərdən kənara çıxan vaxt lazım olduğuna görə məhkəmə icraatın dayandırılmasını zəruri saymışdır. Məhkəmə, icraatı dayandırmaqla MPM-nin 255-ci maddəsi ilə müəyyən olunmuş prosessual səlahiyyətdən düzgün istifadə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Cavabdeh2 tərəfindən prosessual qanunvericiliyin tələbləri əsasında qərardadın şikayət verilməsi nəzərdə tutulmayan hissəsindən şikayəti verməsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, həmin hissə üzrə isə işin halları tam araşdırmayaraq qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Eyni zamanda, kollegiya bildirir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli və Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(061)-1334/2024 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, e-2(061)- 1334/2024 nömrəli qərardadı isə qismən ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Çünki, Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 364, 372, 397, 398.0.2, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(061)-1334/2024 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, e-2(061)-1334/2024 nömrəli qərardadı qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar