Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2326/2025 21.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı xxxx KB ASC-nin cavabdeh Cavabdeh İmran qızına qarşı kredit borcunun tutulmas tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İmran qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2021-ci il tarixli, ARGİD1637769296 saylı kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə 35 ay müddətinə, illik 27.60% ödəmək şərtilə, 3059.63 manat məbləğində kredit verilmişdir.
2. xxxx KB ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh İmran qızınun ##.##.2025-ci il tarixinə, ARGİD1637769296 saylı kredit müqaviləsi üzrə xxxx KB ASC-yə 3059.63 manat əsas, 430.52 manat faiz, 20 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 3510.15 manat borcu yaranmışdır.
3. ##.##.2022-ci il tarixli kredit xəttinin bağlı olması barədə arayışdan görünür ki, ARGİD1637769296 nömrəli kredit müqaviləsinin statusu “bağlı statusu” qeyd edilmişdir.
4. “xxxx” KB ASC-nin ## ##### 2025-ci il tarixli KB-**/*-***/**** saylı məktubundan görünür ki, Cavabdeh İmran qızı “xxxx” KB ASC-də ##.##.2021-ci ildə ARGİD1637769296 saylı müqavilə üzrə 35 ay müddətinə, ilkin olaraq 600 manat məbləğində kredit rəsmiləşdirilmişdir. ##.##.2022-ci il tarixdə isə kredit xətti 600 AZN-dən 3200 AZN-ə qədər artırılmışdır. Müştəri ##.##.2022-ci il tarixdə kredit xəttinin ləğv olunması və istifadə etdiyi 3200 AZN məbləğin tam şəkildə ödənilməsi bağlı müraciət etmiş və bu əsasda xitam arayışı tərtib edilərək təqdim olunmuşdur. Lakin, texniki səbəblərdən arayış, müqaviləyə xitam verilmədən formalaşmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xxxx KB ASC cavabdeh Cavabdeh İmran qızına qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı xxxx KB ASC-nin xeyrinə 3059.63 manat əsas, 430.52 manat faiz, 20 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 3510.15 manat borcun və 55.11 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırmışdır ki, iddiaçı xxxx KB ASC ilə cavabdeh Cavabdeh İmran qızı arasında bağlanmış ##.##.2021-ci il tarixli ərizə-anketi imzalamaqla, Ümumi Oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlamış hesab edilmişdir. Ümumi Oferta müqavilənin 5.1-ci bəndinə uyğun olaraq cavabdehə 35 ay müddətinə, illik 27.60% ödəmək şərtilə, 3059.63 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Oferta müqaviləsinin 5.3-cü maddəsinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin xxxx KB ASC-yə 3059.63 manat əsas, 430.52 manat faiz, 20 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 3510.15 manat manat borcu yaranmışdır.
7. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh İmran qızından 3059.63 manat əsas, 430.52 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 3510.15 (üç min beş yüz on manat on beş qəpik) manat borc və 55.11 (əlli beş manat on bir qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı xxxx KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Cavabdeh İmran qızından ərizə daxil olmuşdur və cavabdeh həmin ərizədə iddia tələbinə etiraz etdiyi göstərir və işə iddia icraatı qaydasında baxılmasını xahiş edir. Məhkəmə cavabdehin ərizəsində göstərilənləri əsasız hesab edir və qeyd olunan iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 3059.63 manat əsas, 430.52 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 3510.15 manat borc və 55.11 manat dövlət rüsumu tutularaq iddiaçı xxxx KB ASC-nin xeyrinə ödənilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 442, 462.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Ağdam Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh İmran qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilən borcun və faizlərin hesablanmasının qanunsuz olduğunu nəzərə alaraq qətnamənin ləğv edilməsini, işin iddia icraatına keçirilməsini və bütün təqdim etdiyi sübutların (hesab çıxarışları, xitam sənədi, maliyyə arayışları, məcburi köçkünlük vəsiqəsi, kredit dövriyyəsi ekran şəkilləri, yazışmalar və telefon danışıqları) nəzərə alınmasını, kreditin bağlanmasından sonra limiti sıfırlamayan və kredit vəsaitini geri çəkməyən bank əməkdaşına qarşı tədbir görülməsini və onun öhdəliyini düzgün yerinə yetirmədiyi üçün məsuliyyət daşımasını, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini, dövlət rüsumu ilə bağlı onun hüquqlarının pozulmasını nəzərə alaraq, qətnamənin bu hissəsinin də aradan qaldırılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən təqdim edilmiş etiraz və sübutlar (hesab çıxarışları, xitam sənədi, maliyyə arayışı, məcburi köçkünlük vəsiqəsi, kredit dövriyyəsi ekran şəkilləri) araşdırılmamışdır. Dövlət rüsumu ödənilməsi məsələsi düzgün qiymətləndirilməmiş, onun hüquqları pozulmuşdur. Bankın öhdəliyi düzgün yerinə yetirilməmiş, kredit limiti bağlandıqdan sonra silinməmişdir və vəsaitin təkrar xərclənməsinə şərait yaradılmışdır. Bank əməkdaşının öhdəliyi düzgün icra etməməsi nəticəsində ona faiz və cərimə yalan hesablanmışdır. Məhkəməyə müraciətdən əvvəl qanunvericiliyə uyğun mediasiya proseduru təşkil edilməmişdir, bu isə prosesual hüquqlarının pozulmasıdır. İddia ərizəsində və qətnamədə göstərilən kredit məbləği və müqavilə şərtləri faktiki vəziyyətə uyğun deyildir. Ona rəsmi müqavilə təqdim edilməyib, buna baxmayaraq məhkəmə borcun tam ödənilməsini təmin etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. BOA AGENCY” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verərək, cavabdeh Cavabdeh İmran qızının Ağdam rayon məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, həmin qətnamənin dəyişdirilmədən saxlanması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh İmran qızının Ağdam rayon məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassızdır. Qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi məsələlərlə bağlı Mərkəzi Banka da müraciət etmişdir və “xxxx” KB ASC tərəfindən cavab məktubunda bütün məsələlərə aydınlıq gətirilmişdir. Həmin məktublar qoşmada təqdim olunmuşdur. Cavabdeh şikayətində kredit limitinin ona məlumat verilmədən artırıldığını bildirmişdir. Bununla bağlı qeyd etmişdir ki, qoşmada təqdim etdikləri Bank tərəfindən borcluya göndərilmiş SMS bidlirişlərdən olan çıxarışdan görünür ki, borcluya kredit limitinin həm artırılması, həm də azladılması halında məlumat verilmişdir. Bununla yanaşı, kredit müqaviləsi Leobank rəsmi saytında yerləşdirilmiş ##.##.2021-ci il tarixli Ümumi Ofertanı imzalamaqla bağlanmışdır. X3 vəzifələri adlı bölməsinin 3.2.4.8-ci bəndində aşağıdakı kimi qeyd olunmuşdur: “Bank tərəfindən istənilən zaman «Müştəri»nin kartını bloklaşdırmaq və ya karta xidmət göstərilməsini dayandırmaq, birdəfəlik, gündəlik, həftəlik və aylıq əməliyyat limitlərini dəyişmək, kartın risk qrupunu dəyişmək və kartın üzərində digər sərəncam vermək, kredit limitində dəyişiklik etmək səlahiyyətlərinə razılığını bildirir.” Ofertanın 5.9.1.8-ci bəndinə əsasən, bəndinə əsasən, bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Bank kredit limitinin artırılması barədə məlumatı Borcalanın mobil əlavəsinə məlumat göndərməklə bildirir və müştəri bunu qəbul etmiş sayılır. Həmçinin ARGID********** nömrəli kredit müqaviləsinin 3-cü bəndində aşağıdakı kimi qeyd olunmuşdur: “Tərəfimdən kredit limitinin artırılması və azaldılması ilə bağlı Banka müraciət edəcəyim halda bu barədə Bankın qəbul edəcəyi müvafiq qərarla razıyam. Bankın mülahizəsinə görə mənə ayrılmış kredit xətti limitinin artırılmasına və azaldılmasına razılıq verirəm.” Ümumi Ofertanın 5.1-ci bəndinə əsasən, Tərəflər bu müddət ərzində bu ofertadan (bundan sonra - Müqavilə) imtina edərlərsə və ya xitam vermək niyyətində olsalar xitam şərtləri də mobil əlavə vasitəsilə analoq imza ilə razılaşdırılmış qaydada tətbiq olunur və müqaviləyə xitam verilmiş hesab edilir. Qeyd olunduğu kimi kredit müqaviləsinə xitam verilməsi üçün ya müqavilənin müddət bitməlidir, ya da tərəflərdən hər hansı biri xitam verilmə ilə bağlı təşəbbüs göstərməlidir. Göründüyü kimi, hər iki hal mövcud olamdığından kredit müqaviləsinə xitam verilməmişdir. Mülki Məcəllənin 422 və 442-ci maddələri hüquqi münasibətlərin ümumi prinsiplərini müəyyən etsə də, təqdim edilmiş arayışdan sonrakı dövrdə yaranmış borc öhdəliyinə birbaşa tətbiq edilə bilməz. Qanunvericiliyə əsasən, “borcun ödənilməsi” yalnız istifadə olunmuş vəsaitə münasibətdə tətbiq oluna bilər. Arayışda qeyd olunanlar isə borcun həminki vaxta olan statusunu əks etdirir. Lakin kredit müqaviləsini statusunu əks etdirən məlumatlar həqiqəti əks etdirmir. Arayışdan sonra istifadə olunan vəsait isə yeni hüquqi öhdəlik kimi qiymətləndirilməlidir. Borclu tərəfindən bildirdiyi xitam arayışından sonrakı ödənişlərini qoşmada təqdim etdikləri hesabdan çıxarışda da görmək mümkündür. Ofertanın 5.1-ci maddəsinə əsasən, kredit limiti üzrə aparılan təhlillər nəticəsində limitin yenidən müəyyənləşdirilməsi və istifadəyə verilməsi mümkündür. Müştəri bu şərtlərlə razılaşaraq, təqdim olunan limiti istifadə etməklə yeni borc öhdəliklərini qəbul etmiş sayılır. Beləliklə, formalaşmış borcun hüquqi əsası tam təmin olunur. Nəticə olaraq bildirmişdir ki, borcun yaranması həm hüquqi, həm də texniki baxımdan əsaslı olmuş və onun ləğvi üçün hüquqi zəmin mövcud deyildir. Bununla yanaşı, “xxxx KB” ASC tərəfindən Mərkəzi Banka yazılmış ##.##.2025-ci il tarixli, İMŞİEŞ/ 07258- **** nömrəli cavab məktubunda qeyd olunanlara əsasən, müştəriyə güzəşt olaraq ARGID********** saylı kredit xətti üzrə ana borcu 3 (üç) ay müddətində tam şəkildə bağladığı halda, Bank tərəfindən hesablanmış ARGID********** saylı kredit xətti üzrə ana borcu 3 (üç) ay müddətində tam şəkildə bağladığı halda, Bank tərəfindən hesablanmış cərimələr, cərimə faizləri və faizlərin silinməsi təklif olunmuşdur. Lakin müştəri ilə əlaqə saxlanıldıqda, təklifi qəbul etmədiyini bildirmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İş üzrə cavabdeh tərəfə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Lakin, “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Həmçinin məhkəmə kollegiyasının ## #### 2026-cı tarixli məhkəmə iclasında cavabdeh Cavabdeh ilə telefon əlaqəsi saxlanılmış və Cavabdeh kartın onun istifadəsində olmadığını, kredit kartını iş yoldaşına verməsini və iş yolaşı tərəfindən istifadə edilməsini bildirmişdir.
15. İş üzrə iddiaçı tərəfə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi(## ###### 2023-cü il tarixədək olan redaksiyada):
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
21. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.”
22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qismən “cavabdeh Cavabdeh İmran qızından 430.52 manat faiz, 20 manat cərimə tutularaq iddiaçı xxxx KB ASCnin xeyrinə ödənilməsi” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
36. İşin hallarından görünür ki, iddiaçı xxxx KB ASC ilə cavabdeh Cavabdeh İmran qızı arasında bağlanmış ##.##.2021-ci il tarixli, AGİD1637769296 saylı kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə 35 ay müddətinə, illik 27.60% ödəmək şərtilə, ilkin olaraq 600 manat məbləğində, ##.##.2022-ci il tarixdə isə limit artırılaraq kredit xətti 600 AZN-dən 3200 AZN-ə qədər kredit xətti açılmışdır. Cavabdeh ##.##.2022-ci il tarixdə kredit xəttinin ləğv olunması və istifadə etdiyi 3200 AZN məbləğin tam şəkildə ödənilməsi bağlı müraciət etmiş və bu əsasda xitam arayışı tərtib edilərək təqdim olunmuşdur. Lakin, texniki səbəblərdən arayış, müqaviləyə xitam verilmədən formalaşmışdır. Hazırda isə iddiaçı kredit təşkilatı cavabdeh Cavabdeh İmran qızına qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı xxxx KB ASC-nin xeyrinə 3059.63 manat əsas, 430.52 manat faiz, 20 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 3510.15 manat borcun və 55.11 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. arayışı tərtib edilərək təqdim olunmuşdur. Lakin, texniki səbəblərdən arayış, müqaviləyə xitam verilmədən verilmişdir.
37. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385, 442, 462.1-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 3059.63 manat əsas, 430.52 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 3510.15 manat borc və 55.11 manat dövlət rüsumu tutularaq iddiaçı xxxx KB ASC-nin xeyrinə ödənilməlidir.
38. Birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
39. Həmin Məcəllənin 428.1-ci maddəsinə əsasən əgər kreditor icranı almaqdan üzrlü səbəbə görə imtina etməzsə, borclu öhdəliyi vaxtından əvvəl icra edə bilər.
40. Həmin Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
41. Həmin Məcəllənin 529.6-ci maddəsinə görə əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər.
42. Hazırki işin hallarından isə görünür ki, cavabdeh ##.##.2022-ci il tarixdə kredit xəttinin ləğv olunması və istifadə etdiyi 3200 AZN məbləğin tam şəkildə ödənilməsi bağlı müraciət etmiş və bu əsasda xitam arayışı tərtib edilərək təqdim olunmuşdur. Lakin, kredit təşkilatında yaranmış texniki səbəblərdən xitam arayışı müqaviləyə xitam verilmədən formalaşmışdır. Göründüyü kimi, tərəflər arasında ##.##.2021-ci il tarixli, ARGİD1637769296 saylı kredit müqaviləsinə ##.##.2022-ci il tarixdə xitam verilmişdir. Lakin, kredit təşkilatı tərəfindən müqaviləyə xitam verilməmişdir.
43. Bununla belə Cavabdeh tərəfindən həmin kredit kartı başqa şəxsə verilmiş və həmin şəxs tərəfindən istifadə edilmişdir. Cavabdeh özü həmin faktı etiraf etmişdir. Nəticədə cavabdeh hər hansı hüquqi əsas olmadan iddaçı təşkilatın hesabına 3059.63 manat məbləğdə varlanmış, həmin vəsaiti özündə saxlamaqla iddiaçıya qaytarmamışdır. Kollegiya qeyd edir ki, hətta kredit müqaviləsinə xitam verilsə belə qeyd edilən kredit kartı Cavabdeh adına verilməklə onun sərəncamında olmuşdur. Cavabdeh isə hər hansı hüquqi əsas olmadan kart hesabında olan pul vəsaitindən istifadə etmişdir. Cavabdeh kredit kartının onda olmamasını, başqa şəxsə verdiyini və həmin şəxs tərəfindən istifadə edildiyini iddia etsə bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Hətta həmin kredit kartı başqa şəxsə verilmiş olsa belə, kart cavabdehin adına qeydə alınmış və həmin kartın başqa şəxslərə istifadə edilməsi üçün verilməsi məsuliyyətini cavabdeh daşımışdır.
44. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
45. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
46. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
47. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü əsassız varlananın əmlak əldə etməli, həmin əmlakı məhrum olanın hesabına əldə etməli və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır.
48. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış şəxsdən əmlak və ya dəyəri alınaraq məhrum olana verilməlidir. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və.s) yollarla baş verə bilər.
49. Mülki Məcəllənin 1091-ci maddəsinə görə bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur.
50. Hazırkı iş üzrə tərəflər arasında ilkin olaraq ##.##.2021-ci il tarixli, ARGİD1637769296 saylı kredit müqaviləsi olsa da, ##.##.2022-ci il tarixdə cavabdehin ərizəsinə əsasən həmin müqaviləsinə xitam verilmişdir. Bundan sonra cavabdeh tərəfindən həmin kartdan pulun çıxarılmasının hüquqi əsası olmamışdır. Bu baxımdan iddiaçının cavabdehdən faiz və cərimə tələb etməsinin hüquqi əsası olmamışdır.
50. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qismən “cavabdeh Cavabdeh İmran qızından 430.52 manat faiz, 20 manat cərimənin tutularaq iddiaçı “xxxx KB” ASC-nin xeyrinə ödənilməsi” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İmran qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qismən “cavabdeh Cavabdeh İmran qızından 430.52 manat faiz, 20 manat cərimənin tutularaq iddiaçı xxxx KB ASC-nin xeyrinə ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.