Məhkəmə qərarları › İş №2(104)-233/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-233/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-233/2024 23.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-2707/2023 saylı mülki iş üzrə 08 avqust 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh öhdəsinə götürür ki, İddiaçı məxsus birgə ticarətlə məşğul olduqları 6540 manatı hissə-hissə (hər ay 200 manat olmaqla) ödəyəcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6540 manat əsas borc, əlavə olaraq xərclədiyi 50 manat hüquqi xidmət haqqı cəmi 6590 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə uzun müddətdir dostluq əlaqələri var, onlar ailəvi dostdurlar, onlar bir-birlərinə çox yaxın olmuşlar, o, taxıl arpa alveri ilə məşğul olur, onun çox yaxın dostu Orxan bu məsələdən-xəbərdar olmuşdur. O bir gün ona yaxınlaşıb ki, “ona arpa lazımdır, ancaq pulu yoxdur. Yaxın müddətlərdə pulunu verəcəm”. O, yaxın bir dostundan aldığı 10 ton 900 kq arpanı dostu Orxana vermişdir. Orxan ona söz vermişdir ki, 3 ay müddətinə ondan aldığı arpanın pulunu qaytaracaq. Dəfələrlə telefon əlaqəsi saxlasa da telefonunu açmır, ona heç bir cavab vermir. O, sonradan başa düşüb ki, onun ən yaxın dostu onu aldadıb. Arpanın ümumi dəyəri 6540 manat təşkil edir. O, dostu Orxanla arpanı 1 kiloqramını 60 qəpikdən hesablamışlar. Üstündən xeyli müddət keçməsinə baxmayaraq güvəndiyi, etibar etdiyi dostu Cavabdeh arpanın pulunu ala bilmir. Onların arasında barışıq sazişi olmuşdur, onunla razılaşıb ki, hər ay ona 200 manat pul verəcək. Sonradan verdiyi vədinə əməl etməmişdir. Məcbur olub, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2707/2023 saylı mülki iş üzrə 08 avqust 2023cü il tarixli qətnaməsi ilə (hakim F.Babaşov) iddia qismən təmin edilmiş, Cavabdeh 4540 (dörd min beş yüz qırx) manat pulun alınaraq, İddiaçı verilməsi, Cavabdeh 65.40 manat dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)- 2707/2023 saylı mülki iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o, iddiaçıdan nisyə 4000 manat dəyərində arpa almış, həmin puldan 2100 manatını qaytarmışdır. Hazırda onun iddiaçıya 1900 manat məbləğində borcu olsa da, məhkəmə bunu nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat verərək, bildirdi ki, İddiaçı 40 qəpikdən 10 tondan çox miqdarda nisyə arpa almışdır. Sonradan nisyə aldığı məhsulun pulunu qaytara bilmədiyi üçün iddiaçı ona həmin arpanın hər kiloqramını 60 qəpikdən hesablayıb, pulunu alacağını bildirmişdir. Daha sonra İddiaçı ona qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmədə onun etibarnaməli nümayəndəsi kimi atası iştirak etmiş və atası onun adından çıxış edərək, mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişini imzalamışdır. Bundan sonra o, iddiaçıya olan borcundan 2100 manat pulu ödəmişdir. Hesab edir ki, hazırda onun iddiaçıya 1900 manat məbləğində borcu qalmışdır. Odur ki, şikayətin təmin olunması, ondan iddiaçının xeyrinə 1900 manatın tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil izahat verərək bildirdi ki, cavabdeh iddiaçıya 6540 manat borcdan cəmi 2000 manat məbləğində borc qaytarmışdır. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas verməsə də, Bərdə Rayon Məhkəməsinin 2(021)-2707/2023 saylı mülki iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları kimi ndan məlum olur ki, tərəflər arasında arpa məhsulunun nisyə alqı satqısı barədə müqavilə olmuş, iddiaçı 10900 kq arpa məhsulunu dəyəri sonradan ödənilmək şərti ilə cavabdehə təhvil vermiş, cavabdeh isə qeyd edilən 10900 kq arpa məhsulunu iddiaçıdan təhvil alsa da onun dəyərini şdəməmişdir. Bu səbəbdən iddiaçı daha əvvəl məhkəmədə cavabdehə qarşı 6540 manat məbləğində pul tələbinə dair iddia qaldırmışdır. Həmin işin məhkəmənin icraatında olduğu xx.xx.2022-ci il tarixdə tərəflər arasında yazılı barışıq sazişi bağlanmış və sazişə əsasən Cavabdeh İddiaçı məxsus 6540 manatı hissə-hissə sonuncuya qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, həmin iş üzrə barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilməmiş, iddia tərəflərin məhkəməyə gəlməməsi əsasi ilə xx.xx.2022-ci il tarixdə baxılmamış saxlanmışdır. Daha sonra cavabdeh borcunu yenə də ödəmədiyindən iddiaçı yenidən hazırki tələblə məhkəməyə müraciət etmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)- 2707/2023 saylı mülki iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında olan münasibətlər borc münasibətləridir, ona görə də hazırki mübahisəyə Mülki Məcəllənin borc münasibətlərini tənzimləyən 739-cu maddəsini tətbiq etmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək, qeyd etmişdir ki, iddiaçıya 4000 manat məbləğində borcu olmuş və həmin puldan 2100 manatını ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, kollegiya tərəflərin məhkəmədə verdikləri izahatlara əsasən bu qənaətdədir ki, tərəflər arasinda yaranmış hüquq münasibətləri iddiaçının cavabdehə 10900 (on ton 900 kq) kiloqram arpa məhsulunu nisyə qaydada satması nəticəsində yaranmışdır. Ona görə də hazırki mübahisənin həlli üçün mərkəzi hüquq norması kimi Mülki Məcəllənin malların nisyə alqı satqısını tənzimləyən 600-cü maddəsi tətbiq olunmalıdır. Mülki Məcəllənin 600-cü maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Artıq yuxarıda qeyd edildiyi kimi, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında olan münasibətlər borc münasibətləridir, ona görə də hazırki mübahisəyə Mülki Məcəllənin borc münasibətlərini tənzimləyən 739cu maddəsini tətbiq etmişdir. Göründüyü kimi, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi mübahisənin həlli üçün maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, kollegiya bu qənaətdədir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və irəli sürülən iddia qismən təmin edilməlidir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həminsübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Artıq yuxarıda qeyd edildiyi kimi tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən cavabdehin iddiaçıya arpa məhsulunun nisyə qaydada alqı satqısı müqaviləsindən 6540 manat məbləğində borcunun olmasını, həmçinin, kollegiyasının iclasında iddiaçının nümayəndəsinin etirafına əsasən cavabdehin borcundan 2000 manat məbləğində pul qaytarması işin faktiki halları kimi öz təsdiqini tapmışdır. Hazırda 4540 manat məbləğdə borcun mövcud olması işin faktiki halı kimi müəyyən edildiyindən MPM-in sübutlarla bağlı tələblərinə görə 4540 manat məbləğdə deyil, 1900 manat məbləğdə borcunun qalmasını sübut etmək yükü cavabdehin üzərinə düşmüşdür. Cavabdeh isə bununla bağlı kollegiyaya öz izahatından başqa heç bir sübut təqdim edə bilməmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-2707/2023 saylı mülki iş üzrə 08 avqust 2023-cü il tarixli qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməli nisyə qaydada satılmış arpa məhsulunun dəyərinin ödənilməmiş qalan hissəsi kimi 4540 manat məbləğdə pul cavabdehdən alınıb iddiaçıya verilməlıdir. Cavabdehin borcundan 2000 manat məbləğində pul qaytarması işin faktiki halları kimi öz təsdiqini tapdığından iddia həmin məbləğdə pul tələbi hissədə təmin edilməməlidir. Bundan başqa, iddiaçı hüquqi xidmətə görə cavabdehdən 50 manat məbləğində pul tələb etsə də, hüquqi xidmətə görə hansısa məbləğində pul ödədiyi barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Ona görə də iddia hüquqi xidmətə görə cavabdehdən 50 manat məbləğində pul tələbi hissədə də təmin edilməməlidir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət Rüsumu” haqqında qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilirlər. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mülki işin materiallarından müəyyən olunur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün düşmüşdür. Belə olan halda iş üzrə ödənilməli olan 85,4 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 59 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2707/2023 saylı mülki iş üzrə 08 avqust 2023cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4540 (dörd min beş yüz qırx) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar