Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-233/2025 20.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı “kreditin,faizlərin və zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-447/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 09 mart 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ərizə ilə müraciət edərək, ona istehlak üçün 24 ay müddətinə kredit verilməsini xahiş etmişdir.
2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında 09 mart 2023-cü il tarixdə bağlanmış 2023-35-03 nömrəli kredit müqaviləsindən görünür ki, tərəflər illik 32 faiz olmaqla 24 ay müddətinə 4000 min manat məbləğində kredit verilməsi bağlı razılığa gəlmişlər.
3. "xxxx" MMC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 09 mart 2023-cü il tarixli 2023-35-03 saylı Zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər.
4. 09 mart 2023-cü il tarixli 35/03 saylı məxaric orderindən görünür ki, Cavabdeh1 həmin tarixdə 4000 manat pulu almışdır.
5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 kreditin əsas məbləği üzrə 4000,00 manat 1974,00 manat əsas məbləğə hesablanmış faiz borcu cəmi 5947,00 manat borcu qalmaqdadır.
6. Bərdə RİB-nın Divanlı kənd körpələr evi-uşaq baxçası tərəfindən verilən xx.xx.2023-cü il tarxili arayışdan görünür ki, Cavabdeh1 Bərdə rayonu, Divanlı kənd körpələr evi-uşaq baxçasında tərbiyəçi vəzifəsində işləyir və aylıq əmək haqqısı 497 manat təşkil edir.
7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 2022-ci il tarixdən Qarabağ regional təhsil idarəsində xadimə vəzifəsində işləyir və aylıq əmək haqqısı 309.81 manat təşkil edir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 327.21 manat əmək pensiyası alır.
9. 11 oktyabr 2023-cü il tarixli bildirişlərdən görünür ki, borclulara xx.xx.2023-cü il tarixə kreditin əsas məbləği üzrə 777.69 manat, 728,31 manat əsas məbləğə hesablanmış faiz borcu, cəmi 1506 manat borcunun olduğu bildirilmiş və müqavilə üzrə tələbin vaxtında yerinə yetirilməsi barədə xəbardarlıq edilmişdir.
10. 26 oktyabr 2023-cü il tarixli bildirişlərdən görünür ki, borclulara xx.xx.2023-cü il tarixə kreditin əsas məbləği üzrə 4000,00 manat 1974,00 manat əsas məbləğə hesablanmış faiz borcu cəmi 5947,00 manat borcu olduğu bildirilmiş və müqavilə üzrə tələbin vaxtında yerinə yetirilməsi barədə xəbardarlıq edilmişdir.
11. 07 noyabr 2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddianın qaldırılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 tərəfindən 77,40 manat dövlət rüsumu ödənmişdir.
12. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2023-35-03 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə Cavabdeh1 banka olan borcu əsas borc üzrə 3643.89 manat, faiz borcu üzrə 240.10 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
13. İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 09 mart 2023-cü il tarixli 2023- 35-03 saylı Kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 40000,00 manat məbləğində əsas kredit borcu, 1974,00 manat əsas məbləğə hesablanmış faiz borcu, cəmi 5974,00 manat kredit borcunun və ödənilmiş 77,00 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 mart 2023-cü il tarixdə Cavabdeh1 ərizə ilə İttifaqa müraciət edərək, kredit verilməsini xahiş etmişdir. 09 mart 2023-cü il tarixdə 2023-35-03 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 32 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 4000,00 manat məbləğində İstehlak üçün kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini kreditora hissə-hissə ödəməli, həm kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Borclunun xx.xx.2023-cü il tarixə kreditora 40000,00 manat əsas kredit borcu, 2552,00 manat əsas məbləğə hesablanmış faiz borcu, 245,00 manat hər geçikdirilmiş günə görə cərimə borcu mövcuddur. Borclu tərəfindən ödənilmiş 823 manat məbləğində ödəniş ilk olaraq cərimə məbləğindən, daha sonra faiz vəəsas məbləğindən çıxılır. Borclunun qeyd edilən tarixə kreditora 40000,00 manat məbləğində əsas kredit borcu, 1974,00 manat əsas məbləğə hesablanmış faiz borcu, cəmi 5974,00 manat kredit borcu qalmaqdadır. Borcluya dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, tələb yerinə yetirilməmişdir. 09 mart 2023- cü il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış 2023-35-03 saylı zaminlik müqaviləsinin 3.1-ci maddəsinə əsasən borcalan kredit şərtlərini vaxtında icra etmədikdə, həmin öhdəliyin icrası borcludan və ya zaminlərdən, yaxud onların üçündən birlikdə tələb edilə bilər. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
15. Bərdə Rayon Məhkəməsinin 2(021)-447/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Babaşov) iddia təmin edilərək, Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 09 mart 2023-cü il tarixli 2023-35-03 saylı Kredit müqaviləsi ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 4000,00 manat məbləğində əsas kredit borcu, 1974,00 manat əsas məbləğdə hesablanmış faiz borcu, cəmi 5974,00 manat kredit borcu və ödənilmiş 77,00 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Cavabdeh isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Digər cavabdehlər isə zaminlik müqaviləsi üzrə əsas borclu olan cavabdehin öhdəliyini vaxtında icra etməməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğvi, əsas və faiz borcuna münasibətdə əsaslı olduğundan Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli və 4000 manat əsas borc və 1974 manat faiz borcu olmaqla, cəmi 5974 manat məbləğində borc cavabdehlərdən tutularaq iddiаçıya ödənilməlidir.
17. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 390.1, 405.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 449.1, 470.1, 472.1, 472.2, 739.1, 739.2, maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
18. Bərdə Rayon Məhkəməsinin 2(021)-447/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-447/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsininin ləğv edilməsini və iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə onun iştirakı olmadan baxılmasını haqlı hesab etmişdir. Halbuki, ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmişdir. O, Cavabdeh1 bankdan götürdüyü kredit üçün zaminlik öhdəliyi götürmüşdür. Hal-hazırda Cavabdeh1 səhhətində ciddi problemlər var, buna görə də, kreditin ödənilməsində çətinlik yaranmışdır. Yaranmış peoblemlərin həll edilməsi, bankın vətəndaşla razılığa gəlməsi əvəzinə, vətəndaşın ödədiyi bütün borc məbləği əlavə faiz və cərimələrə çıxılmışdır. Onların hal hazırda banka çox az miqdarda borcu qalsa da, bank xeyli miqdarda pulu əsassız olaraq tələb edir. Bundan başqa, iş üzrə məkhəmə-mühasibatlıq ekspertizası təyin edilməsi zərurəti var, əsas borca hesablanmış faiz məbləği də, süni şəkildə şişirdilmiş və bu hala düzgün qiymət verilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir.
22. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
25. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
26. Maddə 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır.
27. Maddə 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.
28. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
29. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
30. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
31. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
32. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
40. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Hazırkı apellyasiya şikayətində qətnamə Cavabdeh3 tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Bərdə Rayon Məhkəməsinin 2(021)-447/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməlidir.
45. İşin hallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında 09 mart 2023-cü il tarixdə bağlanmış 2023-35-03 nömrəli kredit müqaviləsindən görünür ki, tərəflər illik 32 faiz olmaqla 24 ay müddətinə 4000 manat məbləğində kredit verilməsi ilə bağlı razılığa gəlmişlər. "xxxx" MMC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 09 mart 2023-cü il tarixli 2023-35-03 saylı Zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. 09 mart 2023-cü il tarixli 35/03 saylı məxaric orderindən görünür ki, Cavabdeh1 həmin tarixdə 4000 manat pulu almışdır. Qeyd edilən hallar işin mübahisəsiz halıdır.
46. Məhkəmə kollegiyasi apellyasiya şikayətinin Cavabdeh3 məhkəmə iclasının yeri vaxtı barədə məlumatlandırılmamsına dair dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh3 xx.xx.2025-ci il tarixə keçiriləcək məhkəmə iclası barədə bildiriş göndərilmiş, lakin ondan sonrakı iclaslara bildiriş göndərilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə qismən razılaşır.
47. Məhkəmə kollegiyasi apellyasiya şikayətinin iddiaçı "xxxx" MMC-nin əsassız olaraq borc hesablaması dəlili ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlili də, qismən əsaslıdır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2023-35-03 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə Cavabdeh1 banka olan borcu əsas borc üzrə 3643.89 manat, faiz borcu üzrə 240.10 manat təşkil edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borc məbləğinin tam tutulması ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 09 mart 2023-cü il tarixli 2023-35-03 saylı kredit müqaviləsi ləğv edilməsi ilə bağlı da, düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli bildirişlərdən görünür ki, borclulara xx.xx.2023-cü il tarixə kreditin əsas məbləği üzrə 777.69 manat, 728,31 manat əsas məbləğə hesablanmış faiz borcu, cəmi 1506 manat borcunun olduğu bildirilmiş və müqavilə üzrə tələbin vaxtında yerinə yetirilməsi barədə xəbardarlıq edilmişdir. Məhkəmə kollegiyasi hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2023-cü il tarixdə bildiriş göndərildiyi andan ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçı "xxxx" MMC borclu Cavabdeh1 xx.xx.2023cü il tarixdə bildirdiyi andan onlar arasında bağlanmış 09 mart 2023-cü il tarixli 2023-35-03 saylı Kredit müqaviləsi ləğv edilmişdir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri də, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq tərəflərə aid edilməlidir.
50. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Bərdə Rayon Məhkəməsinin 2(021)-447/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Bərdə Rayon Məhkəməsinin 2(021)-447/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-447/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 09 mart 2023-cü il tarixli 2023-35-03 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 3643.89 manat, faiz borcu üzrə 240.10 manat, cəmi 3883.99 (üç min səkkiz səksən üç manat doxsan doqquz qəpik) manat kredit borcu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 50.3 (əlli manat otuz qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. 100 manat ekspertiza xərcinin 65.4 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada, 34.6 manatı isə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.