Məhkəmə qərarları › İş №2(104)-2334/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2334/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2334/2023 19.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1962/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1994,34 manat məbləğində əsas borcun, 1595,19 manat mələğində faiz və 40,68 manat cərimə borcun, cəmi 3630,21 manat borcun və 57 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxrılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1962/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən Zaman İmanov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1994,34 (bir min doqquz yüz doxsan dörd manat otuz dörd qəpik) manat əsas, 1595,19 (bir min beş yüz doxsan beş manat on doqquz qəpik) manat faiz, 4 (dörd) manat cərimə borcu olmaqla, cəmi 3593,53 (üç min beş yüz doxsan üç manat əlli üç qəpik) manat pul və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 55,93 (əlli beş manat doxsan üç qəpik) manatı tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın Cavabdeh tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1962/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi ilə bağlı öhdəliyin icra edilməsi üçün məhkəməyə 8 il keçdikdən sonra müraciət etmişdir. Cavabdeh olaraq onun tərəfindən ödənilmiş son ödəniş 2018-ci ilin oktyabr ayı olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı tərəf 2021-ci ilin oktyabr ayınadək iddia qaldırmalı olduğu halda, 2023-cü ildə qaldırmaqla qanunla müəyyən edilmiş 3 (üç) illik müddəti ötürmüşdür. İş üzrə Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən Bank Borcluya 2000 manat məbləğində kredit kartı (Bolkart) vermişdir. Kredit xəttinin maksimal müddəti 10 il nəzərdə tutulmuşdur. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1962/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1962/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: xx.xx.2015-ci il tarixli, 5022 nömrəli balansdankənar məxaric orderinin surətindən görünür ki, Cavabdeh 1 (bir) ədəd Kredit kartını imza edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətindən götürmüşdür. Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 2000 manat məbləğində kredit kartı (Bolkart) vermişdir. 06 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən cavabdehin İddiaçı ASC-yə xx.xx.2023- cü il tarixə 1994,34 manat əsas, 1595,19 manat faiz və 40,68 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2023-cü il tarixli, 9/3824 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdab çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddia tələbinin tarixinə, yəni xx.xx.2023-cü il tarixinə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 1994,34 manat, faiz borcu isə 1595,89 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və bank tərəfindən cavabdehə 2000 manat məbləğində kredit kartı (Bolkart) vermişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri pozmuş və nəticədə xx.xx.2023-cü il tarixinə 1994,34 manat məbləğində əsas, 1595,89 manat məbləğində faiz borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Cavabdeh İddiaçı ASC ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə 1994,34 manat məbləğində əsas, 1595,89 manat məbləğində faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli, 9/3824 nömrəli rəyi ilə də, Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu əsas borc üzrə 1994,34 manat, faiz borcu üzrə 1595,89 manat göstərilmiş, birinci instansiya məhkəməsi həmin ekspertiza rəyinə əsaslanmaqla, iddianı həmin məbləğlərdə təmin etmişdir. Əsas kredit və faiz borcunun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən 40,68 manat cərimə borcu hesablansa da, işə baxan birinci instansiya məhkəməsi həmin məbləği tənasübsüz yüksək hesab edərək, 4 manat məbləğində müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdehin hazırkı tələb üzrə iddia müddətinin ötürülməsinə dair apellyasiya dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kredit xəttinin maksimal müddəti 10 il nəzərdə tutulmuşdur ki, bununla da, iddia müddətinin ötürülmədiyi müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları həmin hissədə düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1962/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1962/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar