Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2337/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: icarə haqqının ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(076)-2130/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli, 3M-419 reyestr nömrəli icarə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 1.351 ha torpaq sahəsini 31 may 2023-cü il tarixədək Cavabdeh icarəyə vermiş, icarə haqqı 35.000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3-cü bəndindən görünür ki, icarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Həmin müqavilənin 5-ci bəndindən görünür ki, icarəyə verilən sahənin istifadəsinə görə “icarəyə götürən” Cavabdeh “icarəyə verən” İddiaçı illik 35.000 manat icarə haqqı ödəyir. Həmin müqavilənin 8-ci bəndindən görünür ki, müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
2. Şəmkir Rayon 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı notariat orqanına müraciət edərək xx.xx.2022-ci il tarixli, 3M-419 reyestr nömrəli icarə müqaviləsinin 3-cü bəndinə əsasən müqavilənin müddətini uzatmaq niyyətində olmadığını bildirmiş və 31 may 2023-cü il tarixdə müqavilənin müddətinin bitmiş hesab edilməsini xahiş etmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 15000 manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə “iddia həcminin artırılması barədə” əlavə ərizə təqdim edərək, cavabdehdən 15000 manat məbləğində pulun, ödənilmiş 135 manat dövlət rüsumunun və hüquqi yardımın əvəzi olaraq 400 manat məbləğində pulun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Şəmkir Rayon 1 saylı Notariat ofisində cavabdehlə aralarında 3M-419 reyestr nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən mülkiyyətində olan, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 1.351 ha torpaq sahəsini 31 may 2023-cü il tarixədək cavabdehə icarəyə vermişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən icarə haqqı 35.000 manat müəyyən edilmişdir. Həmçinin, müqavilənin 3-cü bəndində icarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş, onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətində uzadılmış sayılması qeyd olunmuşdur. Lakin cavabdeh müqaviləyə əsasən öhdəliyini tam olaraq icarə etməmiş, 35.000 manatdan hazırki vaxtadək 20.000 manat ödəmiş, qalan 15.000 manat pulu ödəməkdən yayınmışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə cavabdehə icarə müqaviləsinin ləğvi və pulun ödənilməsi üçün bildiriş ünvanlanmışdır. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icarə etməmişdir.
6. Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(076)-2130/2023 saylı qətnaməsi ilə iddia rədd edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu və hüquqi yardım xidməti iddiaçıya aid edilmişdir.
7. Məhkəmə öz mövqeyini Az baycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 700.1, 710.1, 719.3-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2130/2023 saylı qətnaməsi maddi və prossesual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Qeyd etmişdir ki, məhkəmə tərəfindən cavabdehə onun tərəfindən göndərilmiş bildiriş bilərəkdən gizlədilmişdir. Belə ki, qətnamədə onun nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqdim edilmiş cavabdehə onun tərəfimdən ünvanlanmış bildirişə istinad edilməmişdir. Bir daha qeyd etmişdir ki, nümayəndəsi tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə pulun ödənilməsi barədə bildiriş məhkəmə hazırlıq iclasında təqdim edilmişdir. Yuxarda qeyd olunanlardan göründüyü kimi onun iddia tələbi tam əsaslıdır. O, vicdanlıq göstərərək müqavilədə qeyd olunan pulun hamsını tələb etməmişdir. Sadəcə cavabdehin üzərinə götürdüyü və ödəmədiyi 15000 manat pulu tələb etmişdir. O, məhkəməyə müraciət etməmişdən əvvəl üzərinə düşən öhdəlikləri tam olaraq icra etmişdir. Belə ki, cavabdehə müqavilə üzrə üzərinə götürdüyü öhədliyi icra etməyi, əks halda müqavilənin ləğv olunacağını və pul tələbinə dair məhkəməyə iddia tələbi ilə bağlı müraciət edəcəyi barədə bildiriş göndərmişdir. Bundan başqa cavabdeh pulu ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə isə ondan pulu ödənilməməsi barədə sübut təqdim etməyini tələb etmişdir. Bununla da məhkəmə işə verilmiş sübutlar obyektiv yanaşmamış, sadəcə cavabdehin maraqlarına uyğun hərəkət etmişdir. Hesab edir ki, məhkəmə tərəfindən sübutlar düzgün, obyektiv və ədalətli araşdırılmamışdır. Ona görədə hazırkı iş üzrə sübutlar yenidən qiymətləndirilməli və iddia tələbi ədalətli araşdırılmalıdır. Sübutlar düzgün qiymətləndirilməmişdir və maddi hüquq normaları pozulmuşdur. Həmçinin hazırkı işə ədalətli və qanuna müvafiq baxılmamışdır. Hesab edir ki, hazırkı iş üzrə araşdırma yenidən aparılmaldır. Belə ki, onun nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli hazırlıq iclasında notariat orqanına verdiyi sorğunun cavabını və həmçinin cavabdehə xx.xx.2023-cü il tarixdə göndərdiyi bildirişin (təklifin) göndərilməsini təsdiq edən sənətləri təqdim etmişdir. Lakin məhkəmə həmin sübutu gizlədərək həmin sübuta qiymət verməmişdir. Hesab edir ki, həmin sübut işi üçün əhəmiyyətlidir və yenidən qiymətləndirilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Apellyasiya instansiya məhkəməsində birinci icraat:
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(104)-271/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(076)- 2130/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
e) Kassasiya instansiyası məhkəməsində icraat:
12. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli 2(102)-2549/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(104)-271/2024 nömrəli qətnaməsinin ləğv edilməsi; İşin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
f) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh 1 il ərzində iddiaçıya 35000 manat pul müqbilində özünə məxsus torpaq sahəsini icarəyə vermişdir. Müqavilənin şərtlərinə cavabdeh tam əməl etmədiyinə görə müqavilə müddəti bitməmişdən əvvəl iddiaçı müqaviləni uzatmaqdan imtina etmişdir. İddiaçı notariat ofisinə müraciət etsə də, notarius ancaq müqavilənin ləğvi barədə cavabdehə bildiriş göndərmiş, daha sonra özü şəxsən pulun ödənilməsinə dair cavabdehə rəsmi bildiriş göndərmişdir. Həmin bildirişin göndərilməsini təsdiq edən poçt xəbərnaməsini isə birinci instansiya məhkəməsinə təqdim etmiş, lakin qətnaməni alanda onlara məlum olmuşdur ki, həmin sənəd iş materiallarında olmadığına görə məhkəmə qətnamədə ona əsaslanmamışdır. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməyib. İddiaçı tərəfindən isə bütün prosessual hərəkətlər yerinə yetirilmişdir. Cavabdeh tərəfindən 20000 manat pul 2023-cü ilin yanvar ayına qədər hissə-hissə ödənilsə də, qalan məbləğ ödənilməmişdir. xx.xx.2023cü il tarixdə notariat ofisinə müraciət edilib. Əgər cavabdeh müqavilədə nəzərdə tutulan məbləği ödəmişdirsə, iddiaçı müqavilənin ləğvi barədə iddia irəli sürə bilərdi. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, icarə haqqını iddiaçıya tam həcmdə ödəmişdir, hazırda iddiaçıya heç bir borcu yoxdur. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, 35000 manat pulu xx.xx.2022-ci il tarixdə iddiaçıya şəxsən ödəmişdir. Lakin, bu barədə qəbz və ya başqa sübutu yoxdur. İcarə müqaviləsinin vaxtı 2023-cü ilin may ayında bitmişdir, lakin müqavilənin ləğvi barədə ona bildiriş göndərilməmişdir. İcarə haqqını əvvəlcədən, yəni məhsul əkilməmişdən əvvəl ödəmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
20. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.
21. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
22. Maddə 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
31. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, Cavabdeh 15000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 135 manat və vəkil tərəfindən göstərilmiş hüquqi yardımın əvəzi olaraq 400 manat, ümumilikdə 15535 manat tutularaq İddiaçı ödənilməlidir.
36. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 1.351 ha torpaq sahəsini 31 may 2023-cü il tarixədək cavabdehə icarəyə vermişdir. Müqavilə ilə icarə haqqı 35.000 manat müəyyən edilmişdir. İddiaçı Cavabdeh icarə haqqını tam ödəmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
37. Məhkəmə kollegiyası iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
38. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, tərəflər arasında torpaq icarəsi müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. xx.xx.2022-ci il tarixli notarial müqavilə ilə İddiaçı özünə məxsus olan Şəmkir rayonu Dəllər-Cəyir kəndində yerləşən 1.351 ha torpaq sahəsini 31 may 2023-cü ilədək Cavabdeh icarəyə vermiş və icarə haqqı 35000 manat razılaşdırılmışdır. İcarə müddəti bitdikdə iddiaçı müqaviləni uzatmadığını xx.xx.2023-cü ildə notarial qaydada bəyan etmiş, ödənilməmiş qalan 15000 manat pulun cavabdehdən tutulması barədə Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh isə icarə haqqını tam şəkildə ödədiyini bildirərək iddianın təmin olunmasına etiraz etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı müqavilə ilə nəzərdə tutulmuş 35000 manat icarə haqqının 15000 manatının cavabdeh tərəfindən ödənilməməsini iddia etsə də, həmin halı mötəbər sübutlarla təsdiq edə bilməmiş, o cümlədən məhkəməyə iddia tələbini təsdiq edən sübutlar təqdim etməmişdir. İddiaçı tərəfindən müqaviləyə xitam verilənədək icarə haqqının ödənilməsinə dair cavabdehə pretenziya bildirişi göndərməsi müəyyən edilməmişdir. Bu nəticə və əsaslandırma ilə razılaşan apelyasiya məhkəməsi də qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müqavilə üzrə ödənilməmiş qalan 15000 manat məbləğində pulun ödənilməsi barədə cavabdehə bildiriş göndərdiyini sübut edə bilməmişdir. Göründüyü kimi, mövcud vəziyyətdə işin mübahisə olunan halı 15.000 manat icarə haqqının cavabdeh tərəfindən ödənilib-ödənilməməsi ilə bağlıdır. Halbuki, məhkəmələr həmin hal üzrə sübutetmə yükünü düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişlər. Sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Bununla belə, ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir. O cümlədən, müqavilədən irəli gələn pul öhdəliyini icra etdiyini, yəni pul məbləğini ödədiyini (pozitiv halı) iddia edən tərəf bunu sübut etməyə borcludur. Çünki, müqavilə üzrə alacağı olan kreditor, borclunun pulu ödəmədiyini (neqativ halı) sübuta yetirməyə məcbur edilə bilməz. Bu baxımdan hazırkı işdə iddiaçının tələb etdiyi 15000 manat icarə haqqını ödədiyini sübuta yetirmək yükü cavabdehin üzərində olmuşdur. Buna baxmayaraq, məhkəmələr həmin halı sübut etmək vəzifəsini iddiaçıya aid etməklə prosessual səhvə yol vermişlər. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehə pretenziya verilməməsinin (bildiriş göndərilməsinin sübuta yetirilməməsinin) hansı məntiqlə cavabdehin icarə haqqını ödəməsinə dalələt etməsini məhkəmələr əsaslandırmamışlar. Ümumiyyətlə, məhkəmələrin sözügedən bildirişə belə bir məna vermələrinin səbəbi və əsası aydın deyil. Yəni, iddiaçının məhkəmədən əvvəl bildiriş göndərərək cavabdehdən 15000 manat tələb etməsinin borcun varlığına, belə bir pretenziya irəli sürülməməsinin borcun ödənilmiş olmasına dəlalət etməsi barədə qənaət anlaşılmaz olduğu qədər, xəbərdarlıq institutunun mahiyyəti və məqsədinə də uyğun gəlmir. Çünki, mülki hüquq münasibətlərində kreditorun borcluya xəbərdarlığı müxtəlif funksiyaları yetirir: müqavilənin ləğv edilməsinə dair iradənin borcluya bildirilməsi, məhkəmədə iddia qaldırılacağına dair borclunu məlumatlandırma, icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliklərdə icra tələbinin irəli sürülməsinə görə öhdəliyin icra vaxtının və iddia müddətinin əvvəlinin müəyyənləşdirilməsi və s. Həmin xəbərdarlıqda (bildirişdə) tələb olunan pul məbləği də göstərilə bilər. Bununla belə, elə hallar vardır ki, öhdəlik daşıyan şəxsin icranı gecikdirən borclu sayılması və bu səbəbdən kreditorun məhkəmədə pul tələbinə dair iddia qaldırmağa haqq qazanması üçün kreditorun borcluya xəbərdarlıq etməsinə gərək olmur. Məsələn, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Buna müvafiq olaraq MM-in 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirmiş sayılması üçün əsasdır. Baxılan işdə icarə müqaviləsinin 31 may 2023-cü ilədək bağlanması və bu tarixədək iddiaçının icarə münasibətini davam etdirmək istəməməsi barədə iradəsini bəyan etməsi işin mübahisə olunmayan hallarıdır. Hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Belə olan təqdirdə işin müəyyən edilmiş faktiki halları və yuxarıda göstərilən normalar çərçivəsində iddiaçının ümumiyyətlə cavabdehə bildiriş göndərmək vəzifəsinin olub-olmaması, iddia qaldırılan vaxt cavabdehin icranı gecikdirmiş borclu sayılıbsayılmaması, başqa sözlə, iddiaçının cavabdehə bildiriş göndərmədən də hazırkı tələbi irəli sürməklə ödənilməmiş borcu tələb etmək hüququnun olub-olmamasına mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən qiymət verilməlidir. Baxılan işdə isə bu tələblərə əməl olunmamış, sübutetmə yükü düzgün müəyyən edilməmiş, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır.
39. Kassasiya instansiyası məhkəməsinin yeni apellyasiya baxışı qarşısında göstərişləri ondan ibarət olmuşdur ki, təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
40. İşin müəyyən olunan hallarına görə, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Şəmkir rayonu Dəllər-Cəyir kəndində yerləşən 1.351 ha torpaq sahəsini 35000 manat müqbilində 1 il müddətinə icarəyə vermişdir və cavabdehin həmin məbləğdən 20000 manat ödədiyini 15000 manatını isə ona ödəmədiyini iddia etmiş, cavabdeh isə bu xüsusatı etiraf etməklə yanaşı həmin məbləği iddiaçıya tam ödədiyini barədə dəlil irəli sürür.
41. Bu baxımdan kollegiyanın qənaətinə görə, tərəflər arasında müqavilədən irəli gələn gələn münasibətlərin mövcudluğunun sübut edilməsinə ehtiyac yoxdur və iddiaçıya ödəməli olduğunu etiraf etdiyi pul məbləğinin tam qaytarmış olduğunu sübutetmə yükü cavabdehin üzərinə düşmüşdür. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının tələb etdiyi 15000 manat icarə haqqının ödənilməməsinin sübuta yetirmək yükünün iddiaçının üzərində olmasına əsaslansa da, kollegiya bu qənaətlə razılaşmır; çünkü tərəflər arasında öhdəlik yaradan hüquq münasibətinin əsasını təşkil edən müqavilədə cavabdehin iddiaçıya 35000 manat ödəməsi barədə razılaşma nəzərdə tutulduğu üçün, borcun iddiaçıya tam ödənilməsi barədə sübut etmə yükü də cvabdehin üzərinə düşdüyü halda bunu sübut edə bilməmişdir. Belə ki, cavabdeh tərəf hazırkı apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında həmin vəsaiti iddiaçıya ödəmiş olduğunu bildirsə də, lakin cavabdeh sədrlik edənin sualına cavab olaraq icarə haqqının ödənilməsi ilə bağlı qəbz və ya başqa sübutu olmadığını bildirmişdir (bax bu qətnamənin 15-ci bəndi). Qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır və MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
43. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.
44. Həmçinin İşdən müəyyən olunur ki, İddiaçı məhkəməyə iddia ərizəsi verilməsi üçün 135 manat dövlət rüsumu, habelə vəkil tərəfindən hüquqi yardım göstərilməsinə 400 manat xidmət haqqı ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin xərclərin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(076)-2130/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi 135 (bir yüz otuz beş) manat və vəkil tərəfindən göstərilmiş hüquqi yardımın əvəzi olaraq 400 (dörd yüz) manat, ümumilikdə 15535 (on beş min beş yüz otuz beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.