Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2338/2025 26.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədova Xəzər Natiq oğlunun katibliyi ilə, iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki işi üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(062)-2848/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli, 02U/23 nömrəli ümumi oferta müqaviləsinə əsasən, iddiaçı bank xidmətlərini özündə cəmləşdirən ümumi ofertanı rezident və qeyri-rezident fiziki şəxslərə təqdim etmişdir.
2. xx.xx.2023-cü il tarixli ərizə ilə, cavabdeh iddiaçının rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2023-cü il tarixli, 02U/23 nömrəli ümumi ofertası ilə tanış olmuş və onun bütün şərtlərini qəbul etdiyini, bütün öhdəlikləri vaxtlı-vaxtında, düzgün və qeydşərtsiz yerinə yetirəcəyini öz imzası ilə təsdiq etmişdir.
3. Razılaşmaya əsasən iddiaçı xx.xx.2028-ci il tarixədək illik 27,5 faizlə cavabdehə 14000 manat məbləğində nəğd kredit acmağı təklif etmiş və cavabdehin təsdiqinə əsasən 14000 manat kredit məbləği xx.xx.2023-cü il tarixdə cavabdehin kart hesabına köçürülmüşdür.
4. İddiaçı üzərinə götürdüyü öhdəliyi icra etsə də cavabdeh üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmiş və onun bank qarşısında ödənilməmiş öhdəliyi qalmışdır.
5. İddiaçı xx.xx.2025-ci il tarixli bildirişlə cavabdehə müraciət edərək xx.xx.2023-cü il tarixli, 4936nkTVZb/23 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş borcunun məbləği (12276.15 manat əsas, 1614 manat faiz, 26.3 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 13916.45 manat) barədə məlumat vermiş, həmin borcun 3 iş günü ərzində ödənilməsi tələb etmiş və aralarında bağlanmış müqavilənin ləğv edilməsini təklif etmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 12276.15 manat əsas, 2252.52 manat faiz, 78.67 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 14607.34 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 134.23 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində xx.xx.2028-ci il tarixinədək illik 27.50% ödəmək şərtilə 14000 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində ərizə (aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2023-cü il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X1 20.9- cu bəndinə əsasən Müştəri“ kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin buşərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 23 iyul 2025, tarixinə "xxxx" KB ASC-yə 12276.15 AZN əsas, 2252.52 AZN faiz, 78.67 AZN cərimə, 0 AZN komisyonhaqqı borcu olmaqla, cəmi 14607.34 AZN borcu yaranmışdır.
8. Cavabdeh vəsatətlə Tovuz Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, tərəfindən 4500 manat pul ödənilmişdir. Lakin ödədiyi pullar faizə silinmişdir. Onun qeyd olunan məbləğdə borcu yoxdur. Ekspertizanın keçirilməsini və icraatın dayandırılmasını xahiş etmişdir.
9. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(062)-2848/2025 nömrəli qətnaməsi (hakim Süleyman Hacıyev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 12276.15 manat əsas borc, 1614 manat faiz borcu, 78.67 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 13968.82 manat (on üç min doqquz yüz altmış səkkiz manat səksən iki qəpik) məbləğində borc və 131.9 manat (yüz otuz bir manat 90 qəpik) məbləğində dövlət rüsumu tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. 10.Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdeh isə öhdəliklərin icrasını həyata keçirməmişdir. Cavabdeh bu davranışı ilə MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1).
11. Lakin, tələb edilən borcun məbləği ilə məhkəmə qismən razılaşmır. Belə ki, iddiaçı Bank cavabdehdən 12276.15 manat məbləğində əsas borc və 2252.52 manat məbləğində faiz borcunun tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl "xxxx" KB ASC tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixli bildirişlə müraciət edilmişdir. Həmin bildirişdə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 4936nkTVZb/23 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün onun Bank qarşısında 12276.15 manat əsas, 1614 manat faiz, 26.3 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 13916.45 manat məbləğində borcu var və üç iş günü ərzində həmin borcun bütövlükdə ödənilməsi tələb edilir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı bankın cavabdeh borcalandan müqavilə üzrə icra edilməmiş öhdəliyin tam olaraq icrasını tələb etdiyi və borclunun bunu təmin etmədiyi andan artıq tərəflər arasında bağlanmış kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmiş hesab edilir. Ona görə ki, iddiaçı bank bununla kredit müqaviləsindən bir tərəfli qaydada imtina etmiş sayılır.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı Bank aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməyən cavabdeh Borcalandan icra edilməmiş öhdəliyin tam olaraq icra edilməsini tələb etdiyi və Borcalanın bunu təmin etmədiyi andan kredit müqaviləsindən imtina etmiş sayılır. Bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsi həmin andan ləğv edilmiş hesab edilməlidir.
14. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edərək hesab etmişdir ki, iddiaçı Bank Cavabdeh yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırkı işdən isə belə görünür ki, Borcalanın müqavilə ləğv edildiyi ana olan faiz borcu 1614 manat məbləğində olsa da, iddiaçı Bank müqavilədən imtina edildiyi andan sonrakı dövr üçün də əlavə faiz hesablayaraq, cavabdehdən 2252.52 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir.
15. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş mövqeyinə istinadla hesab etmişdir ki, iddiaçı Bankın belə bir hüququ olmamış, onun cavabdehdən tələb edə biləcəyi faizin məbləği kredit müqaviləsinin ləğv edildiyi anadək olan faiz borcunun məbləği ilə məhdudlaşmışdır. Odur ki, iddia tələbi faiz borcuna münasibətdə qismən – 1614 manat həcmində təmin edilməlidir.
16. Məhkəmə onu da qeyd etmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
17. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsi hissəsini ilə əlaqədar qeyd etmişdir ki, MM-nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
18. Məhkəmə hesab etmişdir ki, tələb edilən 78.67 manat cərimə məbləği əsas borca mütənasibdir və tənasübsüz surətdə yüksək məbləğ deyildir.
19. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
20. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 405.2, 407.1, 408.7, 425.1, 448.1, 448.2, 462.1, 467 və 743.1ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 107, 119.1, 216-220, 227, 358 və 360-cı maddələrinə istinad etmişdir.
21. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2848/2025 nömrəli qətnaməsinin qismən, qanunsuz hesablanmış faiz borcu hissəsində ləğv edilməsini və barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
22. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, "xxxx" Kommersiya Bank ASC-i Tovuz rayon Məhkəməsində ona qarşı “kredit müqavilə üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi vermişdir. Tovuz rayon Məhkəməsi iddiaçının iddiasını qismən təmin edərək, qətnamə çıxarmışdır. Məhkəmənin qətnaməsi ilə razı deyildir. Məhkəmə iş materiallarını səthi şəkildə araşdırmış və iddiaçının qeyd etdiklərini əsas tutaraq, qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı öz iddiasında kifayət qədər tutarlı əsaslar gətirməmişdir. Bununla yanaşı, məhkəmə əsas borc, faiz və dəbbə pulu məbləğlərini araşdırmalı olsa da, məhkəmə heç bir araşdırma aparmamışdır. Nəticədə isə, ona əsassız olaraq daha çox borc pul hesablanmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və tərəflər bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
32. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
33. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
34. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
37. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
38. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
39. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
40. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
41. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
42. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
43. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
50. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
51. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
53. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
54. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
55. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
57. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, şikayətin məzmunundan və apellyasiya şikayətinin xahiş etdi hissəsindən görünür ki, cavabdeh qətnamənin faiz borcunun tutulması hissəsində ləğv edilməsini xahiş edir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
59. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(062)-2848/2025 nömrəli qətnaməsi – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
61. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçının xx.xx.2023-cü il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023 -cü il tarixində xx.xx.2028 -ci il tarixinədək illik 27,50 % ödəmək şərtilə 14000 manat məbləğində kredit xətti açılmışdır. Bundan sonra cavabdeh xx.xx.2023-cü il tarixində ərizə (aksept) imzalamaqla iddiaçının rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2023-cü il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmiş və xx.xx.2023-cü il tarixdə 14000 manat cavabdehin kart hesabına köçürülmüşdür. X1 4.1.6.-ci bəndinə əsasən Bank, Müştərinin maliyyə vəziyyətini yenidən araşdıra və nəticədə Müştəriyə ayrılmış kredit xətti limitinin saxlanılması, artırılması, azaldılması və ya ləğv edilməsini həyata keçirə bilər. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin buşərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir.
62. Cavabdeh tərəflər arasında kredit münasibətlərinin yaranmasını və ona 14000 manat məbləğində kreditin verildiyini inkar etmir.
63. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.
64. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
65. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
66. Azərbaycan Respublikasının MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
67. 743.1-ci maddəsində isə qeyd edilir ki, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
68. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.
69. 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
70. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
71. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir.
72. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
73. Borcalandan faiz borcunun tutulması ilə bağlı kollegiya göstərir ki, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur.
74. Çünki, Mülki Məcəllənin 740.1 və 740.2-ci maddələrinə əsasən, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
75. Bundan başqa “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
76. Kreditorla borcalan arasında bağlanan kredit razılaşmasının 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit alan kredit məbləğini və ona hesablanmış faizlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.
77. “Banklar haqqında” Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.
78. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.
79. Göründüyü kimi, qanunun tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir.
80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
81. Eyni zamanda, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur (Mülki Məcəllənin 449.4-cü maddəsi).
82. Məhkəmə həmçinin birinci instansiya məhkəməsinin faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı və qanuna uyğun hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı bank tərəfindən cavabdeh borcalana ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdə kredit müqaviləsi üzrə borcun tərkibi konkretləşdirilmiş, həmin tarixə əsasən əsas borcun 12.276,15 manat, faiz borcunun isə 1.614 manat təşkil etdiyi göstərilmiş və iddiaçı müqavilənin birtərəfləri qaydada ləğv edilməsinə dair iradə ifadəsini bəyan etmişdir.
83. Məhkəmə qeyd edir ki, iddiaçı bankın borcalandan müqavilə üzrə icra edilməmiş öhdəliyin tam həcmdə icrasını tələb etməsi, borcalanın bu tələbi müəyyən edilmiş müddətdə yerinə yetirməməsi və müqavilənin ləğvinə dair iradə ifadəsinin qarşı tərəfə bildirməsi faktı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinin tələblərinə uyğun olaraq kredit müqaviləsindən birtərəfli qaydada imtina edilməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan, tərəflər arasında bağlanmış kredit müqaviləsi Bankın iradə ifadəsinin Borcalana bildirildiyi andan ləğv edilmiş hesab olunur.
84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, kredit müqaviləsi kimi davamlı icra edilən öhdəlik münasibətlərində müqavilədən imtina yalnız imtinadan sonrakı dövr üçün hüquqi nəticələr doğurur və müqavilənin ləğv edilməsindən əvvəl yaranmış tələblər qüvvədə qalır. Həmin qərarda, həmçinin açıq şəkildə göstərilmişdir ki, müqavilədən imtina edildiyi anadək gecikdirilmiş annuitet ödənişlərinə görə yaranmış əsas borc və faiz tələbləri kreditor tərəfindən tələb edilə bilər, lakin imtina anından sonrakı dövr üçün faizlərin hesablanması yolverilməzdir.
85. Hazırkı iş üzrə müəyyən edilmiş hallardan görünür ki, kredit müqaviləsindən imtina edildiyi ana olan faiz borcu 1.614 manat təşkil etdiyi halda, iddiaçı Bank tərəfindən bu tarixdən sonrakı dövr üçün də əlavə faiz hesablanaraq 2.252,52 manat məbləğində faiz borcunun tutulması tələb edilmişdir. Məhkəmə hesab edir ki, bu tələb Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyinə və Mülki Məcəllənin 447.1-ci maddəsinin tələblərinə ziddir.
86. Belə olan halda, birinci instansiya məhkəməsinin iddia tələbinin faiz borcuna münasibətdə yalnız kredit müqaviləsinin ləğv edildiyi anadək yaranmış 1.614 manat məbləğində təmin edilməsi barədə gəldiyi nəticə düzgün hüquqi qiymətləndirməyə əsaslanmış və dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
87. Cərimə məbləğinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
88. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
89. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
90. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
91. Məhkəmə dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı işıqlandırmaq üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Müqavilə üzrə borcalanın əsas vəzifəsi ödənişləri vaxtında etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə, borclu tərəfindən öhdəliyin pozulması zamanı qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu cür tənbeh tətbiq etmənin məqsədi, maddi sanksiyanı tətbiq etməklə tərəfi öhdəliyini icra etməyə məcbur etməkdir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
92. Bu baxımdan məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, cərimə məbləğini 78.67 manat məbləğdə müəyyən etmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.
93. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın qismən təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.
94. Cavabdeh apellyasiya şikayətində borcun düzgün hesablanmaması barədə dəlili ilə bağlı kollegiya göstərir ki, iş üzrə ekspertiza təyin edilməsi üçün əsaslar yoxdur. Çünki, borcalan tərəfindən kredit müqaviləsi üzrə ödəniş etdiyinə dair hər hansı bir sübut (ödəniş qəbzləri, mədaxil orderləri və s.) məhkəməyə təqdim etməmişdir.
95. Halbuki, Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
96. Kollegiya hesab edir ki, apellyator tərəfindən borcun düzgün hesablanmaması barədə irəli sürülən dəlillər mücərrəd xarakter daşıyır və konkret faktlarla əsaslandırılmamışdır. Belə ki, apellyasiya şikayətində borcun hesablanmasında nəzərə alınmadığı iddia edilən hər hansı ödənişin tarixi, məbləği və hüquqi əsası göstərilməmiş, habelə həmin halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
97. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında əks olunmuş məlumatlar müqavilə şərtləri, tərəflər arasında bağlanmış öhdəliklərin icra qaydası və xəbərdarlıq məktubunda göstərilən hallar nəzərə alınmaqla təhlil edildikdə, hesablanmış əsas borc və faiz borcu məbləğinin düzgünlüyünü şübhə altına almağa əsas verən hallar müəyyən edilməmişdir.
98. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, cavabdeh birinci instansiya məhkəməsində ekspertiza təyin edilməsi barədə vəsatət təqdim etsə də, həmin vəsatətdə ekspertiza təyin edilməsini zəruri edən konkret halları göstərməmiş, borcun hesablanmasında yol verildiyi iddia olunan uyğunsuzluqları əsaslandırmamış və bununla bağlı sübutlar təqdim etməmişdir.
99. Belə olan halda, cavabdehin borcun məbləği ilə bağlı irəli sürdüyü etirazların sübut yükünü üzərinə düşən qaydada yerinə yetirmədiyi qənaətinə gəlinir və bu etirazların təmin edilməsi üçün hüquqi əsaslar mövcud hesab edilmir.
100. Məhkəmə göstərir ki, cavabdehin göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.
101. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
102. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
103. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
104. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi – mübahisələndirilən faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
105. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, cavabdehdən tutulan və cavabdeh tərəfindən mübahisələndirilən faiz borcunun məbləği 1614 manat təşkil edir və bu məbləğ 5000 manatdan azdır.
106. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(062)-2848/2025 nömrəli qətnaməsi – mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.