Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-234/2024 05.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(021)-1104/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əlyazmadan görünür ki, İddiaçı Sevil adlı şəxsdən 3500, Pərvanə adlı şəxsdən 5500, Nigar adlı şəxsdən 4500 manat pul alması barədə qeydlər etmişdir.
2. İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh 2022-ci ilin fevral ayından 1605 manat 13000 manat pulun fazini ödəyib, 1100 manat 12 ərzində ödəyib.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 13000 manat və ödənilmiş 129 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan 13000 manat almış, lakin pulu geri qaytarmamış və buna görədə hüquqmühafizə orqanlarına müraciət etmişdir. Cavabdeh 13000 manat almasını etiraf etmiş və geri qaytardığını bildirmişdir. Halbu ki, cavabdeh borcu qaytarmamışdır.
5. Bərdə Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(021)-1104/2023 nömrəli qətnaməsi ilə (hakim Q.Əbilov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 39.1, 405.1, 739.1, 739.2, 740.1, 740.2 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 107, 119.1, 217.1, 218.1, 218.3, 220.4, 216-220, 227, 233, 360 maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, cavabdeh 13000 manat almış və pulu qaytarmadığı üçün polis şöbəsinə müraciət etmişdir. Cavabdeh 13000 manat almasını etiraf etsədə, guya həmin pulu ona qaytarmışdır. Halbu ki, ona heç bir məbləğdə pul geri ödənilməmişdir. Cinayət işinin başlanmasının rədd olunması haqqında 16 oktyabr 2022-ci il tarixli qərarından da görünür ki, Vüsal ondan 13000 mahat pul almışdır. Lakin birinci instansiya məhkəməsinin hakim işə baxarkən ona təzyiq və təsir etdiyinə görə ərizə yazmışdır. lakin ərizə onun fikrini əks etdirmir. Həmçinin qətnamədə onun adından qeyd edilən fikirlər və sözlər heç biri ona aid deyildir. Beləliklə onun ifadələri təhrif edilmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
10. 29 yanvar 2024-cü il tarixdə məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı 13000 manat borc almış və həmin puluda qaytarmışdır. Bərdə Rayon Məhkəməsində işə baxılarkən iddiaçı bu barədə ərizə də vermişdir. Cavabdeh iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
11. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
26. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
27. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. İşin hallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh 13000 manat verməsini, cavabdehin isə aldığı pulu qaytarmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
33. İşə baxan birinci instansiya məhkəməsi tərəflərin izahatlarını, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi ərizəni, eləcədə işin digər faktiki hallarını nəzərə alaraq iddianı rədd edərkən düzgün nəticəyə gəlsədə, lakin tətbiq edilməli olan maddi hüquq normalarını deyil, borc öhdəlik hüquq münasibətlərindən irəli gələn normalara istinad etmişdir. Mülki prosessual qanunvericiliyə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır.
34. Ona görə də kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1. maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2. maddəsinə görə isə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
36. İddiaçı tərəfindən cavabdehə 13000 manat verilməsi işin mübahisəsiz halı olsada, lakin həmin məbləğdə pulun borc verilməsi yazılı formada bağlanmamışdır. Tərəflər arasındakı mübahisə ondan ibarətdir ki, İddiaçı Cavabdeh verdiyi pulun sonuncu tərəfindən qaytarılmadığını, cavabdeh isə aldığı 13000 manat da daxil olmaqla iddiaçıya ümumilikdə 22000 manat qaytardığını bildirmişdir.
37. Birinci instansiya məhkəməsində işə baxılarkən İddiaçı məhkəməyə ərizə təqdim etmiş və həmin ərizədə göstərmişdir ki, “Cavabdeh 2022-ci il fevral ayınan1605 manat 13000-nin faizi (1605) ödəyib, 1100 manat 12 ərzində faizini ödəyib” (iş vərəqə 90)
38. İddiaçı apellyasiya şikayətində işə baxılarkən məhkəməyə təqdim etdiyi ərizənin hakimin təzyiq və təsiri altında, eləcədə onun diqtəsi ilə yazıldığını, izahatının təhrif olunmasını, apellyasiya məhkəməsinə ünvanladığı teleqramda isə Bərdə Rayon Məhkəməsində isə baxılarkən şiddətə məruz qaldığını bildirsədə, lakin 21 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında vermiş olduğu izahatında da göstərmişdir ki, “Sevil, Nigar və Pərvanə adlı şəxslərdən müxtəlif vaxtlarda ümumilikdə 13550 manat almış, həmin pulların aylıq faizi olaraq 1605 manat olmaqla Cavabdeh vermiş, o faizdən gələn pulu alsada əsas məbləği isə ona ödəməmiş,.əsas məbləğdən 500 manat lotoreya oynu ilə əlaqədar qaytarmış, faizdən gələn 1605 manat pulu 2022-ci ilin fevral ayından hər ay ödəmiş, 1100 manatı isə 12 ay ərzində hər ay ödəmişdir”. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh izahatında iddiaçıdan aldığı 13550 manata görə hər ay 1605 manat sələm, 12 ayda isə 1100 manat, cəmi 22000 manat ödədiyini bildirmişdir.
39. Kollegiya bir daha qeyd etməyi zəruri hesab edir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Apellyasiya icraatı zamanı işin tədqiq olunmuş faktiki halları isə onu deməyə əsas verir ki, İddiaçı Cavabdeh verdiyi 13000 manat sonuncu tərəfindən tam qaytarılmışdır.
40. Mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(021)-1104/2023 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan tənmin olunmamalı, ödənilmiş 129 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372, 385, 392, 393, 402, 403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(021)-1104/2023 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 129 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.