Məhkəmə qərarları › İş №2(104)-2343/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2343/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2343/2023 26.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(013)-1735/2023 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2134.73 manat borcun, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə hesablanmış 176.11 manat faiz və ödənilmiş 43.50 manat dövlət rüsumu olmaqla, cəmi 2354.34 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(013)-1735/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim R.Məmmədov) İddiaçı ASC-nin Cavabdeh qarşı cavabdehdən 2134.73 manat borcun, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə hesablanmış 176.11 manat faiz və ödənilmiş 43.50 manat dövlət rüsumu olmaqla, cəmi 2354.34 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(013)-1735/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BBLK4690545A204 saylı kredit kartına dair müqaviləsinə əsasən cavabdehə birkart ödəniş kartı təqdim edilmiş və kredit xəttinin ilkin istifadə ediləcək məbləği 700 manat müəyyənləşdirilmişdir. Həmçinin müqaviləyə əsasən həmin kartla bağlı AZN valyutasında cari hesab açılmış, lakin cavabdehə təqdim olunmuş plastik kartın hesabı səhvliklə ABŞ dolları ilə rəsmiləşdirilmişdir. Nəticədə cavabdeh tərəfindən kartla aparılmış əməliyyatların məbləği ilə cari hesabda formalaşan məbləğ arasında fərq yaranmışdır. Belə ki, cavabdeh kartdan 50 manat vəsait məxaric etdikdə kartın valyutası ABŞ dolları olduğundan bu əməliyyat kartda 29.55 ABŞ dolları olaraq konvertasiya olunmuş və kartla bağlı cari hesabda bu əməliyyat 29.55 manat borc olaraq formalaşmışdır. Bundan sonra cavabdeh borc ödənişi edərkən həmin əməliyyata görə 50 manat deyil, 29.55 manat ödəniş etmişdir. Nəticədə cavabdeh kredit kartından 5572 manat istifadə etsə də, cəmi 3437.89 manat ödəniş etmiş, 2134.73 manat isə ödənilməmiş qalmışdır. Daha sonra cavabdehin müraciətinə əsasən xx.xx.2022-ci il tarixdə kart müqaviləsinə xitam verilməsinə dair razlaşma bağlanmış, lakin borc ödənilməmiş olaraq qalmışdır. Məhkəmə iddianı rədd edərkən işin hallarının nədən ibarət olmasını, təqdim edilmiş çıxarışları nəzərə almamış, bank tərəfindən təqdim edilmiş sübutları araşdırmamışdır. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izhat verdi. Həmçinin göstərdi ki, 03 iyul 2023-cü il tarixində müştəriyə səhvən borcunun olmadığına dair 83 nömrəli maliyyə arayışı verilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(013)-1735/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, ona təqdim olunmuş plastik kartı iddiaçı tərəfin işçisinin səhvi ilə ABŞ dolları ilə rəsmiləşdirilmiş, o isə bunu bilməmişdir. Ona görə də, hazırkı iddia məbləği ilə bağlı onun heç bir günahı yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(013)-1735/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(013)-1735/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BBLK4690545A204 saylı “Kredit Müqaviləsi”nin sürətindən görünür ki, Cavabdeh birkart kredit kartı verilmiş və kredit kartının ilkin istifadə ediləcəyi məbləğ 700 (yeddi yüz) manat məbləğində müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Birkart Kredit Xətt müqaviləsinə xitam verilməsi ilə bağlı “Qarşılıqlı Razlaşma”dan görünür ki, Kapital Bank» ASC-nin X3 filialı ilə Cavabdeh arasında, xx.xx.2022-ci il tarixli BBLK4690545A204 saylı “Kredit Müqaviləsi”nə xitam verilməsi barədə razılığa gəlinmiş və müqaviləyə xitam verilmişdir. İddiaçı ASC-nin Ağdam rayon filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 83 saylı arayışda, Cavabdeh İddiaçı ASC-nin Təbriz filialından BBLK4690545A204 Referensli xx.xx.2022-ci il tarixində 700 manat məbləğində kredit kartı verildiyini, ödənişin xx.xx.2022-ci il tarixində tam ödənilib başa çatdığı və hal-hazırda Cavabdeh Kapital Bank» ASC-də heç bir borcunun mövcud olmadığı göstərilmişdir. İddiaçı ASC-nin Ağdam rayon filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 109 saylı arayışda, Cavabdeh İddiaçı ASC-nin Təbriz filialından BBLK4690545A204 Referensli xx.xx.2022-ci il tarixli müqavilə üzrə verilmiş 700 manat məbləğində kredit kartı üzrə xx.xx.2023-cü il tarixə 2134,73 (iki min yüz otuz dörd manat yetmiş üç qəpik) AZN ödənilməmiş borcu mövcuddur. 03 iyul 2023-cü il tarixində müştəriyə səhvən borcunun olmadığına dair 83 nömrəli maliyyə arayışı verilmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh kredit kartından 5572 manat istifadə etsə də, cəmi 3437.89 manat ödəniş etmişdir ki, 2134.73 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli BBLK4690545A204 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə Cavabdeh birkart kredit kartı verilmiş və kredit kartının ilkin istifadə ediləcəyi məbləğ 700 (yeddi yüz) manat məbləğində müəyyən edilmiş və Cavabdeh banka həmin kredit müqaviləsinə əsasən 2134,73 manat məbləğində banka borcu yaranmışdır. Belə ki, müqaviləyə əsasən həmin kartla bağlı AZN valyutasında cari hesab açılmış, lakin cavabdehə təqdim olunmuş plastik kartın hesabı səhvliklə ABŞ dolları ilə rəsmiləşdirilmişdir. Nəticədə cavabdeh tərəfindən kartla aparılmış əməliyyatların məbləği ilə cari hesabda formalaşan məbləğ arasında fərq yaranmışdır. Cavabdeh kredit kartından 5572 manat istifadə etsə də, cəmi 3437.89 manat ödəniş etmiş, 2134.73 manat isə ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikasının MM-nin: 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Cavabdeh İddiaçı ASC ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, müqaviləyə əsasən həmin kartla bağlı AZN valyutasında cari hesab açılmış, lakin cavabdehə təqdim olunmuş plastik kartın hesabı səhvliklə ABŞ dolları ilə rəsmiləşdirilmiş və cavabdeh kredit kartından 5572 manat istifadə etsə də, cəmi 3437.89 manat ödəniş etmiş, 2134.73 manat isə ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikasının MM-nin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasın, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində pul ödəməyə borcludur. Məhkəmə kollegiyasının iclasında iddiaçı bankın nümayəndəsi öz izahatında bankın səhvi ucbatından cavabdehə plastik kartın hesabı səhvliklə ABŞ dolları ilə rəsmiləşdirildiyini bildirmişdir. Ona görə də, kollegiya hesab edir ki, iddia tələbi bank uçot dərəcəsi üzrə hesablanmış 176.11 manat faiz borcu hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-ci maddələrinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(013)-1735/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 2134.73 (iki min yüz otuz dörd manat yetmiş üç qəpik) manat əsas borc və ödənilmiş 43,50 (qırx üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(013)-1735/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 2134.73 (iki min yüz otuz dörd manat yetmiş üç qəpik) manat əsas borc və ödənilmiş 43,50 (qırx üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar