Məhkəmə qərarları › İş №2(104)-2346/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2346/2023

19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2346/2023 19.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-623/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-52/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin, eləcə də həkmim xərcləri üçün də əlavə 50 manat, cəmi 270 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-623/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən Tahir Qubadov) iddia alimentin artırılmasına dair hissədə qismən, müalicə xərcinə dair hissədə tam təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin 2(061)-52/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2020-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat aliment, müalicə xərcinə görə 50 (əlli) manat pul tutularaq iddiaçı X6 verilməsi, dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, iddianın alimentin artırılmasına dair qalan hissədə təmin edilməməsi, iddiaçı X9 tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-623/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Yaşayış minimumu haqqında” Qanuna əsasən, ölkə üzrə 2023-cü il üçün bir uşağın saxlanma xərcinin 220 manat müəyyən edilməsi o demək deyil ki, tək bir valideyndən 220 manat aliment tutulmalıdır. İddiaçı ilə birgə nikahlarından doğulmuş Uğur adlı uşaq Daun sindromu xəstəsi olsa da, həmin xərcləri dölvət öz üzərinə götürərək bütün müayinə və müalicə xərclərini qarşılayır. Əlavə olaraq uşağa dövlət pensiya ayırıb. O, özü isə heç bir yerdə işləmir, maddi imkanı olduqca aşağıdır. Xəstəliyi səbəbindən işləyə bilmir. Qət edilmiş əvvəlki alimenti anasının pensiyası hesabına güc-bəla ilə ödəyir. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına teleqram üvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, o, hazırda işləmir, maddi vəziyyəti ağırdır. Onun əvvəlki qətnamə əsasında aliment borcu yığılmış, aliment borcuna görə 10 gün həbs olunmuşdur. Bu səbəbdən qətnamə ilə ondan tutulan məbləği ödəmək üçün maddi imkanı yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-623/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-623/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərində Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-623/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərində iddia tələbinin təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin iddianın təmin edilməmiş hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X10 doğulmuşdur. Tərtər Rayon Məhkəməsinin 2(061)-52/2013 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, hazırkı Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat alimentin tutularaq hazırkı İddiaçı verilməsi qət edilmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-680/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulması qət edilmişdir. K.Y.Fərəcova adına X2 tərəfindən verilmiş Epikrizdən görünür ki, yaşı xx.xx.2020-ci il olan X10 “J20.8 Kəskin bronxit. Obstruktiv sindrom ilə Q90.9 Daun sindromu. Q24Anadangəlmə ürək qüsuru D64.9 Anemiya” diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. mediator X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞG/MT007/2023-00774 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiNİN X1 Sistemindən xx.xx.2023-cü il tarixdə çıxarılmış məşğulluq haqqında arayışdan görünür ki, Rzayev X8 rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydə alınmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü Uğur adlı uşaqları doğulmuşdur. Tərəflər faktiki ayrılmış və Uğur adlı uşaq anasının himayəsində qalmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, aralarındakı nikah pozulmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(061)-52/2021 saylı qətnaməsinə əsasən, Uğurun saxlanılması üçün caavabdehdən 140 manat aliment tutulması qət edilmişdir. Uğur “J20.8 Kəskin bronxit. Obstruktiv sindrom ilə Q90.9 Daun sindromu. Q24Anadangəlmə ürək qüsuru D64.9 Anemiya” diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. Onun vaxtaşırı müayinə və müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cı il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat müəyyən edildiyindən və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğundan, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək səviyyədə saxlanmasını əsas tutaraq, habelə uşağın qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq, xx.xx.2020-ci il təvəllüdlü Uğur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(061)- 52/2021 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək hər ay 170 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. İşin müəyyən olunmuş hallarından görünür ki, Uğur adlı uşağın hazırda 3 yaşı olmaqla, azyaşlıdır və onun saxlanması üçün təyin edilmiş 140 manat məbləğində aliment hazırda azlıq təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunu uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Tərəflərin birgə nikahlarından doğulmuş Uğur adlı uşaq onların ayrıldıqları vaxtdan İddiaçı himayəsində qaldığı üçün onun sağlamlıq, yemək və digər məişət qayğılarının çəkilməsi yükü iddiaçının üzərinə düşdüyündən, bu hal qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Cavabdeh hazırda işləmədiyini, maddi vəziyyətinin ağır olmasını göstərsə də, həmin hallar qətnamə ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılmasına hüquqi əsas vermir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 50 manat məbləğində müalicə xərcin tutulması hissəsi ilə bağlı gəldiyi nəticəni də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla, yəni ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarla əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Lakin məhkəmə bu zaman valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə almalıdır. İş materialları ilə təsdiq edilir ki, tərəflərin birgə yaşayışlarından xx.xx.2020-ci il təvəllüdlü X10 “J20.8 Kəskin bronxit. Obstruktiv sindrom ilə Q90.9 Daun sindromu. Q24Anadangəlmə ürək qüsuru D64.9 Anemiya” diaqnozu ilə xəstəlikdən əziyyət çəkir və bu səbəbdən onun vaxtaşırı müayinə və müalicəyə ehtiyacı vardır. İddiaçı bir valideyin kimi təkbaşına, Uğuru vaxtaşırı həkim müayinəsindən keçirməyə məcbur olur və həkim müayinəsindən keçirir, habelə onu müalicə etdirir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi müalicə xərci tələbinə dair hissədə də əsaslıdır və cavabdeh də bir valideyin kimi uşağın müayinə və müalicəsində də iştirak etməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın qismən təmin edilmiş hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin həmin hissədə maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-623/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-623/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar