Məhkəmə qərarları › İş №2(104)-2347/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2347/2024

09.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2347/2024 09.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Qurbanova (Bayramova) Nargilə Rövşən qızına qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (bundan sonra- iddiaçılar) cavabdeh Qurbanova (Bayramova) Nargilə Rövşən qızına(bundan sonra- cavabdeh) qarşı “mülkiyyət hüququnun qeydə alınması ilə bağlı maneənin aradan qaldırılması" tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 nömrəli qərarı ilə iddiaçıların və X1 ümumi birgə mülkiyyətinə Şəmkir rayonu, Seyfəli kəndi ərazısındə 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh bildirir ki, iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş həmin torpaq sahəsini o və keçmiş əri X4 2015-ci ildə iddiaçılardan almışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alınmasına dair cavabdehin etdiyi maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində 0,07 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə onlara ayrılmışdır. Paylı mülkiyyətçilərdən olan X5 14 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Bu baxımdan vərəsəlik qaydasında hüquqlarının qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrinə ərizə ilə müraciət edərək, vərəsəlik qaydasında hüquqlarını qeydə alınmasını xahiş etsələr də, cavabdehin yaratdığı maneə nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestri 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndələrini evə buraxmadığından mütəxəssislər tərəfindən müayinə aparıla bilməmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə X4 ilə ailə qurmuşdur. Birgə nikahlarından iki övladı olmuşdur. Bir il X2 valideyinlərinə məxsus evdə yaşamışlar. Sonradan onun və X2 birgə vəsaiti ilə 2015-ci ildə iddiaçılara məxsus evi satın almışlar. Lakin həmin vaxt müəyyən səbəblərə görə, yəni iddiaçıların səhhətində olan problemlərə görə alğı-satqı müqaviləsini notarial təsdiq etdirə bilməmişlər. Sonra 2015-ci ildən həmin fərdi yaşayış evinə köçüb ailəsi ilə birlikdə yaşamışlar. İddiaçılar onlara fərdi yaşayış evini satarkən bir mərtəbəli, 4 otaqlı yaşayış evi olmuşdur. Sonradan həmin evin üzərindən ikinci mərtəbə ev inşa etdirmişlər. 2021-ci ildə X4 ilə ayrılmışlar. X4 ilə ayrıldıqdan sonra da o, övladları ilə birlikdə hazırkı mübahisə olunan evdə yaşamışlar. Cehiz əşyaları həmin ünvandadır. Əlavə qeyd edir ki, iddiaçıların hazırda sənədləşdirmək istədikləri evi o, X4 ilə birlikdə 2015-ci ildə satın almışlar. Sonra orada mövcud olan evi yenidən təmir etdirmişlər. Mövcud evin üzərindən ikinci mərtəbə olmaqla evi inşa etmişlər. Hazırda iddiaçıların həmin evi öz adlarına sənədləşdirməsi tam əsassızdır. Həmin evin inşa olunmasında onların heç bir xərci olmamışdır. 9 ildən artıq müddətdir həmin evdə yaşayır. İddiaçıların da onun həmin evdə yaşamığı, ev və digər əlavə tikililər inşa etməklərindən məlumatları olmuşdur. Lakin hazırkı vaxtadək, yəni evin inşa olunmasına və həmin evdə yaşamasına iddiaçılar heç bir etiraz etməmişlər. Hazırkı iddia tələbi ilə müraciət etməkdə iddiaçıların məqsədi onu evdən çıxarıb evi X3 verməkdir. Həmin evin alınması və inşa edilməsi X2 vəsaiti hesabına olmuşdur. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(076)- 1883/2024 nömrəli iş üzrə qəbul etdiyi 21 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia tələbinin təmin edilməsi, Şəmkir rayon, Aşağı Seyfəli kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsində (JN-2366A Kod 50413005 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdeh Qurbanova (Bayramova) Nargilə Rövşən qızı tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdeh iddiaçıların mülkiyyət hüququnu pozur, onların mülkiyyət hüququnu həyata keçirməyə maneə olur. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 158.1, 158.1.2, 158.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, hazırda iddiaçılar və X4 cavabdehi və övladlarını qanunsuz olaraq yaşadığı mənzildən məhrum etmək istəyirlər. Məhkəmə haqsız olaraq qeyd olunan qətnaməni qəbul etmişdir. Bu da onu göstərir ki, məhkəmə işi araşdırmadan qanunsuz və əsassız qətnamə çıxarmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçılar apellyasiya şikayətinə etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh apellyasiya şikayətində Rayon Məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən məhkəmə aktının əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ 29.3.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 165.1 Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən iddiaçıların tələbinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Belə ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli, 56 nömrəli qərarı ilə iddiaçıların ümumi birgə mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçılar bildirir ki, cavabdeh onlara məxsus olan torpaq sahəsindən istifadə etməyə mane olur. Cavabdeh isə bu halı mübahisələndirmir, iddiaçılara maneə yaratmaqda haqlı olduğunu, həmin torpaq sahəsini və onun üzərində yerləşən evi 2015-ci ildə iddiaçılardan aldığını bildirir. Rayon Məhkəməsi tərəfindən iddia tələbinin dəlillərinə qiymət verildiyini və Məhkəmənin birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq Məhkəmə hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə Məhkəmə bildirir ki, cavabdeh bildirdiklərini(mübahisəli torpaq sahəsini və ya həmin torpaq sahəsi üzərində yerləşən evi 2015-ci ildə iddiaçılardan alması) təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Odur ki, Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Qurbanova (Bayramova) Nargilə Rövşən qızının apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 avqust 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar