Məhkəmə qərarları › İş №2(104)-2352/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2352/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2352/2024 05.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1703/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə) Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada cəmiyyətin xeyrinə kredit müqaviləsi üzrə 1743,04 manat əsas borc, ona hesablanmış 159,87 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 208 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 2110,91 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/00001ET015720/1 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə illik 30 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini kimi digər Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli, 2023/00001ET-Z015720-1/1 saylı zaminlik müqavilələri bağlanılmışdır. Borcalan tərəfindən kredit müqaviləsi üzrə ödəmələrdə pozuntulara yol verilmişdir. Bununla bağlı cavabdehə müraciət edilərək borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh yenə də öhdəliyin icra etməmişdir. Hazırda cavabdehin borcu kredit müqaviləsi üzrə 1743,04 manat əsas borc, ona hesablanmış 159,87 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 208 manat məbləğində dəbbə pulu olmaqla cəmi 2110,91 manat təşkil edir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1703/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev ) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 1743,04 manat əsas borc, ona hesablanmış 159,87 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 10 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1912,91 (bir min doqquz yüz on iki manat doxsan bir qəpik) manat pul məbləğinin alınaraq İddiaçı BOKT ASC-yə verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 45 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı BOKT ASC -yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1703/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə ancaq İddiaçı BOKT ASC-nin məhkəməyə təqdim etdiyi sənədlər araşdırılmışdır. İddiaçı BOKT ASC özünə xeyir edən sənədləri məhkəməyə təqdim etmişdir. Ödənilmiş pulun hara silinməsi məhkəmə iclasında araşdırılmamışdır. İddiaçı BOKT ASC-nin iddia tələbində borcu həddindən artıq şişirtmişdir. Ödənilən pulları əsassız olaraq faiz və cəriməyə silinmişdir. Qətnamədən də görünür ki, İddiaçı BOKT ASC məhkəməyə yalnız borc haqqında arayış təqdim etmişdir. Halbuki, İddiaçı BOKT ASC kredit müqaviləsi üzrə ödənilmiş məbləğlərlə bağlı hesabdan çıxarışı məhkəməyə təqdim etməli, bu da ödənilmiş məbləğlərin İddiaçı BOKT ASC tərəfindən iddia tələbində qeyd edilən əsas borcun, faiz və cərimə borcuna əsassız silinmələr araşdırılmalıdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(062)-1703/2024 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1703/2024 nömrəli qətnaməsindən cavabdehlərdən yalnız Cavabdeh2 apellyasiya şikayəti versə də, tələb bölünməz olduğundan, yəni borc məbləği cavabdehlərin hər ikisindən müştərək qaydada tutulduğundan qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılır və hazırda birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməyən digər cavabdehin (Cavabdeh1) sonradan həmin qətnaməni mübahisələndirməklə, apellyasiya şikayəti vermək hüququ istisna olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 saylı qərardadının 14-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında MPM-in 372.6-cı maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apellyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirmişdir. Mübahisənin predmetinin bölünməz olması məsələsi isə tərəflərin şikayət və etirazlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfindən müəyyən olunmalıdır. Həmçinin, həmin qərardadda qərara alınmışdır ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Ona görə də, hazırkı apellyasiya baxışının hədlərini Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1703/2024 nömrəli qətnaməsinin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə tam yoxlanlması təşkil edir. İş materiallarında olan: Kreditor İddiaçı BOKT ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/00001ET-015720/1 saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalan 24 ay müddətinə illik 30 faiz olmaqla 2000 manat məbləğində kredit verilməsi barədə razılığa gəlinmişdir. Kreditor İddiaçı BOKT ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023/00001ET-Z015720-1/1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcalan Cavabdeh1 kreditor qarşısında öhdəliklərini yerinə yetirməsinə görə onunla birgə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür Kreditor İddiaçı BOKT ASC tərəfindən təqdim edilmiş borc haqqında arayışdan görünür ki, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə kreditora kredit müqaviləsi üzrə 1743,04 manat əsas borc, ona hesablanmış 159,87 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 208 manat məbləğində dəbbə pulu olmaqla cəmi 2110,91 manat borcu vardır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, Cavabdeh1 müqavilə üzrə öhdəliyini pozaraq qrafik üzrə ödənişləri yerinə yetirməmişdir. Buna görə də iddiaçının müqaviləni ləğv etmək, borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bununla belə hesablanmış cərimə məbləği tərəflərin əmlak vəziyyətinə və mənafelərinə uyğun deyildir. Cərimənin məbləğinin 10 manat həddə müəyyən edilməsi qanuni və əsaslı olar. Ona görə də iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 1743,04 manat əsas borc, ona hesablanmış 159,87 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 10 manat məbləğində dəbbə pulu olmaqla cəmi 1912,91 manat pul məbləği alınaraq İddiaçı BOKT ASC-yə verilməlidir. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, Tovuz Rayon Məhkəməsinin bu iş üzrə iddianın qismən təmin edilmiş hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1703/2024 nömrəli qətnaməsi iddianın qismən təmin olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin Cavabdeh2 kredit müqaviləsi üzrə borcunun şişirdilmiş məbləğdə hesablanması barədə dəlillərini əsassız sayır. Belə ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışında cavabdeh tərəfindən ödənilmiş əsas və faiz borcları dəqiqliklə əks olunmuş və yaranmış əsas, faiz və cərimə borcu heç bir şübhə yaratmır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1703/2024 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə biməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar