Məhkəmə qərarları › İş №2(104)-2358/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2358/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2358/2023 21.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin 2(062)-140/2023 saylı mülki iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Mülki işin materiallarında olan Kreditor "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında ******* nömrəli müqavilədən görünür ki, bank tərəfindən müştəriyə cari hesab açılması və hesab üzrə plastik kart(lar) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, müştəri tərəfindən isə bu müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə haqq ödəməyi öhdəsinə götürməsi barədə razılıq əldə olunmuşdur.

2. Mülki işin materiallarında olan maliyyə arayışından görünür ki, borcalan Cavabdeh müqavilə üzrə kreditora 5049,77 manat əsas və 2083,95 manat cərimə borcu olmaqla cəmi 7133,72 manat borcu vardır.

3. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/160 saylı ekspert rəyindən görünür ki, AZ91UBAZ**********1010AZNO002 (kartın nömrəsi 524375TQFRUH3161) saylı hesabda aparılmış əməliyyatların izahına dair bank sənədi, hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli, ******* saylı müqavilədə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2022-ci il tarixinə (iddia tarixinə) "xxxx" KB ASC-nə olan borcu 5.049,77 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc 5.049,77 manat, faiz borcu 0 manat. Həmçinin hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdə heç bir əməliyyat aparılmamışdır. xx.xx.2021-ci il tarixdə isə balans 5.223,13 manat təşkil etmişdir. AZ91UBAZ**********1010AZNO002 (kartın nömrəsi 524375TQFRUH3161) saylı hesabda aparılmış əməliyyatların izahına dair bank sənədinə əsasən - “xx.xx.2021-ci il tarixdə müştəri 524375TQFRUH3161 nömrəli karta ******* NCR ATM TOVUZ BRANCH (CASH İN) vasitəsilə 5201 manat (5 manat + 3335 manat + 1861 manat) mədaxil edərkən eyni vəsait 5201 manat (5 manat + 3335 manat + 1861 manat) xx.xx.2021-ci il tarixində kart balansına balans faylı ilə yenidən köçürülmüş və ümumi balans 10402 manat təşkil etmişdir. Qeyd edilir ki, həmin əməliyyatlar (mədaxil olunan məbləğlərin cəmi xx.xx.2021-ci il tarixə) hesabdan çıxarış məlumatlarında xx.xx.2021-ci il tarixdə 15.600,87 manat məbləğində göstərilmiş və bankomat (ATM) vasitəsilə hesaba mədaxil edilmişdir. Bundan başqa hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi ümumilikdə 19.516,00 manat məbləğində pul bankomat (ATM) və online ödəniş vasitələri ilə məxaric edilmişdir. Qeyd edilir ki, xx.xx.2021-ci il tarixli 5.150,87 manat məbləğindəki əməliyyat səhvən keçən NCR əməliyyatların qaytarılması (əməliyyata düzəliş) kimi göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 5049,77 manat əsas, 2083,95 manat cərimə borcu, iş üzrə ödənilmiş 91,34 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutularaq "xxxx" KB ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Tovuz Rayon Məhkəməsinin 2(062)-140/2023 saylı mülki iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim: F.Əliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 5049,77 manat əsas və 50 manat cərimə borcu olmaqla cəmi 5099,77 (beş min doxsan doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində pulun alınaraq, iddiaçı "xxxx" KB ASC-yə verilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş puldan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 71 manat məbləğdə vəsaitin və 0,40 manat xidmət haqqının əvəzinin Cavabdeh alınaraq, iddiaçı "xxxx" KB ASC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-140/2023 saylı mülki iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızıdr. Belə ki, bank tərəfindən onun plastik kartına səhv olaraq yüklənmiş və sonradan həmin pul bank tərəfindən silinmişdir. Yəni, o, həmin pulu nağdlaşdirməmişdir. Bununla bağlı bank məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi onun kartdan pulu Tovuz şəhərində yerləşən "xxxx" ASC-nin filialında olan bankamatdan nağdlaşdirməsi barədə verdiyi izahat əsassızdır. Belə ki, həmin gün o, qeyd edilən ərazidə olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya məhkəməsində icraat

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" KB ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

15. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

16. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

Prosessual hüquq normaları

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

18. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri

22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

23. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə olan qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, irəli sürülən iddianı qismən təmin edərkən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. İddia tələbinin kökündə tələb etmənin əsası kimi xx.xx.2020-ci il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında ******* nömrəli müqavilə dayanır. Məhz iddiaçı təşkilat həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan müqavilənin tələblərini pozaraq texniki overdraft üzrə səhvən balansa köçürülmüş pul vəsaitini nağdlaşdıraraq çıxarmış və geri ödəməmişdir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan xx.xx.2020-ci il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında ******* nömrəli müqaviləni Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Həmin müqavilənin 3.4.2-ci bəndinə əsasən kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək müştərinin vəzifəsi kimi müəyyən edilmişdir. Texniki Overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449- cu maddələri). İş materiallarından görünür ki, cavabdeh müqavilə öhdəlikləri üzrə üzərinə düşən öhdəliyi icra etməmiş və hesabına səhvən köçürülmüş pul vəsaitini nağdlaşdıraraq istifadə etmiş, lakin həmin vəsaiti geri qaytarmamışdır. Cavabdeh bu halı inkar etdiyi üçün məhkəmə tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və alınmış ekspertin rəyi ilə müəyyən edilmişdir ki, borcalanın xx.xx.2022-ci il tarixinə (iddia tarixinə) 5.049,77 manat məbləğində əsas borcu vardır. Rəydə daha sonra göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə müştəri 524375TQFRUH3161 nömrəli karta ******* NCR ATM TOVUZ BRANCH (CASH İN) vasitəsilə 5201 manat (5 manat + 3335 manat + 1861 manat) mədaxil edərkən eyni vəsait 5201 manat (5 manat + 3335 manat + 1861 manat) xx.xx.2021-ci il tarixində kart balansına balans faylı ilə yenidən köçürülmüş və ümumi balans 10402 manat təşkil etmişdir. Göründüyü kimi kreditor tərəfindən texniki overdrafta yol verilərək köçürülən vəsait təkrarən cavabdehin balansına köçürülmüş və həmin vəsait nəticəsində müştəri əsassız varlanmışdır. Həmin vəsait isə kreditora geri qaytarılmamışdır. Məhkəmə rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də rəy mötəbər sübut kimi qəbul edilməlidir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

27. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edilən vəsaiti nağdlaşdırmadığını, həmin vəsaitin bank tərəfindən silindiyini və banka heç bir borcunun olmadığını qeyd etmiş, iddianın təmin edilən hissəsində qətnamənin doğru olmadığını iddia etmişdir.

28. Məhkəmə kollegiyası aparılan araşdırmaların nəticəsi kimi hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

29. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. 30.İşin məhkəmədə müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, cavabdeh müqavilə öhdəlikləri üzrə üzərinə düşən öhdəliyi icra etməmiş və hesabına səhvən köçürülmüş pul vəsaitini nağdlaşdıraraq istifadə etmiş, lakin həmin vəsaiti geri qaytarmamışdır. Cavabdeh bu halı inkar etdiyi üçün məhkəmə tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/160 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, borcalanın xx.xx.2022-ci il tarixinə (iddia tarixinə) 5.049,77 manat məbləğində əsas borcu vardır. Rəydə daha sonra göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə müştəri 524375TQFRUH3161 nömrəli karta ******* NCR ATM TOVUZ BRANCH (CASH İN) vasitəsilə 5201 manat (5 manat + 3335 manat + 1861 manat) mədaxil edərkən eyni vəsait 5201 manat (5 manat + 3335 manat + 1861 manat) xx.xx.2021-ci il tarixində kart balansına balans faylı ilə yenidən köçürülmüş və ümumi balans 10402 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli 5.150,87 manat məbləğindəki əməliyyat səhvən keçən NCR əməliyyatların qaytarılması (əməliyyata düzəliş) kimi göstərilmişdir.

31. Kollegiya hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/160 saylı ekspert rəyinin işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üşün heç bir əsas yoxdur. Belə ki, həmin rəy bu qəbildən olan rəyləri vermək səlahiyyəti olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş və kifayət qədər aydın tərtib edilmişdir.

32. Göründüyü kimi, iş materiallarında olan mötəbər sübutlarla işin faktiki halları kimi müəyyən olunur ki, kreditor tərəfindən texniki overdrafta yol verilərək köçürülən vəsait səhvən-təkrarən cavabdehin balansına köçürülmüş və cavabdeh hesabına səhvən köçürülmüş pul vəsaitini nağdlaşdıraraq istifadə etmişdir. Həmin vəsaitin əsassız nağdlaşdırılması nəticəsində cavabdeh əsassız varlanmışdır. Həmin vəsait isə kreditora geri qaytarılmamışdır Artıq yuxarıda qeyd edildiyi kimi, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Kollegiya hesab edir ki, irəli sürülən iddianı qismən təmin edərkən, birinci instansiya məhkəməsi işin faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

33. Ona görə də məhkəmə kollegiyası iş materiallarında olan sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-140/2023 saylı mülki iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Hazırki işdə iddianın qiyməti 5000 manatdan çox məbləğdir. Ona görə də Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinin tələblərinə əsasən bu qətnamədən kassasiya şikayəti verilə bilər.

35. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-140/2023 saylı mülki iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar