Məhkəmə qərarları › İş №2(104)-2358/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2358/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2358/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5724/2024 nömrəli qərardadından İddiaçı Nürəddin oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “10000 manat pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5724/2024 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış və mövqeyini onunla əsaslandırmışdır ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatlardan müəyyən olunmuşdur ki, Cavabdeh Ağdam şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə, prosessual norma qismində Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə istinad etmişdir. İddiaçı həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayətlə müraciət edərək qərardadın ləğv edilməsini və işin icraata götürülməsini xahiş etmiş və müraciətini onunla əsaslandırmışdır ki, cavabdeh məcburi köçkün olmaqla sonuncunun faktiki yaşayış yeri Ağdam rayonu deyildir. Şikayətə baxmış Gəncə Şəhər Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Şikayətin dəlillərini əsassız, birinci instansiyası məhkəməsinin mövqeyini əsaslı sayan məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə araşdırması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatla müəyyən edilmişdir ki, Cavabdeh Ağdam şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının şikayət dəlillərinə münasibətdə qeyd edilməlidir ki, cavabdehin məcburi köçkün olması və sonuncunun qeydiyyat yeri üzrə yaşamaması işə baxılmasının ərazi aidiyyətinin dəyişməsi üçün əsas deyildir və qanunverilikdə bu halla bağlı hər hansı isitsna nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin işə baxılmasının ərazi aidiyyəinə dair göstərişləri qətidir və məhkəmələr prosessual qanunvericiliyin tələblərinin tətbiqinə, gözlənilməsinə mükəlləfdirlər. Beləliklə şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin mübahisə predmeti olan qərardadı qanunvericiliyin tələblərinə uyğun olduğundan və şikayətin dəlilləri əsasız olduğundan şikayət təmin edilməməli və barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5724/2024 nömrəli qərardadından İddiaçı Nürəddin oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5724/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar