Məhkəmə qərarları › İş №2(104)-236/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-236/2024

15.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-236/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: su bulağına qoyulmuş qadağaların aradan qaldırılması, qanunsuz hərəkətlərin qadağan edilməsi; ümumi istifadədə olan su Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (oğlu) X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdeh və ailə üzvləri tərəfindən bulağa qoyulmuş qadağaların aradan qaldırılması, su nasosunun, bulağa vurulmuş qıfılın, tor setkanın götürülməsi və həmin hərəkətlərin təkrarlanmasına qadağa qoyulması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(042)-617/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 15 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gədəbəy rayon İHB-nın Poladlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 244, 245 və 247 saylı arayışlardan görünür ki, İddiaçı1, İddiaçı2 və Cavabdeh hazırda Heriknaz kəndində yaşayırlar və qeydiyyatdadırlar.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı1 oöğlu və İddiaçı2 tərəfindən mübahisələndirilən bulaqlar (üç ədəd bulaq) ümumi istifadədə olan bələdiyyətinə mülkiyyətinə məxsus torpaq sahələrində yerləşir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvüləri tərəfindən ümumi istifadədə olan bulaqlara etmiş olduqları qadağaların aradan götrülməsi və bulağa qoymuş olduğu su nasosunun götrülməsi və bulağa vurmuş olduğu qıfılın götürülməsi, tor setkanın bulağın ətrafından götürülməsi və belə halların təkrarlanmasına qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 tələblərini onunla əsaslandırmışlar ki, onlar yaşadıqları Gədəbəy rayonu Heriknaz kəndi ən ucqar kəndlərdən biridir. Su qıtlığından həmin kənddə demək olar ki, 10-a yaxın evdə yaşayış vardır. Kəndin ümumi istifadəsində həmin kənddə yaşayış olandan hal-hazıra qədər olan dövr ərzində onların evlərinin yaxınlığında təbii qaydada yerdən çıxma bulaq var və həmin bulaqlardan heyvanlarının suvarılması, eləcə də özlarinin içməli suyu kimi istifadə edirlər. Həmin bulaqlar cavabdehin həyətyanı torpaq sahəsinin yaxınlığından çıxmağından istifadə edərək, həmin bulaqların yerləşdiyi ərazini tor setka ilə çəpərləyərək bir bulağa su nasosu qoyaraq ağzını dəmir kaniksturusyalarla bağlayaraq qıfıl vurmuş, digər bulağın üstünü isə örtərək onların həmin bulaqlaran istifadələrini məhdulaşdırmışdır. Sözügedən bulaqlar bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində olmaqla, cavabdeh indiyədək onlarla birlikdə ümumi qaydada həmin sudan istifadə etmişdir. Həmin sudan son dövrə qədər istifadə etdikləri müddətdə cavabdehlə heç bir söz-söhbət olmamışdır. Hal-hazırda cavabdeh sudan onların istifadə etmələrinə ailəlikcə maneçilik törədir. Bir sözlə suyu vermək istəmirlər. Bugünkü günü başqa bir yerdə içməli su olmadığı üçün yeganə su olaraq bu sudan istifadə etmişlər. Cavabdeh və onun ailə üzvlərini nizam-intizama dəvət etsələr də, müsbət nəticə olmamışdır. Bir sözlə cavabdeh öz çirkin əməllərindən əl çəkmək istəmir. Nəticədə onların suyu kəsilmişdir. Cavabdeh tərəfindən onlar sularının kəsilməsi ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyəti Başçısına, Gədəbəy rayonunun Poladlı kənd İƏD-üzrə nümayəndəliyinə və kənd Bələdiyyəsinə müraciələr etmişlər. Qaraməmmədli Bələdiyyəsinin sədri M.Həsənova onlar rəsmi ərizə ilə müraciət etmiş və onların müraciətləri əsasında mübahisəli suya baxış keçrilmiş və Cavabdeh və onun ailə üzvülərinə su mənbəyinə qoymuş olduqları su matorunun götrülməsi və bulağın ətrafına çəkmiş olduğu tor setkanın götrülməsini bildirilsə də bələdiyyənin dediklərinə əməl etməmiş və sudan onların istifadə etməyə qoymayacağını bildirmişdir. Bu barədə Bələdiyyə sədri onlara rəsmi məktub ünvanlamış və qeyd etmişdir ki, mübahisəni dinc yolla həll etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə orqanlarına müraciət etmələri bildirilmişdir. Cavabdeh həmin təşkilatların nümayəndələri tərəfindən könüllü olaraq intizam-intizama dəvət edilsə də bu mümkün olmamışdır. Cavabdeh öz inadından demək olar ki, əl çəkmir. Yekunda onlara bildirilmişdir ki, bu məsələ mülki mübahisə olduğu üçün adiyyəti üzrə Gədəbəy rayon Məhkəməsinə müraciət etməsi barədə məktublar təqdim olunmuş və məsləhət görülmüşdür.

5. Gədəbəy Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(042)-617/2023 nömrəli qətnaməsi ilə (Marif Kazımov) iddia tələbi təmin edilərək, Cavabdeh və onun ailə üzvləri tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 Gədəbəy rayonu, Heriknaz kəndində yerləşən hazırki iş üzrə mübahisəli, ümumi istifadədə olan bulaqlardan istifadələrinə bulaqlara qoyulmuş su nasosu, çəkilmiş metal tor və qıfıl götürülərək edilən maneələrin aradan qaldırılması, Cavabdeh və ailə üzvləri tərəfindən həmin maneələrin təkrarlanmasına qadağa qoyulması və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manatın Cavabdeh alınaraq, İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 158.1, 158.2, 158.3 və 158.4-cü maddələrinə, həmçinin Su Məcəlləsinin 11, 12, 13, 35, 36, 38 və 51-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, bulaqların yerləşdiyi və onun tərəfindən metal tor ilə hasarlanmış olduğu yer ata yurdudur. Həmin bulaq onlara məxsus torpaq sahəsində yerləşdiyi üçün uzun illərdir ki, o və ailə üzvləri həmin bulaqdan istifadə edirlər. Bulaq onun və ailə üzvlərinin xüsusi mülkiyyətindədir. İddiaçıların özlərinin bulaqları vardır. Lakin buna baxmayaraq iddiaçılar onun bulaqlarına göz dikirlər. Ailələri dörd nəfərdən ibarətdir. Hər bir insana su lazım olduğu kimi onların da suya ehtiyacları var. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Lakin birinci instansiya məhkəməsinin hakimi onun dediklərini və xahişini nəzərə almadan və işi araşdırmadan iddiaçıların iddiasını tam təmin edərək qətnaməni iddiaçıların xeyrinə çıxartmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçıların mübahisələndirdikləri su bulaqları ona məxsus fərdi yaşayış evinin həyətində yerləşir və bulaqlar onlara məxsusdur. Mütəxəssislər gəlib bulaqlara baxıb getmişlər. Mütəxəssis rəyinə etiraz edir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, istifadə etmələrinə cavabdeh tərəfindən qadağa qoyulmuş su bulaqlarından əvvəllər istifadə etmişlər. Sonradan cavabdeh bulaqlardan birinə qıfıl qoymuş, digər bulağın isə ətrafına setka çəpər çəkmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı2 bildirmişdir ki, su bulağı cavabdehin evinin həyətindən kənarda yerləşir. Həmin su bulaqlarından başqa kənd ərazisində ümumi istifadə üçün nəzədə tutulmuş başqa bulaq yoxdur. İddiaçı2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 da digər İddiaçı2 ilə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Su Məcəlləsi

13. Maddə 13. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən yerli əhəmiyyətli su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətində olan su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ümumi istifadəyə, fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə, habelə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyə mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini qanunvericiliklə onlara verilmiş səlahiyyətlər daxilində bələdiyyələr həyata keçirirlər.

14. Maddə 35. Su obyektləri içməli su və məişət təchizatı, müalicə, kurort və sağlamlaşdırma, istirahət və idman, sənaye, tikinti və energetika, kənd təsərrüfatı, meşə təsərrüfatı, hidroenergetika, nəqliyyat, balıqçılıq, o cümlədən akvakultura, ovçuluq, tullantı suların axıdılması, yanğından mühafizə və digər məqsədlər üçün istifadə edilə bilər.

15. Maddə 36. Ümumi istifadədə olan su obyektləri — istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər.

16. Maddə 38. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir.

17. Maddə 47. Su kəməri olmadıqda əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi bilavasitə çayların, su quyularının, kəhrizlərin, bulaqların və digər su mənbələrinin suyundan yalnız qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarına uyğun olaraq istifadə edilə bilər.

18. Maddə 51. Su obyektlərindən kənd təsərrüfatı ehtiyacları üçün istifadə, sudan istifadə limitlərinə riayət etməklə, ümumi və xüsusi məqsədlər üçün istifadə qaydasında həyata keçirilir.

19. Maddə 55. Kənd təsərrüfatı müəssisələrinin, ailə kəndli təsərrüfatının, digər hüquqi və fiziki şəxslərin onların mülkiyyətinə və istifadəsinə verilmiş torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada bulaqlardan, kəhrizlərdən, digər təbii su mənbələrindən istifadə etmək, bu mənbələr üzərində sututarlar və su təsərrüfatı qurğuları düzəltmək hüquqları vardır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər Gədəbəy rayonu Heriknaz kəndində yaşayırlar. Kənd ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin üzərində ümumi istifadə üçün nəzərdə tutulmuş iki ədəd su bulağı mövcuddur. Cavabdeh tərəfindən həmin su bulaqlarından iddiaçılar tərəfindən istifadə edilməsinə mane yaradılır. Belə ki, cavabdeh həmin bulaqlardan birinin ətrafına metal tor hasar çəkmiş, digər bulağın üstünü dəmir konstruksiya ilə bağlayaraq ordan suyun çəkilməsi üçün su nasosu qoymuş və qıfıl ilə bağlamışdır. Ona görə də iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etmişlər.

31. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, mübahisəli su bulaqlarının nə iddiaçılara, nə də ki, cavabdehə məxsus olması və ya hər hansının həmin bulaqlar üzrə üstün hüquqa malik olması müəyyən edilmir. Həmin mübahisəli su obyekti ümumi istifadədədir. Bu suyun istifadəsi hamı üçün eynidir. Həmin sudan istifadəyə hər hansı şəxsin üstün hüququ istisna edilir və həmin sudan hamı bərabər istifadə etməlidir. Cavabdeh tərəfindən həmin su bulaqlarına nasos qoyularaq suyun çəkilməsi, üzərinin dəmir konstruksiya ilə bağlanaraq qıfıl vurulması və ətrafına metal tor hasar çəkilməsi iddiaçıların həmin sudan cavabdehlə bərabər şəkildə istifadə etmələrinə mane yaradır. Ona görə də cavabdeh tərəfindən su obyektlərinə yaradılan manelər aradan qaldırılmalı və tərəflərin həmin su obyektlərindən bərabər şəkildə istifadə etmələrinə imkan yaradılmalıdır.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

33. İşin mübahisəsiz halıdır ki, Cavabdeh Gədəbəy rayonu Heriknaz kəndində bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin üzərində ümumi istifadə üçün nəzərdə tutulmuş iki ədəd su bulağından birinin ətrafına metal tor hasar çəkmiş, digər bulağın üstünü dəmir konstruksiya ilə bağlayaraq ordan suyun çəkilməsi üçün su nasosu qoymuş və qıfıl ilə bağlamışdır. Cavabdehin bu hərəkətləri nəticəsində də iddiaçılar həmin su bulaqlarından istifadə imkanlarını itirmişlər.

34. Cavabdehin dəlili ondan ibarətdir ki, su bulaqları ona məxsus fərdi yaşayiş evinin həyətində yerləşir və bulaqlar ona və ailə üzvlərinə aiddir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin bu dəlilinin obyektiv araşdırılması məqsədilə apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsindən mütəxəssis rəyi alınmış rəylə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 oöğlu və İddiaçı2 tərəfindən mübahisələndirilən bulaqlar (üç ədəd bulaq) ümumi istifadədə olan bələdiyyətinə mülkiyyətinə məxsus torpaq sahələrində yerləşir.

36. Cavabdeh iş üzrə verilmiş mütəxəssis rəyinə etiraz etsə də, lakin rəyin hansı səbəbdən düzgün olmadığı barədə hər hansı əsaslı arqument irəli sürə bilməmişdir. Hərçənd ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın kadastrı və ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş cavabdehə məxsus torpaq sahələrinin ölçü planı ilə su bulaqlarının yerləşmə koordinatları aşkar şəkildə müəyyən edilmişdir. Beləliklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı bir şübhə yaratmamışdır.

37. Nəzərə alınmalıdır ki, “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar, habelə yaşayış məntəqələri daxilində ümumi istifadədə olan içməli məqsədlər üçün istifadə olunan bulaqlar, quyular, kəhrizlər istisna olunmaqla, bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə olunur.

38. Göründüyü kimi, ümumi istifadədə olan bulaqlar, quyular və kəhrizlər ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Belə olan təqdirdə iddiaçıların ümumi istifadədə olan sudan istifadə hüququ vardır və bu hüququn həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan manelər qanunsuzdur.

39. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır.

40. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmiş və məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(042)-617/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar