Məhkəmə qərarları › İş №2(104)-2363/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2363/2023

27.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2363/2023 27.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(125)-4697/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməsi və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1554/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaqlar onun yanında saxlanılmış, birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 aprel 2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi qət edilmişdir. Hazırda 130 manat aliment uşaqların tələbatını heç cürə ödəmir. İki ilə yaxın müddətdə bütün tələbat mallarının qiyməti bir neçə dəfə artmışdır. Geyim və gündəlik ərzaq mallarını da əlavə etdikdə vəziyyətin nə dərəcədə kəskin dəyişdiyini müəyyən etmək olur. Həmçinin, uşaqlar üçün yaşayış minumumu 220 manat müəyyən edilmişdir. Həmin məbləğ isə uşaqların minumum tələbatını ödəyir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(125)-4697/2023 saylı qətnaməsi ilə (hakim F.Fərhadov) iddiа qismən təmin edilərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1554/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pulun məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın tələbi qalan hissədə təmin edilməsi, ödənilmiş mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1554/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin 02 avqust 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-nin satış departamentində satış üzrə nümayəndə işləyir, aylıq əmək haqqısı 500 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(125)-4697/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən hazırda onun maddi cəhətdən imkanımım aşağı olması, aldığı əmək haqqı, başqa yerdən gəliri və ya qazancının olmaması nəzərə alınmamışdır. Məhkəmə qətnamə qəbul edərkən onun maddi cəhətdən imkanı artması barədə iddiaçı tərfindən subut təqdim edilməməsinə baxmayaraq iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə iclasının yeri və vaxtı barədə ona rəsmi qaydada məlumat verilməmiş işə onun iştirakı olmadan baxılmışdır. Belə ki, apellyasiya şikayətinə əlavə etdiyi sənəddən də görünür ki, o "xxxx" MMC-də işləməklə 500 manat məbləğində əmək haqqı alır. Bundan əlavə məhkəmə prosesində iştirakı təmin edilərsə, iddiaçının özü də etiarf edər ki, uşaqların tələbatlarının ödənilməsində könüllü olaraq bir ata kimi iştirak edir. Lakin məhkəmədə iştirak etmədiyi üçün qeyd etdikləri ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin qətnaməsi birbaşa onun hüquqlarının pozulması ilə qəbul edilmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, aldığı əmək haqqından əlavə gəliri mövcud deyildir. Hər hansı bir əlavə və mükafat almır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin gəlirinin yalnız arayışda göstərilən əmək haqqı məbləğindən ibarət olmasına inanmır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, özü məktəbdə müəllimə işləməklə 380 manat əmək haqqı alır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu: 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2023-cü ildə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə 2023-cü il üçün isə müəyyən edilmilş 220 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, sosial həyatda digər xərclərin də yaranması qaçılmazdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası uşaqların ananın himayəsində olmasını, onların qayğılarının çəkilməsinin ananın üzərinə düşməsini, 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, birinci instasniya məhkəməsi tərəfindən müəyyən edilmiş alimentin məbləği əsaslıdır. Beləliklə yuxarıda gösətilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(125)-4697/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(125)-4697/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar