Məhkəmə qərarları › İş №2(104)-2369/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2369/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2369/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3597/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3597/2023 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin 26 iyul 2023-cü iltarixli, 2(125)-35972023 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4100 manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 manat pulun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh keçmiş iş yoldaşıdır. Həm iş yoldaşı olduqları üçün, həm də aralarında yaxşı münasibətlər olduğundan cavabdeh ondan borc pul istəmiş və o, xx.xx.2022-ci il tarixdə ona 1100 manat, xx.xx.2022-ci il tarixdə isə 3000 manat borc pul vermişdir. Bununla bağlı cavabdeh öz xətti ilə 2 ədəd qəbz yazmış və imzalamışdır. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh pulu ona qaytarmamışdır. Onun çoxsaylı tələblərinə baxmayaraq pulu ona qaytarmaqdan imtina edir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur. Belə ki, iddiaçı Cavabdeh ayrı-ayrı vaxtlarda deyil, konkret olaraq 04 fevral 2022-ci il tarixdə 1100 manat, 04 noyabr 2022-ci il tarixdə 3000 manat olmaqla borc pul vermiş, həmin puldan cavabdeh ona heç bir borc qaytarmamışdır. Cavabdeh ondan 22 fevral 2022-ci ildə sələmlə 1100 manat, daha sonra isə 400, 300, 200 manat olmaqla pul aldığını göstərsə də, sələmlə alınmış 1100 manat “sələm” pul üçün ondan heç bir qəbz olmadan əlavə 400, 300, 200 manat olmaqla 2000 manat aldığını göstərmiş və məhkəmə də həmin ziddiyyəti araşdırmadan cavabdehin etirazını əsaslı hesab etmişdir. Digər tərəfdən cavabdehin 04 noyabr 2022-ci ildə ona yazıb verdiyi qəbzə əsasən 3000 manat borcunu cavabdehin izahatına əsasən 1000 manat hesab etməsi əsassızdır. Halbuki, Cavabdeh hər iki qəbzin onun özü tərəfindən yazılaraq imzalandığını təsdiq etmişdir. Cavabdeh ona 3000 manat borcu olduğunu, həmin borcun da 2000 manatı lotereya pulu, 836 manat və 568 manat olmaqla terminal vasitəsilə ödədiyini göstərmişdir. O da qarşılıqlı olaraq cavabdehdən 2000 manat və 836 manat pul almadığını, ona ödənilmiş 568 manat pulun isə lotereya pulu olduğunu dəfələrlə bildirmişdir. Məhkəmə isə iş üzrə cavabdehin yazılı qəbzini mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmamışdır. O, məhkəməyə cavabdehə 4100 manat borc verdiyinə dair cavabdehin də mübahisələndirmədiyi qəbzləri təqdim etmişdir. Həmin andan cavabehin ondan 3000 manat aldığı və ona 2000, 836, 568 manat olmaqla borc pulu qaytardığını sübut etmək yükü onun üzərində olmuşdur. Cavabdeh məhkəməyə verdiyi yazılı etirazında isə ona əlavə 404 manat pul ödədiyini göstərmişdir. Məhkəmə öz təşəbbüsü ilə, məhkəmə hazırlıq iclasında belə bir vəsatət olmadığı halda, əldə etdiyi məlumatlar əsasında müəyyən etmişdir ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş İddiaçı istifadəsində olan plastik karta “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə mədaxil olunan vəsaitlərə dair məlumatdan görünür ki, xx.xx.2022-ci - xx.xx.2023-cü il tarixləri arasında İddiaçı istifadəsində olan plastik karta cəmi 4492 manat məbləğində ödəniş edilmişdir. "xxxx" MMC “MilliÖN” elektron ödəmə sistemindən təqdim edilmiş İddiaçı istifadəsində olan plastik karta “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə mədaxil olunan vəsaitlərə dair məlumatdan görünür ki, xx.xx.2022-ci - xx.xx.2023-cü il tarixləri arasında İddiaçı istifadəsində olan plastik karta cəmi 1652 manat məbləğində ödəniş edilmişdir. Məhz bu məlumatlar əsasında hesab etmişdir ki, cavabdeh ona külli miqdapda pul ödəmişdir. Halbuki Cavabdeh təqdim etdiyi ödəniş qəbzlərindəki məbləğ heç 568 manat olmamışdır. Məhkəmə onun bank kartıma gələn vəsaitlərin hamısının cavabdeh tərəfindən ona ödənilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Əvvəla göstərmişdir ki, Cavabdeh təqdim etdiyi qəbzlər oynadığı lotereya pullarıdır. Digər tərəfdən Cavabdeh təqdim etdiyi qəbzlərdən görünür ki, həmin qəbzlər Gəncə şəhərində yerləşən terminallardan ödənilmişdir. Məhkəmənin əldə etdiyi "xxxx" ASC və "xxxx" MMC “MillÖN” elektron ödəmə sistemləri vasitəsilə əldə edilən pulların isə hansı şəhərlərdən ödənilməsi görsənmir və Cavabdeh da ona 4492 və 1652 manat pul ödədiyini heç bir vaxt göstərməmişdir. Həmin cədvəlləri Cavabdeh verdiyi izahata əsasən tədqiq edən zaman müəyyən olunur ki, məhkəmə 1652 manat pulun da daxil olduğu 4492 manat pulu cəmləməklə hesab etmişdir ki, 6000 manatdan artıq vəsait ödənilmişdir. Halbuki, 1652 manat 4492 manat vəsaitin daxilindədir. 22 noyabr 2022-ci il tarixdən sonra isə onun hesabına cəmi 2321 manat vəsait daxil olmuşdur. Çünki Cavabdeh 22 noyabr 2022-ci il tarixədək olan borcunun 01 iyun 2022-ci ildə ödənildiyini göstərdiyindən həmin tarixdən sonra bank kartına pul daxil edildiyini göstərməmişdir. Həmin 2321 manat vəsaitin isə ancaq 418 manatı Cavabdeh ödədiyi pullardır, hansı ki həmin pullar da lotereya pullarıdır. Məhkəmə işin hallarını çəkişmə prinsipinə əsasən digər sübutlarla birgə tədqiq etməli olduğu halda bunu etməmişdir. Cavabdehin əsassız etirazlarını əsaslı hesab etmişdir. Bundan başqa o məhkəmə iclas protokolu ilə tanış olmaq üçün müraciət edərkən məlum olmuşdur ki, video-audio yazı yoxdur, protokol yalnız kağız daşıyıcıda mövcuddur. Protokolla tanış olduqdan isə məlum oldu ki, tərəflərin izahatları təhrif edilmişdir. Bu səbəbdən də məhkəmə iclas protokoluna qeydlər təqdim etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş olsa da, cavabdeh təkrar məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 276.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini barədə yeni qətnamənin mıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyasına göndərmiş olduğu yazılı izahatında apellyasiya şikayəti ilə razılaşmadığını, iddiaçıya olan borcunu tamamilə ödədiyini göstərərək iddianın rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin təmin edilməsinə dair iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh iş yoldaşı İddiaçı 1100 manat borc pul aldığını və borcu noyabr ayına kimi qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh Əhmədova Yeganadən 3000 manat borc pul aldığını və borcu 10 ay ərzində qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus kart hesabına “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə 155 manat, xx.xx.2023-cü il tarixdə 51 manat, xx.xx.2023-cü il tarixdə 61 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 101 manat, xx.xx.2023-cü il tarixdə 116 manat, xx.xx.2023-cü il tarixdə 32 manat olmaqla cəmi 666 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş İddiaçı istifadəsində olan plastik karta “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə mədaxil olunan vəsaitlərə dair məlumatdan görünür ki, xx.xx.2022-ci-xx.xx.2023-cü il tarixləri arasında İddiaçı istifadəsində olan plastik karta cəmi 4492 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC “MilliÖN” elektron ödəmə sistemindən təqdim edilmiş İddiaçı istifadəsində olan plastik karta “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə mədaxil olunan vəsaitlərə dair məlumatdan görünür ki, xx.xx.2022-ci - xx.xx.2023-cü il tarixləri arasında İddiaçı istifadəsində olan plastik karta cəmi 1652 manat məbləğində ödəniş edilmişdir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkmıəsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə müəyyən vaxtlarda 4100 manat borc pul verməsini və cavabdeh tərəfindən həmin borcun geri qaytarılmamasını iddia etsə də, məhkəmə iclasında tədqiq etilmiş sübutlarla cavabdehin iddiaçıya olan borcunu qaytarması müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Əvvəla cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilə bir yerdə işləmişdirlər. Yeganə sələmçi olmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçıya 2000 manat borc pul lazım olduğunu demiş və razılaşmışlar ki, birgə lotereya oynayıb xx.xx.2022-ci il tarixdə borcunu ödəyəcəkdir. Nəticədə xx.xx.2022-ci il tarixdə iddiaçıdan sələmlə 1100 manat borc pul almışdır. Bundan sonra isə hissə-hissə 400, 300 və 200 manat olmaqla, cəmi 2000 manat məbləğində borc almışdır. İddiaçı ilə razılaşdıqları kimi lotereya oynayıb xx.xx.2022-ci il tarixdə ondan borc kimi aldığı 2000 manat məbləğində pulu ödəmişdir. Həmçinin iddiaçının kartına da “MilliÖn” vasitəsilə ödənişlər etmiş, ancaq bəzi qəbzləri itirmişdir. Aralarında etibar olduğuna görə pulu qəbul etməsi ilə bağlı heç bir sənəd istəməmişdir. Bundan sonra iddiaçıdan xx.xx.2022-ci il tarixdə 1000 manat məbləğində pul almışdır. Həmin borcunu ödəmək üçün qızıllarını X2 adlı tanışının vasitəsilə onun adından "xxxx" MMC-yə vermiş və əvəzində 1145 manat məbləğində pul götürmüşdür ki, iddiaçıya olan borcunu qaytarsın. Həmin pulun 836 manatını iddiaçıya vermişdir. Lakin iddiaçı verdiyi pulların sələm faizini ödədiyini, əsas borcdan çıxılmadığını dediyi üçün əlavə olaraq ona 568 manat da ödəmişdir. Ümumilikdə 3000 manat borcu olmuş, və borcunu artıqlaması ilə ödəmişdir. İddia tələbini təmin etməmiş məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı vaxtlarda 1100 manat və 3000 manat olmaqla cəmi 4100 manat məbləğində borc verilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh ondan aldığı borcu xeyli müddət keçməsinə baxmayaraq qaytarmamışdır. Cavabdeh tərəf isə iddiaçıdan ümumilikdə 3000 manat borc aldığını və artıqlaması ilə qaytardığını bildirmişdir. Cavabdeh öz etirazının əsası kimi iddiaçının adına olan karta ödədiyi məbləğlərə dair qəbzlərin bir qismini məhkəməyə təqdim edərək yerdə qalan ödəniş çeklərini itirdiyi üçün iddiaçının kartına ödədiyi məbləğlər barədə məlumatların "xxxx" ASC və "xxxx" MMC-dən əldə edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən və "xxxx" ASC və "xxxx" MMC tərəfindən təqdim olunmuş məlumatlardan müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan plastik karta xx.xx.2022-ci - xx.xx.2023-cü il tarixlərində cəmi 4492 manat, "xxxx" MMC MilliÖN elektron ödəmə sistemindən xx.xx.2022-ci - xx.xx.2023-cü il tarixlərdə cəmi 1652 manat məbləğində ödəniş edilmişdir. İddiaçının özü də həmin məbləğin onun kartına ödənildiyini mübahisələndirməmiş, həmin pulların verdiyi borc pulla bağlı deyil cavabdehlə aralarında oynadıqları lotareya oyunu ilə əlaqələndirmişdir. Kollegiya qeyd ir ki, cavabdehin izahatında göstərdiyi ilə məhkəmə tərəfindən tələb olunaraq işə əlavə edilmiş iddiaçının istifadəsində olan bank kartına edilmiş ödənişlər arasında ziddiyyət olmasına baxmayaraq mübahisənin obyektiv həll edilməsi üçün məhkəmə həmin ziddiyyəti aradan qaldırmamılşdır. Birincisi, məhkəmənin "xxxx" ASC tərəfindən təqdim edilmiş məlumatda göstərilmiş 4492 manat məbləğlə və "xxxx" MMC “MilliÖN” elektron ödəmə sistemindən təqdim edilmiş məlumatda göstərilmiş 1652 manat pulun cavabdeh tərəfindən iddiaçının kart hesabına ödənilməsinə dair gəldiyi nəticə səhvdir. Belə ki, cavabdeh izahatında 2000 manat məbləğində borcunu 2022-ci ilin iyun ayının 01-dək iddiaçının kart hesabına ödədiyini bildirdiyi halda, bank məlumatından iddiaçının kart hesabına pulların köçürülməsinin başlanğıc tarixinin xx.xx.2022-ci il, son tarixin isə xx.xx.2023-cü il tarix olduğu; İkincisi, "xxxx" ASC-nin məlumatındakı ödənişlərlə "xxxx" MMC “MilliÖN” elektron ödəmə sistemindən təqdim edilmiş məlumatda göstərilən ödənişlərin üst-üstə düşdüyü, yəni "xxxx" MMC “MilliÖN” elektron ödəmə sistemindən təqdim edilmiş məlumatdakı ödənişlərin elə "xxxx" ASC-nin məlumatındakı ödənişlərin bir hissəsi ölduğu mübahisəsiz qaydada təsdiq olunur (ödəniş illəri, ayları, günləri, saatları, dəqiqə və saniyələri, həmçinin məbləğləri üst-üstə düşür). Üçüncüsü, bank məlumatından göründüyü kimi iddiaçının bank kartın bəzən gün ərzində bir neçə dəfə ödəniş edilmişdir. Bu isə cavabdehin lotereya oynayaraq iddiaçının borcunu qaytarmasına dair izahatının doğru olmamasını təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi fiziki və hüquqi şəxslər müqavilələr bağlamaqda sərbəst olsalar da, lakin müəyyən kateqoriya əqdlərin bağlanması üçün qanunvericilik yazılı formanı, həm də notariat qaydada təsdiq olunmanı mühüm şərt kimi müəyyən etmişdir. Ona görə də Mülki Məcəllənin 337.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında borc müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı vaxtlarda qaytarılma müddətləri müəyyən edilməklə 1100 manat və 3000 manat olmaqla cəmi 4100 manat məbləğində borc verilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş qəbzlərdən görünür ki, cavabdeh tərəfindən İddiaçı bank kartına "xxxx" MMC MilliÖN elektron ödəmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə 155 manat, xx.xx.2023-cü il tarixdə 51 manat, xx.xx.2023-cü il tarixdə 61 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 101 manat, xx.xx.2023-cü il tarixdə 116 manat, xx.xx.2023-cü il tarixdə 32 manat - cəmi 666 manat ödəniş edilmişdir. İddiaçı 4100 manat pulu cavabdehə vermiş olsa da, sonuncu qarşılıqlı razılaşmanın şərtlərinə qismən əməl edərək cəmi 666 manat ödəniş etmiş, qalan məbləği ödəməmiş, iddiaçıya məxsus pulu özündə saxlamaqla əsassız varlanmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən – cavabdehin iddiaçıdan alaraq qaytarmadığı 3434 (üç min dörd yüz otuz dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64,34 manat , cəmi 3488,34 (üş min dörd yüz səksən səkkiz) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin şikayətlə mübahisələndirilən qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 385.1.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçının nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3597/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 3434 (üç min dörd yüz otuz dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64,34 manat , cəmi 3488,34 (üş min dörd yüz səksən səkkiz) manat pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar