Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-237/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı kredit borcunun tutulması tələbinə dair iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun tutulması, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 və cavabdeh X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 2(061)-1176/2022 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 900808-804732/1 nömrəli istehlak kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 16,5 % dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir.
2. "xxxx" ASC tərəfindən 02 avqust 2022-ci il tarixdə verilmiş maliyyə arayışında göstərilmişdir ki, cavabdehin hazırda 1949.66 manat borcu vardır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2023-cü il tarixli 9/237 nömrəli ekspert rəyindən görünür ki, X5 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və xx.xx.2019-cu il tarixli 900808-804732/1 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə X2 xx.xx.2022-ci il tarixə (maliyyə arayışının tərtib edildiyi tarixə) banka olan borcu 755.44 manat məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 742.89 manat, faiz borcu üzrə 12.55 manat müəyyən olunmuşdur. Həmçinin hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra 800.00 manat məbləğində ödəniş aparılmışdır. Lakin iş materiallarında borc məbləğinin hesablanma tarixi xx.xx.2022-ci il tarixə göstərildiyindən sonradan ödənilən 800.00 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 100 manat ekspertiza xərci ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" ASC cavabdeh X3 qarşı kredit borcunun tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1581.17 manat məbləğində əsas borc və 368.49 manat faiz borcu olmaqla, cəmi 1949.66 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə borcalan X5 arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 900808-804732/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 16.5 % dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da o banka olan borcunu ödəməmişdir.02 avqust 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 1581.17 manat məbləğində əsas borcu və 368.49 manat faiz borcu olmaqla ümumilikdə 1949.66 manat məbləğində kredit borcu yaranmışdır.
6. Tərtər Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 2(061)-1176/2022 nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov) iddianın təmin edilməsi, cavabdeh X1 müştərək olaraq ümumilikdə 1581.17 manat əsas, 368.49 manat faiz borcu olmaqla cəmi 1949.66 manat borc və 39.90 manat dövlət rüsumu kimi ödənilmiş məbləği tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445.1 və 448.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh X5 apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 2(061)-1176/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc məbləği düzgün hesablanmamışdır. Belə ki, cavabdeh iddiaçı banka mütəmadi ödənişlər etsə də ondan hələ də 1949.66 manat əsas borc tələb olunur. Birinci instansiya məhkəməsi iş üzrə ekspertiza keçirmədən qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən ekspertiza təyin etməmişdir. Apellyasiya instansiyasında təyin edilmiş ekspertiza əsasında əldə edilən ekspert rəyi ilə tanış olmuşdur. Həmin rəyə əsasən bankın maliyyə arayışının tərtib olunduğu tarixə, yəni xx.xx.2022-ci il tarixə onun borcu ümumilikdə 755.44 manat məbləğində müəyyən olunmuşdur. Rəydə də qeyd edildiyi, eləcə də iş materiallarında olan hesabdan çıxarışdan da göründüyü kimi həmin tarixdən sonra o, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə 200 manat olmaqla cəmi 800 manat ödəniş etmişdir. Belə olan halda onun hazırda banka borcu yoxdur. Ona görə də qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 217.3 qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Tərtər Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 2(061)- 1176/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza xərci iddiaçidan tutulmalıdır.
19. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, işin halları ondan ibarətdir ki, iddiaçı "xxxx" ASC ilə borcalan X5 arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 900808- 804732/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 16.5 % dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur, 02 avqust 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 1581.17 manat məbləğində əsas borcu və 368.49 manat faiz borcu olmaqla ümumilikdə 1949.66 manat məbləğində kredit borcu yaranmışdır. Birinci instansiya məhkəməsi həmin maliyyə arayışına istinad etmişdir. Məhkəmə kollegiyasının qərardadı ilə əldə edilmiş rəy ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixinə cavabdehin borcu cəmi 755.44 manat müəyyən edilmişdir. Eyni zamanda çıxarışla o da müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat və xx.xx.2022-ci il tarixdə 200 manat olmaqla cəmi 800 manat ödəniş edilmişdir. İş üzrə alınmış rəydə isə göstərilmişdir ki, borc məbləğinin hesablanma tarixi xx.xx.2022-ci il tarixə göstərildiyindən sonradan ödənilən 800 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Başqa cür desək, ekspert rəyinə əsasən 800 manat məbləğində edilmiş ödəniş nəzərə alınmadan cəmi 755.44 manat borc müəyyən edilmişdir. Cavabdeh tərəfindən 800 manat ödəniş edildiyindən hal-hazırda borcu qalmadığını müəyyən edən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmalı, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza xərci də iddiaçıdan tutulmalıdır.
20. Belə qənaətə gələrkən məhkəmə kollegiyası hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Kollegiya aparılmış araşdırmalar nəticəsində birinci instansiya məhkəməsinin gəldiyi belə nəticəni əsaslı hesab etmir və qeyd edir ki, cavabdehin iddiaçı qarşısında iddiaçının iddia etdiyi məbləğdə borcun olması iş materialları ilə təsdiq edilmir.
21. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər əsaslıdır və təmin edilməlidir.
22. Məhkəmə Kollegiyası qeyd edir ki, hazirkı iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Tərtər Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli 2(061)-1176/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat iddiaçı "xxxx" ASC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilsin. Bu qətnamə çıxarıldıgı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .