Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2371/2024 17.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi; sübut yetərsizliyi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli 2(125)-4576/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2024-cü il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiklərindən, onların barəsində həmin maddədə nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün və eyni zamanda həmin şəxslər arasında gələcəkdə baş verə biləcək cinayət və inzibati xətaların qarşısının alınması və profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədilə ailənin “münaqişəli ailə” kimi qeydiyyata alınaraq nəzarət edilməsi məqsədilə qərarın surətinin 2-ci Polis Şöbəsinin İTByə göndərilməsi qərara alınmışdır;
2. İddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərdə geyim əşylarının yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən yararsız hala salınmış əşyalarının əvəzi olaraq 2025 manat pulun, dəyəri 1800 manat olan mənimsənilmiş soyuducunun özünün, özü olmadıqda dəyərinin, dəyəri 150 manat olan toy kasetinin özünün, özü olmadıqda dəyərinin və dövlət rüsumu üçün ödədiyi 60 manatın cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Rövşən və Anna onun ögey oğlu və qızıdır, cavabdeh Zeynəb isə oğlunun arvadıdır. O, həyat yoldaşı ilə evlənəndə Rövşənin 7 yaşı, Annanın isə 5 yaşı olmuşdur. Onları o böyüdüb ərsəyə gətirmişdir. Onlar mehriban bir ailə kimi yaşamışdırlar. Lakin Rövşən 2021-ci ildə evlənəndən sonra münasibətləri tədricən pisləşməyə başlamışdır. Həmçinin Annanın ailəsi dağılandan sonra da Anna ilə aralarında narazılıqlar yaranmışdır. Beləliklə, Zeynəblə Anna əlbir olaraq ona qarşı çıxmağa başlamışdırlar. Onlar Rövşənə də o qədər təzyiq etmişdirlər ki, Rövşən də tədricən onlardan üz döndərmişdir. Yəni onların aqressiv münasibəti yalnız ona qarşı deyil, doğma atalarına qarşı da yönəlmişdir. 2023-cü ildən etibarən isə yüngül sözsöhbətlər ailə münaqişəsinə çevrilmişdir. Zeynəbin evlərinin satılması, başqa evlər alınması ideyasına Rövşənlə Anna da dəstək vermişdirlər. Halbuki, onları min bir əzabəziyyətlə böyütmüşlər və evi də əziyyətlə Rövşənlə birlikdə tikmişdirlər. Mehriban bir ailə kimi yaşamışdırlar. Gəlinin fitnələri və böhtanları nəticəsində övladları onlardan üz döndərmişdirlər. Zeynəb söz çıxarmışdır ki, guya o, Rövşənlə Annanın doğma anaları haqqında nalayiq söz işlətmişdir. Halbuki, bu açıq-aşkar böhtan idi. Maşının satılması məsələsində Rövşənlə atası arasında yaranmış fikir ayrılığı isə münaqişənin kulminasiya nöqtəsinə yetişməsinə səbəb olmuşdur. Rövşənlə Zeynəb otaqlarına girib onu döymüş, çarpayısını qırmış, qonşular gəlib onu aparmışdırlar. Axşama kimi qonşuda qalmışdır. Axşam yoldaşı gəlmiş, əvvəlcə o evə getmiş, sonra da o getmişdir. Görmüşdür ki, paltarlarını cırıb, otağı darmadağın etmişlər. O, utandığından polisə şikayət etməmişdir. Lakin səhv etmişdir. Çünki daha sonra onların bu hərəkətləri davam etmişdir. Cavabdehlər hamısı, o cümlədən Anna da hər münaqişədə onu vurmuş, əşyalarını sındırmış, evin şüşələrini qırmışdırlar. Sonda o məcbur qalıb polisə şikayət etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılmışdır. Onların hərəkətində İXM-nin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edilmişdir və iş davam edir. Bu müddət ərzində onlar məcbur qalaraq evi satmış, Rövşənə 55000 manat, Annava isə 35000 manat pul vermişdirlər. Bir ay sonra evdən çıxmalıdırlar. Körpə yaşlarından böyütdüyü uşaqlar ona və atalarına bu cür zülm etmişdirlər. Onların vurduqları maddi ziyanı qeyd etmişdir, lakin mənəvi ziyanın həddini müəyyən etmək çətindir. Onlar dəyəri 80 manat olan bir ədəd qırmızı donunu, dəyəri 60 manat olan bir ədəd roza rəngli donunu, dəyəri 55 manat olan qara, yanı zərli, bəzəkli donunu, dəyəri 50 manat olan qırmızılı-qaralı donunu, dəyəri 110 manat olan yasəmən rəngli donunu, dəyəri 45 manat olan dəst paltarını, dəyəri 100 manat olan gödəkçəsini, dəyəri 25 manat olan jaketini, dəyəri 35 manat olan koftasını, dəyəri 60 manat olan pasanoşkasını, dəyəri 45 manat olan saatını, dəyəri 25 manat olan çantasını, dəyəri 70 manat olan odeyalını, dəyəri 95 manat olan pastel dəstini, ümumi dəyəri 210 manat olan 3 ədəd eynəyini, dəyəri 40 manat olan 2 ədəd tom bakalını, dəyəri 800 manat olan çarpayısını, dəyəri 100 manat olan qapı, aynalarını, dəyəri 20 manat olan donunu yararsız hala salmışlar, dəyəri 1800 manat olan soyuducusunu və dəyəri simvolik olaraq 150 manat qiymtləndirdiyi, əslində mənəvi dəyəri böyük olan toy kasetini isə mənimsəmişlər.
5. Gəncə Şəhər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli 2(125)-4576/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlaka vurulan maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, əri tərəfindən şahid qismində verilmiş ifadə mötəbər sübut kimi qiymətləndirilməmişdir. Halbuki, əri cavabdehlər tərəfindən onun əşyalarının yararsız hala salınmasını görmüşdür. Bu mühüm əhəmiyyətli halı məhkəmə araşdırmamışdır. Bundan başqa, cavabdehlər barəsində hüquq mühafizə orqanlarında olan işin aqibəti də aydınlaşdırılmamışdır. Polisdəki təhqiqat materialı hazırkı iş üçün mühüm əhəmiyyət kəsb edirdi. Məhkəmə işin faktiki halları barədə düzgün qənaətə gəlməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdehlər onu döydükdən sonra qonşuların onu gəlib apardıqları vaxtadək əşyalar hələ salamat qalmışdır. Bu hal araşdırılsaydı məlum olardı ki, əşyaları məhz həmin gün o, evdən çıxandan sonra məhv edilib. Həmçinin, məhkəmə belə qənaətə gəlib ki, guya soyuducu Annaya məxsusdur. Halbuki, bu hal sübut edilməyib, soyuducu ev üçün alınıb, 2 illik kreditlə götürülmüşdür və krediti əri ilə o öz qızıllarını və maşınını sataraq vaxtından əvvəl ödəmişlər.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlərin ögey anasıdır. Cavabdeh1 evləndikdən sonra onun arvadı Zeynəb cavabdehləri ona qarşı qaldırmış, onu döyüb təhqir etmişlər, evini dağıtmışlar, paltarlarını, veşlərini darmadağın etmişlər. Bununla əlaqədar polisə müraciət etmiş, müraciəti üzrə araşdırma aparılmış və maddi zərərlə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, mübahisə predmeti olan soyuducu hazırda Cavabdeh1dır. Həmin soyuducunu Cavabdeh2 Birkartı ilə almışlar, kredit ödənişini 10 ay Rövşən vermiş, qalanını yoldaşı ilə özüm ödəmişdir. Hazırda soyuducunu istəmir, qalan əşyalarını, paltar və yataq örtüklərini tələb edir. Yoldaşı, yəni cavabdehlərin atası da baş verənlərə şahid olmuşdur. Ondan başqa sübutu yoxdur. İddia ərizəsində həmin əşyaları alan zamankı qiymətlərini yazmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, onlar iddiaçıya heç nə etməmişlər. Mübahisə predmeti olan paltarları da o və atası iddiaçıya almışlar. Yaşadıqları evdə mübahisə olan gün arvadı onazəng edərək atası ilə ögey anası olan iddiaçının onun bacısını döydüyünü, saçından tutub sürüdüklərini bildirmişdir. Evə getdikdə isə bacısının biləyinin, barmaqlarının sındığını görüb onu xəstəxanaya aparmışdır. Xəstəxanadan qayıtdıqda isə evin dağıdıldığını görmüşdür. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, iddiaçıya məxsus əşyaları yararsız vəziyyətə salmamışdır. Ümumiyyətlə, onun tərəfindən iddiaçıya ziyan vurulmamışdır. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onları böyüdüb, haqqı var üstündə. Ancaq, onun tərəfindən iddiaçıya maddi ziyan vurulmamışdır. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh2 bildirmişdir ki, soyuducu ona məxsus taksit kartı ilə alınsa da, hər ay krediti qardaşı ödəmişdir. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 19 Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ona məxsus geyim əşyalarının cavabdehlər tərəfindən yararsız hala salındığını, habelə ona məxsus soyuducu və toy kasetinin cavabdehlər tərəfindən mənimsənildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı müəyyən olunur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu döyüb təhqir etməsi barədə şikayətlə polis şöbəsinə müraciət etmişdir. Nə polis şöbəsinə müraciət edən zaman, nə də ki, müraciət üzrə aparılan araşdırma zamanı İddiaçı geyim əşyaları, soyuducu və toy kaseti barədə adları qeyd olunan şəxslərə qarşı hər hansı şikayət və ya tələbi olmamış, ümumiyyətlə İddiaçı bu barədə hər hansı arqument irəli sürməmişdir.
31. İşə baxan birinci instansiya məhkəməsi sübut yetərsizliyi əsası ilə iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
32. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
33. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ona məxsus geyim əşyalarının cavabdehlər tərəfindən yararsız hala salındığını, habelə ona məxsus soyuducu və toy kasetinin cavabdehlər tərəfindən mənimsənildiyini iddia etsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş foto şəkillərdə geyim əşyalarının yararsız vəziyyətə düşdüyü müəyyən edilsə də, lakin həmin geyimlərin iddiaçıya məxsus olması və məhz cavabdehlər tərəfindən yararsız hala salınması öz sübuta yetirilməmişdir.
35. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
36. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
37. Həmçinin, diqqət yetirilməli haldır ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu döyüb təhqir etməsi barədə şikayətlə polis şöbəsinə müraciət etsə də, o həmin müraciəti zamanı, nə də ki, müraciət üzrə aparılan araşdırma zamanı geyim əşyalarının yararsız vəziyyətə salınması, soyuducu və digər əşyalarının sınması və ya zədələnməsi barədə hər hansı arqument irəli sürməmiş, eləcə də hazırkı iş üzrə cavabdehlərə qarşı hər hansı şikayət və ya tələbi olmamışdır.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassız və formal mülahizə olmaqla qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli 2(125)-4576/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.