Məhkəmə qərarları › İş №2(104)-2376/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2376/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2376/2023 16.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2688/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 üzərinə 2 ədəd mopedin geri alınıb, əvəzində mopedlərə ödənilən 2000 ABŞ dollarının və dövlət rüsumu kimi ödənilmiş 60 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışlar ki, o, iş qurmaq və əlavə olaraq əsas işindən kənar bir işlə məşğul olmaq məqsədilə satış və elan saytı olan tap.azda biznes elanı görmüşdür. Elanda kuryer biznesi 3800 manata qoyulmuş, aylıq qazancın 900 manat olduğu və biznesə 2 ədəd moped kuryerlər və volt hesabı daxil olduğu qeyd edilmişdir. Təxminən 11-12 noyabr 2022-ci il tarixdə o, sözügedən satışı həyata keçirən, 20-21 yaşlarında olan cavabdehlər X3 və Cavabdeh1 ilə əlaqə saxlamış, 1-2 gün sonra onlarla Bakı şəhəri Nərimanov metrosunun yaxınlığında bir restoranda görüşmüşdür. İlkin olaraq danışıblar və onun üzərində yalnız 41 ABŞ dolları olduğundan həmin məbləği beh kimi vermiiş, o, həmin şəxslərə 15 noyabr 2022-ci il tarixdə 2000 ABŞ dolları pul verərək 2 mopedi almışdır. Sonradan məlum olmuşdur ki, ona satılan mopedlər işləmir, yəni yararsız vəziyyətdədirlər. Belə ki, mopedləri istifadə edəcək kuryerlər onların işləmədiyini demiş, o, mopedləri Memar Əcəmi metorsunun yaxınlığında yerləşən motoservisə aparıb və mopedlərin işləmədiyi ona məlub olmuşdur. Beləliklə o, əmin olmuşdur ki, aldadılmışdır, aldığı mopedlər əhəmiyyətli dərəcədə işlək vəziyyətdə deyil, onların faktiki dəyəri isə 300- 400 manatdır. Bu barədə həmin şəxslərə dərhal məlumat versə də, qaytarmaq istədikdə onlar qaytarmamışlar. Bununla bağlı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət etmiş, lakin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2688/2023 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2688/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 15 noyabr 2022-ci il tarixdə cavabdehlər Cavabdeh1 və X1 2000 ABŞ dollara 2 ədəd moped almışdır. Lakin həmin mopedlərin alqı-satqısı ilə bağlı tərəflər arasında müqavilə bağlanmamışdır. Cavabdehlər həmin mopedləri satarkən saz olmalarını bildirmişlər, lakin mopedlər yararsız vəziyyətdə olmuşdur. Belə ki, o mopedləri motoservisə aparmış, servisdə mopedlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mopedlər işlək vəziyyətdə deyil və istismara yarasızdır. O, dərhal cavabdehlərə mopedlərin istismara yararsız vəziyyətdə olması barədə məlumat vermiş və mopedlərə görə ödənilmiş 2000 ABŞ dollarının geri qaytarılmasını tələb etmişdir. Cavabdehlər iddiaçı qarşısında mopedlərin saz vəziyyətdə olması barədə öhdəlik götürmüşlər. İşdə iştirak edən şəxslərə işə baxılmanın vaxtı və yeri haqqında xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və X3 məhkəmə kollegiyasının əvvəlki iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdilər ki, onlar İddiaçı 2000 ABŞ dolları mübaqilində 2 ədəd mopedi satmışlar. Mopedləri saz vəziyətdə həmin şəxsə təhvil vermiş, ustaya göstərməyi təklif etdikləri halda o, etiraz etmişdir. Ödənişi etdikdən sonra həmin mopedləri həmin şəxsə təhvil vermişdirlər. Mopedləri təhvil verdiyi gündən təxminən 45 gün sonra iddiaçı əlaqə saxlayaraq, işlədə bilmədiyini və mopedləri qaytararaq pulunu geri almaq istədiyini bildirmişdir. Onlar isə ona geri qaytara bilməyəcəklərini bildirmişlər. Belə ki, mopedləri saz vəziyətdə satılmış və ola bilər ki, iddiaçı ondan istifadə və ya onun saxlanması qaydaları pozduğu üçün qüsur yarana bilər ki, onların bununla bağlı heç bir günahı yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(021)-2688/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb və məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(021)-2688/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 06 mart 2023-cü il tarixli Nəsimi RPİ-nin Cinayət işi başlanılmasının rədd edilməsi haqqında Qərarın surətindən müəyyən olunur ki, İddiaçı tələbi ilə bağlı toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş və həmin qərarın təsviri hissəsində cavabdehlər Cavabdeh1 və X3 tərəfindən verilmiş izahatda göstərilmişdir ki, təxminən 2022-ci ilin oktyabr ayında 2700 manat mübaqilində dostu Sadıxla birlikdə 2 ədəd Moon markalı 50 kub həcmində olan moped almışdırlar. Təxminən 40 gün ərzində həmin mopedləri özləri işlətmiş, işlətdikləri dövrdə əlavə olaraq 2 dəbilqə, 2 ədəd çanta, 2 ədəd işləmək üçün Volt sosial şəbəkə hesabı və müxtəlif aksesuar alıb 40 gün işlədikdən sonra satmaq qərarına gəlmişdirlər, bununla bağlı olaraq Tap.az və Lalafo elan saytlarıda elan yerləşdiriblər. Təxminən noyabr ayında bir nəfər müştəri əlaqə saxlamış və mopedlərə baxmaq istəmişdir. Mopedlər Nizami küçəsində tanışına məxsus avtomobil qarajında olduğu üçün Mərdan adlı şəxslə orada görüşmüşdürlər. 2000 ABŞ dolları mübaqilində biznesi ona təhvil verməyə razılaşmışdırlar. Mopedləri saz vəziyətdə həmin şəxsə təhvil vermiş, ustaya göstərməyi təklif etdikləri halda o, etiraz etmişdir. Ödənişi etdikdən sonra həmin mopedləri həmin şəxsə təhvil vermişdirlər. Təhvil verdikdən sonra Mərdanla birlikdə təxminən 3-4 gün ərzində kuryer axtarmış və 2 işçini Mərdan adlı şəxsin özünün seçdiyini qeyd etmişdirlər. Mopedləri təhvil verdikdən sonra həmin şəxs bildirdikdən sonra elanları silmişdirlər. Mopedləri təhvil verdiyi gündən təxminən 45 gün sonra Mərdan adlı şəxs əlaqə saxlayaraq, işlədə bilmədiyini və mopedləri qaytararaq pulunu geri almaq istədiyini bildirmişdir. Onlar isə ona geri qaytara bilməyəcəklərini bildirdikləri qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərlə arasında olan şifahi razılaşmaya əsasən cavabdehlərdən 2 ədəd moped aldığını, sonradan ona satılan mopedlərin işləmədiyini, yəni yararsız vəziyyətdə olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onunləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 581-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Həmin Məcəllənin 586-cı maddəsinə əsasən qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. İstər satıcı, istərsə də alıcı tərəfindən əşyanın keyfiyyətinin yoxlanmasının qaydası, habelə digər şərtləri eyni olmalıdır. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Göründüyü kimi, İddiaçı iddia ərizəsində və apellyasiya şikayətinin dəlillərində cavabdehlərdən almış olduğu mopedlərin aldığı andan etibarən nasaz, istifadəyə yararsız vəziyyətdə olduğunu göstərmişdir ki, bu hal heç bir mötəbər sübut növü ilə öz təsdiqini tapmır. Digər tərəfdən, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər bildirmişlər ki, onlar mopedləri saz vəziyətdə iddiaçıya təhvil vermiş, ustaya göstərməyi təklif etdikləri halda o, etiraz etmişdir. Həm də, iddiaçı tərəf həmin mopedləri aldıqdan dərhal sonra yox, aldıqdan təxminən 45 gün sonra geri qaytarmaq istəmişdir ki, bununla da, həmin mopedlər alıcıya təhvil verilərkən qüsurlu olması halı öz təsdiqini tapmır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iş üzrə məhkəmə iclası iddiaçının iştirakının təmin edilməsi üçün təxirə alınsa da, o, təkrarən məhkəmə iclasına gəlməmiş və apellyasiya şikayətinin dəlillərinə dair heç bir mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2688/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2688/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar