Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2378/2023 27.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «cərimə məbləğinin silinməsi» tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(021)-2089/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı «cərimə məbləğinin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 1036.80 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Bərdə rayonu, İ.Süleymanov küçəsində yerləşən mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış ******* nömrəli qaz sayğacına Bərdə Qaz İdarəsinin əməkdaşları baxış keçirərək sayğaca guya müdaxilə edildiyini bildirmiş və 24 avqust 2022-ci il tarixdə sayğacı sökərək yoxlamaya göndərmişlər. 2023-cü ilin yanvar ayında isə ona guya müdaxilə nəticəsində 1036.80 manat cərimə yazılmışdır. Buna görə də əsassız olaraq yazılmış cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(021)-2089/2023 nömrəli qətnaməsi ilə (hakim E.Əhmədov) iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00030) hesablanmış 1036,80 (min otuz altı manat səksən qəpik) manat cərimə borcunun silinməsi qət edilmişdir. İşdə olan sübutlar: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 24 avqust 2022-ci il tarixli aktın surətindən görünür ki, ünvan 1 ünvanında İddiaçı fərdi evində quraşdırılmış sayğac kütləvi əvəz etmə səbəbindən çıxarılaraq, növbəti dövlət yoxlanılmasına üçün göndərilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli 31 yanvar 2023-cü il tarixli aktın surətindən görünür ki, MSK-14-2-2/3-5-341-1 saylı akta əsasən ünvan 1 ünvanında İddiaçı fərdi evində quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağı üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Sayğac istismara yararsızdır. Abonentin saldosundan görünür ki, **********00030 nömrəli abonent kodu üzrə İddiaçı qalıq və aktlar üzrə 1036.80 manat borc hesablanmışdır. Apellyasiya şikayətinin dəlilləri: Bərdə Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(021)-2089/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(021)-2089/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli əlavənin 2.3.4-cü bəndinə əsasən paylayıcı təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmişdir. Həmin qaydalara 2 nömrəli əlavənin 2.3.2-ci bəndinə əsasən bu müqavilənin və “Qazdan İstifadə qaydalarının” tələblərinə əməl etmək istehlakçının vəzifəsidir. Göründüyü kimi istehlakçı müqavilənin və “Qazdan istifadə qaydalarının” tələblərini pozmuşdur. Bərdə rayonu, İ.Süleymanov küçəsində yaşayan X1 mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış ******* nömrəli qaz sayğacına baxış keçirilərkən sayğacın düzgün işləmədiyi aşkarlanmışdır. Bu səbəbdən G-4 markalı ******* nömrəli sayğac açılaraq dövlət yoxlamasına göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə 14-2-2/3-5-341-1 saylı aktına əsasən G-4 markali ******* nömrəli saygacın hesablama mexanizminin qoruyucu qapaının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Bu səbəbdən xx.xx.2023-cü il tarixə abonent X2 8460 kubmetr, yəni (8640x0.12=1036.80) 1036.80 manat itirilmiş qaz hesablanmışdır. Abonent məqsədli şəkildə saygaca müdaxilə etmiş və sayğacın hərəkət mexanizmininin fasilələrlə işləməsinə şərait yaratmşdır. Bu da sayğacdan keçən qazın sərfinin tam qeyd etməsinə mane olmuşdur. İştirakçılıqla bağlı proseseual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qaz sayğacı iddiaçının evində deyil, ümumi istifadədə olan küçədə quraşdırılmış və ona iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut mövcud deyil. Sayğaca vaxtında baxış keçirilməməsi isə birbaşa cavabdeh tərəfin səhlənkarlığıdır və baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla yanaşı şikayətin dəlilərinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamışdır. Həmçinin qaz sayğacı əvəzlənməsi üçün çıxarıldığı zaman sayğacada hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə tərtib edilmiş aktda hər hansı bir qeyd aparılmamışdır. Belə ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 24 avqust 2022-ci il tarixli aktın surətindən görünür ki, sayğac kütləvi əvəz etmə səbəbindən çıxarılmış və yerinə yeni qaz sayğacı quraşdırılmışdır. Hərçənd ki, qaz sayağacı çıxarıldığı zaman onun keçən qazın həcmini qeydə alıb-almamasını müəyyən etmək mümkün olan hal olmuşdur. Cavabdeh qaz sayğacının yoxlanılması barədə 14-2-2/3-5-341-1 saylı akta istinad edərək, saygacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunduğunu, buna görə də sayğaca müdaxilə edildiyini iddia etsə də sayğacın üzərində mənşəyi məlum olmayan plombun olması, sayğacın hesablama mexanizminə müdaxilə olması faktını da təsdiq etməməkdədir. Hərçənd ki, iş materiallarında olan abonent saldosundan görünür ki, sayğac çıxarılan vaxtadək ondan keçən qazın həcmini qeydə almış, buna müvafiq olaraq hesabatlar aparılaraq ödənişlər edilmişdir. Qeyd edilən fakt da sayğaca müdaxilə edilməsi faktını istisna etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Bərdə Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(021)-2089/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(021)-2089/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Hakim:
Afiq Hüseynzadə