Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-238/2023 10.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyətinin (bundan sonra KB ASC) Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1203/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən bankın xeyrinə 1905,09 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-130/2022 saylı xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 1905,09 ABŞ dolları (min doqquz yüz beş dollar doqquz sent) pul vəsaiti (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq "xxxx" KB ASC-yə ödənilməsi qət olunmuşdur. Həmin qiyabi qətnamədən narazı qalan Cavabdeh1 birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, qiyabi qətnamənin ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1203/2022 saylı qəraradadı ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-130/2022 saylı xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işin mahiyyəti üzrə baxılması üçün təzələnməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1203/2022 saylı qətnaməsi ilə (hakim Z.Hüseynov) iddia tələbi təmin edilmiş, Cavabdeh1 1905,09 ABŞ dolları (min doqquz yüz beş dollar doqquz sent) pul vəsaiti (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə mərhum X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 27% ödəmək şərtilə 4500 USD məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Gəncə regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin xx.xx.2019-cu il tarixli cavab məktubu ilə X2 vərəsəsinin X4 olduğu müəyyən edilmişdir, Bu isə borcalan X2 vərəsəsi kimi X5 olduğu müəyyən olunması anlamına gəlir. Kredit müqaviləsi üzrə 1905,09 ABŞ dolları borc yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pritenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Mülki iş materiallarında olan: Kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, "xxxx" KB ASC ilə mərhum X3 arasında xx.xx.2014-cü il tarixli, 10443nkKPZ/14 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 4500 ABŞ dolları kredit verilmişdir. Maliyyə arayışından görünür ki, X2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu – 1905,09 ABŞ dolları əsas, 0 ABŞ dolları faiz, 0 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1905,09 ABŞ dolları təşkil edir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 03 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Gəncə şəhər regional “ASAN xidmət” mərkəzində Notariat Kontoru tərəfindən məhkəməyə göndərilmiş 2V-1 reyestr nömrəli vərəsəlik işindən görünür ki, X1 miras qalmış əmlaklara dair vərəsəlik işi açılmışdır. Belə ki, mərhum Səməndər Məmmədovun qanun üzrə birinci növbə vərəsəsi (arvadı) Cavabdeh1 notariat orqanına ərizə ilə müraciət edərək, mərhumdan miras qalmış əmlakı (Parabank ASC-nin Gəncə filialında xx.xx.2016-cı il tarixli, kredit müqaviləsinə əsasən girov qoyulmuş 3 ədəd üzük (583 əyarlı) ümumi çəkisi 11,30 qram, 3 ədəd sırğa (583 əyarlı) ümumi çəkisi 14,30 qram qızıl zinət əşyaları) rəsmi olaraq qəbul etmiş və bu barədə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi ilə məhkəməyə verilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi 2014-cü il tarixdə bağlandığı bildirilsə də, iddia müddəti 8 il keçməsinə baxmayaraq iddia qaldırmışlar. İddia tələbinin prosessual müddəti keçmişdir, lakin məhkəmə buraxılmış prosessual müddətə diqqət yetirmədən iddia tələbini təmin etmişdir. Hesab edir ki, məhkəmə tərəfindən iddia təmin olunarkən heç bir araşdırma aparılmamış və yalnız iddiaçının vermiş olduğu izahata əsaslanaraq iddianı təmin etmişdir. Məhkəmə onun hüququnu kobud şəkildə pozmuşdur və məhkəmənin gəldiyi nəticəni əsassız hesab edir. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçı "xxxx" KB ASC tərəfindən iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə verilmişdir. Lakin, birinci instansiya məhkəməsində iştirakı təmin olunmadığı üçün iddia müddətinin tətbiqi barədə ərizə təqdim edə bilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını və iddia müddətinin tətbiqi barədə ərizəsinin nəzərə alınaraq iddianın rədd olunmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, hazırkı iş üzrə qəbul olunmuş qiyabi qətnamənin ləğv olunması barədə məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak etsə də, işin mahiyyəti üzrə baxılmasına dair təyin olunmuş iclasın vaxtı ona bildirilməmiş, eləcə də, məhkəmə bildirişinin kötüyünə imza etsə də, həmin bildirişin kötüyündə iclasın tarixi və vaxtı əks olunmamışdır. Ona görə də, həmin iclasın vaxtından məlumatı olmamış və bu səbəbdən də, iddia müddətinin tətbiqi barədə ərizəni vermək imkanından məhrum olmuşdur. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, "xxxx" KB ASC ilə mərhum X3 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Səməndər Məmmədova 4500 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin, Səməndər Məmmədov müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Onun icra edilməmiş pul öhdəliyinin olması, borcun düzgün hesablandığı iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilir. Səməndər Məmmədov xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. Səməndər Məmmədov öldükdən sonra onun arvadı– hazırki iş üzrə Cavabdeh1 miras qoyanın vərəsəsi kimi ondan miras qalmış əmlakları rəsmi qaydada qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cvabdeh Cavabdeh1 iddia etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə verilmiş, lakin məhkəmə iclasının vaxtı barədə lazımı qaydada məlumatlandırılmadığna görə iclasda iştirak edə bilməmiş və bu səbəbdən də, iddia müddətinin tətbiqi barədə ərizə verməkdən məhrum olmuşdur. Məhkəmə kollegiyası ilk növbədə Cavabdeh1 məhkəmə iclaslarında onun iştirakının təmin olunmaması barədə dəlillərini araşdıraraq, hesab edir ki, həmin dəlillər əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 9.1-ci maddəsində qeyd edilir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 385.1, 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. 387.2, 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddia tələbinə məhkəmədə baxıb qərar qəbul edərkən, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün ona işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq etməmiş və işə onun iştirakı olmadan baxılıb nəticə verilmişdir. Belə ki, , iş materiallarında olan məhkəmə bildirişinin kötüyü barədə qəbzdən (iş.v 107-ci səh) görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli bildirişin kötüyünə imza etmiş, lakin həmin sənəddə hansı iş üzrə və hansı tarixli iclas barədə məlumatlandırıldığı əksini tapmamışdır. Birinci instansiya məhkəməsi isə işə baxaraq, tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipi və məhkəmə baxışının ümumi müddəalarına əməl etməmişdir ki, bununla da mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozmuşdur. Qeyd edilən hallar isə MPMnin 387.2 və 387.2.2-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsinə əsas verir. Ona görə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1203/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Cavabdeh1 məhkəmə kollegiyasına təqdim etdiyi ərizəsindən görünür ki, müqavilə tələbləri üzrə iddia müddətinin keçməsini nəzərə alıb, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apelyasiya şikayətinə əlavə edilə bilər və bu halda apelyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əçyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MM-in 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu MM-in 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə kolegiyası qeyd edir ki, tərəflər arasında borc müqaviləsi 04 noyabr 2014cü il tarixdə bağlanmış, müqavilə üzrə öhdəliyin icrasının son müddəti xx.xx.2017-ci il tarixinədək şərtləndirilmişdir. İddiaçı müqavilə üzrə hüququnun xx.xx.2017-ci il tarixdən sonra pozulduğunu bildiyi halda, məhkəməyə xx.xx.2021-ci il tarixdə, yəni 5 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir ki, bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası Cavabdeh1 iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişini əks etdirən ərizəsini nəzərə alaraq, hesab edir ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməklə, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1, maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1203/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-238/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-238/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver