Məhkəmə qərarları › İş №2(104)-2380/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2380/2024

11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2380/2024 11.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması və uşağın 3 yaşına qədər saxlanması üçün alimentin təyin edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və aliment tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2987/2024 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 11 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(021)-297/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh 21 iyul 2023-cü il təvəllüdlü Səccadın atası olması müəyyən edilmiş və 21 iyul 2023-cü il təvəllüdlü Səccadın yetkinlik yaşına çatana kimi saxlanması üçün 03 oktyabr 2023-cü il tarixdən Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

2. AZ-İ № 464731 saylı Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Cəbrayıl oğlu 21 iyul 2023-cü ildə anadan olmuş İddiaçı doğulmuş X4 atası hesab edilmişdir.

3. AZ-İV № 976730 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 21 iyul 2023-cü ildə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh Cəbrayıl oğlu, ana qrafasında ana adı İddiaçı kimi qeyd olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-297/2024 saylı qətnaməsi ilə Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin edilən 150 manat aliment məbləğinin artırılaraq cavabdehdən hər ay 235 manat aliment və övladının saxlanılması üçün 3 yaşa qədər saxlanma xərci olaraq 150 manat sabit pul məbləği olmaqla ümumilikdə cəmi 385 manat sabit pul məbləğində alimentin və mediasiyada ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdeh ilə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı bir övladları doğulmuşdur. Əvvəllər ailə münasibətləri yaxşı olmuşdur. Ər-arvad kimi mehriban yaşasalar da, aralarındda olan problemlər səbəbindən ayrılmışlar və birgə nikahlarından olan övladları onun himayəsindədir. Bərdə rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(021)-297/2024 saylı qətnaməsi ilə xx.xx.2023-cü il təvəllüdlü X3 adlı övladının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Övladının bütün maddi və mənəvi ehtiyaclarını o ödəyir. Övladının gündəlik ehtiyaclarını və tələbatlarını ödəməkdə çətinlik çəkir. Maddi imkanı çox pisdir. Özü təhsil aldığından və gündəlik ehtiyacların artmasına görə çətinliklə övladını saxlayır. Cavabdeh isə uşağın saxlanması üçün heç bir əlavə yardım göstərmir, hətta uşaqla maraqlanmır. Cavabdeh tərəfindən ödənilən aliment pulu uşağın saxlanılmasına, onun təlabatlarının ödənilməsinə çatmır.

6. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2987/2024 nömrəli qətnaməsi (hakim Fərman Abdullayev) ilə, iddianın qismən təmin edilməsi, 21 iyul 2023-cü təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(021)-297/2024 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 190 manat aliment sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi, uşaq üçün alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, 21 iyul 2023-cü təvəllüdlü X3 3 yaşına çatana kimi İddiaçı saxlanması üçün məhkəməyə müraciət edildiyi, yəni 13 avqust 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, bu hissədə qətnamənin dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə ödənilməmiş 50 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2 və 112.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 213-220, 227, 233.1, 234, 119, 216-220, 227 və 233-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2987/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiaya əsasən yalnız alimentin artırılaraq aylıq əməkhaqqımın dörddə bir hissəsi həcmində, yəni ayda 185 manat olmaqla aliment təyin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o rəsmi işləyərək, ayda 740 manat əməkhaqqı alır. Ona görə də aliment onun əmək haqqısına yönəldilərək, 1 uşağa görə qazancın dörddə bir hissəsi tutulmalı idi. Yəni, ona 1 uşağa görə hər ay 185 manat aliment kəsilməli idi və alimentin tutulması onun əmək haqqısına yönəldilsə idi, gələcəkdə alimentin ödənilməsində heç bir problem yaranmazdı. İddiaçının saxlanması üçün onun əlavə olaraq hər ay 50 manat ödəməyi üçün heç bir əsas yoxdur. Onun uşağı nə ağır xəstə, nə də ki, şikəst deyil ki, onun saxlanması üçün əlavə xərclər tələb edilsin. İddiaçı onun harada işləməyini yaxşı bilirdi, bu barədə məhkəməyə məlumat versəydi, yəqin ki, müvafiq sorğu edilərək, onun ayda nə qədər əmək haqqı almağı barədə arayış əldə edilərdi. İndi o məcburdur ki, onu apellyasiya şikayətinə əlavə etsin. Qətnamənin təsviri hissəsində hər şey qanunla onun tərəfində olsa da, nəticə hissəsində real araşdırmaya uyğun olmayan qətnamə çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

12. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

19. Maddə 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;

20. Maddə 86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

21. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Konvensiya

22. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı

23. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

24. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

25. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu

26. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına

31. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

38. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

39. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

40. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

43. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddiaçı qətnamənin yalnız təyin edilmiş alimentin miqdarını və 3 yaşına qədər təyin edilmiş alimentin tutulmasını mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissələr üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

45. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

46. Belə ki, işin halları ondan ibarətdir ki, tərəflər xx.xx.2022-ci il tarixdə nikahlarını rəsmiləşdirməmiş el adəti ilə ailə qurmuşlar. Birgə münasibətdən xx.xx.2023-cü il təvəllüdlü Səccad adlı uşaqları doğulmuşdur. Ailədaxili münaqişələrə görə ayrılmışlar və hazırda faktiki olaraq ayrı yaşayırlar.

47. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

48. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

49. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

50. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir.

51. Yuxarıda qeyd olunan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2024-cü il üçün 235 manat müəyyən edilmişdir. Hazırda hər ay hər uşaq üçün cavabdehdən tutulan 150 manat sabit pul məbləğində alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər.

52. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır.

53. Beləliklə, məhkəmə kollegiyası tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay hər uşağa 190 manat məbləğdə müəyyən edilməsini uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarının dəyişdirilərək hər ay hər uşağa 190 manat müəyyən edilməsini əsaslı və qanuni sayır.

54. Lakin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin uşağın 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə mövqeyini əsassız hesab edir.

55. Belə ki, Ailə Məcəlləsinin ər-arvadın bir-birini saxlamaq vəzifəsini müəyyən edən 84-cü maddəsinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

56. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad, nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir (Ailə Məcəlləsinin 85.1 və 85.1.1-ci maddələri).

57. Ailə Məcəlləsinin 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

58. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin uşağ 3 yaşına çatanadək cavabdehdən 50 manat sabit alimentin iddiaçının xeyrinə tutulması hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmamışdır. Belə ki, yuxarıdada qeyd olunduğu kimi ailə qanunvericiliyinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad aliment tələb etmək hüququna malikdir. Baxılan iş üzrə isə tərəflərin nikahı qeydə alınmamışdır. Halbu ki, Ailə Məcəlləsinin 9.4-cü maddəsinə görə, ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu hallarını nəzərə almadan iddianı bu hissədədə qismən təmin etmişdir.

59. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır.

60. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

63. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi - 21 iyul 2023-cü təvəllüdlü X3 3 yaşına çatana kimi İddiaçı saxlanması üçün məhkəməyə müraciət edildiyi, yəni 13 avqust 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması - hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə isə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

65. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 960 manat təşkil edir.

66. Göründüyü kimi, hazırki iddianın alimentin tutulması hissəsində iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.2, 385.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2987/2024 nömrəli qətnaməsi - 21 iyul 2023-cü təvəllüdlü X3 3 yaşına çatana kimi İddiaçı saxlanması üçün məhkəməyə müraciət edildiyi, yəni 13 avqust 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması - hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar