Məhkəmə qərarları › İş №2(104)-2383/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2383/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2383/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(021)-1429/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən təqdim edilmiş 01 ədəd “CD” diskdə olan tərəflər arasında olan səs yazıları.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiаçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 27 000 manat pulun hazırkı vaxta uyğun məzənnə ilə ödədiyi günə qədər Mərkəzi Bankın müəyyənləşdirdiyi bank faizinin uçot dərəcəsinə uyğun olaraq hər ay üçün 0.1 % olmaqla faiz ödənilməsinə, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi tanışı Etibar vasitəsilə tanımışdır. Etibar onun Cavabdehlə tanış etmiş və Cavabdeh təcili olaraq pul lazımı olduğu üçün 11000 manat ondan pul istəmişdir. O, mülkiyyətində olan Hunday Sanata markalı ** AA *** dövlət nömrə nişanlı avtomobilini lizinqə qoyaraq 11000 manat məbləğində kreditə pul götürüb onu cavabdehə verib, avtomaşını lizinqə qoyaraq cavabdehə verdikdən sonra ona 12000 manatda lazım olduğunu bildirib və o, Həmzəyeva Kifayətdən 10000 manat pul alaraq üstünə də 2000 manat qoyaraq ona verib. Birinci ay üçün kredit borcunu cavabdeh özü ödəyib. Qalan 6 ay müdətində isə hər ay 690 manat olmaqla krediti özü ödəyib. Avtomaşın 7 ay lizinqə girovda qalandan sonra o, pulu ödəyə bilməyib və lizinqlə danışaraq avtomobili onlara satıb. Hazırda cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 27000 manat məbləğində ziyan dəymişdir. O, cavabdehdən pulu tələb etdikcə o, gah notariusda olduğunu bildirib, tezliklə pulu verəcəyəni, gah da başqa bəhanələr gətirsə də onun pulunu geri qaytarmayıb. Cavabdeh ona borclu olduğu pulu vaxtında versəydi o, avtomaşını satmaq məcburiyyətində qalmazdı. O həmin pulu dövriyyədə istifadə edərək pul qazana bilərdi.

4. Bərdə Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(021)-1429/2023 nömrəli qətnaməsi (hakim Elsun Əhmədov) ilə iddianın təmin edilməsi, Cavabdeh 23000 manat (iyirmi üç min) və 171 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyini nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı pul tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasında şifahi borc müqaviləsi bağlanılmış, hazırki vəziyyətdə tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir. Belə ki, məhkəmə iddia tələbini qismən təmin edərkən xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhkəmədə bildirdiyi faktlar, o cümlədən həmin faktları cavabdehin üzünə deməsi, cavabdehin isə ziddiyyətli ifadələr səsləndirərək əvvəlcə iddiaçıya borcu olduğunu deməməsi, daha sonra iddiaçıdan qorxduğu üçün məcbur olub borcu olmadığı halda lizinq ödənişi etməsi, daha sonra səs yazılarının mövcudluğunu inkar etməməsi, həmin səslərin ona məxsus olmasını, iddiaçı onu hədələdiyi üçün, evdə və işdə biyabır olmasından qorxduğu üçün telefonda məcbur olub borcunu etiraf etməsini bildirməsi artıq özüözlüyündə mövcud borcun etirafı kimi qiymətləndirilməlidir. Məhkəmədə mayor rütbəsi daşıyan hərbi qulluqçu olan cavabdehdən qadından nə səbəbə qorxmasını soruşduqda “məni cavabdeh hədələyirdi və mən qorxurdum” deməklə kifayətlənməsi sadəcə olaraq öhdəlikdən yayınmaq məqsədi daşıyan və əsaslandırılmamış bir hal kimi qiymətləndirilməklə iddiaçının mövqeyinin və tələbinin haqlı olmasına əsas verir. İddiaçının əlavə lizinq ödənişlər etməsi və eləcədə iddia ərizəsində hazırkı vaxta uyğun məzənnə ilə ödədiyi günə qədər Mərkəzi bankın müəyyənləşdirdiyi bank faizinin uçot dərəcəsinə uyğun olaraq hər ay üçün 0.1% faiz ödənilməsini bildirsə də, cavabdehlə aralarında belə bir razılaşma olduğunu sübut edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.

6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 448.1, 739.1, 739.2, 882.1, 882.4 və 882.5-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 52.2, 52.5, 77.1, 119.1, 191.3, 216- 220 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(021)-1429/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci istansiya məhkəməsinin qətnaməsində o pul aldığını etiraf etməyi yazılsa da bununla razılaşmır. Çünki, məhkəmə iclasına pul almadığını bildirmişdir. Qeyd edilən səs yazısında məhkəmə bir tərəfli yanaşmış və obyektiv rəy bildirməmişdir. Belə ki, səs yazısına diqqətlə qulaq asdıqda borcun etirafı barədə heç bir söz işlətmir. Məhkəmə həmçinin yalan olaraq qeyd etmişdir ki, o əvvəlcə borcu etiraf etməsə də, sonradan qorxduğu üçün telefonda borcu etiraf etmişdir. Halbuki məhkəmə iclas zalında belə danışıq olmamışdır. Məhkəmənin ona qərəzli mövqeyi ondan ibarətdir ki, qətnamədə hərbi mayor rütbəli şəxsin bir qadından qorxmasının inandırıcı olmadığı qənaətinə gəlir. Halbuki, heç araşdırılmamışdır ki, mayor qadından niyə qorxur. Bu suala özü cavab olaraq bildirir ki, Gülzar dəfələrlə onun hərbi hissəsinə gələrək onu biabır etmiş və onun barəsində şikayətlər etmişdir. Həmçinin, Gülzarın ona külli miqdarda pul verməsi, həmin pulun nəyə lazım olmasını soruşmaması, həmin pulun nə vaxt qaytaracağını soruşmaması və həmçinin özündə pul olmasa da gedib digər şəxsdən də pul götürüb verməsinin şübhəli olması məhkəmənin gözündən yayınmış və bu barədə heç bir araşdırma aparılmamışdır. O, iddiaçıdan borc almamış, onun iddiaçıya borcu yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı tanımır və aralarında heç bir münasibət olmamışdır. Cavabdeh “N” saylı hərbi hissədə hərbiçi işləyir. Adını bilmədiyi digər şəxs “N” saylı hərbi hissədə cavabdehin müavini olaraq işləmişdir. Hazırda isə həmin şəxsin törətdiyi qanunsuz hərəkətləri olduğu üçün həmin şəxs barəsində hərbi prokurorluqda cinayət işi açılmış və Cavabdeh isə həmin işdə şahid qismində dindirilmiş, araşdırma aparılır. Bundan sonra iddiaçı Gülzar və Etibar adlı şəxs həmin cinayət işində cavabdehin müavininin tutulduğunu bildirmiş, cavabdehin isə tutulmaması və adının həmin işdə çəkilməməsi üçün gəlib ondan 60.000 manat məbləğində pul istəmişlər. Həmin pulun 40.000 manat hissəsini cavabdehdən tələb etmişlər. Bundan sonra Cavabdeh atası iddiaçıya 20.000 manat məbləğində pul vermişdir. İddiaçı isə razılaşmadığı üçün əlavə də 18.000 manat pul, ümumilikdə 38.000 manat məbləğində pulu cavabdehin atasından almışdır. Bundan əlavə iddiaçı Cavabdeh işlədiyi hərbi hissəyə bir neçə dəfə gələrək sonuncunu dəfələrlə biabır etmiş və pul tələb etmişdir. Hazırda isə cavabdeh iddiaçının bu hərəkətləri barədə müvafiq polis orqanına şikayət etmişdir. Digər tərəfdən isə mülki işdə iddianın təmin olunması üçün heç bir sübut yoxdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş audio səs yazılarında cavabdeh tərəfindən borc etiraf edilməmişdir. Etibarın isə yalnız digər adını bilmədiyi hərbiçi ilə aralarında pul məsələsi olmuşdur ki, bunun Elgizə heç bir aidiyyəti yoxdur. Elgiz isə səs yazısında köməkçisinin borcunun olduğu üçün həmin səslərdə pulun (köməkçi tərəfindən) qaytarılacağını bildirmiş, özünün iddiaçıya borcunun olmasını isə bildirməmiş və etiraf etməmişdir. Çünki, cavabdeh iddiaçıdan borc almamış və ona borcu yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, o, Rusiya Federasiyasından yeni gəlmişdir. Həmin zaman avtomobilini avtoyumaya aparan zaman orada Etibar adlı şəxs ilə tanış olmuşdur. Bir müddət sonra Etibar adlı tanışı cavabdeh Egiz Qurbanov ilə onu tanış etmişdir. Sonra onlar birlikdə yəni, Etibar, cavabdeh Egiz Qurbanov və cavabdehin hərbiçi iş yoldaşı oturub çörək yemişlər. Bir müddət sonra cavabdehin işçisi tutulandan sonra Etibara yardım etmək üçün Cavabdeh zəng etmişdir. Cavabdeh isə həmin vaxt onu pis vəziyyətdə qoymamağını onlardan xahiş etmişdir. Cavabdeh isə pula ehtiyacı olduğu üçün 23.000 manat pulu moykada Etibarın yanında cavabdehə vermişdir. Aralarında isə heç bir notarial qaydada müqavilə bağlanmamış və heç bir yazılı müqavilə olmamışdır. Pulu olmadığı üçün mülkiyyətində olan avtomobili lizinqə qoyub 11.000 manat məbləğində pul vermişdir. Cavabdeh həm də onun maşınının lizinqi ödəyəcəyi barədə razılıq vermişdir. Cavabdeh Həmin kreditin cəmi bir ay borcunu 690 manatını ödəmişdir. Borcun digər hissəsi 10.000 manat məbləğində pulu da yaxın rəfiqəsi Kifayət Həmzəyevadan alıb vermişdir. Lakin, Kifayət Həmzəyevanı uzun müddət, yəni 5-6 ildir ki tanıdığı və rəfiqə olduqları üçün aralarında borc müqaviləsi bağlamamışlar. 10.000 manat və özündə olan 2.000 manat olmaqla, ümumlikdə 12.000 manat məbləğində cavabdehə pul vermişdir. Borc məbləğinin ödənilməsi üçün cavabdehin atası və qardaşı ilə danışmışdır. Onlar isə evi satıldıqdan sonra pulu verəcəklərini bildirmişlər. Cavabdeh isə 60.000 manat məbləğində zərəri olmuşdur. Cavabdehin atası onların yanına gəlmiş, oğlunun hərbi hissədə baş verənlərlə əlaqədar olaraq ona 20.000 manat pul vermişdir. Həmin vaxt onunla birlikdə Etibar və adını bilmədiyi “N” saylı hərbi hissədə cavabdehin köməkçisi qismində işləmiş şəxs də olmuşdur. O isə 20.000 manat pulu cavabdehin atasından götürüb yanında olan adını bilmədiyi hərbiçi şəxsə vermişdir. Daha sonra cavabdehin atası 18.000 manat məbləğində olan pulu da Etibar adlı tanışına gətirib onun yanında vermişdir. Hazırda isə cavabdehin ona 23.000 manat məbləğində borcu vardır. Borcundan isə heç bir ödəniş etməmişdir. Həmçinin, onun tərəfindən təqdim edilmiş səs yazılarında cavabdeh borcu olduğunu demişdir. İddia tələbi ilə əlaqədar başqa subutları yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X4 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, iddiaçını çoxdan tanıyır və yaxın rəfiqə olmaqla münasibətləri vardır. İddiaçı ondan pula ehtiyacı olduğunu bildirmişdir. Amma pulun kimə verilməsi barədə məlumatı olmamışdır. İddiaçı pulu Elgizə onun yanında verməmişdir. O, Gülzara 10.000 manat borc vermiş, lakin aralarında borc müqaviləsi bağlanmamışdır.

13. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır.

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

31. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

32. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

33. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

37. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində qətnamənin ləğv edilərək iddia tələbinin tamamilə rədd edilməsini xahiş edir. Ona görə də qətnamənin əsaslılığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

39. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

40. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual normaların tələblərinə əməl olunmadan çıxarıldığı üçün ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir.

41. Belə ki, müəyyən edilmiş işin faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh tanışı Etibar adlı şəxs vasitəsilə tanımışdır. Hazırda İddiaçı Cavabdeh borc kimi ayrıayrılıqda 11.000 manat və 12.000 manat olmaqla, ümumilikdə 23.000 manat pul verdiyini iddia edir. Bununla bağlı sübut kimi səs yazılarını təqdim edir. İddiaçının başqa sübutu yoxdur. Cavabdeh tərəf isə iddianı qəbul etmir və iddiaçıdan pul almadığını bildirir.

42. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir və işin halları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

44. Azərbaycan Respublikasının MM-in 739.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

45. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin (Mülki Məcəllənin 406.1-ci maddəsi).

46. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

47. İşin faktiki hallarından göründüyü kimi ki, iddiaçı cavabdehə ayrı-ayrılıqda 11.000 manat və 12.000 manat olmaqla, ümumilikdə 23.000 manat pul verməsini bildirsədə, lakin bu barədə tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır. Tərəflər Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbinə riayət etmədən müqaviləni yazılı bağlamamışlar. Baxılan işdə iddiaçının cavabdehə şifahi qaydada borc verməsi də subut olunmur.

48. Belə ki, tərəflərin arasında yazılı borc müqaviləsi yoxdur. İddiaçı cavabdehə qarşı yuxarıda qeyd olunan hüquq normalarına istinad etməklə hazırki iddianı verməsinə baxmayaraq, cavabdeh iddia tələbinə etiraz edir və iddiaçıdan pul almadığını israrla bildirir. İşin bu vəziyyətində sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini, verilən pulun borc qismində verildiyini və məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.

49. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, iddiaçı tərəfindən cavabdehlə öhdəlik münasibətlərinin yarandığı iddia olunduğuna görə, hazırki vəziyyətdə onların mübahisə anına qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alına bilər.

50. İddiaçı tərəf pulun verilməsinə dair sübutlarını, yəni cavabdehin pulu almasına dair iddia etdiyi səs yazılarını birinci instansiya məhkəməsinə təqdim etmişdir.

51. Məhkəmə kollegiyasının iclasında iddiaçı və cavabdehin vəkilinin razılığı ilə tərəflərin arasında olan “CD” diskdə qeyd edilmiş audio səs yazıları tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmin səs yazılarından ümumilikdə müəyyən olunur ki, İddiaçı Cavabdeh həm avtomobilinin lizinq ödənişi, həm də bacısının lotoreya pulunun ödənilməsi üçün sonuncudan pul istəyir. Cavabdeh isə ancaq həmin pulu axtardığını, buna görə də müxtəlif rayonlarda və Bakı şəhərində olduğunu bildirir. İddiaçı cavabdehə ona təcili olaraq qısa zaman ərzində pul lazım olduğunu bildirmiş, cavabdeh isə pulun verilməsi üçün hazırda banklara kredit üçün müraciət edildiyini və həmin pulun veriləcəyini demişdir.

52. Məhkəmə kollegiyası “CD” diskdə olan bəzi audio səs yazılarında olan xüsusatları ətraflı işıqlandırmağı zəruri hesab edir.

53. Belə ki, həmin “CD” diskdə olan səs yazısında – iddiaçı cavabdehə ayın 30-u günü pulun veriləcəyini, lakin verilmədiyini, cavabdeh də cavabında başının qarışıq olduğunu bildirmişdir. İddiaçı isə cavabdehə yenə oğurluq etdiyi üçün başının qarışıq olmasını barədə sual vermiş, cavabdehin isə cavabında səy-səy danışmamağını bildirmişdir.

54. Göründüyü kimi, həmin səs yazılarında tərəflər ümumi olaraq söhbət etmiş, 8500 manat və 3500 manat pulu iddiaçı tərəfindən verilməsi deyilmiş, lakin, həmin məbləğin kim tərəfindən qəbul edilməsi və borc kimi, kimə və ya cavabdehə verilməsi barədə səs yazılarında heç bir qeydiyyat yoxdur. Eyni zamanda cavabdehin borcu etiraf etməsi müəyyən olunmur.

55. Məhkəmə kollegiyası iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş “CD” diskdə olan audio səs yazıları ilə bağlı ümumi olaraq qeyd edir ki, - iddiaçının cavabdehə ümumilikdə nə qədər pul verməsi, həmin pulu hansı təyinatla (məqsədlə) verməsi, borcun olduğu halda hazırda hansı miqdarda ödənişlərin olub-olmaması və bundan yaranan qalıq borcun hansı məbləğdə olması və s. kimi hallar iddiaçı tərəfindən cavabdehə qarşı bildirilməmiş, yalnız iddiaçı sonuncudan ancaq avtomobilinin lizinq borcunun və bacısının lotoreya pulunun ödənişləri üçün cavabdehdən müxtəlif vaxtlarda pul istəməsini bildirmişdir ki, bu halda isə məhkəmə kollegiyası iddiaçı ilə cavabdeh arasında borc öhdəliyinin olmasını ağlabatan və inandırıcı qəbul etmir.

56. Həmçinin, həmin səs yazılarında iddiaçı cavabdehdən müxtəlif vaxtlarda pul tələb etdiyi halda isə, cavabdehin sonuncuya borclu olmasını, iddiaçı tərəfindən nə qədər pul məbləğini qəbul etməsini və hansı miqdarda borcunun qalmasını bildirməmişdir. Sadəcə ümumi olaraq pul axtarıldığını və həmin pulun veriləcəyini bildirmişdir.

57. Belə ki, iddiaçının və cavabdehin vəkilinin razılığı ilə kollegiyanın iclasında tədqiq olunmuş və səs yazılarındakı həmin səsin tərəflərə məxsus olması proses iştirakçıları tərəfindən təsdiqlənmişdir. Eyni zamanda həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-birinə göndərilən yazıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.

58. Azərbaycan Respublikasının MPM-in 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur

59. Mülki Prosessual Məcəlləyə əsasən, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər (10.10, 203.2 və 203.4).

60. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-in 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-in 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır.

61. Həmçinin, mübahisəli pul məbləğinin verilməsi ilə bağlı iddiaçının izahatında ziddiyyət mövcuddur. Çünki, İddiaçı izahatında göstərmişdir ki, cavabdehin atası gətirib ona 20.000 manat məbləğində pul vermişdir. Həmin vaxt onunla birlikdə Etibar və adını bilmədiyi “N” saylı hərbi hissədə cavabdehin köməkçisi qismində işləmiş şəxs də onun yanında olmuşdur. O isə 20.000 manat pulu götürüb yanında olan adını bilmədiyi hərbiçi şəxsə vermişdir. Daha sonra cavabdehin atası 18.000 manat məbləğində olan pulu da Etibar adlı tanışına gətirib onun yanında vermişdir.

62. Göründüyü kimi, iddiaçı məhkəmə kollegiyasının iclasında cavabdehin atası tərəfindən oğlunun adından ona 20.000 manat məbləğində pulun verilməsini etiraf etmişdir. Daha sonra isə bir yerdə oturduqları yanında olan Etibar adlı şəxsə həmin pulu verdiyi bildirmişdir. Kollegiya isə cavabdehin atasının həmin məbləği nə üçün birbaşa olaraq Etibarın özünə deyil, iddiaçıya verilməsi barədə sual verdikdə isə, iddiaçı isə konkret cavab verə bilməmişdir.

63. Bundan başqa, məhkəmə kollegiyası müstəqil tələb irəli sürən üçüncü şəxs X1 izahatına münasibət bildirərək qeyd edir ki, o, ilk növbədə iddiaçı ilə uzun müddətdir ki, tanışdırlar və üstəlik yaxın rəfiqədirlər. Yəni, onun işin iddiaçının xeyrinə həllində maraqlı olması şübhə doğurur və ifadəsi iddianın təmin olunmasına yönəlmişdir. Digər tərəfdən, Kifayət Həmzəyeva hadisəni aydın və məntiqi ardıcıllıqla ziddiyyətsiz şəkildə təsvir etməmiş, habelə sübut olunmalı faktın, yəni pulun cavabdehə verilməsini inandırıcı şəkildə göstərə bilməmişdir. Belə ki, izahatında ilk öncə iddiaçının pulun ondan nə üçün istəmədiyini bildirmiş, lakin daha sonra pulun iddiaçı tərəfindən cavabdehə borc kimi verilməsi üçün istənildiyini qeyd etmişdir. Bu da kollegiyaya mübahisənin düzgün həll edilməsi baxımından inamlı nəticə çıxarmağa kifayət etmədiyi üçün kollegiya birinci instansiya məhkəməsinin tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanımış şəxsin ifadəsini sübut növü kimi qəbul etmir və nəzərə almır.

64. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

65. İş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz.

66. Həmçinin sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə və iddia tələbini rədd edə bilər.

67. İddiaçının təqdim etdiyi səs yazıları MPM-nin 106.1-ci maddəsinə əsasən təhlil olunduqda görünür ki, həmin sübutlar əsaslı deyildir.

68. Məhkəmə kollegiyası həmçinin göstərir ki, baxılan işdə iddiaçı iddia tələbini təsdiq edən hər-hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən sübut təqdim edilməsi tərəflərin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

69. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən digər tərəfdən də gəldiyi nəticə ilə bağlı bildirmişdir ki, məhkəmədə mayor rütbəsi daşıyan hərbi qulluqçu olan cavabdehdən qadından nə səbəbə qorxmasını soruşduqda “məni cavabdeh hədələyirdi və mən qorxurdum” deməklə kifayətlənməsi sadəcə olaraq öhdəlikdən yayınmaq məqsədi daşıyan və əsaslandırılmamış bir hal kimi qiymətləndirilməklə iddiaçının mövqeyinin və tələbinin haqlı olmasına əsas verir.

70. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır, onu əsassız olmaqla, məntiqli qəbul etmir. Belə ki, cavabdehin mayor hərbi rütbə daşıması və “N” saylı hərbi hissədə işləməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən cavabdehin iş yerinə dəfələrlə gedilməklə ona qarşı yuxarıda qeyd olunan hərəkətləri etməsi, sonuncunun - məni cavabdeh hədələyirdi və mən ondan qorxurdum deməsi, adi haldır, maddi-məsul vəzifədə işləyən şəxs üçün, işini itirməməkdən ötrü bu normaldır və qəbulediləndir. Bu hal baxılan iş üzrə iddia tələbinin etiraf edilməsi və ya təmin olunması anlamına gəlmir.

71. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtinə görə borc verən pulu və ya digər əvəz edilən əşyaların mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürməli, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürməlidir.

72. İddiaçının tələbinin əsaslı olması üçün bu şərtlər məcmu halında, yəni tərəflər arasında yazılı və yaxud şifahi formada borc müqaviləsi mövcud olmalıdır. Hazırkı iş üzrə isə iddiaçı ilə cavabdeh arasında elə bir müqavilənin bağlanması iş materiallarından görünmür, nə də cavabdeh tərəfin iddiaçıdan borc pul aldığı barədə etiraf və ya hər hansı sübut təqdim olunmamış, eyni zamanda iddiaçı tərəf isə həmin halı sübut edə bilməmişdir.

73. Bundan əlavə iddiaçı tərəfindən birinci instansiya məhkəməsində iştirak edən zaman bütün sübutlar təqdim edilmiş, habelə məhkəmə kollegiyasında yeni təqdim olunmuş sübutlar, onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olması barədə dəlillər, şahidin(lərin) dəvət olunması ilə bağlı hər hansı yazılı və ya şifahi vəsatət məhkəməyə təqdim edilməmişdir.

74. Tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmadığından, həmçinin iddiaçının cavabdehə 23.000 manat məbləğində borc pul verməsi öz təsdiqini tapmadığından, iddiaçı hazırkı tələbi irəli sürərkən haqlı olmamışdır. Ona görə də iddia tələbi təmin edilə bilməz. Lakin, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə yanlış nəticəyə gəlmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış, qeyri-mötəbər və ziddiyyətli sübutlar əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

75. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmə tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

76. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

77. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsinin cavabdehin “CD” diskdə qeyd edilmiş audio səs yazıları borcun etiraf edilməsini, iddianın sonuncu tərəfindən etiraf edilməsi qənaətinə gəlməklə prosessual hüquq normaları olan MPM-nin 52.2, 52.5 və 191.3-cü maddələrini tətbiq etmişdir. Məhkəmə kollegiyası, bu faktı cavabdehin iddianı etiraf etməsi kimi rəsmiləşdirildiyini qəbul edir. Həm də məhkəmə kollegiyası nəzərə alır ki, qətnamədə cavabdehin izahatı ilk öncə borc pulun alınmaması, lakin sonradan iddianı etiraf etmə kimi yazılmışdır.

78. Lakin, istənilən halda cavabdehin iddianı etiraf etməsi prosessual qanunun tələblərinə uyğun rəsmiləşdirilməmiş, ona müvafiq prosessual hərəkətlərin nəticələri izah edilməmişdir.

79. Belə ki, Azərbaycan Respublikasının MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

80. Qanunvericilikdə cavabdehin iddianı etiraf etməsinin qaydaları və qəbul edilməsinin mümkünlük şərtləri də müəyyən olunmuşdur. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. (MPM-nin 52.5-ci maddəsi). Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. (MPM-nin 106.4-cü maddəsi). 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (MPM-nin 191.1-ci maddəsi). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (MPM-nin 191.2-ci maddəsi).

81. Sadalanan hüquq normalarının sistemli təhlilindən göründüyü kimi, cavabdehin iddianı etiraf etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə olunmalı, əgər şifahi şəkildə iddianı etiraf etmişdirsə, hakim cavabdehin iddianı etiraf etməsini təsdiq edənə qədər ona iddiadan imtina etmənin nəticələrini izah etməlidir. Bu izah, məzmun baxımından mütləq qaydada cavabdehə onun etirafı qəbul olunacağı təqdirdə iddia tələbinin təmin ediləcəyi və MPM-nin 106.3-cü maddəsinə görə əks tərəfi həmin faktı gələcəkdə sübut etmə vəzifəsindən azad edəcəyi barədə məlumatları aydın şəkildə əks etdirməlidir. Həmşinin cavabdehin iddianı etiraf etməsi, məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır.

82. Lakin, birinci instansiya məhkəməsinin protokolundan görünür ki, cavabdehə iddianı etiraf etmənin hüquqi nəticələri izah olunmamış, protokolu iddiaçı və ya cavabdeh imzalamamışdır. Birinci instansiya məhkəməsi isə həmin hala düzgün qiymət verməyərək qanunu səhv təfsir etmiş, bununla prosessual qanunvericliyin tələblərini pozmuşdur.

83. Məhkəmə kolelgiyası bir xüsusatı da qeyd edir ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edən zaman iddia ərizəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 qeyd etmiş, lakin sonuncu tərəfindən kimə qarşı iddia irəli sürülməsi göstərilməmiş və onunla bağlı hər hansı tələbi mövcud olmamışdır.

84. Belə ki, Azərbaycan Respublikasının MPM-in 55.1-ci maddəsinə görə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.

85. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları və prosessual hüquq normalarını araşdırmayaraq X2 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanımışdır.

86. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

87. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edilibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

88. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

89. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

90. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

91. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

92. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

93. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

94. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

95. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

96. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

97. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

98. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi və prosessual hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq, səthi və formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

99. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual normaların tələblərinə əməl olunmadan çıxarıldığı üçün ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir.

100. Eyni zamanda kollegiya göstərir ki, Azərbaycan Respublikasının MPM-in 119.1ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 171 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməlidir.

101. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 389, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(021)-1429/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar