Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-240/2024 30.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 (prosessual hüquqi varisi Cavabdeh3) və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, “borc” tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-3/2023 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. xx.xx.2016-ci il tarixli ƏH/470 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı1 ASC-nin “Goranboy” filialı ilə Cavabdeh1 arasında bağlanmış bu müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 30 (otuz) ay müddətinə, illik 19 (on doqquz) faiz ödəmək şərti ilə, 3510 (üç min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir.
2. İddiaçı1 ASC-nin “Goranboy” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli ƏH/470/1 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlamış və sonuncu kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında və lazımınca icrasına dair öhdəlikləri üzərinə götürmüşdür.
3. Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 yanvar 2019-cu il tarixli, AZİ№959123 nömrəli ölüm haqqında şəhadətnamədən məlum olur ki, Cavabdeh1 09 yanvar 2019-cu ildə ölmüşdür.
4. Tərtər rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmiş Cavabdeh1 məxsus Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən ümumi sahəsi 153.7 kvm olan 3 otaqlı fərdi yaşayış evi və Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən ümumi sahəsi 0.26 ha olan torpaq sahəsindən ibarət miras əmlaka dair Cavabdeh3 qanun üzrə vərəsə kimi tam hissədə pay verilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3 may 2024-cü il tarixli, 4/505 nömrəli ekspert rəyində qeyd olunur ki, ekspertizaya təqdim olunmuş İddiaçı1 ASC-nin Goranboy filialı ilə Cavabdeh2 arasında bağlanmış ƏH/470/1 nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsində “Zamin” qrafalarındakı imzalar Cavabdeh2 tərəfindən icra olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada 3510 (üç min beş yüz on) ABŞ dolları əsas borc, 746 (yeddi yüz qırx altı) ABŞ dolları faiz borcu, 20 (iyirmi) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4276 (dörd min iki yüz yetmiş altı) ABŞ dolları pul vəsaitinin və 20 (iyirmi) manat dövlət rüsumunun kreditorun xeyrinə tutulmasını xahiş etmişdir
7. Goranboy Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(045)-849/2017 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir.
8. Cavabdeh2 həmin əmrə etiraz edərək, əmrin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir.
9. Goranboy Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(045)-2094/2021 saylı qərardadı ilə etiraz təmin edilmiş, sözügedən məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarılmışdır.
10. Goranboy Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(045)-251/2022 saylı qərardadına əsasən mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüş olsa da, buna əməl etməmişdir. Cavabdeh3 Cavabdeh1 qalan miras əmlakı qəbul etmişdir. Bu səbəbdən də iddianın təmin edilərək mövcud borc məbləğinin müştərək qaydada həm hüquqi varis kimi Cavabdeh3, həm də zamin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsini xahiş edir.
12. Naftalan Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Səlimov, iş N 2(052)-03/2023) iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, mərhum Cavabdeh1 öldüyü tarixədək hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən onun hüquqi varisi Cavabdeh3 münasibətdə iddia əsaslı hesab edilməlidir.
14. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin (bundan sonra – MM) 385.1, 442, 443.1, 448, 462.1, 470.1, 472, 739, 1306.1 və 1307-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarına istinad etmişdir.
Apellyasiya instansiya məhkəməsində birinci icraat: Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.
15. Cavabdeh1 hüquqi varisi Cavabdeh3 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, bankla onun arasında kredit müqaviləsi bağlanmamış və bank ona kredit verməmişdir. Özü şəxsən kredit götürmədiyi halda bankla onun arasında hər hansı öhdəlik mövcud olmamışdır. Vərəsələr miras qoyanın borcları üçün qəbul etdiyi miras həcmində məsuliyyət daşısa da, mərhumdan ona miras əmlak qalmamışdır. Hazırda yaşadığı yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi ona qanun üzrə vərəsə kimi verilmişdir. Məhkəmə tərəfindən həmin əmlakın miras əmlak hesab edilərək iddianın təmin edilməsi onu çıxılmaz vəziyyətə salmışdır. Məhkəmə əmri çıxarıldıqdan sonra əsas borclunun vəfatınadək 2 ilə yaxın müddət keçmiş, bu müddət ərzində zamin əmrə etiraz etməmiş, əsas borclunun vəfatından sonra əmrə etiraz etmişdir. Hesab edir ki, əgər əsas borclu tərəfindən həmin kredit götürülmüşdürsə, sağlığında bank ondan həmin pulu tələb etməli idi. Həmçinin məhkəmə borc məbləği ilə bağlı heç bir araşdırma aparmadan, zəruri olduğu halda iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən və ekspert rəyi almadan yekun nəticəyə gəlmişdir.
16. Cavabdeh2 da apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla bank arasında zaminlik müqaviləsi bağlanmamışdır. O, zamin durmadığı halda bankla onun arasında hər hansı öhdəlik münasibət yaranmamışdır. Məhkəmə borc məbləği ilə bağlı heç bir araşdırma aparmadan, zərurət olduğu halda iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən, onun zamin durub-durmamasını araşdırmadan yekun nəticəyə gəlmişdir. Məhkəmə bildirişləri ona çatmadığından məhkəmə proseslərinin keçirilmə vaxtı barədə məlumatı olmamış və o, məhkəmə iclaslarında iştirak edə bilməmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsi Mülki кollegiyasının 2023-cü il 11 may tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov, Ş.Rzaquliyev, iş N 2(104)-1195/2023) apelyasiya şikayətləri təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi öz mövqelərini hüquqi cəhətdən əsaslandırarkən MM-in 385.1, 386.1, 443.1, 445.2.1, 445.2.2, 448.1, 739.1, 470.1, 439.2, 472.1 və 472.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiya məhkəməsində birinci icraat:
19. Cavabdehlər Cavabdeh1 hüquqi varisi Cavabdeh3 (vəkil X6) və Cavabdeh2 (vəkil X3) hər biri ayrı-ayrılıqda kassasiya şikayətləri verərək qətnamənin ləğv olunması, işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişlər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 3715/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (sədrlik edən Ə.Nurməmmədov, hakimlər A.Hüseynov, Z.Babayev) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1195/2023 saylı, 11 may 2023-cü il tarixli qətnaməsi Cavabdeh2 qarşı iddianın təmin olunmasına aid hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmiş, Cavabdeh1 hüquqi varisi Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat: Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin nümayəndəsi X5 izahat verərək apellyasiya şikayətlərinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi.
22. İş üzrə Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır.
26. İşin hallarından görünür ki, xx.xx.2016-ci il tarixli ƏH/470 saylı kredit müqaviləsi ilə İddiaçı1 ASC-nin “Goranboy” filialı ilə Cavabdeh1 arasında Cavabdeh1 30 (otuz) ay müddətinə, illik 19 (on doqquz) faiz ödəmək şərti ilə, 3510 (üç min beş yüz) ABŞ dolları məbləğində kredit verilməsinə dair razılaşma olmuşdur. İddiaçı1 ASC-nin “Goranboy” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli ƏH/470/1 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlamış və sonuncu kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında və lazımınca icrasına dair öhdəlikləri üzərinə götürmüşdür.
27. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, yaranmış cəmi 4276 ABŞ dolları məbləğində kredit borcunun ödəniş anında manata məzənnəsi ilə Cavabdeh1 hüquqi varisi olan Cavabdeh3 və zamin olan Cavabdeh2 müştərək qaydada tutulması qənaətinə gəlmişdir.
28. Gəncə Apellyasiya Məhkəməsi Mülki кollegiyasının 2023-cü il 11 may tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3715/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1195/2023 saylı, 11 may 2023-cü il tarixli qətnaməsi Cavabdeh2 qarşı iddianın təmin olunmasına aid hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmiş, Cavabdeh1 hüquqi varisi Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Odur ki, hazırki məhkəmə araşdırılmasının predmeti Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığının yoxlanılmasıdır. Cavabdeh2 apellyasiya şikayətində onunla bank arasında zaminlik müqaviləsinin bağlanmamasını, həmçinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməməsinə dair dəlillər irəli sürmüşdür. Hazırki apellyasiya icraatı zamanı təqdim edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3 may 2024-cü il tarixli, 4/505 nömrəli ekspert rəyində qeyd olunur ki, ekspertizaya təqdim olunmuş İddiaçı1 ASC-nin Goranboy filialı ilə Cavabdeh2 oğlu arasında bağlanmış ƏH/470/1 nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsində “zamin” qrafalarındakı imzalar Cavabdeh2 tərəfindən icra olunmuşdur. Göründüyü kimi ƏH/470/1 nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinin Cavabdeh2 tərəfindən imzalanması öz əksini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Belə olan halda xx.xx.2016-ci il tarixli ƏH/470 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı1 ASC-nin Goranboy filialı ilə Cavabdeh2 oğlu arasında bağlanmış ƏH/470/1 nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinin Cavabdeh2 oğlunun iradə ifadəsinin əksi olması təkzib olunmazdır. Məhkəmə kollegiyası hesab edir ki, Naftalan Şəhər Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə baxılan hissədə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-03/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni Cavabdeh2 müştərək qaydada 3510 (üç min beş yüz on) ABŞ dolları əsas borc, 746 (yeddi yüz qırx altı) ABŞ dolları faiz borcu, 20 (iyirmi) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4276 (dörd min iki yüz yetmiş altı) ABŞ dolları pul vəsaiti (qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə) və 20 (iyirmi) manat dövlət rüsumu tutlaraq iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-in xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə 127(yüz iyirmi yeddi) manat ekspertiza xərci- Cavabdeh2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X1 Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41, NABZ ******************** SWİFT BİK CTREAZ 22, MEM VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən, tərəflərə verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet ilə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov