Məhkəmə qərarları › İş №2(104)-2401/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2401/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2401/2023 22.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(125)-3874/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30894 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin noyabr ayından bu günədək olan dövr ərzində ondan 30.894 manat məbləğində qızıl-zinət əşyalarını götürmüş və buna dair əl yazma ilə qızılın formasını və dəyərini yazaraq əlavə etmişdir. Cavabdehlər ana və oğuldur, həmin qızılları cavabdehlər birlikdə götürmüşdür. Sonradan cavabdehlərin ona verdiyi məlumata əsasən cavabdehlər həmin qızılı (Gəncə şəhərində yerləşən "xxxx" adlı Lombarda qoyduqlarını bildirmişlər. Həmin qızılların mövcudluğu ilə bağlı həmin lombarda müraciət etdikdən sonra ona bildirmişlər ki, yalnız qızılları girov qoyulmuş şəxsə qaytara bilərlər. Həmçinin bildirmişdir ki, qızıl əşyalarının dəyəri və borcluların yazışmaları barədə Whatsapp yazışmalarını diskdə məlumat olaraq sübut növü kimi təqdim etmişdir. O, cümlədən başqa adamlardan götürərək cavabdehlərə verdiyi qızılların pulunun artıq bir qismini qaytara bilmədiyi üçün kredit götürərək borclarını ödəmişdir. Buna dair kredit müqaviləsini və sənədlərini də iddia ərizəsinə əlavə edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(125)-3874/2023 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddia qismən təmin edilərək, Cavabdeh1 16000 (on altı min) manat pul və ödənilmiş 184 manat dövlət rüsumunun 92 manatının alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan sübutlar: Gəncə şəhər Baş Polis İdaərsindən götürülmüş HK-1/690 nömrəli materialdan surəti çıxarılaraq işə əlavə edilmiş 05 avqust 2022-ci il tarixli kredit və girov müqavilələrinin Əlavələrindən görünür ki, Cavabdeh2 24269,7 manat dəyərində 455,3 qram çəkidə qızıl əşyalarını girov qoymaqla, 29120 manat məbləğində "xxxx" QSC-dən borc pul götürmüşdür. Gəncə şəhər Baş Polis İdaərsindən götürülmüş HK-1/690 nömrəli materialdan surəti çıxarılaraq işə əlavə edilmiş iddiaçıya məxsus əlyazma qeydlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 35654 manat dəyərində qızıl əşyası satılmış, sonuncu dəfə cavabdeh tərəfindən iddiaçının lombarda olan 4760 manat borcu ödənilmiş və qalıq məbləğ 30894 manat təşkil etmişdir. Gəncə şəhər Baş Polis İdaərsindən götürülmüş HK-1/690 nömrəli materialdan surəti çıxarılaraq işə əlavə edilmiş cavabdehı məxsus əlyazma qeydlərindən görünür ki, cavabdeh özünün hesablaması ilə 25700 manat iddiaçıya ödəyəcəyini qeyd etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan PTT 20220418 WA0054 saylı və PTT 20220427 WA0160 saylı səs yazılarında cavabdeh iddiaçıya məbləğin böyük olmasından narahat olmamasını, may ayına az qaldığını, 2700 manatın indi, 12000 manat isə mayda ödənildikdən sonra borcunun təxminən yarı qalacağını, iyul ayında isə qalanının ödəniləcəyini bildirməkdədir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan PTT 20220515 WA0055 saylı səs yazısında iddiaçı cavabdehə səsli mesaj göndərərək, cavabdehə qalan 25967 manat borcdan borcunu çıxdıqdan sonra 25700 manat qaldığını, onun üzərinə isə 101 qram qızıl əşyasının, komplekt və üzüyü gəlməsini, verdiyi 1100 manat pulu və Asif gətirdiyi pulu çıxmaqa, ümumi borcun dəqiqləşdirməsini və hesabatın ona göndərilməsini cavabdehdən tələb etmişdir. Cavabdeh isə PTT 20220515 WA0056 saylı səs yazısında iddiaçıya haqq-hesab edib hesabatı cavabdehə göndərəcəyini bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan PTT 20220518 saylı qarşılıqlı səs yazılarından görünür ki, iddiaçı cavabdehdən verdiyi qızılların pulu tələb etməkdə, cavabdeh isə bir qədər müddət lazım olduğunu, 12700 manatı ayın 25-nə kimi ödəyəcəyini qalanı da sonra ödəyəcəyini bildirməkdədir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan PTT 20220519 WA0012 saylı səs yazısından görünür ki, iddiaçı cavadbehə səsli mesaj göndərərək, pulun ödənilmə vaxtını onun xahişinə əsasən ayın 15-nə razılşadıqlarını, lakin sonra ödənilmə vaxtını ayın 18-nə razılşadıqlarını, indi isə cavabdehin ayın 25-nə kimi pulu ödəyəcəyini, hər dəfə vaxt çatanda bəhanə gətirdiyini və 33000 manatın altına girdiyini cavabdehə bildirməkdədir. PTT 20220521 WA0002 saylı səs yazısında isə cavabdeh cavab olaraq iddiaçıya narahat olmamasını, borcun onun olmasını və ayın 25-nə gəlib borcunu ödəyəcəyini bildirməkdədir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(125)-3874/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(125)-3874/2023 saylı qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclаsı zаmаnı cаvаbdеhlərin bоrcunun 25.600 mаnаt və 7200 mаnаt təşkil еtməsi ilə bаğlı еtirаflа bаğlı səs yаzılаrınа, yəni Whatsapp yаzılаrınа məhkəmə tərəfindən qulаq аsılаrаq tədqiq еdilsə də məhkəmə həmin Whatsapp səs yаzılаrınа qiymət vеrilməmişdir. Həmçinin, cаvаbdеhlər qеyd оlunаn 458 qrаm qızıl-zinyət əşyаlаrının аlmаsını еtirаf еtmişlər, əvvəllər də qızıl-zinət əşyаlаrı аldıqlаrını göstərərək еtirаf еtmişlər. Digər cavadbehə münasibətdə isə məhkəmə heç bir münasibət bildirməmişdir. Hansı ki, digər cavabdeh də səs yazılarında borcun etirafı ilə bağlı öz üzərinə öhdəlik götürmüşdür. Məhkəmə tam və obyektiv araşdırma aparmamış və işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verib bildirmişdir ki, birinci instansiya məhkəməsində iddiaçının təqdim etdiyi səs yazıları araşdırılsa da məhkəmə həmin səs yazılarına hüquqi qiymət verməmişdir. Halbuki, həmin səs yazıları ilə iddiaçının borcu təsdiq olunmaqdadır. Bundan başqa polisdə aparılan araşdırma zamanı cavadbeh tərəfindən təqdim edilmiş sənədlərlə də cavabdehin borcunun olması təsdiq olunmuşdur. Lakin, həmin sənədləri onlar əldə edə bilmədiklərindən məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdehin göstərdiklərinin yalan olduğunu, yalnız bir dəfə 7000 manat ödədiyini, həmin pulu da daha əvvəl götürdüyü qızıllara görə ödədiyini, cavabdeh ondan qramını 87-89 manata aldığı qızılları qramını 55 manatla qiymətləndirməklə lombarda girov qoyub pul götürmüş və onu aldatmışdır. Məhkəmənin suallarına cavabdında isə bildirmişdir ki, həqiqətən də lombarda olan təxminən 4700 manat olan borcu cavabdeh bağlamışdır ki, həmin məbləği də borcdan çıxmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, iddiaçıdan aldığı qızıllara görə ona olan ən çox borcu 35000 manat ətrafında olmuşdur. Lakin, iki dəfə 7000 manat olmaqla iddiaçıya ödəniş etmişdir. Həmçinin, iddiaçının 4000 manat məbləğində lombarda olan borcunu bağlamışdır. 7000 manat bir dəfə evində, bir dəfə isə Bakı şəhərində maşında ödəmişdir. Ödəniş edən vaxt yanlarında başqa şəxs olmamışdır. Ödənişləri nə vaxt etməsini xatırlamır. Lakin, dəftərində müvafiq qeydlər aparmışdır. Həmin qeydlər isə iddiaçının şikayəti əsasında araşdırma zamanı polisdəki materiallar da mövcuddur. Qızılları iddiaçıdan nisiyə almış, dəyərini 1 qram üçün 90 manatdan hesablamışdır. Nisiyə verildiyi üçün bir qədər baha götürmüşdür. Sonradan qızılları sata bilmədiyindən, iddiaçı isə qızılların qəbul etməyərək dəyərini tələb etdiyindən lombarda girov qoyub kredit götürmüşdür. Hesab edir ki, iddiaçı xeyrinə olan səs yazılarını məhkəməyə təqdim etmiş, onun səs yazılarını isə təqdim etməmişdir. Vaxt verildiyi təqdirdə sübutlarını məhkəməyə təqdim edə bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 167.1. Hakim, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında, çəkişmə prinsipinə əməl etməklə digər hərəkətlərlə yanaşı tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi, o cümlədən şahidlərin çağırılmasını təklif etməlidir. 184.1.Hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(125)-3874/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(125)-3874/2023 saylı qətnaməsi ləğv edilməli və Cavabdeh1 münasibətdə iddia tam təmin olunmalı, digər Cavabdeh2 münasibətdə isə iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı cavabdehin etirafını əsas götürərək qismən təmin etmişdir ki, bu zaman birinci instansiya məhkəməsi işdə olan sübutları qiymətləndirməməklə yanaşı, həmçinin sübutların yetməzliyi halında isə Mülki Prosessual Məcəllənin 14,167 və 184.1-ci maddəsinin tələbini pozaraq, iddiaçıya həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, iddiaçının təqdim edə bilmədiyi müvafiq sübutların əldə edilməsi üçün prosessual imkanlardan istifadə etməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi mübahisənin həllində nisiyə alqı-satqı müqaviləsindən irəli maddi hüquq normalarını tətbiq etməli olduğu halda, mübahisəyə Mülki Məcəllənin 882.1ci maddəsini tətbiq etmişdir ki, bununla da qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış hesab edilmişdir. Halbuki, məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan PTT 20220418 WA0054 saylı və PTT 20220427 WA0160 saylı səs yazılarında cavabdeh iddiaçıya məbləğin böyük olmasından narahat olmamasını, may ayına az qaldığını, 2700 manat indi, 12000 manat isə mayda ödənildikdən sonra borcunun təxminən yarı qalacağını, iyul ayında isə qalanının ödəniləcəyini bildirməkdədir. Həmçinin, PTT 20220519 WA0012 saylı səs yazısından görünür ki, iddiaçı cavadbehə səsli mesaj göndərərək, pulun ödənilmə vaxtını onun xahişinə əsasən ayın 15-nə razılşadıqlarını, lakin sonra ödənilmə vaxtını ayın 18-nə razılşadıqlarını, indi isə cavabdehin ayın 25-nə kimi pulu ödəyəcəyini, hər dəfə vaxt çatanda bəhanə gətirdiyini və 33000 manatın altına girdiyini cavabdehə bildirmiş, cavabdeh isə PTT 20220521 WA0002 saylı səs yazısında cavab olaraq iddiaçıya narahat olmamasını, borcun onun olmasını və ayın 25-nə gəlib borcunu ödəyəcəyini bildirmişdir ki, bununla da cavabdehin iddiaçı qarşısında olan pul öhdəliyinin 30000 manat ətrafında olması qeyd olunan səs yazıları ilə öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi isə təqdim edilmiş səs yazılarını təqdiq etməmiş və onlara hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəlmişdir. Bundan başqa Gəncə şəhər Baş Polis İdaərsindən götürülmüş HK-1/690 nömrəli materialdan surəti çıxarılaraq işə əlavə edilmiş iddiaçıya məxsus əlyazma qeydlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 35654 manat dəyərində qızıl əşyası satılmış, sonuncu dəfə cavabdeh trəfindən iddiaçının lombarda olan 4760 manat borcu ödənilmiş və qalıq məbləğ 30894 manat təşkil etmişdir. Həmin qeydlərdə iddiaçı qalıq 9414 manat borc məbləğinin üzərinə 100.6 qram çəkidə 88 manat dəyərində qızılın dəyəri olan 8850 manatı, 3700 və 4100 manat dəyərində brilyant komplektlərin dəyərini də gəlməklə qalıq borcun 26064 manat məbləğində olmasını qeyd etmişdir ki, onun bu qeydləri cavabdehin qeydləri ilə üst-üstə düşmüşdür. Belə ki, Gəncə şəhər Baş Polis İdaərsindən götürülmüş HK-1/690 nömrəli materialdan surəti çıxarılaraq işə əlavə edilmiş cavabdehə məxsus əlyazma qeydlərindən görünür ki, cavabdeh 20514 manat qalqıq borc məbləğinin üzərinə eyni qaydada 3700 və 4100 manat dəyərində brilyant komplektlərin dəyərini də gəlməklə və 2500 manat və 100 manat ödənişləri çıxmaqla qalıq borcun 25714 manat dəyərində olmasını qeyd etmişdir. İddiaçının 26064 manatlıq qalıq borc qeydindən sonra isə 100 manat və 1100 manat ödənişi və 400 manat isə psatel dəstləri ilə bağlı öz borcunu əvəzləşdirdikdə qalıq borcun 24464 manat olması qeyd olunmuş, daha sonra isə 101 qram qızılın dəyəri olan 8990 manatı üstə gəlməklə, borcun 33454 manat olması müəyyən edilmişdir. 101 qram qızıl əşyasının verilməsi, 1100 manat pulun ödənilməsi isə PTT 20220515 WA0055 saylı və PTT 20220515 WA0056 saylı səs yazıları ilə təsdiq olunmaqdadır. 33454 manat qalıq borc məbləğindən sonra isə 1280, 300 və 620 manat dəyərində qızılların verilməsi ilə bağlı borc 35645 manat təşkil etmiş, işin mübahisə edilməyən halı kimi isə cavabdeh iddiaçının lombarda olan 4760 manat borcunu ödəməklə, qalıq borc 30894 manat təşkil etmişdir. Cavabdeh isə 25714 manat qalıq borc qeydindən sonra iddiaçının yuxarıda istinad olunan qeydlərinə dair hər hansı bir qeyd aparmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh iki dəfə 7000 manat pul ödədiyini iddia etsə hər iki tərəfin qeydində yalnız bir dəfə 7000 manat ödənişin olması görünməkdədir. Bundan başqa Gəncə şəhər Baş Polis İdaərsindən götürülmüş HK-1/690 nömrəli materialdan surəti çıxarılaraq işə əlavə edilmiş 05 avqust 2022-ci il tarixli kredit və girov müqaviləsinin Əlavələrindən görünür ki, Cavabdeh2 24269,7 manat dəyərində 455,3 qram çəkidə qızıl əşyalarını girov qoymaqla, 29120 manat məbləğində "xxxx" QSC-dən borc pul götürmüşdür ki, qeydlərə əsasən qramını iddiaçıdan 87-89 manatdan alan və nisiyə formasıda baha qiymətə başqa şəxsə satmaq niyyətində olan cavabdehin həmin qızılları oğlu vasitəsi ilə qramını 55 manat qiymətləndirməklə, lombarda girov qoyub borc pul götürməsi də anlaşılan olmamaqla, cavabdehin iddiaçı ilə olan ticarətində səmimi olmamasını təsdiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutlarla İddiaçı ilə Cavabdeh1 arasında qızıl-zinət əşyalarının nisiyə alqı-satqısına dair şifahi müqavilə bağlanması və cavabdehin həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada yerinə yetirməməsi ilə bağlı iddiaçı qarşısında 30894 manat məbləğində pul öhdəliyinin yaranması sübut olunmuşdur. Digər Cavabdeh2 ilə isə iddiaçı arasında hər hansı bir müqavilə münasibətinin yaranması təsdiq olunmamışdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həmin cavabdehlə səs yazılarında Cavabdeh2 anasının borcundan bəhs etməklə, onun ödənilməsinə köməklik göstərəcəyini bildirməkdədir ki, bununla da iddiaçı ilə cavabdeh arasında hər hansı bir öhdəlik münasibətinin yaranmaması təsdiq olunmaqdadır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(125)-3874/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(125)-3874/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq Cavabdeh1 münasibətdə iddia tam təmin olunmalı, digər Cavabdeh2 münasibətdə isə iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(125)-3874/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(125)-3874/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia Cavabdeh1 münasibətdə təmin olunsun. Cavabdeh1 nisiyə alıq-satıq müqaviləsi üzrə 30894 (otuz min səkkiz yüz doxsan dörd) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 184 (yüz səksən dörd) manat dövlət rüsumu məbləği alınaraq, İddiaçı verilsin. İddia Cavabdeh2 münasibətdə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar