Məhkəmə qərarları › İş №2(104)-2405/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2405/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2405/2023 02.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(125)-4147/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 15000 manat pulun və ödənilmiş 136 manat dövlət rüsumunun, ümumilikdə 15136 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4147/2023 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın təmin edilməsi, Cavabdeh 15000 (on beş min) manat pulun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 136 (bir yüz otuz altı) manat pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, iddianın rədd edilməsini, aidiyyət qaydalarının pozulması ilə işə baxılması səbəbindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin halları İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən evini 81000 manata satdığı üçün qudaları X2 və X1 yanında cavabdehlə razılaşaraq xx.xx.2022-ci il tarixdə 40000 manat pulu beh kimi vermişdir. Həmin vaxt evin divarı boyasız, çardaqsız, təmirsiz olmuşdur. Qalan pulu da təmirdən sonra verəcəyi barədə cavabdehlə razılaşmışdırlar. Həmin vaxt cavabdeh özü ona demişdir ki, onun öz ustaları vardır, materialların və ustanın əl haqqı pulunu verəcəyi təqdirdə özü təmir etdirəcəkdir. Cavabdehə ayrı-ayrı vaxtlarda çardaq üçün 7000 manat, kombi sistemi üçün 2800 manat, evin arxasında olan 1 sot torpağın qonşudan alınması üçün 1000 manat, 1 maşın mişar daşı üçün 820 manat, evin həyətindəki balaca su hovuzu, plastik hamam və tualet qapıları üçün 1100 manat, mansara çıxan pilləkən üçün 1000 manat, darvaza üçün 1900 manat üstəgəl balkonun altındakı dəmir üçün pul xərcləmişdir. Hətta cavabdehin qapısında onun materialı vardır. O, usta pulunu həmişə Hafizə vermişdir. Bir müddət sonra evə gedəndə görmüşdür ki, Hafiz onu aldadır, evin təmirində irəliləyiş yoxdur. Cavabdehdən niyə evin hazır olmadığını soruşduqda isə müxtəlif bəhanələr gətirərək 15-20 gün vaxt istəmişdir. 2 ay sonra yenidən evə getmiş və yenə görmüşdür ki, cavabdeh evi təmir etdirməmişdir. 2022-ci ilin dekabr ayında cavabdeh onun evə verdiyi 40000 manat pulu geri qaytararaq evi ucuz qiymətə satdığı üçün geri qaytarmaq istədiyini ona demişdir, ancaq evin təmiri üçün xərclədiyi 15000 manat pulu qaytarmaqdan yayınmışdır. Dəfələrlə təmir üçün xərclədiyi 15000 manat pulu cavabdehdən tələb etmiş, ancaq qaytarmamışdır. Sonra məcbur qalıb polisə şikayət etmiş və Gəncə şəhər 1-ci Polis Şöbəsinin TB-də araşdırma aparılmışdır. Cavabdehin barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və ona izah edilmişdir ki, onlar arasında olan mübahisə mülki xarakteri olduğundan məhkəməyə müraciət etməlidir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tamamən cəfəng ifadələrlə əsaslandırılmışdır. İddia ərizəsində qeyd edilənlərin işin həqiqi halları ilə heç bir bağlılığı yoxdur. İddiaçı bundan əvvəl onun barədə polisə şikayət etmiş, həmin şikayətində pulun məbləğinin 12000 (on iki min) manat olduğunu vurğulamışdır. Daha sonra məhkəməyə müraciət edərkən həmin məbləğin nəyə görə birdən birə 15000 (on beş min) manat olmasını nə ərizəsində, nə də məhkəmə iclasında əsaslandıra bilməmişdir. O, birinci instansiya məhkəməsində iddiaya qarşı vermiş olduğu etiraz ərizəsində də vurğulamışdır ki, o hazırki iş üzrə İddiaçı əvvəllər tanımamışdır və aralarında hər hansı münasibət olmamışdır. Onlar Cahangir adlı makler vasitəsi ilə tanış olmuşlar. Həmçinin o, məhkəmə hazırlıq iclası zamanı Cahangir adlı maklerin məhkəmə baxışında şahid kimi təqdim edəcəyini yazılı şəkildə məhkəməyə bildirsə də, məhkəmə baxışı zamanı heç bir qanuni əsas olmadan həmin şahidin dindirilməsindən məhkəmə tərəfindən imtina edilmişdir. O, bu barədə sonradan məhkəmə iclasının protokoluna dair vermiş olduğu qeydlərdə də bildirmişdir. Həmçinin qeyd edir ki, həmin qeydlərə birinci instansiya məhkəməsi tərəfindən baxılmış və bununla bağlı ona 31 avqust 2023-cü il tarixli qərardad göndərilmişdir. Hansı ki, həmin qeydlərə baxılarkən də onun hüquqları pozulmuşdur. Belə ki, o həmin qeydlərdə həm öz izahatının, həm də şahid ifadələrinin təhrif olunduğunu qeyd etsə də, birinci instansiya məhkəməsi yalnız onun dediklərinin guya təhrif olnduğunu və həmin qeydlə razılaşmadığına dair qərardad qəbul etmişdir. Hətta qərardadın məzmununda elə göstərilmişdir ki, qeydlərin gah onun tərəfindən, gah da iddiaçı tərəfindən verildiyi yazılmışdır. O, protokola dair 4 ayrı-ayrı epizotda qeyd verməyinə baxmayaraq yalnız qeydlərin birinci bəndinə yarımçıq münasibət bildirilmişdir. Əlavə olaraq bildirir ki, onun iddiaçı ilə arasında alqı-satqının razılaşdırılmasında, alqı-satqı üzrə behlə bağlı sadə yazılı formada olan əqdin imzalanmasında, pulun verilməsində şərtlərin razılaşdırılmasında, behdən 2000 manat maklerǝ verilməsində makler Cahangirin birbaşa iştirak etməsinə baxmayaraq birinci insitansiya məhkəməsi onun şahid qismində məhkəmədə ifadə verməsinə qanunsuz və əsassız olaraq şərait yaratmamışdır. Belə ki, məhkəmənin gedişində bütün şərtlər və öhdəliklərin iddiaçı Sayəddin Zeynalov tərəfindən pozulması bəlli olduğu üçün iş üzrə əsas şahid olan Cahangirin ifadə verməsinin qarşısı bilərəkdən alınmışdır. Birinci instansiya məhkəməsində izahatların təhrif olunduğu daha bir epizod isə məhkəmə iclası zamanı iddiaçının ona guya 7000 manat pul verdiyini qeyd etməsinə qarşı o, həmin məbləğin 4700 manat olmasını göstərsə də izahatının həmin hissəsi protokola salınmamışdır. O, bu barədə də məhkəmə iclasının protokoluna dair qeydlərdə göstərmişdir. Əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın aidiyyət qaydaları pozulmaqla işə mahiyyəti üzrə baxılmışdır. Belə ki, o, rəsmi olaraq Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı küçəsi ev 29, mənzil 36 ünvanında qeydiyyatdadır. Bu isə ona qarşı olan iddianın aidiyyəti üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsində baxılacağını göstərir. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, mülki işə ərazi aidiyyəti pozulmaqla baxıldığına görə qətnamə ləğv olunmalı və mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri pozulmuş və mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafıq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsi aidiyyətlə bağlı ümumi qayda müəyyən edərək göstərir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri» məfhumunun anlayışı da qanunla müəyyən olunmuşdur. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. Məhkəmə tərəfindən elektron məhkəmə sistemindən çıxarılmış çıxarış əsasında müəyyən olunmuşdur ki, Cavabdeh qeydiyyat yeri Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı küçəsi, ev 29, mənzil 36 ünvanıdır. İddiaçının tələbindən görünür ki, iddia bilavasitə daşınmaz əmlaka yönəlməmişdir, pul tələbi ilə bağlıdır. Yəni MPM-in 39.1-ci maddəsi ilə müstəsna aidiyyətə aid deyildir. MPM-in 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Bu halda həmin iş ərazi aidiyyətinə görə, MPM-in 35.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə aiddir. Məhkəmə kollegiyası xatırladır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Belə ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın ərazi aidiyyətinin müəyyən olunmasıdır. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, MPM-nin 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsi işin bu mərhələlərində ərazi aidiyyəti ilə bağlı uyğunsuzluq müəyyən etməmişdir. Qeyd olunmalıdır ki, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır (MPM-nin 45.1-ci maddəsi). Əgər məhkəmədə baxıldığı zaman işin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi baxılmaq üçün başqa məhkəməyə verə bilər (MPM-nin 44.2.2-ci maddəsi). Göründüyü kimi, birinci instansiya məhkəməsi işə ərazi aidiyyəti pozulmaqla baxmışdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsi qətnaməsinin ləğv olunması üçün əsaslardan biridir. Ona görə də mülki işə ərazi aidiyyəti pozulmaqla baxıldığına görə qətnamə ləğv olunmalı və mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qətnamə ərazi aidiyyəti pozulması əsasına görə ləğv edildiyinə görə, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinin araşdırılmasını zəruri hesab etməmişdir. Azərbaycan Respublikası MPM-nin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 263, 264, 267, 391, 402, 404, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(125)-4147/2023 saylı qətnaməsi işə ərazi aidiyyəti üzrə pozulmaqla baxıldığına görə ləğv edilsin. Mülki iş baxılmaq üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar