Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2413/2023 25.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmlaka dəymiş zərərin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlaka dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-419/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 10 avqust 2022-ci il tarixli 13 nömrəli XS-nin müfəttişi Məmmədov Elçin, 13 nömrəli XS-nin müfəttişi X8 və Üzeyir Hacıbəyov küçəsi, bina 119Q, mənzil 5 ünvanında yaşayan İddiaçı iştirakı ilə tərtib olunaraq, imzalanmış aktdan görünür ki, Üzeyir Hacıbəyov küçəsi, bina 119Q, mənzil 5 ünvanına baxış keçirilmiş və məlum olmuşdur ki, üst mərtəbədən mənzil 8-dən mənzilə su axmış, nəticədə mənzilin dəhlizinə, hamamtualetinə, mətbəxinə və yataq otağına ziyan dəymiş, tavan və divarlar yararsız hala düşmüşdür.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 28 noyabr 2022-ci il tarixli, **********92 nömrəli məktubunda bildirilmişdir ki, Kirovabad şəhər X21 İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli 19 nömrəli qərarı ilə verilmiş 555 nömrəli order, Azərbaycan Dəmir Yolu İdarəsi 3 nömrəli Tikinti Xidmət Distansiyasının 9 nömrəli Evlər İdarəsinin xx.xx.2006-cı il tarixli 2675 saylı arayışı (qeydiyyatda olanlar X3, X14, X18, X19, X15, 1991-ci il təvəllüdlü X9), Gəncə şəhəri 1 saylı notariat kontorunda xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş X6 7V-16-8335 saylı, X12 7V-16-8334 saylı, X7 7V-16-8333 saylı, X13 7V-16-8332 saylı razılıq ərizələrinə əsasən Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 119Q, mənzil 8 X2 adına qeydiyyata alınmışdır və ona xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2006-cı il tarixli 4Ə-03-992 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X5 tərəfindən X1. Alıcıya xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 4Ə 13 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X16 tərəfindən Cavabdeh satılmışdır. Cavabdeh Üzeyir Hacıbəyov küçəsi, ev 119Q, 8 saylı mənzilə (27,6 kvm iki yaşayış otaqları, 24,9 kvm köməkçi sahə) xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı əmlaka dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus olan mənzilə vurduğu 3500 manat maddi zərərin alınaraq, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onunla bir qonşuluqda, yəni ünvan 1 ünvanında yaşayır. Cavabdeh artıq bir neçə dəfə onun mənzilinə su axıtmaqla dəfələrlə ona maddi zərər vurmuşdur. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh sonuncu dəfə 10 avqust 2022-ci il tarixdə onun mənzilinə su axıtmaqla ona maddi zərər vurmuşdur. Bununla bağlı o, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 13 nömrəli Xidmət Sahəsinə müraciət etmişdir. Müraciətindən sonra həmin sahənin əməkdaşları tərəfindən mənzilinə baxış keçirilmiş və baxış zamanı cavabdehin ona maddi zərər vurulması müəyyən edilmişdir. Həmçinin bununla bağlı evinə dəymiş maddi zərərlə bağlı su axıtmasının CD diskə əlavə edərək təqdim etmişdir.
5. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-419/2023 nömrəli qətnaməsi (hakim Zaman İmanov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi ziyana görə 2035 (iki min otuz beş) manat pul tutulub İddiaçı ödənilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu İddiaçı aid edilməsi, məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə mühəndis-tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 87 (səksən yeddi) manatı Cavabdeh, qalan 13 (on üç) manatı isə İddiaçı tutularaq, X4 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi, iddia tələbinin qalan hissəsində təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21, 21.1, 1096.1, 1096.2, 1097.1, 1108.1 və 1108.3-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 97, 107, 119.1, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-419/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işi araşdırarkən iddiaçı tərəfindən təqdim edilən sənədlərə baxmaqla iddia təmin edilmişdir. Onun tərəfindən məhkəmədə müdafiə hüquqları lazımınca təmin edilməmiş, tərəfindən sübutlar, etirazlar, vəsatətlər və eləcə də şahid təqdim edilməyinə şərait yaradılmamışdır. Birinci instansiya məhkəməsi ümumiyyətlə, ekspertiza keçirilən mənzildə həmin zaman onun iştirakının təmin edilməməsini, eləcə də iş üçün mühüm əhəmiyyətli faktiki hal olmasını nəzərə almamışdır. Ekspert tərəfindən isə təqribi qiymətləndirməni qəbul etmişdir, hansı ki, hakim özü yerində baxış keçirə bilərdi. Qanunvericiliyin tələblərinə əsasən ekspertin rəyini məhkəmə nəzərə almaya bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, iddiaçıya cəmi 300 manat miqdarında ziyan dəydiyini, təmiri özü etmək istədiyini bildirməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
12. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
20. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
26. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Maddə 402.2 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
33. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunu ilə müəyyən edilir ki, apellyator tərəfindən qətnamənin iddianın təmin edilmiş hissəsi mübahisələndirilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnamənin əsaslılığını həmin hissə üzrə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
35. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-419/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Beləliklə, işin halları ondan ibarətdir ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, bina 119Q, 5 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, bina 119Q, 8 nömrəli mənzil isə Cavabdeh adınadır. Onlar eyni binada alt-üst qonşu kimi yaşayırlar. Cavabdeh 9 nömrəli mənzilindən suyun sızması nəticəsində İddiaçı məznilinə 2035 manat məbləğində ziyan dəymişdir.
38. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
40. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
41. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
42. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
43. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
44. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir.
45. Belə ki, yuxarıda qeyd olunduğu kimi, işə birinci instansiya məhkəməsində baxılarkən alınmış ekspert rəyi ilə iddiaçının mənzilinə suyun cavabdehin mənzilindən sızdığı müəyyən edilmiş, sadəcə bunun texniki səbəbi aydınlaşdırıla bilinməmişdir. Eyni zamanda bu fakt iddiaçının izahatı, Gəncə şəhər MKTİB-nin 13 nömrəli xidmətinin aktı və iddiaçının təqdim etdiyi video-foto görüntülərlə təsdiq olunmuşdur.
46. Kollegiya ekspert rəyinin tədqiqat hissəsində qeyd olunanlara da diqqət çəkərək qeyd edir ki, 5 saylı mənzilə baxış keçirərək müvafiq ölçmə işləri aparan ekspert, su sızmanın müxtəlif səbəblərdən, o cümlədən boru xətlərində yaranan qəzadan, sanitarqovşaq avadanlıqlarında əmələ gələn qüsurlardan, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmadan, yararsız sanitar-qovşaq avadanlıqlarından istifadə edilməsi, mənzildə yaşayan sakinlərin tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən və s. səbəblərdən ola biləcəyini vurğulamış, su sızmanın 8 saylı mənzildən qaynaqlanmış olduğu ehtimalı üzərində dayanmışdır.
47. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən, həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən, ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
48. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
49. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır.
50. Kollegiya hesab edir ki, sözügedən ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır.
51. Həmçinin məhkəmə kollegiyası digər tərəfdən qeyd edir ki, Cavabdeh ekspertizanın keçirilməsinə imkan vermədiyindən, yəni iddiaçıya məxsus mənzilə suyun axıdılması istinad olunan mənzili bağlı saxlamaqla oraya ekspertin baxış keçirməsinə imkan yaratmadığından ekspertiza rəyinin nəticə hissəsinin İİ abzasında göstərilən hal haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən cavabdehin əleyhinə qiymətləndirilmişdir.
52. Belə ki, Azərbaycan Respublikasının MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmirsə, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün zəruri xərcləri ödəmir və s.) işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və ya rədd edilmiş hesab edə bilər.
53. Kollegiya, birinci instansiya məhkəməsinin iddiaçının xeyrinə cavabdehdən 2030 manat məbləğində maddi ziyanın tutulması ilə bağlı gəldiyi nəticəni qanuni hesab edir.
54. Məhkəmədə müdafiə hüquqlarının lazımınca təmin edilməmiş, tərəfindən sübutlar, etirazlar, vəsatətlər və eləcə də şahid təqdim edilməsinə şərait yaradılmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlillərini isə kollegiya əsassız hesab edir. Belə ki, iş materiallarından onun məhkəmə proseslərində iştirak etdiyi məlum olur. Buna görə də vəsatətlər verə bilməməsi və sübutlarını təqdim edə bilməməsi barədə dəlilləri əsassız olmaqla yanaşı formal xarakter daşayır.
55. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
58. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-419/2023 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.