Məhkəmə qərarları › İş №2(104)-2417/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2417/2023

25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2417/2023 25.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İslamzadə (Hüseynov) Elşən Əlisabir oğluna qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(076)-1865/2023 saylı qətnaməsindən cavabdeh İslamzadə (Hüseynov) Elşən Əlisabir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1865/2023 saylı qətnaməsi ilə (hakim T.Musayev) iddianın qismən təmin edilməsi, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 20 fevral 2016-cı il tarixdə doğulmuş Ayşən və 19 iyun 2017-ci il tarixdə doğulmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)- 423/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləği həddində müəyyən edilməsi və cavabdeh X1 alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə əsassız olduğundan təmin edilməməsi, cavabdeh X1 58,4 (əlli səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutulub elektron hökümət portalına ödənilməsi qət edilmişdir. Cavabdeh İslamzadə (Hüseynov) Elşən Əlisabir oğlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh X2 qarşı alimentin məbləğinin artırılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 20 fevral 2016-cı il tarixdə doğulmuş Ayşən və 19 iyun 2017-ci il tarixdə doğulmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat sabit pul məbləği həddində müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, 20 fevral 2016-cı il tarixdə doğulmuş Ayşən və 19 iyun 2017-ci il tarixdə doğulmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat sabit pul məbləği həddində müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 ilə faktiki olaraq evlənməklə, xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 20 fevral 2016-cı il tarixdə Ayşən və 19 iyun 2017-ci il tarixdə Hüseyn adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə cavabdehlə ayrılmışlar, ayrıldıqdan sonra azyaşlı uşaqlar onun yanında qalmışdır. Hazırda da uşaqlar onun yanında yaşayır. Əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 135 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, hazırda həmin məbləğ azyaşlı uşaqları saxlamaq üçün yetərli deyildir. Belə ki, onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşaqların qidalanması və geyimi ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. Mövcud vəziyyətdə uşaqlarını tək başına saxlaya bilmir. Odur ki, iddianın təmin edilərək, 20 fevral 2016-cı il tarixdə doğulmuş Ayşən və 19 iyun 2017–ci il tarixdə doğulmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən heç bir mötəbər sübuta əsaslanmamış və əsassız qətnamə çıxarmışdır. Belə ki, cavabdeh olaraq onun maddi vəziyyətində heç bir irəliləyiş olması barədə iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmiş, əksinə aylıq əmək haqqının 326 manat olmasına baxmayaraq məlum qətnaməni qəbul etmişdir. Birinci instansiya məhkəməsi təyin edilmiş alimenti ödədikdən sonra özünün həyatda yaşamağı, himayəsində olan pensiya yaşlı ata-anasının maddi təminatlarını hansı vəsaitlə təmin etməli olmağını nəzərə almamışdır. İddiaçı ilə birgə ailə münasibətləri zamanı və ayrıldıqdan sonra uşaqların maddi cəhətdən saxlanılması vəzifəsindən imtina etməmişdir. Birinci instansiya məhkəməsi məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləğini, onun iş yerindən məhkəməyə təqdim etdiyi orta aylıq əmək haqqı barədə arayışı və maddi imkanını nəzərə almamış, alimentin məbləğini artırmışdır. Onun tərəfindən məhkəməyə iş yerindən aylıq əmək haqqı barədə arayış təqdim edilmişdir. Anaq, bu sübut məhkəmə tərəfindən obyektiv qiymətləndirilməmiş və həmin sübuta uyğun hüquq normasını düzgün tətbiq etməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş olsa da, buna əsaslı səbəb göstərməmişdir. Məhkəmə kollegiyası cavabdehin gələməməsinin səbəbini üzrsüz sayır və Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi və iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X3 ilə İddiaçı birgə nikahından 20 fevral 2016-cı il tarixdə Ayşən və 19 iyun 2017-ci il tarixdə Hüseyn adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-423/2021 saylı qətnaməsinin surətindən görünür ki, 20 fevral 2016-cı il tarixdə doğulmuş Ayşən və 19 iyun 2017-ci il tarixdə doğulmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X1 hər ay hər uşaq üçün 135 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Dəllər qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, Dəllər qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasında 0.5 ştat vahidi üzrə dəyişməyə baxan İddiaçı əmək haqqı 179,50 manat təşkil edir. İşdə olan Milana VİP Hospital tərəfindəm verilmiş xx.xx.2022–ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək klinikada stasionar müalicə kursu keçmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş, "xxxx" MMC tərəfindən verilmiş 17 may 2023-cü il tarixli 3-17-7/2-H-20637/2023 nömrəli arayışından görünür ki, X3 05 yanvar 2021-ci il tarixdən "xxxx" MMC-də ARDNŞ nəzdində “Azəriqaz” İB-nin Şəmkir RQİİ üzrə Şəmkir rayonu ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsində çalışır və onun aylıq əmək haqqı 345 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində göstərilir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 16 iyun 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X3 xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 20 fevral 2016-cı il tarixdə Ayşən və 19 iyun 2017-ci il tarixdə Hüseyn adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə cavabdehlə ayrılmışlar, ayrıldıqdan sonra azyaşlı uşaqlar onun yanında qalmışdır. Hazırda da uşaqlar iddiaçının yanında yaşayır. Əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 135 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, hazırda həmin məbləğ azyaşlı uşaqları saxlamaq üçün yetərli deyildir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və aşağıdakıları qeyd edir. Belə ki, cavabdehin gəlirinin aşağı olması onu yetkinlik yaşına çatmamış uşaqlarının tələbatını təmin etməkdən azad etmir və onun əmək haqqısının aşağı olması uşaqlarının saxlanması üçün tutulan alimentin miqdarının artırılmasına maneə deyildir. Ona görə ki, işdən göründüyü kimi tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün alimentin məbləği məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, həmin vaxtdan iki ildən artıq müddət keçmiş, bu müddət ərzində dolanışıq minimumu xeyli artmışdır. Digər tərəfdən məhkəmə tərəfindən tutulması qət edilmiş alimentin miqdarı respublika üzrə uşaqların saxlanması üçün müəyyən edilmiş dolanışıq minimumundan belə aşağıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək məhkəmənin əvvəlki qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini artırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığına, cavabdeh İslamzadə (Hüseynov) Elşən Əlisabir oğlunun verdiyi apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh İslamzadə (Hüseynov) Elşən Əlisabir oğlunun apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1865/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar