Məhkəmə qərarları › İş №2(104)-243/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-243/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-243/2024 10.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-213/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 10 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və X1 şikayəti əsasında toplanmış HK-1/1825 nömrəli rədd materialı və həmin material əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı və X1 müraciəti əsasında, onların və şikayətçi olduqları Cavabdeh izahatları alınmış, həmin izahatlarında İddiaçı və X3 2021-ci ilin dekabr ayının sonlarından 2022-ci ilin aprel ayının sonlarına kimi Cavabdeh nisyə olaraq qızıl-zinət əşyaları satdıqlarını və onlara 55000 manat borcunun qaldığını, Cavabdeh isə izahatında Türkan Salmanovaya və İddiaçı qızıl əşyalarının alqı-satqısına görə 50000 manat borcunun qaldığını göstərmişdir. Toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

2. “Whatsapp” sosial şəbəkəsi vasitəsilə İddiaçı ilə Cavabdeh arasında aparılmış yazışmalardan və qızıl əşyalarının alqı-satqısı ilə bağlı nisyə dəftərindən görünür ki, cavabdeh iddiaçıdan 05 yanvar 2022-ci il tarixdə 2000 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti almış, onun dəyərindən 200 manat ilkin ödəniş etmiş, fevral ayında 200 manat, mart ayında 200 manat, aprel ayında 200 manat ödəniş etdikdən sonra 1200 manat borcu qalmış; 07 yanvar 2022-ci il tarixdə 2000 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti almış, 200 manat ilkin ödəniş etmiş, fevral ayında 200 manat, mart ayında 200 manat, aprel ayında 200 manat ödəniş etdikdən sonra 1200 manat borcu qalmış; 21 yanvar 2022-ci il tarixdə hər birinin dəyəri 800 manat olan 3 ədəd brilyant qaşlı qızıl üzük almış, hər birinin dəyərindən 100 manat ilkin ödəniş etmiş, fevral ayında hər birinin dəyərindən 100 manat, mart ayında hər birinin dəyərindən 100 manat ödəniş etdikdən sonra üç ədəd üzüyə birlikdə 1500 manat borcu qalmış, 21 yanvar 2022-ci il tarixdə 1850 manat dəyərində qızıl saat almış, 300 manat ilkin ödəniş etmiş, fevral ayında 300 manat, mart ayında 300 manat ödəniş etdikdən sonra 950 manat borcu qalmış; 09 fevral 2022-ci ildə 2600 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti almış, 250 manat ilkin ödəniş etmiş, mart ayında 200 manat ödəniş etdikdən sonra 2150 manat borcu qalmış; 11 fevral 2022-ci il tarixdə 1500 manat dəyərində brilyant qaşlı qızıl sırğa almış, 200 manat ilkin ödəniş etmiş, mart ayında 200 manat ödəniş etdikdən sonra 1100 manat borcu qalmış; 09 mart 2022-ci ildə 325 manat dəyərində ilan formalı qızıl boyunbağı almış və dəyərindən heç bir ödəniş etməmiş; 18 mart 2022-ci il tarixdə çəkisi 23.77 qram, dəyəri 2377 manat olan qızıl boyunbağı almış, 500 manat ilkin ödəniş etmiş, daha sonra 800 manat ödəniş etmiş və 1077 manat borcu qalmış, 18 mart 2022-ci il tarixdə 1350 manat dəyərində brilyant qaşlı qızıl sırğa almış, 250 manat ilkin ödəniş etdikdən sonra 1100 manat borcu qalmış; 01 aprel 2022-ci il tarixdə 1982 manat dəyərində qızıl rekert toxunuşlu boyunbağı almış, 600 manat ilkin ödəniş etmiş, 1382 manat borcu qalmış; 02 aprel 2022-ci il tarixdə 17.2 qram çəkisi olan, 1700 manat dəyərində qızıl kole almış, 300 manat ilkin ödəniş etdikdən sonra 1400 manat borcu qalmış; 02 aprel 2022-ci il tarixdə 975 manat dəyərində qızıl boyunbağı almış, 300 manat ilkin ödəniş etdikdən sonra 675 manat borcu qalmış; 05 aprel 2022-ci il tarixdə çəkisi 10.14 qram, dəyəri 915 manat olan qızıl üzük-sırğa dəsti almış, 200 manat ilkin ödəniş etdikdən sonra 715 manat borcu qalmış; 05 aprel 2023-cü il tarixdə çəkisi 13.66 qram, dəyəri 1230 manat olan qızıl bilərzik almış, 200 manat ilkin ödəniş etdikdən sonra 1030 manat borcu qalmış; 05 aprel 2022-ci il tarixdə çəkisi 16.75 qram, dəyəri 2300 manat olan brilyant qaşlı qızıl üzük-sırğa dəsti almış, 300 manat ilkin ödəniş etdikdən sonra 2000 manat borcu qalmış; 07 aprel 2022-ci il tarixdə 425 manat dəyərində uşaq üçün qızıl bilərzik almış, 100 manat ilkin ödəniş etdikdən sonra 325 manat borcu qalmış; 12 aprel 2022-ci il tarixdə 650 manat dəyərində brilyant qaşlı qızıl üzük almış, 250 manat ilkin ödəniş etdikdən sonra 400 manat borcu qalmış; 14 aprel 2022-ci il tarixdə dəyəri 1800 manat olan bir dəst brilyant qaşlı qızıl-üzük sırğa dəsti almış, 300 manat ilkin ödəniş etdikdən sonra 1500 manat borcu qalmış, 14 aprel 2022-ci il tarixdə dəyəri 1800 manat olan bir dəst brilyant qaşlı qızıl-üzük sırğa dəsti almış, 300 manat ilkin ödəniş etdikdən sonra 1500 manat borcu qalmış; 20 aprel 2022-ci il tarixdə 10.17 qram çəkidə, 885 manat dəyərində qızıl sırğa almış, 300 manat ilkin ödəniş etdikdən sonra 585 manat borcu qalmış, 21 aprel 2022-ci il tarixdə 10.77 qram çəkidə, 1044 manat dəyərində qızıl bilərzik almış, 400 manat ilkin ödəniş etdikdən sonra 644 manat borcu qalmış, 21 aprel 2022-ci il tarixdə 29.96 qram çəkidə, 2546 manat dəyərində tros toxunuşlu qızıl boyunbağı almış, 700 manat ilkin ödəniş etdikdən sonra 1846 manat borcu qalmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona olan 24.104 (iyirmi dörd min yüz dörd) manat borcun, eləcə də ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi tanıyır və münasibətləri normal olmuşdur. 2021-ci ilin dekabr ayında cavabdeh ondan ümumi dəyəri 25000 manat olan qızıl-zinət əşyaları götürmüş və pulunu bir neçə aya qaytaracağına söz vermişdir. Cavabdeh borcunu qaytarmadığı üçün Şəmkir rayon Polis Şöbəsinə şikayət etmişdir. Şəmkir rayon Polis Şöbəsində cavabdeh ona olan borcundan 800 (səkkiz yüz) manat qaytarmışdır. Hal-hazırda cavabdehin ona 24104 (iyirmi dörd min bir yüz dörd) manat borcu vardır. Cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edib, cavabdehin ona olan borcunu tələb edir.

5. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh ümumilikdə 34654 manat dəyərində qızıl əşyalarını nisyə satdığını, həmin qızıl əşyalarının dəyərindən cavabdehin ona hissəhissə 10050 manat ödəniş etdiyini, 17 iyun 2022-ci il tarixdə isə 500 manat ödəniş etdiyini, hazırda Cavabdeh ona 24104 manat məbləğində borcu qaldığını göstərməklə cavabdehdən borclu olduğu 24104 manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-213/2023 nömrəli qətnaməsi ilə (hakim Rəşad Mustafayev), iddianın təmin edilməsi, Cavabdeh 24104 (iyirmi dörd min bir yüz dörd) manat borc məbləği və məhkəmə xərci olaraq 162 (bir yüz altmış iki) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 600.1, 600.4 və 601.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-213/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı tələb etdiyi pulu ona borca verməmişdir. Ondan borc pul almamışdır. Qanunvericiliyin tələbinə görə o iddiaçıdan borc pul almış olsaydı, həmin borc notarial qaydada təsdiq olunmuş müqavilə əsasında rəsmiləşdirilməli idi. Hesab edir ki, əgər doğurdan da iddiaçı mənə qızıl-ziynət əşyaları satıbsa, o, məndən nə üçün qızıl-ziynət əşyaları tələb etmir? Yaxud əskinə. Tələb etdiyi borcun yaranma əsasları barədə məhkəməyə nə üçün iddiaçı mötəbər sübut təqdim edə bilmir? Məsələn: bu qədər borc var idisə iddiaçı nə üçün mənə nisyə mal verirdi? Eyni zamanda iddiaçının bacısı da mənə qarşı belə bir iddia qaldırıb. O, da məndən yüksək məbləğdə pul tələb edir. Nə qədər inandırıcıdır, iddiaçı iddia tələbində?

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Cavabdeh ilə İddiaçı arasında qızıl-zinət əşyalarının nisyə alğı-satqısı olmuşdur. Cavabdeh iddiaçıdan aldıqları qızıl əşyalarını geri qaytarmışdır. Həmçinin, cavabdeh ibtidai istintaq orqanına verdiyi izahatı yadında deyildir. Çünki, həmin zaman cavabdehin evində oğurluq hadisəsi baş vermiş, qızıllar oğurlanmış və həmin hadisənin təsirində olmuşdur. Hazırda iddiaçı tərəfindən nisyə alğı-satqının qeydiyyata alındığı dəftərlə bağlı mühasibatlıq ekspertizası təyin edilməlidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) X4 apellyasiya şikayətini dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, tərəflər arasında qızıl-zinət əşyalarının nisyə alğı-satqısı olmuşdur. Cavabdeh əvvəlcə nisyə qızıllar aldıqca ödənişlər etmişdir. Həmin alğı-satqılar barədə iddiaçı dəftərdə qeydiyyat aparmışdır. Cavabdeh ilk vaxtlar ödənişlər etsə də, sonradan ödənişləri dayandırmışdır. Buna görə də 24.104 manat borcu qalmışdır. Həmçinin, həmin hal cavabdehin ibtidai istintaq orqanına verdiyi izahatda da iddiaçıya və onun bacısına ümumilikdə 50.000 manata yaxın borcunun olduğunu etiraf etmişdir. Bundan əlavə isə tərəflər arasında “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış yazışmalar da mövcuddur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Onlar nümayəndə və vəkillə təmsil olunmuşlar. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

17. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

25. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

33. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-213/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair şifahi razılaşma olmuşdur. Cavabdeh 2022-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayının sonuna kimi İddiaçı 34654 manat dəyərində qızılzinət əşyalarını nisyə almış və həmin əşyaların dəyərindən müxtəlif vaxtlarda qismən ödəniş etdikdən sonra iddiaçıya 24.104 manat məbləğində borcu qalmışdır. Həmin borcun yaranmağı “Whatsapp” sosial şəbəkəsi vasitəsilə İddiaçı ilə Cavabdeh arasında aparılmış yazışmalardan və qızıl əşyalarının alqı-satqısı ilə bağlı nisyə dəftəri ilə müəyyən edilmişdir. Həmçinin, İddiaçı və X1 şikayəti əsasında toplanmış HK-1/1825 nömrəli rədd materialı və həmin material əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ilə cavabdeh borcunun olduğunu etiraf etmişdir.

36. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısı olmuşdur. Cavabdeh isə iddiaçıdan qızıl-zinət əşyalarının aldığını, həmin əşyalara görə ona borcu olduğunu bildirmiş və cavabdeh tərəfindən əmlakların dəyəri mübahisələndirilməmişdir.

37. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıdakı müddəaları əsasında həll olunmalıdır.

38. İş materialları ilə müəyyən olunur ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda nisyə əşya almış, pulunu qaytaracağına söz versə də aldığı malların pulunu tam qaytarmamışdır.

39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

40. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

42. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.

43. Çünki, iş materiallarında olan araşdırma zamanı ibtidai istintaq orqanına izahat vermiş Cavabdeh izahatında göstərmişdir ki, Türkan Salmanovaya və İddiaçı qızıl əşyalarının alqı-satqısına görə təxminən 50.000 manat borcunun qaldığını göstərmiş və həmin məbləği qısa zaman kəsiyində ödəyəcəyini bildirmişdir. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1ci maddəsi).

44. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.

45. Bu baxımdan əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.

46. Göründüyü kimi, işin qeyd olunan halı cinayət işinin başlanmasının rədd edilməsi haqqında Şəmkir rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə də təsdiqini tapır. Həmin qərar isə hazırki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

47. Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

48. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, bu normaların tələbinə uyğundur.

49. Həmçinin kollegiya göstərir ki, cavabdehin iddiaçıdan aldığı nisyə qızıl əşyalarının dəyərinin tam ödənilməsi və buna görə də heç bir borcunun olmaması barədə göstərdikləri əsassızdır. Çünki, cavabdeh tərəfində qeyd etdikləri yalnız formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

51. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

52. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

53. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin (vəkilinin) qızıl əşyalarının alqı-satqısı ilə bağlı nisyə dəftərində olan yazıların iddiaçı tərəfindən şişirdilməsi və düzgün heablanmaması dəlili ilə bağlı göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehin subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Azərbaycan Respublikasının MPM-in 77.1-ci və Azərbaycan Respublikasının MM-in 433.3-cü maddəsidir.

54. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. (Azərbaycan Respublikasının MM-in 433.3-cü maddəsi).

56. Kollegiya qeyd edir ki, apellyator borcun düzgün hesablanmadığını bildirsə də, buna əsas verəcək dəlilləri, yəni etdiyi hansı ödənişin nəzərə alınmamasını və bunu təsdiq edəcək sübutları şikayətində göstərməmiş, ümumiyyətlə ekspertiza təyin olunması zərurətini yetərincə əsaslandıra bilməmişdir.

57. Həmçinin, apellyator birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş və ekspertiza təyin edilməsi barədə vəsatət verməmişdir. Bu səbəbdən kollegiya onun bu dəlilini ağlabatan hesab etmir. Kollegiya göstərir ki, ekspertiza təyin edilməsi barədə dəlil formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.

58. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

59. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

62. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

63. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-213/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar