Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2450/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-858/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-858/2024 saylı qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbinin təmin edilməsi, Gədəbəy rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(042)-319/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş, 28 fevral 2010-cu il tarixdə doğulmuş X3 və 13 mart 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər bir uşaq üçün sabit pul məbləğində İddiaçı xeyrinə tutulan 140 manat alimentin miqdarının dəyişdirilərək Cavabdeh qazancının və ya başqa gəlirinin 1/3 hissəsi miqdarında müəyyən edilməsi, ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı verilməsi, Cavabdeh 50 (əlli) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli, 2(042)-858/2024 saylı qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin olunmamasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı məhkəmədə iddia ərizəsi ilə Gədəbəy rayon Məhkəməsinə müraciət edərək Cavabdeh azyaşlı uşaqları xx.xx.2010-cu il doğum tarixli X2 və xx.xx.2014-cü il doğum tarixli X1 tərbiyyə edilməsi üçün kəsilmiş 280 manat alimentin miqdarının artırlaraq hər ay əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi olmaqla aliment təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment məbləğinin artırılaraq hər ay cavabdehin aylıq gəlirinin 1/3 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə rəsmi ailə həyatı qurmuşdur. Onların rəsmi nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X7 anadan olmuşdur. Gədəbəy rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 28 fevral 2010-cu il tarixdə doğulmuş X4 və 13 mart 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə tutulan hər ay hər uşaq üçün 90 manat, cəmi 180 manat alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat, cəmi 280 manat miqdarında aliment verilməsi qət edilmişdir. Cavabdeh alimenti ödəsə də, hazırda həmin məbləğ uşaqların saxlanılması üçün çox aşağı bir məbləğdir. Məhkəmə tərəfindən müəyyən edilmiş aliment hazırda uşaqların saxlanılması üçün kifayət etmir. Hər bir uşağın gündəlik tələbatı, sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, özü başqa qadınla rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan bir övladı var- xx.xx.2017-ci il təvəllüdlü X6. Onun "xxxx" MMC-də işləməyi və gross əmək haqqı məbləği 1527 manat, net əmək haqqı məbləği isə 1350.13 manat təşkil edir qeyd edilmişdir. O, həmin MMC-də “kran operatoru” vəzifəsində işləyir, hər ay işlədiyi günlərə görə əmək haqqı alır. Onun aylıq əmək haqqısı işlədiyi günlər üzrə dəyişir 700- 750 manat təşkil edir. Birinci instansiya məhkəməsi çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, cavabdehin iştirakını təmin etmədən, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki MPM-nin tələbinə görə Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edib həmin şikayətin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən, mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə, X5 xx.xx.2014-cü il tarixdə, anadan olmuş, ataları Cavabdeh, anaları İddiaçıdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(042)-319/2019 saylı qətnaməsinə əsasən, 28 fevral 2010-cu il tarixdə doğulmuş X3 və 13 mart 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan hər ay hər uşaq üçün 90 manat, cəmi 180 manat alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat, cəmi 280 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən Gədəbəy rayon Məhkəməsinin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də işləyir. Cavabdeh gross əmək haqqı məbləği 1527 manat, net əmək haqqı məbləği isə 1350.13 manat təşkil edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2024-cü il üçün 235 manat müəyyən edilmişdir. Məhkəmənin əvvəlki qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə 140 manat alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə xeyli dərəcədə azdır və onların saxlanması üçün yetərli deyildir. Bundan başqa, ötən müddətdə uşaqlar da böyüməklə onların tələbatı artmışdır. Uşaqlar üçün yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsas vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Birinci instansiya məhkəməsi uşağın marağını və cavabdehin sabit qazancını nəzərə alıb müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək iki uşaq üçün cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində müəyyən etmişdir. Odur ki, kollegiya hesab edir ki, məhkəmə bu zaman uşaqların mənafeyini kifayət qədər nəzərə almışdır. Apellyasiya şikayətinin dəlillərindən digəri işə onun iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən cavabdehə məhkəmə bildirişi göndərmiş, lakın ona göndərilmiş zərfin üzərində (ünvanda kirayışin yaşayır qeydi yazılmaqla) məhkəməyə geri qaytarılmışdır. Halbuki eyni ünvana göndərilmiş məhkəmə qətnaməsi cavabdehin həyat yoldaşı tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir Lakin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığına, apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-858/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2450/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2450/2024
18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver