Məhkəmə qərarları › İş №2(104)-2452/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2452/2023

25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2452/2023 25.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2639/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2639/2023 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2639/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ona vurmuş olduğu maddi ziyana görə 4420 manat pulun, iddia verilməsinə görə ödənilmiş 64.60 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 220 manat, cəmi 4504,60 manat məbləğində zərərin əvəzinin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə həmkəndlidir, sahə torpaqları bitişik olduğu üçün qonşuluq edirlər, onun xüsusi mülkiyyətində 3,0317 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsi 28 iyun 2007-ci ildə ********* saylı qeydiyyat nömrəsində qeydə alınmış, seriya nömrəsi MH0002046 saylı çıxarış verilmişdir. Lakin çıxarış əsasında verilmiş torpaq sahəsinin 0,58 hektar hissəsindən hal-hazırda Cavabdeh istifadə edir. Dəfələrlə cavabadehə xəbərdalıq edib ki, istifadə etdiyi torpaq onun mülkiyyətinə aiddir. Dəfələrlə xəbərdarlıq etmişdir ki, onun mülkiyyətində olan torpaqdan çıxsın və torpağı ona təhvil versin. Lakin cavabdeh torpağı ona verməkdən imtina etmişdir. O, mülki qaydada məhkəməyə müraciət edərək, hüquqlarının müdafiə olunmasına, cavabdehdən 0,58 hektar torpaq sahəsinin alınıb ona verilməsinə dair iddia tələbi irəli sürmüşdür. Məhkəmə onun iddia tələbini təmin edib. Cavabdeh ona məxsus olan 0,58 hektar torpaq sahəsini 15 il qanunsuz əkib becərmişdir. 15 il müddətinə ona xeyli miqdarda ziyan vurmuşdur. Həmin ziyan tələbini o, cavabdehdən bu günki gündə tələb edir. Həmin ziyan tələbinin ödənilmədiyi üçün məhkəməyə müraciət edib. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyildir. Belə ki, cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh məhkəmə iclasında tamam yalan ifadə vermişdir. Cavabdeh 15 ilə yaxındır ki, ona məxsus 0.58 ha torpaq sahəsini qanunsuz olaraq əkib becərmişdir. Birinci instansiya məhkəməsində cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat almasına baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmənin qərəzli mövqe tutması ondan bəllidir ki, cavabdeh iştirak etmədən qətnaməni onun qeyrinə qət etmişdir. Cavabdehin tələbləri formal tələblərdir, onun əlində sübutları vardır. İddiasını müdafiə edir və cavabdehin tələbi ilə qətiyyən razılaşmır. Hesab edir ki, məhkəmənin bu qətnaməsi qanunsuz və ədalətsizdir. Məhkəməyə maddi sübutlar təqdim etmiş, məhkəmə bunları nəzərə almalı, onun hüquqlarını qorunmalıdır və qanunla qorunan mənafeyi pozulmamalıdır. Bu baxımdan hesab edir ki, məhkəmə tərəfindən işin halları çox şəffaf şəkildə araşdırılmalıdır. Lakin məhkəmə onun fikirlərini nəzərə almamış, açıq aşkar hüquqları pozulmuşdur. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iddiaçını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1952-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Göyüşlü kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 77 saylı, 10 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Göyüşlü kəndində yaşayır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(021)-2843/2022 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh MH seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində oaln Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən 3.0317 ha torpaq sahəsinin 0.58 ha hissəsindən çıxarılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, 0.58 ha torpaq sahəsinə əkilən yonca bitkisinin becərilməsi üçün çəkilən xərc və gəlir qiymətləndirilərkən 14 il ümumi torpaq sahəsinə əkilən yonca bitkisinin xərci çıxıldıqdan sonra cəmi 4420 manat müəyyən edilmişdir. İş materiallarında olan RX ******* seriyalı Dövlət reyestrindən Çıxarışının surətindən müəyyən olunur ki, Cavabdeh, X4,Həsənov Elgün tibar oğlunun ümumi birgə mülkiyyətinə Bərdə rayonu, Böyük Göyüşlü kəndində 1.04 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli aktdan müəyyən olunur ki, X2 ərizəsinə əsasən ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan 1.04 ha torpaq sahəsinin kordinatları torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən naturada təyin edilərək özünə tanıdılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş iddiaya qarşı etirazda göstərilmişdir ki, iddiaçı da onun mülkiyyətində olan torpaq sahsindən istifadə etmişdir. O, İddiaçı torpaq sahəsini zəbt etməmişdir, müvəqqəti olaraq bir-birinin torpaq sahəsini istifadə etsələr də, hal-hazırda hər ikisi öz torpağından istifadə edir, qanunsuz olaraq yazılmış 4504.60 manat pulu ödəməyə heç bir imkanı yoxdur, onları şərləməyə çalışır, hətta kənd içərisində deyir ki, “X1 torpaq sahəsini bir qəpiksiz alacam”. Buna görə də onun ziyan tələbi əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki vəziyyətdə iddiaçı iddia tələbində haqlı deyildir. Belə ki, hazırki prosesdə iddiaçının özünü məhkəmə iclasında torpaq sahələrinin yerlərinin dəqiq olmaması, sonradan ərazi koordinatlarının və sərhədlərin tanıdılaraq tərəflərə təqdim edilməsini bildirməsini əsas götürən məhkəmə hesab edir ki, cavabdeh qərəzli olaraq iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Belə ki, cavabdeh vicdanlı sahib kimi torpaq sahəsindən istifadə etmişdir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir), delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialaında olan 25 fevral 2023-cü il tarixli aktdan müəyyən olunur ki, X3 ərizəsinə əsasən ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan 1.04 ha torpaq sahəsinin kordinatları torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən naturada təyin edilərək özünə tanıdılmışdır. Bundan sonra isə cavabdeh həmin torpaq sahəsindən istifadə etməmişdir. Göründüyü kimi əvvəllər cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi cavabdehin həmin torpaq sahəsini öz torpaq sahəsi kimi zənn etməsi ilə bağlı olmuş, cavabdehə məxsus torpaq sahəsindən də digər torpaq istifadəçisi istifadə etmişdir. İddiaçı dəymiş zərərin cavabdehin təqsirli hərəkəti nəticəsində baş verdiyini göstərmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır İddiaçı apellyasiya şikayətinin dəlillərində məhkəmənin onun sübutlarını sübut kimi qiymətləndirmədiyini göstərmiş olsa da, bununla belə məhkəməyə həmin halın cavabdehin təqsirindən baş verdiyini təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2639/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-cü maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2639/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar