Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2453/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-910/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi Qeydiyyat şöbəsi tərəfindən 14 may 2019-cu il tarixdə verilmiş AZ-İV № 270385 saylı doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiq edilmişdir – hakimin qeydi) görünür ki, X6 26 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası- Cavabdeh, anası İddiaçıdır.
2. Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 22 dekabr 2011-ci il tarixdə verilmiş AZ-İV № 685166 saylı doğum haqqında şəhadətnamənin (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiq edilmişdir – hakimin qeydi) surətindən görünür ki, X5 04 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Göygöl rayonunda doğulmuş, atası- Cavabdeh, anası-İddiaçıdır.
3. Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 avqust 2023-cü il tarixli 2(040)-778/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 21 yanvar 2019-cu il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nairliyinin Qeydiyyat şöbəsi tərəfindən 149-cu nömrə ilə qeydə alınmış nikahın pozulması, qalan hissədə iddianın təmin edilməməsi, tərəflərin birgə nikahından 26 aprel 2019-cu ildə doğulmuş X6 və 04 dekabr 2021- ci ildə doğulmuş X2 nikah pozulduqdan sonra anaları (cavabdeh) İddiaçı yanında saxlanılması, 16 avqust 2023-cü il tarixdən hesablanmaqla, 26 aprel 2019-cu ildə doğulmuş X6 və 04 dekabr 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aylıq alimentin iddiaçı Cavabdeh tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir.
4. Məhkəmə kollegiyasının “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə etdiyi məlumatdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatda olmaqla “Qoyun və Keçilərin Yetişdirilməsi” xidməti ilə məşğul olmuş, hazırda VÖEN üzrə fəaliyyətini müvəqqəti dayandırmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahından doğulmuş 26 aprel 2019-cu il təvəllüdlü X6 və 04 dekabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 21 yanvar 2019-cu il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahdan 26 aprel 2019-cu ildə X6 və 04 dekabr 2021-ci ildə X5 adlıarında uşaqları doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-778/2024 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanmış, uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin cavabdehdən alınıb ona ödǝnilməsi qət edilmişdir. Hazırda aldığı aliment uşaqların saxlanması üçün yetərli deyildir. Uşaqlara tək baxır, cavabdeh ona əlavə heç bir kömək etmir. Uşaqların saxlanmasında çətinlik çəkir. O, hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin cavabdehdan alınıb ona ödənilməsini istəyir.
7. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-910/2024 saylı qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddianın qismən təmin edilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(040)-778/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılması, İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən 26 aprel 2019-cu ildə doğulmuş X4 və 04 dekabr 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 180 (yüz səksən) manat olmaqla iki uşağa görə aylıq cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 26 aprel 2019-cu ildə doğulmuş X6 və 04 dekabr 2021- ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə ödənilən 150 (yüz əlli) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşağın maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşaqların mənafeyi nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda, qeyd etmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş vəzifələridir.
9. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrinə və “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-910/2024 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-910/2024 saylı qətnаməsinin tamamilə ləğv еdilməsini və iddiа tələbinin rədd edilməsinə dаir yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan Kəlbəcər Rayon Məhkəməsi onun məcburi köçkün olmağını və heç yerdə işləməməyini, başqa yerdən gəlirinin və qazancının olmamağını nəzərə almayaraq, qanunsuz şəkildə iddianı təmin etməklə onun onsuzda hal-hazırda ağır olan maddi vəziyyətini daha da ağır vəziyyətə salaraq, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinən gələcəkdə məhkum edilmə və yaxud da edilənlərdən birinin halına gətirmiş olmuşdur. O, xəstədir və əmək qabiliyyətini itirmişdir. Heç yerdə işləyə bilmir. İşə baxan Kəlbəcər Rayon Məhkəməsi yaxşı bilir ki, o, heç yerdə işləmir və hər uşaq üçün 180 manat aliment kəsməklə 360 manat alimentin onun tərəfindən ödənilə bilməyəcəyini bildiyi halda onu daha da yoxsul vəziyyətə salınmağına səbəb olmuşdur. Düşünür ki, işə baxan məhkəmələr vətəndaşların daha da yoxsul vəziyyətinə düşməsinə xidmət etməli deyil, işlərin ədalətli qaydada baxılaraq, uşaqların maddi rifahını və eyni zamanda aliment ödəyənin maddi vəziyyətini nəzərə almaqla, elə bir aliment kəsməlidir ki, həmin uşaqlara həmin aliment ata tərəfindən ödənilə bilsin. Ancaq hal hazır ki, vəziyyətdə alimentin yüksək səviyyədə kəsilməsi ilə mən alimenti ödəyə bilməyəcəm və bununlada uşaqların həm maddi rifahı aşağı düşmüş olacaq və həmçinin də gələcəkdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsi ilə məhkum olunmağına səbəbkar olmuş olacaqdır. Ona görə də hesab edir ki, alimentin kəsilməsi ataların məhkum olmasına xidmət etməməlidir, ata ilə uşağın ünsiyyətinin kəsilməsinə xidmət etməməlidir və əksinə elə aliment qətnaməsi çıxarılmalıdır ki, ata ilə uşağın həm bağı kəsilməsin, həm də atanın həmin alimenti ödəməyə maddi cəhətdən imkanı olmuş olsun. O, birmənalı şəkildə Kəlbəcər rayon Məhkəməsinin 2(040)- 910/2024 saylıiş üzrə 18 sentyabr 2024-ci il tarixli qətnaməsindən narazıdır və bu səbəbdən də həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini ona görə verir ki, alimentin miqdarı həddən artıq çox qaldırılıbdır və onun həmin alimenti ödəməyə heç cürə imkanı yoxdur, yalnız və yalnız alimentin hər uşağa 20 manat artırılmasına razıdır. Ondan artıq onun 1 manatda olsun aliment ödəyə bilməyəcəkdir. Düşünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə sasında işə ədalətli qaydada baxaraq, Kəlbəcər Rayon Məhkəməsinin 18 sentyabr 2024-ci il tarixli 2(040)-910/2024 saylı qətnaməsini tamamilə ləğv edəcək və ya dəyişdirərək alimentin miqdarını sadəcə 20 manat həddində artırılması ilə qətnamə çıxartmış olacaqdır. Həmçinin, məhkəmə kollegiyasının nəzərinə onu da çatdırır ki, ölkə ərazisində böyük şəxslər üçün əmək qabiliyyətli əhali üçün yaşayış minumu 350 manat həddində müəyyən edilmişdir və həmin 350 manat məbləğ tərəflər arasında bölünməli və ona münasib həddə alimentin miqdarı artırılmalı və yaxud da alimentin kəsilməsi müəyyən edilməldir. Məhkəmə bu maddi hüquq normalarının tələbini pozmaqla kobud maddi hüqüq normaları pozuntusuna yol vermişdir. Prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe isə ondan ibarətdir ki, məhkəmə sübutlara obyekiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanunuliyini və əsaslığını əsas göstəricisi olduğu nəzərə alırsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Digər bir pozuntu isə ondan ibarətdir ki,məhkəmə iclasın təyin edilməsi barədə ona heç bir bildiriş göndərmədən işə baxmış və çəkişmə və ədaləti araşdırma prinsipi pozularaq nəticə verilmişdir. Qətnamə ona bildiriş göndərmədən işə baxmaqla kobud prosessual pozuntuya yol vermiş olmuşdur. Birmənalı şəkildə birinci instansiya məhkəməsi mübahisə olduğu halda iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmədən və rəy almadan və ya mütəxəssis rəyi almadan məhkəmə öz şəxsi fikrinə və mülahizəsinə əsaslanıb, sənəd və sübutlara münasibət bildirmədən qərar çıxardaraq nəticə vermişdir. Bu hal isə kobud prosessual pozuntudur. Həmçinin məhkəmə onun iştirakını təmin etməmiş və ona heç bir bildiriş göndərməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq isə bildirmişdir ki, iddiaçı yalnız öz cibini doldurmaq üçün alimentin artırılmasını tələb edir. Əslində isə aliment pulundan uşaqlara heç nə xərcləmir. İddiaçının qeyd etdiyi kimi o, bizneslə məşğul deyildir. Hazırda heç yerdə işləmir, mövsümü olaraq fərdi əməklə məşğul olur. Alimentin artırılmasına etiraz edir. Çünki artıq aliment ödəməyə imkanı çatmır. Təyin edilmiş alimenti güclə ödəyir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, hazırkı günə qədər aliment borcu yoxdur.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, hal-hazırda aldığı aliment çox azdır. Uşaqlar böyüdükcə maddi ehtiyacları artır, uşağın ehtiyacları artdığından maddi vəziyyətinə görə onların tələbatlarını ödəməkdə çətinlik çəkir. Onun özünün maddi imkanı aşağıdır. Cavabdeh hər gün usta işləməklə kifayət qədər qazanc əldə edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
15. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
17. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
20. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
21. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
22. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
31. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apellyasiya şikayətində qətnamə alimentin artırılmış hissəsindən mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)- 910/2024 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2024-cü il üçün yaşayış minimum məbləğinin ölkə üzrə uşaqlara görə 235 manat müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hər ay hər uşağa görə 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə aylıq cəmi 360 (üç yüz altmış) manat manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsinə dair qanuni və əsaslı nəticəyə gəlmişdir. Həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasına dəvət olunmaması və maddi imkanının aşağı olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə bildirişi Cavabdeh özünün də apellyasiya şikayətində qeyd etdiyi Şəmkir rayonu 107 saylı X1 faktiki ünvanına göndərilmiş, həmçinin, cavabdehə məxsus, özünün də iddia ərizəsinə etirazda qeyd etdiyi 50 799-42-68 nömrəli mobil telefona “SMS xəbərdarlıq” vasitəsi ilə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Cavabdeh məhkəmə iclasına gəlmədiyi halda iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş, həmçinin, cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz göndərmişdir. Maddi imkanının aşağı olması, daimi sabit gəlirinin olmaması apellyasiya şikayəti üzrə alimentin məbləğinin artırılmamasına əsas vermir. Bununla belə, məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətini nəzərə alaraq, birinci instansiya məhkəməsinin aliment məbləğini hər uşaq üçün 30 manat həddində artırmasını məqsədəmüvafiq hesab edir. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatda olmaqla “Qoyun və Keçilərin Yetişdirilməsi” xidməti ilə məşğul olmuş, hazırda VÖEN üzrə fəaliyyətini müvəqqəti dayandırmışdır.
39. Məhkəmə kollegiyası cavabdehin iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməməsi və ekspert rəyi və ya mütəxəssis rəyi alınmadan birinci instansiya məhkəməsində işə bağılması ilə bağlı apellyasiya şikayətinin dəlillərini yalnız formal mülahizələr hesab edərək əsassız hesab edir.
40. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar.
41. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-910/2024 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
42. Mübahisələndirilən hissə bir uşağa görə 30 manat olmaqla, iki uşağa görə il ərzində 720 manatdır. ((30x2)x12=720)
43. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-910/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-910/2024 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.