Məhkəmə qərarları › İş №2(104)-246/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-246/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-246/2023 10.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(045)-674/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə, Gəncə Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4400 manatın alınaraq İddiaçı1, 2100 manatın alınaraq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Cavabdeh pula ehtiyyacı olduğu üçün iddiaçıdan borc olaraq xx.xx.2021-ci il tarixdə 2000 (iki min) manat, xx.xx.2021-ci il tarixdə 1200 (bir min iki yüz) ınanat, xx.xx.2021-ci il tarixdə 1200 (bir min iki yüz) manat və xx.xx.2021-ci il tarixdə 2100 (iki min yüz) manat qardaşı İddiaçı2 borc pul almış və bu haqqda yazılı şəkildə öz xətti ilə yazılmış qəbzlər vermişdir. Ancaq borcun qaytarılması ilə bağlı razılaşdığı müddətin keçməsinə baxmayaraq onun 4400 manat (2000+1200+1200+4400) və qardaşı İddiaçı2 2100 manat pullarını qaytarmır. Dətfələrlə özünə müraciət etsələr də, qaytaracaq deyir, ancaq qaytarmır Odur ki, cavabdch Cavabdeh cəmi 6500 (altı min beş yüz) manat pulun borcun vaxtında qaytarılmaması səbəbindən, hər il üçün ən aşağı Bank faizi - 05% məbləğində faizlərin və iddia ərizəsinin yazılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən iddia və xahiş edir. Odur ki, Cavabdeh 4400 manat məbləğində pulun və ödədiyi 65 manat dövlət rüsumunuın alınaraq İddiaçı1 verilməsi və 2100 manat məbləğində pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınaraq İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Goranboy Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(045)-674/2022 saylı qətnaməsi (hakim İsmayıl Abdurəhmanlı) ilə iddia təmin edilərək, cavadbeh Cavabdeh 4400 manat məbləğində pulun və ödədiyi 65 manat dövlət rüsumunun alınaraq İddiaçı1 verilməsi və Cavabdeh 2100 manat məbləğində pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınaraq İddiaçı2 verilməsi qət edilmişdir. İşdə olan sübutlar: 15 yanvar 2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı1 borc olaraq 2000 manat aldığını, yaxın vaxtda qaytaracağını öhdəsinə götürdüyünü bildirmişdir. 31 mart 2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı1 borc olaraq 1200 manat aldığını, yaxın vaxtda qaytaracağını öhdəsinə götürdüyünü bildirmişdir. 13 aprel 2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı1 borc olaraq 1200 manat aldığını, yaxın vaxtda qaytaracağını öhdəsinə götürdüyünü bildirmişdir. 15 may 2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı2 borc olaraq 2100 manat aldığını, yaxın vaxtda qaytaracağını öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2023-cü il tarixli, 4/1899 nömrəli eksert rəyinin nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, 31 mart 2021-ci il tarixli borc qəbzindəki yazılar (“Şəx:vəs: № 09860332” hərf və rəqəmli yazılardan başqa) və “İmza:” yazısı qarşısındakı imza, xx.xx.2021-ci il tarixli borc qəbzindəki yazılar və “İmza:” yazısı qarşısındakı imza, 15 may 2021-ci il tarixli borc qəbzindəki yazılar (“Şəx:vəs: № AA2868087” hərf və rəqəmli yazılardan başqa) və “İmza:” yazısı qarşısındakı imza - öz aralarında – eyni şəxs, Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli borc qəbzindəki yazılar və “İmza” yazısı qarşısındakı imza, 31 mart 2021-ci il tarixli borc qəbzinin sonunda “Şəx:vəs: № 09860332” hərf və rəqəmli yazılar, 15 may 2021-ci il tarixli borc qəbzinin sonunda “Şəx:vəs: № AA2868087” hərf və rəqəmli yazılar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 125 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri. Goranboy Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(045)-674/2022 saylı qətnaməsindən narazı qalan cavabdeh X2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş qəbzlərdən yalnız bir ədədi onun imzası və yazısı ilə icra edilmişdir. Bu barədə birinci instansiya məhkəməsində bildirsə də məhkəmə tərəfindən xəttşünaslıq ekspertizası keçirilməmişdir. O, cəmi bir dəfə Fərman adlı şəxsdən 1200 manat pul almış, həmin pulu da qaytarmışdır. Digər iddiaçını isə tanımır və ondan pul almamışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlməmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 apellyasiya şikayətinin əsassız olduğunu, məhkəməyə təqdim edilmiş bütün qəbzlərin iddiaçı cavadbeh tərəfindən yazıldığını və imzalandığını buna görə də iş üzrə ekspertiza təyin ediməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavadeh izahat verib bildirmişdir ki, məhkəməyə təqdim edilmiş qəbzlərdən yalnız 15 may 2021-ci il tarixli qəbzdəki xətt və imza ona məxususdur. Həmin qəbzdə göstərilən 2100 manatı isə iddiaçıya Fərmana geri qaytarmışdır. Pulu qaytaranda yanında yalnız Fərmanın arvadı olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Goranboy Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(045)-674/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(045)-674/2022 saylı qətnaməsi qismən ləğv edilməli və ləğv edilən hissədə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçılardan İddiaçı1 tərəfindən 31 mart 2021-ci il tarixdə 1200 manat, 13 aprel 2021-ci il tarixdə isə əlavə olaraq 1200 manat, İddiaçı2 tərəfindən isə 15 may 2021-ci il tarixdə 2100 manat cavabdehə borc pul verilmişdir. İddiaçılardan İddiaçı1 15 yanvar 2021-ci il tarixdə cavabdehə əlavə olaraq 2000 manat borc verdiyini iddia etmiş və bunun təsdiqi ilə əlaqədar məhkəməyə 15 yanvar 2021-ci il tarixli iltizam təqdim etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə xəttşünaslıq ekspertizasının rəyi ilə xx.xx.2021-ci il tarixli borc qəbzindəki yazıların və imzanın Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir ki, bununla da İddiaçı1 tərəfindən cavadbehə ümumilikdə 2400 manat, İddiaçı2 tərəfindən isə 2100 manat borcun verilməsi öz təsdqini tapmışdır. Cavabdeh İddiaçı1 yalnız bir dəfə borc aldığını və həmin borcu da qaytardığını iddia etsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdeh Mobil adlı şəxsi tanımadığını, ondan borc almadığını iddia etməklə, əvvəlki məhkəmə iclasında Fərmanın diqtəsinə əsasən 15 may 2021-ci il tarixli qəbzi yazdığını bildirmişdir ki, bu fakt cavabdehin İddiaçı2 borc almamasını sübut etməməkdədir. Belə ki, borcun İddiaçı2 tərəfindən nümayəndəsi qsimində İddiaçı1 vasitəsi ilə verilməsi mümkün olan haldır. Yəni, şifahi borc müqaviləsi İddiaçı2 nümayəndəsi vasitəsi ilə bağlanmış hesab olunur. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(045)-674/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(045)-674/2022 saylı qətnaməsi cavadbeh Cavabdeh 4400 manat məbləğində pulun tutularaq, İddiaçı1 verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilməli, Cavabdeh 2400 manat tutularaq, İddiaçı1 verilməli, qalan hissədə isə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Goranboy Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(045)-674/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(045)-674/2022 saylı qətnaməsi cavadbeh Cavabdeh 4400 manat məbləğində pulun tutularaq, İddiaçı1 verilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat alınaraq, İddiaçı1 verilsin. Ekspertiza tədqiqatının dəyəti olan 125 (yüz iyirmi beş) manat Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qətidir, ondan şikayət verilə bilməz. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar