Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-246/2025 28.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: icranın gecikdirilməsi; gecikdirilmiş vaxt üçün illik beş faiz borcu Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Cavabdeh qarşı gecikdirilmiş vaxt üçün illlik beş faiz borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(125)-2149/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2014-cü il tarixli, **********24014 nömrəli kredit müqaviləsi və ona əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 18 faiz olmaqla 38000 ABŞ dolları məbləğində kredit verilmişdir;
2. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-18/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Nümayəndə2, Cavabdeh və X2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 27968,48 ABŞ dolları və 1052,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 29021,47 ABŞ dolları milli manat ekvivalentində pul və 30 manat dövlət rüsumu tutulması, tutmanın Gəncə şəhəri, Kəpəz rayonu, S.Vurğun küçəsi, 45 nömrəli fərdi yaşayış evi və 0,019 ha torpaq sahəsinə yönəldilməsi, həmin ev açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 45000 manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması qət edilmişdir;
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(104)-266/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Nümayəndə2, Cavabdeh və X2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-18/2018 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC və cavabdeh Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)- 18/2018 saylı qətnaməsi Cavabdeh 1052,99 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilmiş və həmin məbləğ 7012,01 ABŞ dolları olmaqla, Cavabdeh 27968,48 ABŞ dolları və 7012,01 ABŞ dolları faiz borcu olmaqla, cəmi 34980,49 ABŞ dolları milli manat ekvivalentində pul tutulması, qətnamə fərdi yaşayış evinin ilkin satış qiymətinin 45000 manat dəyərində müəyyən edilməsi hissəsində dəyişdirilmiş və həmin məbləğ 50000 manat müəyyən edilmiş, qətnamə iddia tələbinin fərdi yaşayış evi satıldıqdan sonra orda yaşayan Nümayəndə2, Cavabdeh və X3, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində evi tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilmiş, fərdi yaşayış evi satıldıqdan sonra orda yaşayan Nümayəndə2, Cavabdeh və X3, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində evi tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları qət edilmişdir;
4. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2021-ci il tarixli 2(102)-317/2021 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)- 266/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-266/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş, faiz borcu 6039,44 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamənin digər hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır;
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/3446 nömrəli rəyində qeyd edilmişdir ki, Cavabdeh "xxxx" ASC-yə olan illik 5 faizlə olan borcu 6487,13 ABŞ dolları məbləğində müəyyən edilmişdir;
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1298 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankına gecikdirilmiş vaxt üçün illik beş faiz borcu 5623,87 ABŞ dolları təşkil edir. a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli, **********24014 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında 5163,34 ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın) əvəzi, 326,22 ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penya olmaqla, cəmi 5489,56 ABŞ dolları məbləğində pul vəsaitinin və 114 manat məbləğində dövlət rüsumunun ASC “Xalq” Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, ASC «Xalq» Bankı ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2014-cü il tarixli **********24014 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 18 faiz ödənilməsi şərtilə 38000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı Cavabdeh və ipoteka qoyan Nümayəndə2 arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Səməd Vurğun küçəsində yerləşən 0,019 ha torpaq sahəsinin və həmin torpaq sahəsindəki 1 mərtəbəli, 3 otaqlı, 61,7 kv.m yaşayış, 63,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 125,2 kv.m təşkil edən 45 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 14 oktyabr 2014-cü il tarixli **********24014/01/İP nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC “Xalq” Bankı kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi (iddia tələbinin həcminin artırılması haqqında xx.xx.2018-ci il tarixli ərizə ilə edilmiş dəyişikliklər nəzərə alınnmaqla) ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, 14 oktyabr 2014-cü il tarixli **********24014/01/İP nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Nümayəndə2 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Səməd Vurğun küçəsində yerləşən 0,019 ha torpaq sahəsinə və həmin torpaq sahəsindəki 1 mərtəbəli, 3 otaqlı, 61,7 kv.m. yaşayış, 63,5 kv.m. yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 125,2 kv.m təşkil edən 45 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsini və kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 27968,48 ABŞ dolları məbləğində əsas borcunun, xx.xx.2017ci il tarixə kreditdən istifadəyə görə illik 18 % dərəcəsi ilə hesablanmış 7012,01 ABŞ dolları məbləğində adi faizlər üzrə borcunun, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanmış 2686,53 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin, cəmi 37667,02 ABŞ dollarının və xx.xx.2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasını xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)- 18/2018 nömrəli qətnaməsi ilə bankın iddia tələbləri qismən təmin edilərək, Cavabdeh 27968,48 ABŞ dolları məbləğində əsas borcu və 1052,99 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 29021,47 ABŞ dollarının manat ekvivalentində və 30 manat məbləğində rüsumun tutulması, tutmanın ilkin satış qiyməti 45000 manat məbləğində müəyyən edilmiş yuxarıda göstərilən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə borcun ödənilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qeyd edilən qətnaməsindən narazı qalan iddiaçı ASC “Xalq” Bankı və cavabdeh İ.H.Həmzəyev tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)- 266/2020 nömrəli qətnaməsi ilə tərəflərin apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun 1052,99 ABŞ dolları məbləğində tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 7012,01 ABŞ dolları məbləğində müəyyən edilmiş, ipoteka predmetinin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən edilməsinə dair hissəsində isə dəyişdirilərək həmin məbləğ 50000 manat məbləğində müəyyən olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsindən narazı qalan cavabdeh İ.H.Həmzəyev tərəfindən Ali Məhkəməyə kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-317/2021 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmiş və faiz borcu 6039,44 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-317/2021 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra cavabdeh İ.H.Həmzəyev qeyd edilən məhkəmə aktları ilə müəyyən edilmiş cəmi 34007,92 ABŞ dolları məbləğində borcu hissəhissə ödənişlər aparılmaqla xx.xx.2023-cü il tarixdə tam şəkildə banka ödəmiş və bununla əlaqədar olaraq ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam verilmişdir. Lakin buna baxmayaraq, kredit müqaviləsinin 6.2-ci bəndinə və Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449- cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) qeyd olunan hüquqi mövqeyinə əsasən cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2018-ci il tarixdən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-18/2018 nömrəli qətnaməsinin qəbul edildiyi xx.xx.2018-ci il tarixədək hesablanmış qeyd edilən məbləğ 326,22 ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Qeyd olunanlara əsasən xx.xx.2018-ci il tarixdən əsas borcun ödənildiyi xx.xx.2022-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün müvafiq məbləğ 5163,34 ABŞ dolları təşkil edir
9. Gəncə Şəhər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(125)-2149/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia qismən təmin edilərək, Cavabdeh 14 oktyabr 2014-cü il tarixli **********24014 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda olaraq 5163,34 (beş min yüz altmış üç dollar 34 sent) ABŞ dolları ödəniş gününə olan Azərbaycan manatı ekvivalentində pul və dövlət rüsumunun əvəzi olaraq 107,78 manat alınaraq iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankın xeyrinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 445.7, 449.1 və 739-cu maddələrinə, «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına, habelə Mülki Prosessual Məcəllənin 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qətnamədə onun tərəfindən borcun tam şəkildə ödənildiyi qeyd edilir. İddiaçının tələbi isə əldən çıxmış fayda tələbidir. Tərəfindən ödənilmiş pul isə iddiaçını qane etmir. Məhkəmə nəzərə almamışdır ki, borc yaranan dövr pandemiya dövrü olmuşdur. Həmin ərəfədə bütün ölkə üzrə borcların yaranması adi hal kimi qəbul edilibdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
30. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən edilir ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Belə olan təqdirdə qətnamənin qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı ilə borcalan Cavabdeh arasında xx.xx.2014-cü il tarixli **********24014 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona 36 ay müddətinə illik 18 faiz olmaqla 38000 ABŞ dolları kredit verilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən kreditor borcun ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qətnaməsi ilə iddia təmin edilmişdir. Hazırda kreditor gecikdirilmiş vaxt üçün borcludan illik beş faiz borcu tutulmasını tələb edir.
33. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün iddiaçı borcun ödənildiyi xx.xx.2022-ci il tarixə kimi illik beş faiz dərəcəsi ilə əldən çıxmış faydanın ödənilməsini tələb etmişdir. İddiaçı cavabdehlə aralarında bağlanmış 14 oktyabr 2014-cü il tarixli **********24014 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-18/2018 nömrəli qətnaməsinin qəbul edildiyi xx.xx.2018-ci il tarixədək hesablanmış 326,22 ABŞ dolları penyanın tutulmasını tələb etmişdir. Halbuki, həmin dövrə görə müqavilə üzrə borcun tutulması barədə qətnamə qəbul olunmuşdur. Qətnamə qəbul olunduqdan sonra qətnamədən əvvəlki dövr üzrə penyanın tutulmasına hüquqi əsas olmadığından iddia tələbi həmin hissədə əsassızdır.
34. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
35. Öhdəliyin icrasının gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
36. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı).
37. Hazırkı işin hallarından görünür ki, kreditorla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2017-ci il tarixdə başa çatmış (iddiaçı bank xx.xx.2018-ci il tarixdən etibarən gecikdirilmiş vaxt üçün illik beş faiz borcu tələb etmiş, işə baxan birinci instansiya məhkəməsi də haqlı olaraq MPM-nin 218.3-cü maddəsinin tələblərinə uyğun olmaqla həmin tarixdən sonrakı dövrə borc məbləğini hesablamışdır), lakin borclu həmin tarixə iddiaçıya qaytarmalı olduğu borcunu ödəməmişdir. Borcalan yalnız xx.xx.2022-ci il tarixdə kreditor qarşısındakı öhdəliyini icra etmişdir. Bu halda, kreditorun borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz borcu tələb etməsi qanuni əsaslara söykənir.
38. Bununla belə, borc məbləğinin hesablanması mühasibatlıq sahəsində xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat zamanı ekspert rəyi alınsa da, lakin həmin rəy məsələnin həlli baxımından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı bank xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün cavabdehdən illlik beş faiz borcu tələb etmişdir. Lakin, alınmış ekspert rəyində xx.xx.2024-cü il tarixədək (iddia ərizəsinin məhkəmə daxil olduğu vaxt) olan dövr üzrə illlik beş faiz borcunun məbləği hesablanmışdır.
39. Qeyd edilən səbəblərdən apellyasiya baxışı zamanı iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1298 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankına gecikdirilmiş vaxt üçün illik beş faiz borcu 5623,87 ABŞ dolları təşkil edir
40. MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur; Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
41. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək qeyd edir ki, ekspert rəyi əsaslıdır. Çünki, ekspert rəyi dəqiq və müfəssəl tərtib edilmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar ekspert rəyində öz əksini tapmışdır. Ekspert rəyi ilə məhkəmə kollegiyasında hər hansı şübhə yaranmamışdır. İş üzrə tərəflərin də rəyin qeyri obyektivliyi ilə bağlı hər hansı arqumenti olmamışdır. Ona görə də kollegiya həmin rəyi mötəbər sübut olaraq qiymətləndirmişdir.
42. Kollegiya qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş vaxt üçün 5163,34 ABŞ dolları illik beş faiz borcu tutulması müəyyən edilmiş, hazırkı alınmış ekspert rəyinə əsasən isə həmin borc 5623,87 ABŞ dolları məbləğdə hesablanmışdır.
43. Kollegiyanın bu məsələ ilə bağlı qənaəti ondan ibarətdir ki, apellyasiya baxışı zamanı alınmış mühasibatlıq ekspertizası rəyi mötəbər sübut olaraq qəbul edilsə də, lakin cavabdehdən tutulmalı illik beş faiz borcu məbləği həmin rəyə əsasən dəyişdirilə bilməz. Çünki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehdən 5163,34 ABŞ dolları məbləğdə illik beş faiz borcu tutulmasını tələb etmişdir.
44. Nəzərə almaq lazımdır ki, mülki prosessual qanunvericiliyə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM maddə 218.3).
45. Hazırkı işdə tələbdən kənara çıxmanın müstəsna halı mövcud deyildir. Bu səbəbdən məhkəmənin iddiaçının verdiyi tələbdən kənara çıxaraq borcludan kreditorun tələbindən artıq məbləğdə borc tutması düzgün və əsaslı hesab edilə bilməz.
46. Qeyd edilənlərin yekunu olaraq kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat zamanı işə baxılarkən mühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınsa da, lakin məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll etməmişdir. Kollegiya ekspertə ödənilməli məbləğin məhkəmə xərci sayıldığını nəzərə alıb və MPM-nin 119.1-ci maddəsindəki səlahiyyətinə əsaslanaraq hesab edir ki, həmin məsələ hazırkı qətnamə ilə öz həllini tapmalı, birinci və apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza tədqiqatlarının cəmi dəyəri (100+100=200) 200 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2(125)-2149/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.