Məhkəmə qərarları › İş №2(104)-2463/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2463/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2463/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2(076)-4204/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı məhkəmə aktının icra edilməməsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2(076)-4204/2024 nömrəli qərardadı ilə (hakim Taleh Musayev) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı məhkəmə aktının icra edilməməsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əvvəllər hazırkı tələblə inzibati məhkəməyə müraciət etmiş, lakin mübahisənin inzibati məhkəməyə aid olmaması əsası ilə iddiası mümkün sayılmamışdır. Şəmkir Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli 2(076)-4204/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq, işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən, məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti-1 ünvanı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin ünvanı isə Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi-84 ünvanıdır. MPM-nin 35.1-ci maddəsində isə təsbit olunmuşdur ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan əlavə, iddia tələbi məhkəmə aktının icra edilməməsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsindən ibarətdir ki, bu növ iddialara mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müstəsna aidiyyət və ya iddiaçının seçməsinə görə aidiyyət qaydaları əsasında da baxılmır. Bu baxımdan kollegiya hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 35.1, 152, 263-264, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 2(076)-4204/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar