Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2470/2023 20.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-3939/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-3939/2023 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının qismən təmin edilməsi, İddiaçı və Cavabdeh arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 75.000 (yetmiş beş min) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 317 (üç yüz on yeddi) manat 54 (əlli dörd) qəpik, cəmi 75.317 manat (yetmiş beş üç yüz on yeddi) manat 54 (əlli dörd) qəpik məbləğində pul vəsaitinin X2 xeyrinə tutulması, İddiaçı iddiasının qalan hissəsə təmin edilməməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(125)-3939/2023 saylı qətnaməsinin tam ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 158 manat 77 qəpik pulun tutularaq Cavabdeh ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 75.000 manat, pul məbləğinin ödənilməsinin gecikdirilməsi faizi qismində 847 manat 50 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 317 manat 54 qəpik, cəmi 76.154 manat 04 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər 4 saylı notariat kontorunda bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 12 noyabr 2021-ci il tarixdə ondan 75.000 manat məbləğdə pul borc almışdır. Həmin müqaviləyə əsasən cavabdeh kreditini 12 noyabr 2022-ci il tarixədək 37.500 manat, qalan 37.500 manat pulu isə 12 noyabr 2022-ci il tarixdən 12 noyabr 2023-cü il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdalıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş, müqavilə ilə müəyyən olunmuş müddətlər daxilində kredit geri qaytarılmamışdır. Hazırda cavabdeh tərəfindən 12 noyabr 2022-ci il tarixinədək 37.500 manat iddiaçıya qaytarmalı olduğu halda qaytarılmamışdır. Buna görə də Sumqayıt şəhər 4 saylı notariat kontorunda cavabdehlə iddiaçı arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 75.000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən qaytarılmalıdır. Göstərilənlərə əsasən o, Cavabdeh ünvanına məktub göndərərək, ünvan 1abr 2021-ci il tarixli kredir müqaviləsinin ləğv edilməsinə münasibət bildirməyi və həmin müqavilə üzrə borc aldığı 75.000 manat məbləğində pul vəsaitinin ona qaytarılmasını xahiş etmişdir. Məktubun göndərilməsindən 30 gündən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ona cavab verilməmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, cavabdeh öz öhdəliklərini icra etməmiş və nəticədə gecikdirilmiş 165 günə görə 847 manat 50 qəpik məbləğində faiz borcu yaranmışdır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Sumqayıt şəhər 4 saylı notariat kontorunda cavabdehlə iddiaçı arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin 7-ci bəndində göstərilmişdir ki, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərilməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Gəncə Şəhər Məhkəməsi qətnamə çıxararkən 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin 7-ci bəndinin tələblərini pozmuş, belə ki, borcun icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əhəmiyyət verməmiş, iddia ərizəsinin baxılmasını mümkün saymış, işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə mübahisəsiz qaydada alınması üçün müraciət etməli idi, həmin tələblə bağlı məhkəməyə müraciət etməməli idi. Gəncə Şəhər Məhkəməsi qətnamə çıxararkən “Notariat Haqqında”Azərbaycan RespublikasınınQanununun 76-cı maddəsini və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinin tələblərini pozmuş, belə ki, borcun icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əhəmiyyət verməmiş, iddia ərizəsini baxılmasını mümkün saymış, işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixə saat 14:30-a təyin edilmiş iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tərəflərin nümayəndələri məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respubilkası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, notariat qaydasında təsdiq olunmuş 12 noyabr 2021ci il tarixli kredit müqaviləsindən görünür ki, Kərimov X1 Ramil Ramiz oğluna 75.000 manat məbləğində pulu tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt 8 saylı” şöbəsi vasitəsi ilə borc vermişdir. Cavabdeh 12 noyabr 2022-ci il tarixədək həmin borcun 37.500 manat, digər 37.500 manat məbləğində hissəsini isə 12 noyabr 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Kərimov X1 Ramil Ramiz oğluna 75.000 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh 12 noyabr 2022-ci il tarixədək həmin borcun 37.500 manat, digər 37.500 manat məbləğində hissəsini isə 12 noyabr 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh hazırki tarixədək həmin kredit müqavilə üzrə heç bir ödəniş etməmişdir. Ona görə də, iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 477-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Məhkəmə iclasında həm də müəyyən olunmuşdur ki, iddiaçı müqavilə şərtinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirərək razılaşdırılmış məbləğdə borc pulu cavabdehə vermiş olsa da, cavabdeh müqavilə öhdəliyinə əməl etməmiş, götürülmüş krediti ümumiyyətlə qaytarmamış, nəticədə yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Ona görə də kollegiya hesab edir ki, məhkəmə iddia tələbini müqavilənin ləğv edilməsi və əsas borc hissəsində haqlı olaraq təmin etmişdir. Bundan başqa məhkəmə kollegiyası iddiaçının cavabdehdən müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 847,50 manat borc tələbi hissəsində iddianı təmin etməməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. İddiaçının özü də məhkəmənin gəldiyi həmin nəticə ilə razılaşmışdır. Odur ki, kollegiya tələbin həmin hissədə əsaslılığını araşdırılmasını zəruri saymır. Apellyasiya şikayətinin dəlillərində bildirilir ki, Sumqayıt şəhər 4 saylı notariat kontorunda cavabdehlə iddiaçı arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin 7-ci bəndində göstərilmişdir ki, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərilməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Məhkəmə isə bu hala qiymət verməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin 2-ci bəndində göstərilir ki, “Borc alan” krediti xx.xx.2022-ci il tarixədək 37500 manat, qalan 37500 manat pulu isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Lakin işin hallarından görünür ki, cavabdeh müqavilə üzrə hər hansı məbləğdə ödəniş etməməklə müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, kollegiya hesab edir ki, iddiaçı verdiyi borcu müqavilə üzrə icra müddəti başa çatmamış geri tələb etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmiş olmasa da, birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan hansısa məbləğdə borc almadığını, müqavilənin formal xarakter daşıdığını göstərmiş olsa da, həmin müqaviləni mübahisələndirməmiş və müqaviləni bağlamaqda məqsədinin nədən ibarət olduğunu izah etməmiş, məhkəmə kollegiyasının iclası dəfələrlə təxirə salınmış olsa da, cavabdeh məhkəmə iclasına gəlməmiş bağlanmış müqavilənin formallığının nədə ifadə olunduğunu izah etməmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini cavabdehin formal mülahizəsi hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinəəsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinəəsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-3939/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2470/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2470/2023
20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver