Məhkəmə qərarları › İş №2(104)-2475/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2475/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2475/2023 02.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-646/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 1239,82 ABŞ dolları əsas, 2218,88 ABŞ dolları faiz, 2838,18 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 716,3 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7013,18 ABŞ dolları borcun və 125,26 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 və Cavabdeh3 tutulmalı olan məbləğ, yəni cəmi 7013,8 ABŞ dolları borcun və 125,26 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 mülkiyyətindəki **-DB-*** dövlət qeydiyyat nişanlı, 1998-ci il buraxılışlı, açıq boz metallik rəngli «Opel-Sintra-2.2 minik» markalı (ban: 4GDDU03A6VD285226) avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-646/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən Cavid Tağıyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 kredit müqaviləsi üzrə 1202,67 ABŞ dolları əsas borc, 721,92 ABŞ dolları faiz borcu, 38 ABŞ dolları cərimə və 716,3 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 2678,89 (iki min altı yüz yetmiş səkkiz ABŞ dolları 89 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və dövlət rüsumunun əvəzi olaraq 65,54 manat manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh2 məxsus 20DB340 qeydiyyat nömrə nişanlı, Opel-Sintra-2.2 minik markalı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 nömrəli kredit müqaviləsi üzrə borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalan borc cavabdehdən ümumi qaydada tutulması,ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa Cavabdeh2 qaytarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın İddiaçı ASCdən alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-646/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı iş üzrə əsassız olaraq Mülki Məcəllənin 477.0.4-cü maddəsini tətbiq etmişdir. Məhkəmə bu mövqeyə gələrkən işin faktiki hallarını araşdırmamışdır. Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən 28 faizlə 24 ay müddətinə 4650 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsinin 5.1-ci bəndində göstərilmişdir ki, bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Göründüyü kimi, zaminlik müqaviləsinin müddəti məhkəmənin öz qətnaməsində göstərdiyi xx.xx.2015-ci il tarixdə bitməmişdir. Kredit gecikmədə olduğu üçün borclu kredit müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir.Məhkəmə həmçinin, iş materiallarında olan ekspert rəyinə istinad edərək, hesab etmişdir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixədək ekspert rəyi ilə əsas borcun məbləği 1202,59 ABŞ dolları, faiz borcu isə 721,92 ABŞ dolları təşkil edir. Lakin ekspert rəyi ilə cavabdehin borcu düzgün müəyyən edilməmişdir. Məhkəmə qeyd etdiyi halların dəqiqləşməsi üçün yenidən ekspertiza keçirilməli idi. İş üzrə cavabdehlərə işə baxılmanın yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 646/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin Cavabdeh3 münasibətdə də təmin edilməsini və iddia tələbinin əsas və faiz borcu hissəsində tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-646/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətindən görünür ki, o, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-646/2023 nömrəli qətnaməsini iddia tələbinin Cavabdeh3 münasibətdə təmin edilməməsi və əsas və faiz borcu hissəsində qismən təmin edilmiş hissələrini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Ona görə də, hazırkı halda apellyasiya baxışının hədlərini Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-646/2023 nömrəli qətnaməsinin iddia tələbinin Cavabdeh3 münasibətdə təmin edilməməsi və əsas və faiz borcu hissəsində qismən təmin edilmiş hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materiallarında olan: xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) tərəfindən Cavabdeh1 illik 28 faizlə 24 ay müddətinə 4650 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 nömrəli kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 krediti hissəhissə ödəmək şərti ilə xx.xx.2015ci ilə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısında borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 özünə məxsus olan açıq boz metallik rəngli Opelmarkalı Sintra-2.2 modelli minik ban: 4GDDU03A6VD285226 nömrəli avtomobili "xxxx" İKB ASC-yə (hazırkı Yelo Bank ASC) girov qoymuşdur. xx.xx.2012-ci il tarixli AA seriyalı 038124 nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 20DB340 dövlət qeydiyyat nişanlı, Opel-Sintra markalı avtomobil xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Borcun ipoteka predmetinə yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı bildiriş verilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, bildiriş BDYPİ-də xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixli, AB 751708 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 20DB340 qeydiyyat nömrə nişanlı, Opel- Sintra2.2 minik markalı avtomobil Cavabdeh2 məxsusdur. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) 4650 ABŞ dolları məbləğində pulu qəbul etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 saylı kredit müqaviləsi üzrə 1239,82 ABŞ dolları əsas, 2118,88 ABŞ dolları faiz, 11352,73 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdiyi xx.xx.2015-ci ildən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 716,3 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 15427,73 ABŞ dolları borcu qalmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2214 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə olan borcu 1202,67 ABŞ dolları əsas borc, 721,92 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1924,59 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı Cavabdeh3 münasibətdə təmin etməyərkən, gəldiyi nəticəsini Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsinə istinadla, belə əsaslandırmışdır ki, əsas öhdəliyin icrası başa çatdığı halda kreditor zaminə qarşı bir il müddətində tələb irəli sürmədiyindən zaminliyə qanunun tələbinə əsasən xitam verilmişdir. Bu səbəbdən də kreditor göstərilən müddətdən sonra əsas borclu ilə bərabər öhdəliyinə xitam verilmiş şəxslərə qarşı tələb irəli sürməkdə haqlı olmamışdır. Ona görə də, iddia tələbi zaminə münasibətdə təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0-ci maddəsinə görə, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, mülki qanunvericilikdə zaminliyin qüvvədə olma müddətinin başa çatması zaminliyin ləğv edilməsinə dəlalət edən hallardan biri kimi qəbul edilmişdir. Bu ondan irəli gəlir ki, zaminlik müddətli öhdəlikdir. Lakin zaminlik müddətsiz (qeyri-müəyyən müddətli) öhdəlik də ola bilər. Müddətsiz zaminlik odur ki, bu cür zaminlikdə onun hansı müddətə qüvvədə olması göstərilmir, yəni zaminlik müqaviləsində onun verilmə müddəti nəzərdə tutulmur. Bu cür zaminliyə bir il ərzində kreditor tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyi halda xitam verilir. Bir illik müddət əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanır. Hazırkı iş materialları ilə müəyyən olunur ki, "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 saylı zaminlik müqaviləsində onun hansı müddətə qüvvədə olması göstərilməmiş, yalnız müqavilənin 5.1-ci bəndində qeyd edilmişdir ki, bu müqaviləyə əsasən zaminlik icrasının təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. İddiaçı "xxxx" ASC də apellyasiya şikayətinin dəlillərini məhz "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 saylı zaminlik müqaviləsinin 5.1-ci bəndinin tələbləri üzərində qurmuş və göstərmişdir ki, zaminlik müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixdə bitməmişdir. Kredit gecikmədə olduğu üçün borclu kredit müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. Lakin kollegiya həmin dəlillərlə razılaşmayaraq, qeyd edir ki, zaminlik müqaviləsinin müddəti ilə bağlı həmin müqavilənin 5.1-ci bəndində təsbit edilənlər müqavilənin standart şərtləri kimi Mülki Məcəllənin 477.0.4-ci maddəsinə zidd olduğundan etibarsız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 417.1-ci maddəsinə görə, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 420.1-ci maddəsinə görə, təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsız sayılır: 420.1.2. təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar. 420.2-ci maddəsinə görə, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 saylı kredit müqaviləsinə əsasən kreditin müddəti 24 ay müddətinə müəyyən edildiyindən, əsas öhdəliyin icrası xx.xx.2015-ci il tarixdə başa çatmış, lakin kreditor tərəfindən həmin vaxtdan etibarən bir il ərzində zaminə qarşı iddia irəli sürülməmişdir. Həmin bir illik müddət hüququn həyata keçirilməsi üçün nəzərdə tutulmuş kəsici müddət olmaqla, onun tətbiq edilməsi üçün ərizə verilməsinə ehtiyac yoxdur. Belə ki, mülki hüquqların həyata keçirilmə müddəti odur ki, bu müddət ərzində səlahiyyətli şəxs (kreditor, subyektiv hüquq daşıyıcısı) özünün subyektiv hüquqlarını həyata keçirmək imkanına malik olur. Həmin hüquqlar öhdəlik hüquq münasibətlərindən (öhdəliklərdən) əmələ gəlir və tələb hüquqları adlanır. Əgər səlahiyyətli şəxs (kreditor) həmin müddət ərzində bu hüquqları həyata keçirməsə, onda onlara xitam verilir. Başqa sözlə, həmin müddət ötürülərsə, kreditor tələbi, yəni borclu şəxsdən müəyyən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququnu itirir və buna görə də o ləğv edilir. Ona görə də, "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-M-1-0-71-13 saylı zaminlik müqaviləsində onun verilmə müddəti nəzərdə tutulmadığından əsas öhdəliyin icrası müddətinin başa çatdığı xx.xx.2015-ci il tarixdən etibarən bir il ərzində kreditor tərəfindən Cavabdeh3 qarşı iddia irəli sürülmədiyi üçün sonuncunun zaminliyinə xitam verilmiş və bununla da iddiaçı Bank zaminə qarşı tələb hüququnu itirmişdir. Həmçinin, birinci instansiya məhkəməsi iddia tələbinin kredit borcunun əsas və faiz məbləğini müəyyən edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2214 nömrəli ekspert rəyinə əsaslanmış və borc tələbini rəydə göstərilən məbləğdə təmin etmişdir. Həmin rəydə Cavabdeh1 "xxxx" ASC-yə olan borcu 1202,67 ABŞ dolları əsas borc, 721,92 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1924,59 ABŞ dolları məbləğində borcunun olması göstərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və hesab edir ki, Gəncə Şəhər Məhkəməsi Cavabdeh1 1202,67 ABŞ dolları əsas borc, 721,92 ABŞ dolları faiz borcunun tutulub iddiaçı "xxxx" ASC-yə verilməsi hissəsində haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə görə, məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. İddiaçı ASC isə apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə cavabdehin əsas borcunu müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad edərək, hesab etmişdir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixədək ekspert rəyi ilə əsas borcun məbləği 1202,67 ABŞ dolları, faiz borcunun məbləği isə 721,92 ABŞ dolları təşkil edir. Lakin ekspert rəyi ilə cavabdehin borcu düzgün müəyyən edilməmişdir. Hesab edir ki, yenidən ekspertiza keçirilməli idi. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2214 ekspert rəyinin qeyri-obyektivliyinə məhkəmə kollegiyasında şübhə yaranmamış, hazırkı iş üzrə verilmiş ekspert rəyi kifayət qədər aydın və tam tərtib edilməklə, onun əsassızlığı məhkəmə kollegiyasında şübhə doğurmur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-646/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-646/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar